AR-nın Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Cənab R.Aslanlıya

AR-nın Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Cənab R.Aslanlıya

MÜRACİƏT

(Mövzu: “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının təkmilləşdirilməsi təklifinə dair)

Hörmətli Rüfət müəllim!

Azərbaycan Respublikasında bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi, dayanıqlı və etibarlı bank sisteminin formalaşdrılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyan  Respublikamızda fəaliyyət göstərən bəzi bankların müflis sayılaraq iflas proseduruna başlanmasına dair həyata keçirilən davamlı tədbirlərin zəruriliyini qeyd edərək nəzərinizə çatdırırıq ki, bu baxımdan bankların müflis sayılmasının əsaslarını və iflas prosedurlarını tənzimləyən “Banklar haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin bəzi müddəalarının təkmilləşdirilməsi xüsusi önəm daşıyır. Bankların iflas prosesi zamanı qarşıya çıxan praktiki təcrübədəki bəzi qeyri müəyyənliklər və ziddiyətlər də sözügedən qanunvericiliyin təkmilləşdirilmsinin vacibliyini labüd edir.

Hörmətli Rüfət müəllim!

Məlumunuzdur ki, bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi xüsusən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun X fəslində təsbit olunan müddəalarla (maddə 60-91) həyata keçirilir.

Sözügedən qanunun 68-ci maddəsində təsbit olunmuşdur ki, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.

Həmin Qanunun 70-ci maddəsinin tələbinə görə bankın müflis elan olunmasına dair qərardan şikayət verilə bilər. Lakin məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilnədək qüvvədə qalır. Sözügedən Qanunun 70.3-cü maddəsində ehtiva olunanlar istisna olmaqla məhkəmə qərarından şikayətin verilməsi ləğvedicinin bankın iflas prosedurunun həyata keçirilməsi çərçivəsində öz səlahiyyətlərinin icrası üzrə hərəkətlərini dayandırmır. (maddə 70.2)

Yuxarıda göstərilən Qanunun 69-cu maddəsinin tələbinə görə məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verilməklə üç dəfə məlumat dərc etdirir.

Həmin Qanunun 71.3-cü maddəsinin tələbinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

Lakin istinad olunan Qanunun “Bankın müflis elan olunmasının məticələri”ni ehtiva edən 72-ci maddəsində iflas proseduruna məruz qalan bankın adından yalnız ləğvedicinin və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlərin hüquqi qüvvəyə malik olmasının bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi andan deyil, həmin qərarın qanuni qüvvəyə mindiyi andan göstərilmişdir. (maddə 72.1, 72.1.1)

Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarının qanuni qüvvəyə minmə vaxtı həmin qərardan şikayət verildiyi təqdirdə müvafiq şikayət üzrə sonuncu (yekun) məhkəmə instansiyasının qərarının qanuni qüvvəyə mindiyi vaxtdır.

Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilməsi zəruridir ki, qanunverici bankın müflis elan edilməsi və ləğvedicinin təyin olunması barədə qərar qəbul edildikdən və bu qərar dərhal icra yönəldikdən sonra ləğvedicinin üzərinə bir sıra vəzifələri, o cümlədən qanunun 69-cu maddəsində təsbit olunan müvafiq elanların verilməsi, kreditor tələblərnin qeydə alınması, qəbul və etiraz edilmiş tələblərin siyahısının tərtib edilərək təsdiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə təqdim olunması, bankın əmlak vəziyyətinə dair hesabatı hazırlayıb məhkəməyə təqdim edilməsini, ləğv planının hazırlanması və sair yerinə yetirməyi həvalə etmişdir.

Ləğvedici yuxarıda göstərilən vəzifələrinin, eləcə də qanunla təsbit olunan digər vəzifələrin icrasına bankın müflis elan olunmasına dair məhkəmə qərarı çıxarıldıqdan dərhal sonra başlayır və bu zaman bankın müflis elan edilməsi barədə qərarın dərhal icraya yönəldilməsi əsas tutulur.

Lakin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun bankın müflis elan olunmasının nəticələrini ehtiva edən 72-ci maddəsində ləğvedicinin və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olmasının məhz bankın müflis elan olunmasına dair qərarın qüvvəyə mindiyi andan təsbit olunması qeyri-müəyyənliyə əsas yaradır.

Bu baxımdan Qanunun gələcəkdə təkmilləşdirilməsi zamanı sözügedən Qanunun həm 72.1-ci, həm də 73.2-ci maddələrindəki ifadə olunan “...qərar qüvvəyə mindiyi...” və “...qərar qüvvəyə minənədək...” sözlərinin müvafiq olaraq “...qərar dərhal icraya yönəldikdən...” və “...qərar qəbul edilənədək...” sözləri ilə əvəzlənməsini məqsədəmüvafiq hesab edirik.

Həmçinin, qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda sözügedən qanunun “ödənişlərin növbəliyini” ehtiva edən 82.1.3-cü maddəsinin də təkmilləşdirilməsinə zərurət vardır.

Belə ki, sözügedən müddəada iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların (müvəqqəti inzibatçı və ləğvedici nəzərdə tutulur) əmək haqqı kreditorların növbliyinə daxil edilmişdir.

Halbuki, yuxarıda göstərilən xərclər, məsrəflər və əmək haqqı kreditor tələbi kimi növbəliyə daxil edilməsi əsaslı hesab edilə bilməz. Çünki ləğvedicinin əmək haqqı və digər xərclər, məsrəflər kreditor tələbi deyildir.

Nəzərə alınması zəruridir ki, Qanunun 87.1-ci maddəsinin tələbinə görə bu Qanunun 82-ci maddəsində göstərilən hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbi tam ödənildikdən sonra ödənilməlidir. Mövcd müddəanın hüquqi nəticəsinə görə əgər iflas prosesində olan banka Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbi olarsa, bu tələb üzrə ödənişlər tam icra edilməyənədək ləğvedicinin əmək haqqı alması istisna edilir.

Hesab edirik ki, sözügedən bu müddəa da aidiyyatı mütəxəssislər tərəfindən araşdırılmalı və təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməlidir.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, yuxarıda qaldırılan məsələlərin bəziləri haqqında Mərkəzimiz bundan əvvəl də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunda baxılan işlə əlaqədar mülahizələrini təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2 və 261.0.1-ci maddələri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılarkən Konstitusiya Məhkəməsinin hakiminin sorğusuna əsasən Mərkəzimizin mütəxəssisləri tərəfindən göstərilən məsələlərə dair mülahizələr hazırlanmış və Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.

Hazırki müraciətdə qaldırılan məsələnin baxılmasında səmərəli olacağına ümid edərək, həmin mülahizələrin surətini məlumat üçün Sizə təqdim edirik.

Ümid edirik ki, təkliflərimizi nəzərə alacaqsınız.

Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Qoşma: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunan mülahizələrin surəti;

Hörmətlə,

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik