Hörmətli Rafael müəllim!
Məhkəmə təcrübəsində hüquq tətbiqetmə baxımından xüsusi əhəmiyyətli olacağına inandığımız konstitusiya məhkəmə icraatında baxılan işə dair Mərkəzimizin mülahizələrinin təqdim edilməsinə şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
«Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2 və 261.0.1-ci maddələri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərhinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı mülahizələrimizi Sizə təqdim edirik.
Qoşma: « » vərəq.
Hörmətlə,
Mərkəzin sədri: Natiq Abdullayev
«Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2 və 261.0.1-ci maddələri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərhinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində konstitusiya icraatında baxılan işə dair
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin
MÜLAHİZƏLƏRİ
Başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bütövlüklə bank-kredit sisteminin qurulmasını təmin etməyə yönələn “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Bankın likvidliyini itirdiyi təqdirdə və bu Qanunun 16-cı maddəsində təsbit edilən əsaslara görə lisenziyası ləğv edildikdə onun ləğvinin əsaslarını və qaydalarını da ehtiva etmişdir. Qanunla bankların ləğvinin: 1) könüllü ləğv (maddə 58); 2) məcburi ləğv (maddə 59); 3) iflas proseduru çərçivəsində ləğvi qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bankların müflisləşməsinin və iflas prosedurlarının spesfikliyini nəzərə alan qanunverici «Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanunu tamamilə və ya əvəz edən hər hansı digər qanunların banklara tətbiq olunmadığını ehtiva etmişdir. (maddə 60)
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.4-59.5-ci maddəsinin tələbinə görə əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.
Həmin Məcəllənin 63.1-ci maddəsinin tələbinə görə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
Bankın müflis sayılması və iflas proseduruna başlanılması üçün əsaslar Qanunun 61-ci maddəsində əks olunmuşdur.
Qeyd etməyi zəruri hesab edirik ki, bankların iflas prosedurunun tənzimlənməsində “Banklar haqqında” Qanunun bəzi müddəalarında qeyri-müəyyənliklər, ziddiyətlər mövcuddur ki, bu da sözügedən Qanunun praktiki tətbiqində çətinliklərə, fərqli yanaşmalara səbəb olmuşdur.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlandığı müraciətdə də qeyd olunduğu kimi Qanunun “bankın müflis elan olunmasının nəticələri”ni ehtiva edən 72.1.2-72.1.3-cü maddəsində göstərilmişdir ki, “banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.”
Bu maddənin praktiki təcrübədə yaratdığı qeyri-müəyyənliklərə və ziddiyyətlərə dair mülahizələrimizi aşağıdakı qaydada izah edirik.
Belə ki, Banklar haqqında AR Qanununun Bankların iflas prosedurunun tənzimləndiyi X fəslində təsbit edilən müvafiq müddəaları ilə əlaqəli təhlilindən görünür ki, qanunverici iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsini müəyyənləşdirmişdir. Qanunun “Tələblərin qeydə alınamsı” adlanan 76-cı maddəsindən görünür ki, bu qanunun 77.1-ci və 77-2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildikdən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. (76.1) Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddəsində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər.
Bankın müflis elan olunmasına dair qərarın dərc olunması qaydası Qanunun 69-cu maddəsində öz əksini tapmışdır.
Qanunun 77.1-ci maddəsinin tələbinə görə bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.
Göründüyü kimi, qanunverici bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə (depozit anlayışı qanunun 1-ci maddəsində verilmişdir) bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblərin qeydə alındığını nəzərdə tutmuşdur.
Qanunun 77.5-77.6-cı maddələrinin tələbindən görünür ki qeydə alınmış tələləblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (Qanunun 77.7-ci maddəsi). Kreditor tələbləri ilə əlaqədar olan tələblərə dair ləğvedicinin qəbul etdiyi qərarlarla bağlı kreditorların məhkəmə müdafiəsindən istifadə etmək hüququ bu müddəada təsbit edilən qaydada təmin edilmişdir (Qanunun 77.7-77.9-cu maddələri).
Onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edirik ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur.
Belə ki, sözügedən maddənin tələbinə görə təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.
Qeyd etmək lazımdır ki, qanunverici ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vasitələrin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədi ilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur.
Həmçinin, kreditor tələblərinin qanunda nəzərdə tutulan qaydada irəli sürülməsi bu tələblərə dair Qanunun 76.3 və 87.4-cü maddələrində əks olunan iddia müddətlərinin tənzimlənməsinə də xidmət edir.
Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan hüquq normalarından görünür ki, qanunverici bank lisenziyası ləğv edilməklə, müflis elan olunmuş və iflas proseduruna başlanılması qərara alınmış banka qarşı yalnız iflas proseduru çərçivəsində kreditor tələblərinin irəli sürülməsi qaydasını və mexanizmini təsbit etmişdir.
Lakin sözügedən Qanunda ləğv edilən banka qarşı mümkün və ehtimal edilən digər iddialarla bağlı iflas proseduru çərçivəsində tələblər (ilk iddia və qarşılıqlı iddia olaraq) irəli sürülməsi qaydası və mexanizm nəzərdə tutulmamışdır.
