Azərbaycan Respublikası CM-nin bir neçə maddəsinə dair TƏKLİFLƏR

Azərbaycan Respublikası CM-nin bir neçə maddəsinə dair TƏKLİFLƏR

İxtisaslaşdırılmış cinayət təqibi orqanı kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti dövründə korrupsiya cinayətlərinə qarşı mübarizədə önəmli yer tutmaqla ictimai etimadı qazanmışdır. Ona görə də, qeyd olunan qurumda istintaq edilən cinayət işlərində qarşıya çıxan problemlərin həlli istiqamətində effektli addımların atılması məqsədi ilə qanunvericiliyin siyasətinə, prinsiplərinə və istintaq təcrübəmə əsaslanaraq, Azərbaycan Respublikası CM-nin 178 və 179-cu maddələrinin təkmilləşdirilməsinə dair təkliflərlərimi bildirməyi məqsədəmüvafiq hesab edirəm.

Təcrübə göstərir ki, bu qəbildən olan cinayətlərin istintaqı zamanı ilkin araşdırılan hallara kompleks qaydada yanaşılmalıdır. Bunun üçün isə ərizənin və ya cinayət işinin icraata qəbul olunduğu andan səmərəli və məqsədyönlü addımlar atılmalıdır.

Belə ki, özgə əmlakını aldatmaqla və ya mənimsəməklə ələ keçirildiyi, lakin sonradan qaytarıldığı pullara münasibətdə şəxsin əməlində dələduzluq və ya mənimsəmə cinayət əməlinin tərkibi əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilərkən, aşağıdakılar nəzərə alınmalıdır.

Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Qüvvədə olan Cinayət Qanunvericiliyinin tələbinə görə dələduzluq və mənimsəmə cinayət əməli maddi tərkibli cinayət olduğu üçün həmin əməlin cinayət sayılması üçün nəticənin mövcud olması mütləqdir, yəni özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə nəticəsində zərərçəkmişlərə mühüm, xeyli və ya külli miqdarda zərərin vurulması mövcud olmalıdır. Belə bir nəticə olmadıqda həmin əməl cinayət sayıla bilməz.

Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

Mövcud Qanunların mənasına görə, dəymiş zərərin ödənişi cinayət işi başlanmamışdan öncə həyata keçirilərsə, bu hal cinayət təqbini istisna edən hal kimi dəyərləndirilməlidir. Cinayət işi başlanandan sonra zərərin ödənişi isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmaldır.

Göründüyü kimi göstərilənlər bir daha təsdiq edir ki, qeyd olunan talama cinayətləri üzrə cinayət tərkibinin əlaməti sayılan maddi ziyan cinayət işi başlanmamışdan əvvəl ödənildiyindən, əməldə cinayət tərkibini yaradan dörd haldan biri mövcud olmadığından, yəni ictimai-təhlükəli qəsdin yönəldiyi mülkiyyət münasibətlərinə dəymiş zərər aradan qaldırıldığından, əməlin ictimai təhlükəliliyinin aradan qalxması, onun cəzalandırılmasını və mühakimə edilməsini lüzumsuz etdiyinə görə cəzanı əhəmiyyətsiz edir.

Belə olan halda, həmin maddələr üzrə maddi ziyanın ödənilməsinə şəxsdə maraq yaradaraq cinayət qanunvericiliyin cəza mexanizmini yumşaltmaqla qanunun siyasətinin təsir imkanlarını artırmaq olar.

Yuxarıdakılara əsasən, təklif edirəm ki, CM-nin 178 və 179-cu maddələrinə qeyd hissə əlavə edilsin və qeyddə bu hallar, yəni ziyan ödənişi cinayət işi başlanmasından əvvəl baş verdiyi halda CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsinə əsaslanmaq barədə göstəriş, dəymiş zərərin ödənişi cinayət işi başlanandan sonrakı mərhələdə ödənildiyi halda isə zərərin miqdarından asılı olmayaraq, ilk dəfə törədilən əməl olduğu hal nəzərə alınmaqla işin icraatına xitam verilməsi barədə göstərişlər öz əksini tapsın.

