Xüsusi icraat fəslinə yeni müddəaların əlavə edilməsi ilə bağlı
Xüsusi icraat fəslinə yeni müddəaların əlavə edilməsi ilə bağlı
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab İnam Kərimova
Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavələrin edilməsi barədə qanunvericilik təşəbbüsü ilə müraciət edilməsinə dair
Təklif
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “xüsusi icraat” qaydasında işlərə baxılmasını tənzimləyən III yarım bölməsinə müxtəlif dövrlərdə əlavə edilən müvafiq fəsillərlə “Şəxsin psixoterapiya stasionarlarına qeyri-könüllü yerləşdirilməsi barədə işlər üzrə icraat”la, “Uşağın övladlığa götürülməsi” barədə icraatla, “Şəxsin narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat”la, “Məişət zorakılığından zərər çəkmiş şəxslərə uzun müddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat”la, “Vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat”la, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi haqqında işlər üzrə icraat”la, “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat”la, “Bankların öhdəliklərinin könüllü restrukturizasiya haqqında işlər üzrə icraat”la, “İnternet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat”la, “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”la bağlı işlər üzrə ərizənin verilməsi, həmin ərizənin məzmunu sözügedən işlərə baxılmasının və qeyd olunan işlər üzrə qətnamənin qəbul edilməsi ilə əlaqədar zəruri prosessual hərəkətlər tənzimlənməklə bu sahələrdən olan işlərə baxılması ilə bağlı praktiki təcrübədə olan qeyri müəyyənliyə, fikir ayrılıqlarına və ziddiyyətlərə son qoyulmuşdur.
Hesab edirik ki, aşağıda qeyd etdiyimiz sahələr üzrə də işlərə baxılmasının xüsusiyyətlərinin tənzimlənməsi məqsədi ilə də Azərbaycan Respublikası MPM-nin “Xüsusi icraat” yarım bölməsinə müvafiq fəsillərin əlavə edilməsi zəruridir.
1) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 27-ci maddəsində təsbit olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün tibb müəssisələri məhkəməyə müraciət edə bilərlər. Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda istinad edilən hüquq normasında həmin maddənin dispozisiyasında göstərilən əsaslar olduqda tibb müəssisəsinin məhkəməyə müraciət etməsi təsbit edilsə də, bu qəbildən olan işlərə baxılmasının xüsusi qaydaları MPM-də nəzərdə tutulmamışdır. Hesab edirik ki, bu cür iddiaların operativ surətdə baxılmasının zəruriliyinin təmin edilməsi məqsədi ilə, AR MPM-nin “Xüsusi icraat” qaydasında işlərə baxılmasını tənzimləyən yarımbölməsinə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 27-ci maddəsində nəzərdə tutulan iddialara baxılmasının müddətini və digər xüsusiyyətlərini tənzimləyən müvafiq normaların əlavə edilməsi zəruridir.
2) Nəzərə alınmalıdır ki, gömrük orqanının hüquq və vəzifələrini ehtiva edən “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin tələbinə görə Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Eyni müddəa həm də Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221-ci maddəsində də təsbit olunmuşdur. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, gömrük orqanı tərəfindən yuxarıda istinad olunan gömrük dəyərinə düzəlişlərin edilməsi ilə bağlı bildiriş üzrə icraata baxılmasının xüsusiyyətlərini tənzimləyən müddəalar Azərbaycan Respublikasının MPM-də təsbit olunmamışdır. Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikasının MPM-nə yeni fəsil əlavə edilməklə gömrük dəyərinə düzəlişlərin edilməsi ilə bağlı işlərə baxılması xüsusiyyətlərinin tənzimlənməsi məqsədəmüvafiq olardı.
3) “İcra haqqqında” Azərbaycan Respublikasının Qanununda icra qurumunun müvafiq qərarlarından bu qərarların surətlərinin alındığı gündən 30 gün müddətində məhkəməyə şikayət verilməsi təsbit olunmuşdur. Sözügedən Qanunun 87-ci maddəsində də icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) də şikayətin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda istinad edilən Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd etməyi zəruri hesab edirik ki, icra qurumunun qərarlarından verilən şikayətlərə, eləcə də icra qurumunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına baxılmasının xüsusiyyətləri də Azərbaycan Respublikasının MPM-də tənzimlənmədiyindən praktiki təcrübədə həm icra qurumunun qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə, həm də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılmasının nəticəsində yekun məhkəmə aktı kimi qərardad qəbul edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nə edilmiş əlavə və dəyişikliklərə əsasən bu qəbildən olan qərardadlardan kassasiya şikayəti verilmədiyindən barəsində qərardad qəbul olunan şəxslər, o cümlədən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan borclular kassasiya instansiyası məhkəməsinə müraciət edə bilmirlər ki, bu da onların konstitusion hüquqlarının pozulması ilə nəticələnir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin XL-II fəslində təsbit olunan müddəaların tələblərinə əsasən vergi ödəyicisinin və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qətnaməsi əsasında məhdudlaşdırıldığı və bu qətnamədən kassasiya şikayətinin verilməsi mümkün olduğu halda, icra qurumunun müvafiq təqdimatı ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması isə məhkəmə qərardadı ilə həll edildiyindən həmin şəxsin (şəxslərin) kassasiya şikayəti ilə kassasiya instansiyası məhkəməsinə müraciət etməsi yuxarıda göstərilən əsaslara görə mümkün olmur. Bu baxımdan hesab edirik ki, icra qurumunun qərarlarından, hərəkət (və ya hərəkətsizliyindən) verilən şikayətlərə baxılması, eləcə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla bağlı işlər üzrə icraatı tənzimləyən yeni fəslin də Azərbaycan Respublikasının MPM-nə əlavə olunması məqsədəmüvafiq olardı.
Yuxarıda göstərilənləri, eləcə də AR Konstitusiyasının 96-cı maddəsinin tələblərini nəzərə alıb, hazırkı təkliflərimizin müzakirə olunmasını və qanunvericilik təşəbbüsü qaydasında AR Milli Məclisinə AR Ali Məhkəməsi tərəfindən müraciət edilməsinin məqsədəmüvafiqliyinə baxılmasını Sizdən xahiş edirik.
Hörmətlə,
İdarə heyətinin sədri Natiq Y.Abdullayev