Nəzərə alınması zəruridir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə görə ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq və fəaliyyət qabiliyyəti tam həcmdə saxlanır.
Həmin Məcəllənin 60.3-cü maddəsinə görə ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyyəçi) (banklara münasibətdə ləğvedici) çıxış edir.
Praktiki təcrübə göstərir ki, ləğvetmədə olan banklara qarşı kreditor tələbləri ilə yanaşı digər iddialar (məsələn kredit, ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız sayılması, ləğv edilməsi və s.) tələblər də irəli sürülür (ilk və qarşılıqlı iddia icraatı qaydasında) Bu kimi tələblərin iflas proseduru çərçivəsində irəli sürülməsi qaydası qanunda əks edilmədiyindən, eləcə də bu kimi tələblərin iflas proseduru çərçivəsində irəli sürülməsi mümkün olmadığı üçün hesab edirik ki, belə iddialar irəli sürüldüyü təqdirdə ləğvetmədə olan bankın adından məhkəmədə çıxış etmək üçün bank ləğvedici ilə əvəz edilməklə iddiaya mahiyyəti üzrə baxılmalıdır. Əks yanaşma məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.
Bu baxımdan hesab edirik ki, Qanunun 72.1.2 və 72.1.3-cü maddələrində təsbit edilmiş banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılması və bank barəsində digər məhkəmə icraatının başlanılmaması və bütün tələblərin bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsinin ehtiva edilməsi banklar haqqında qanunvericiliyin, digər normativ hüquqi aktların və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin tələbləri ilə ziddiyət təşkil etməklə, onların tələbləri ilə uzlaşmır.
- Araşdırılan işdən göründüyü kimi, Konstitusiya Məhkəməsinə daxil olan müraciətdə «banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır» müddəasının məhkəmə təcrübəsində qeyri-müəyyənliyə səbəb olduğu bildirilir.
Qeyd etməliyik ki, təcrübədə həqiqətən də belə bir qeyri-müəyyənliyin mövcudluğu müşahidə olunur. Həm praktiki hüquqşünasların müzakirələrində, həm də müflis elan olunmuş və ləğv prosesində olan banklarla bağlı bilavasitə məhkəmə icraatında olan işlər üzrə qanunvericiliyin bu müddəasının birmənalı anlaşılmadığı və eyni cür tətbiq edilmədiyi məlum olur.
Hesab edirik ki, «Banklar haqqında» Qanunun 72.1.2-ci maddəsində nəzərdə tutulan «dayandırma» anlayışının Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulan «icraatın dayandırılması» anlayışı ilə eynilik təşkil etməsi və ya fərqli prosessual hərəktlər kimi qiymətləndirilməsinə dair nəticəyə gəlinməsi zəruridir.
Beləliklə, sualı belə formalaşdıraq:
- Banklar haqqında Qanunun 72.1-ci maddəsində nəzərdə tutulan «dayandırma» anlayışı MPM-in 254.1-ci maddəsində nəzərdə tutulan «icraatın dayandırılması» prosessual hərəkəti ilə eynilik təşkil edirmi?
Sualın cavabı ilə bağlı aşağıdakıların nəzərə alınmasını məqsədəuyğun hesab edirik:
Məhkəmənin icraatında olan mülki işlər üzrə icraatın dayandırılmasını şərtləndirən hallar MPM-in 254.1.1-254.1.6-cı maddələrinin məzmununda konkret müəyyənləşdirilmşdir. Həmin müddəaların məzmunundan göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən olunan halların sırasında Bankların müflis elan edilməsinə dair məhkəmə qərarının mövcudluğu nəzərdə tutulmamışdır.
Nəzərə alınmalıdır ki, MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş «dayandırma» anlayışı prosessual məna kəsb edərək, iş üzrə icraatın prosessual cəhətdən dayandırılmasını, yəni, işin məhkəmə icraatından çıxarılmadan, icraatın müəyyən müddətə müvəqqəti dayandırılaraq, bu cür dayandırmaya əsas olmuş halların aradan qalxmasını gözləməyin prosessual qaydasını ehtiva edir. İş üzrə icraatın dayandırılmasını nəzərdə tutan maddənin məzmununda sadalanan şərtlərin mənasından göründüyü kimi, işin baxılması, araşdırmanın və ümumiyyətlə, iş üzrə icraatın obyektiv səbəbdən davam etdirilməsinin mümkünsüzlüyü, dayandırmaya əsas olan halların mövcudluğu baxımından iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsinin mümkünsüzlüyü, o cümlədən dayandırmaya əsas olan halın müvəqqəti xarakter daşıması halında iş üzrə icraat məhkəmə tərəfindən faktiki olaraq dayandırılır. Bu cür dayandırma halında, işin tərəflərinin eyni predmet və əsasla başqa məhkəmə icraatını başlatmaq imkanı olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 mart 2004-cü il tarixli q