Bu hal, təqsirli şəxslərdə ziyanın ödənişinə stimul verməklə, həmçinin də onları yol verdikləri səhvlərdə nəticə çıxarmağa istiqamətləndirəcək, eyni zamanda mənimsənilən, israf edilən və ya dələduzluqla ələ keçirilən əmlakın geri qaytarılmasına öz müsbət təsirini göstərməklə yanaşı, istintaq və məhkəmə orqanlarının cinayət işləri ilə əlaqədar izafi vaxt itkisinin, o cümlədən, qeyd olunan işlər üçün nəqliyyat, texniki və təşkilati xərclərin azaldılmasında dönüş yaradacaqdır.

Sadlanan təkliflə yanaşı həmin maddələr üzrə cəza və məbləğlərdə riyazi ardıcıllığa əməl olunmasına dair dəyişikliyin vaxtının çatdığını düşünürəm.

Belə ki, qüvvədə olan Cinayət Məcəllənin  177-ci maddəsinin qeyd hissəsinə əsasən, 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin məbləğdən aşağı miqdar isə inzibati xəta hesab olunduğu Mövcud Qanunvericilikdə öz əksini tapsa da, lakin həmin məbləğin hansı meyarlara görə qeyd olunması və riyazi ardıcıllığa uyğunluğu hüquq ədəbiyyatında əks olunmayıbdır. Riyazi rəqəmlərin təklik, onluq, yüzlük, minlik, on minlik, yüz minlik, milyonluq və sair riyazi ardıcıllıqla əks olunduğunu nəzərə alsaq, o zaman 3000 (üç min) manat miqdarın mühüm zərər, habelə xeyli miqdar hesab olunan 10.000 manat miqdarın konkretləşməyinə zərurət olduğu ortaya çıxaracaq. Bunu aradan qaldırmaq üçün riyazi ardıcıllığa riayət etməklə dəqiqləşmiş məbləğə istinad edilməlidir. Bu hal özlüyündə qanunun talama cinayətləri üzrə subyektivliyə yönəlmənin qarşısını alaraq cəza siyasətinin daha da mütərəqqi qaydada inkişafına səbəb olacaqdır.

Yuxarıdakılara əsasən, təklif edirəm ki, CM-nin 178 və 179-cu maddələrinə qeyd hissə əlavə edilsin və qeyddə bu hallar, yəni 1000 manatdan artıq olmayan məbləğdə ziyan inzibati xəta, 1000 manatdan yuxarı, lakin 10.000 manatdan artıq olmayan məbləğdə ziyan mühüm zərər, 10.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə ziyan xeyli miqdarda zərər, 100.000 manatdan yuxarı məbləğ isə külli miqdar zərər kimi dəyərləndirilsin.

Fikrimcə, belə olan halda, cəza öz-özlüyündə ziyanın məbləğinə uyğun olaraq ədalətli tənzimlənəcək və şəxsin islah olunmasına öz müsbət təsirini göstərəcəkdir.

Prokurorluğa aid olan cinayət işləri üzrə CM-nin 125-ci və 162-ci maddələrinin cəza siyasətindəki boşluqlara münasibət bildirməklə aşağıdakı təkliflərimi qeyd edirəm.

Belə ki, CM-nin 125-ci maddəsinin dispozisiyasında göstərilən əməllərə görə sanksiyanın ümumi qeyd olunmasını nəzərə alaraq, maddədəki azadlıqdan məhrum etmə cəzasının həmin maddənin dispozisiyası ilə bir halda ədalətli, digər halda ədalətsiz olduğunu hesab edirəm.

Belə olan halda, qeyd olunan dispozisiyanın iki hissədən ibarət olması və hər hissənin öz sanksiyasının olması daha məqsədəmüvafiq olardı.

Fikrimcə, bu dəyişikliyin mövcudluğu təqsirli şəxsə təyin oluna biləcək azadlıqdan məhrum etmə cəzasının ədalətli olmasına və onun islah olunmasına öz müsbət təsirini göstərə bilər.

Yuxarıdakılara əsasən, təklif edirəm ki, CM-nin 125-ci maddəsi iki hissədən ibarət olsun və 125.1-ci maddənin dispozisiyası «...özünü öldürməyə cəhd həddinə çatdırma» kimi qeyd olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddi 3 ilədək, 125.2-ci maddəsi isə «…özünü öldürmə həddinə çatdırma» kimi qeyd olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddi 3 ildən 7 ilədək yazılsın.

CM-nin 162-ci maddəsinə aid olan təkliflərim ondan ibarətdir ki, qeyd olunan maddənin dispozisiyasında az ağır və ağır xəsarətə dair əməllər üzrə sanksiyada azadlıqdan məhrum etmə cəzası 162.1-ci maddədə ümumi qeyd olunmasın.

Belə ki, həmin maddənin dispozisiyasında az ağır və ağır xəsarətə dair əməllər üzrə cəza təyin etmə zamanı azadlıqdan məhrum etmə cəzasının bir halda ədalətli, digər halda isə ədalətsiz olduğunu hesab edirəm.

Göstərilənlər əsas verir ki, CM-nin 162.1-ci maddəsinin dispozisiyasının iki hissədən ibarət olması və hər hissənin isə azadlıqdan məhrum etmə cəzasının ayrıca göstərilməsi daha məqsədəmüvafiq olardı.

Fikrimcə, bu dəyişikliyin mövcudluğu təqsirli şəxsə təyin oluna biləcək azadlıqdan məhrum etmə cəzasının ədalətli olmasına və onun islah olunmasına öz müsbət təsirini göstərə bilər.

Göstərilənləri nəzərə alıb təklif edirəm ki, CM-nin 162-ci maddəsi üç hissədən ibarət olsun və hər bir hissə aşağıdakı sanksiyalar həddində formalaşdırılsın:

162.1-ci maddənin dispozisiyası «…insan sağlamlığına az ağır zərər vurularsa» kimi qeyd olunmaqla alternativ cəza növlərindən 6 ay islah işləri, 5.000 manat cərimə və yaxud da yuxarı həddi 1 ilədək olan azadlıqdan məhrum etmə cəzası tətbiq olunsun.

162.2-ci maddəsi «…insan sağlamlığına ağır zərər vurularsa» kimi qeyd olunmaqla alternativ cəza növlərindən 2 il islah işləri, 10.000 manat cərimə və yaxud da yuxarı həddi 3 ilədək olan azadlıqdan məhrum etmə cəzası tətbiq olunsun.

162.3-cü maddəsi «Eyni əməllər ölümlə nəticələnərsə» kimi qeyd olunmaqla alternativ cəza növlərindən 25.000 manat cərimə və yaxud da azadlıqdan məhrum etmə cəzasının həddi 3 ildən 7 ilədək tətbiq olunsun.

Qeyd olunanlarla yanaşı, CM-nin 144-cü maddəsinin hipotezasına və cəza siyasətindəki boşluqlara münasibət bildirməklə aşağıdakı təkliflərimi qeyd edirəm.

Belə ki, CM-nin 144-cü maddəsinin hipotezası «Adam oğurluğu» yazılmaqla dispozisiyasında da, yəni 144.1-ci maddədə «Adam oğlurluğu» yazılmaqla dispozisiyaının açlışı verilməmişdir.

Belə olan halda, ilk əvvəl oğurluğun nə olduğunu müəyyənləşdirmək lazım gəlir.

CM-nin 177-ci maddəsinin dispozisiyasında «Oğurluq» frazasının açılışı verilərkən, Azərbaycan dilinin qramatikasına əsaslanmaqla mübtədanın izahedicisi kimi cümlədə işlənən vergül durğu işarəsindən sonra yəni sözü yazılmaqla «Oğurluq» sözünün açlışı verilmişdir. Həmin izaha görə CM-nin oğurluq cinayəti aydınlaşır və məlum olur ki, oğurluq cinayəti həmin maddənin dispozisiyasında özgə əmlakını gizli yolla talama kimi təsvir olunur. Maddənin dispozisiyasının mənasından aydın olur ki, oğurluq cinayəti yalnız əmlaka qarşı, daha geniş mənada isə mülkiyyətə qarşı yönəlmiş cinayət əməlidir.

Göründüyü kimi oğurluq yalnız əmlaka və mülkiyyətə qarşı yönələn cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əməl olduğuna görə, həmin cinayətin predimeti insan ola bilməz. Qeyd olunan 144-cü maddənin təsvirindən belə nəticə çıxır ki, həmin maddənin təsiri altında olan şəxslər insan yox, özgə əmlakıdır. Bu cür məntiqsiz dispozisiya isə insanların hüquqlarını qorumaq üçün kifayət qədər yetərli ola bilməz.

Ona görə də, fikrimcə, CM-nin 144-cü maddəsinin hipotezası dəyişdirilməklə «Tamah və sair alçaq niyyətlə insanların gizlədilməsi» kimi yazılarsa, eləcə də, dispozisiyası «tamah və sair alçaq niyyətlə şəxsi olduğu yerdən başqa yerə zorla aparmaqla gizlətmə» kimi yazılarsa, fikir həm aydın olar, həm də dispozisiya cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əməli əhatə edə bilər.

Qeyd olunan maddənin hipotezasının dəyişdirilməsinə olan digər zərurət isə Â«Adam» frazasıdır.

Belə ki, Mövcud Qanunvericilikdə şəxsin hüquqları «İnsan hüquqları» adlanır. İnsan müasir dövrün yazılı ədəbiyyatlarında həm sosioloji varlıq kimi, həm bioloji varlıq kimi, həmçinin də hüququn subyekti kimi «İnsan» frazası ilə əks olunur. Qeyd etmək yerinə düşərdi ki, Məcəllənin 144-1-ci maddəsi «İnsan Alveri» adlanır. Bu halda isə «İnsan» frazası ilə «Adam» frazasının bir qanunvericilikdə işlədilməsi təzadlı fikirlərin yaranmasına səbəb olur.

Odur ki, fikrimcə, «İnsan hüquqları və azadlıqları» hüququn əsas xəttini təşkil edən hüquqi meyar olduğundan, CM-nin müvafiq maddələrindəki «Adam» frazası «İnsan» frazası ilə əvəzlənməlidir.

Sadalananlardan başqa, təcrübə göstərir ki, evlənmək məqsədi ilə qız qaçırma əməlini törətmiş şəxslər də CM-nin 144-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir və təqsirli şəxslər ağır cəzaya məhkum olunmaqla gənc yaşlarından məhkumluq həyatı yaşamaq məcburiyyətində olur. Bu hal, isə həm hüquq baxımından, həm də şəxsin islah edilməsi baxımından yetərincə ağır olmaqla əməllə cəzanın uyğunsuzluğunu təşkil edir.

Qeyd olunan əməl, yəni evlənmək məqsədi ilə qadının qaçırılması əməli Azərbaycan SSR-nin cinyət qanunvericiliyində ayrıca maddə kimi öz əksini tapmışdı.

Belə ki, «Qadını evlənmək məqsədilə oğurlama» adlanan həmin əməl Azərbaycan SSR-nin CM-nin 129-cu maddəsində əks edilmişdi. Qeyd olunan maddənin sanksiyası ədalətli olmuşdur.

Fikrimcə, həmin maddənin hipotezasına və dispozisiyasına əlavələr etməklə, qeyd olunan əməli müstəqil maddə kimi yenidən CM-də əks etdirmək, eləcə də, sanksiya hissəsində cəza həddini aşağı göstərməklə yanaşı, eyni zamanda həmin maddəyə qeyd hissə də əlavə etmək daha məqsədəmüvafiq olardı.

Göstərilənləri nəzərə alıb təklif edirəm ki, CM-nə 176-2-ci maddəsi əlavə edilsin və qeyd olunan maddə üç hissədən ibarət olsun. Həmin maddənin hipotezası Â«Qadını evlənmək məqsədi ilə qaçırma» kimi yazılmaqla 176-2.1-ci maddəsinin dispozisiyası «Qadını onunla evlənmək məqsədi ilə olduğu yerdən başqa yerə zorla aparmaqla gizlətmə» kimi qeyd olunmaqla alternativ cəza növlərindən 6 ay islah işləri, 5000 manat cərimə və yaxud da yuxarı həddi 1 ilədək olan azadlıqdan məhrum etmə cəzası tətbiq olunsun.

176-2.2-ci maddəsi «Eyni əməllər əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə» kimi qeyd olunmaqla alternativ cəza növlərindən 2 il islah işləri və yaxud da yuxarı həddi 4 ilədək olan azadlıqdan məhrum etmə cəzası tətbiq olunsun.

176-2.3-cü maddəsi «Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə» kimi qeyd olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddi 3 ildən 5 ilədək yazılsın.

Yuxarıdakılara əsasən, təklif edirəm ki, CM-nin 176-2-ci maddəsinə qeyd hissə əlavə edilsin və qeyddə bu hallar, yəni zərərçəkmiş şəxs barışdıqda, işin icraatına xitam verilməsi barədə göstərişlər öz əksini tapsın.

Azərbaycan Respublikasının Baş prokuroru yanında

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin

İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi

kiçik ədliyyə müşaviri Anar Zeynalov

Gündəlik