ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə dəyişiklik edilməsinə dair

Hörmətli Şahin müəllim

Məhkəmə baxışının aşkarlığı prinsipini ehtiva edən Azərbaycan Respublikasının MPM-nin 10.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.

Qeyd etməyi zəruri hesab edirik ki, sözügedən müddəada aidiyyəti bank təşkilatının müştəriyə və ya müştərinin müvafiq banka qarşı iddiaları üzrə mülki işlərin məhkəmə icraatı zamanı bank sirrini təşkil edən məlumatların yayılmasının gözlənilməsi səbəbi ilə bu qəbildən olan işlərin qapalı iclasda aparılmalı olmasının təsbit edilməməsi bank sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyini ehtiva edən qanunların müvafiq müddəalarının tələbləri ilə uzlaşmamaqla yanaşı, qeyd edilən müddəaların tələblərinin pozulması ilə də nəticələnir.

Belə ki, Azərbaycan Respublikasında bank sistemini və onun hüquqi əsaslarını ehtiva edən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun “bank sirri” ni təsbit edən 41-ci maddəsində bank sirrini əhatə edən məlumatlarını, bu sirri təşkil edən məlumatların aidiyyəti şəxslərə və aidiyyəti orqanlara verilməsi qaydası, bank inzibatlarının, səhmdarlarının və digər əməkdaşlarının xidməti səlahiyyətlərini həyata keçirmələri ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə mülki, inzibati və cinayət məsuliyyəti daşımaları, bank sirrini təşkil edən məlumatların bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüququ pozulmuş müştərinin hüquqları və s. tənzimlənmişdir.

Bank sirrini təşkil edən məlumatların qanunsuz olaraq açıqlanmasına dair mülki məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci maddəsində, ictimai təhlükəsizlik dərəcəsi baxımından isə bank sirrini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılmasına görə isə inzibati məsuliyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431-ci, cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsində təsbit olunmuşdur.

Hörmətli Şahin müəllim

Praktiki təcrübənin təhlilindən görünür ki, məhkəmələr tərəfindən bank sirrini təşkil edən məlumatları əhatə edən işlərə baxılarkən məhkəmə iclasları bir qayda olaraq qapalı iclasda baxılması üçün deyil, açıq iclasda baxılması üçün təyin edilər ki, bu da nəticə etibarı ilə “bank sirri” ni təşkil edən məlumatların yayılmasına səbəb olur. Bu baxımdan hesab edirik ki, bank sirrini təşkil edən məlumatların mühafizəsinin, yayılmasının qarşısının alınmasının təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 10.2-ci maddəsinə “kommersiya” sözügedən sonra “bank sirrinin” sözünün əlavə edilməsi zəruridir.

Doğrudur, Azərbaycan Respublikasının MPM-nin 10.3-10.4-cü maddəsində işlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunulduğu, eləcə də şəxsi və ailə həyatının intim münasibətlərinin qorunması məqsədi ilə məhkəmə baxışının və ya onun bir hissəsinin qapalı keçirilməsinin məhkəmə baxışında iştirak edən şəxs tərəfindən tələb edə bilməsi hüququ ehtiva edilsə də, qeyd olunmalıdır ki, həmin Məcəllənin 10.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.

Nəzərə alınsa ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci maddəsinə əsasən nəinki bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqlar bank sirrini təşkil edən məlumatlara aid edilmişdir, hətta müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatlar belə bank sirrini təşkil edən məlumatlara aid edilmişdir. Bu baxımdan bank sirrini təşkil edən məlumatlarla əlaqədar işlərə baxılarkən ilkin dinləmədən sonra Məhkəmənin bu qəbildən olan işlər üzrə iclasın qapalı keçirilməsi barədə qərardad qəbul etməsi artıq bank sirrini təşkil edən məlumatların yayılması ilə nəticələnəcəkdir.

Eyni zamanda hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 10.11-ci maddəsinə də yenidən baxılması zəruridir.

Belə ki, qeyd olunan maddədə göstərilmişdir ki, “məhkəmə aktları bütün hallarda açıq elan edilir.”

Qeyd etməyi zəruri hesab edirik ki, dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyati sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi, eləcə də işdə iştirak edən şəxslərin tələbi ilə, məhkəmənin müvafiq qərardadı əsasında demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunulduğu hallarda, o cümlədən övladlığa götürmə, vərəsəlik, ixtira və ya vergi sirrinin, qanunla qorunan digər sirlərin, şəxsi və ailə həyatının intim münasibətlərinin qorunması məqsədi ilə qapalı keçirilən məhkəmə iclasının nəticəsində qəbul edilən məhkəmə aktının bütün hallarda açıq elan edilməsi yuxarıda göstərilən sirlərin mühafizəsi və qorunması məqsədilə iclasın qapalı keçirilməsinin əhəmiyyətini mənasız edir və son nəticə, yəni qapalı keçirilən məhkəmə iclasları üzrə qəbul olunan məhkəmə aktlarının bütün hallarda açıq elan edilməsi yuxarıda göstərilən işlər üzrə gözlənilən sirlərin açılmasına, yayılmasına səbəb olur.

Bu baxımdan Azərbaycan Respublikası MPM-nin 10.11-ci maddəsində göstərilən “bütün hallarda” sözünün maddənin məzmunundan çıxarılmasını məqsədəmüvafiq hesab edərək, qapalı iclasın nəticəsi üzrə qəbul edilən məhkəmə aktının qapalı və ya açıq iclasda elan edilməsi məsələsinə konkret işə münasibətdə, işin xarakterindən asılı olaraq məhkəmənin səlahiyyətinə verilməsini təklif edirik.

Bütün bunlarla yanaşı nəzərə çatdırılmasını zəruri hesab edirik ki, dövlət, peşə, kommersiya, şəxsi və ailə həyatının sirləri və s. ilə əlaqədar qapalı keçirilməli olan işlər üzrə aparılan məhkəmə təhqiqatı zamanı heç də istisna deyil ki, müvafiq ekspertizanın keçirilməsinə və ya müvafiq mütəxəssisin cəlb olunmasına zərurət yaransın. Lakin Azərbaycan Respublikası MPM-də belə olan təqdirdə, yəni yuxarıda göstərilən əsaslarla məhkəmə iclasının qapalı keçirildiyi hallarda bu qəbildən olan iş üzrə ekspertizanın təyin edilməsi və ya mütəxəssisin cəlb edildiyi hallarda ekspertiza idarəsinin aidiyyəti şəxslərinin, xüsusən ekspertin (və ya ekspertlərin) eləcə də mütəxəssis cəlb edildiyi halda mütəxəssisin (mütəxəssislərin) dövlət, peşə, kommersiya, bank, şəxsi və ailə sirlərinin və s. onlar tərəfindən yayılması barədə məsələlərin tənzimlənməməsi qeyd olunan maddəyə yuxarıda göstərilən xüsusatların tənzimlənməsini təmin edən yeni müddəanın əlavə edilməsinə zərurət yaradır.

Hörmətli Şahin müəllim

Ümid edirik ki, Azərbaycan Respublikasının MPM-nin10-cu maddəsinin təkminləşdirilməsi ilə əlaqədar hazırkı təkliflərimizi nəzərə alıb, səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Hörmətlə

Mərkəzin sədri: Natiq. Y. Abdullayev

Gündəlik