ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

(Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinin təkmilləşdirilməsinə dair təklif)

Hörmətli Şahin müəllim

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 iyun 2012-ci il tarixli, 405 İVQ nömrəli Qanunla sözügedən Məcəllənin 133-cu maddəsinin adında olan “işgəncə” sözü “əzab” sözü ilə əvəz edilmiş, eyni zamanda qeyd olunan maddəyə 133.2.6-cı maddə əlavə edilərək bu maddənin digər ağırlaşdırıcı əlaməti “işgəncə verilməklə törədildikdə “ kimi ethiva olunmuşdur.

Hörmətli Şahin müəllim

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasından görünür ki, əvvəl “işgəncə vermə “ sonradan isə “əzab vermə” adlanan sözügedən maddədə təsbit edilən cinayət əməli bu Məcəllənin 226-227-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməni ehtiva edir.

Həmin maddəyə əzab vermənin işgəncə verməklə törədilməsi bu cinayətin ağırlaşdırıcı əlaməti kimi əlavə edilmişdir.

İşgəncənin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin qeydində verilmişdir.

Sözügedən “qeyd”də göstərilmişdir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrılı və ya psixi iztirablar vermə başa düşülür.

Həmin anlayışdan görünür ki, işgəncə zərərçəkmişə güclü fiziki ağrılar və ya psixi iztirablar vermədən ibarət hərəkət və ya hərəkətsizliyi nəzərdə tutur və işgəncənin mövcud olması üçün qeyd edilən hərəkət və ya hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir.

1) Zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə;

2) Zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə;

3) Zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə;

4) Zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə;

5) Ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən.

Həm “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində ehtiva olunan “heç kəsə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır” müddəasını, həm də “İşgəncələrə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” BMT-nin 1984-cü il tarixli Konvensiyasının 2-ci maddəsində ehtiva edilən “...hər bir üzv dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür” müddəasını əsas tutan Azərbaycan Respublikasının Milli Məclisi 29 iyun 2012-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının CM-nin 293-cü maddəsini yeni redaksiyada verərək işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən etmişdir.

Nəzərə çatdırılması zəruri hesab edilir ki, Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının CM-nin “əzab vermə” adlanan müddəasına ağırlaşdırıcı əlamət kimi daxil edilən 133.2.6-cı maddəsi praktiki təcrübədə ziddiyətlərə, qeyri-müəyyənliyə və fərqli yanaşmalara səbəb olmuşdur.

Belə ki, Azərbaycan Respublikası CM-nin 293-cü maddənin “qeyd” hissəsindən işgəncəyə verilən anlayışdan görünür ki, işgəncə hər bir halda zərərçəkmişə güclü fiziki və ya şəxsi iztirablar verməni nəzərdə tutur. Bu isə elə CM-nin 133-1-ci maddəsində müəyyən olunan əzab vermə deməkdir, yəni əzab vermə işgəncənin ayrılmaz və zəruri əlamətidir. Təqsirkarın əməlində işgəncə üçün xarakterik olan subyektiv əlamətlər onun xüsusi subyekt tərəfindən və xüsusi məqsədlə törədilməsi mövcud olduqda bu əməl yalnız Azərbaycan Respublikası CM-nin 293.2-ci maddəsi ilə tövsif edilməli olduğundan əzab vermənin işgəncə vermə ilə xarakterizə edən ağırlaşdırıcı əlaməti yuxarıda göstərildiyi kimi praktiki təcrübədə ziddiyətlərə, qeyri-müəyyənliyə səbəb olmuşdur.

Qeyd etməyi zəruri hesab edirik ki, qanunverici Azərbaycan Respublikası CM-nin 133-cü maddəsini və 293-cü maddəsini subyektlərinə görə fərqləndirmişdir.

Belə ki, Azərbaycan Respublikası CM-nin 133-cü maddəsinin təsbit edilən cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər.

Həmin Məcəllənin 293-cü maddəsində təsbit edilən cinayətin subyekti isə vəzifəli şəxslər və ya bu çisimdə çıxış edən digər şəxslər ola bilər (vəzifəli şəxslərin anlayışı CM-nin 308-ci maddəsinin qeydində verilmişdir). Vəzifəli şəxs qismində çıxış edən şəxs isə qanunvericiliyə müvafiq olaraq vəzifəli şəxsin səlahiyyətlərinin həyata keçirilməsi həvalə olunmuş istənilən şəxs başa düşülə bilər.

Heç istisna deyildir ki, “əzab vermə” cinayət əməli bu cinayətin subyekti tərəfindən məhz işgəncəyə verilən anlayışda göstərilən məqsəd və səbəblərlə də törədilə bilər. Lakin nəzərə alınsa ki, işgəncə cinayət əməli xüsusi subyektlər (vəzifəli şəxs və bu qisimdə çıxış edən digər şəxs) tərəfindən törədilir, onda yuxarıda göstərilən məqsəd və səbəblərlə “əzab vermə” cinayət əməlini törətmiş şəxsin əməlinin tövsifində qeyri-müəyyənliklər yarana bilər.

Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin məzmunu “işgəncə verməklə törədildikdə” kimi deyil, aşağıda göstərilən məzmunda ifadə edilməsi daha məqsədəmüvafiq olardı.

133.2.6 – “Şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən törədildikdə”.

Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinə bu maddənin ağırlaşdırıcı əlaməti kimi aşağıda göstərilən müvafiq bəndin əlavə edilməsi məqsədəmüvafiq olardı.

133.2.7 – “İşgəncə hesab edilməyən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza verilməklə törədildikdə”

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinə ağırlaşdırıcı əlamət kimi əlavə edilməsi təklif edilən bəndin daha ağır cəza ilə sanksiyalaşdırılması bu qəbildən olan cinayət əməllərinin qarşısının alınmasında və cəzalandırılmasında səmərəli əhəmiyyətə malik olar.

Ümid edirik ki, təkliflərimizi araşdırıb səlahiyyətiniz daxilində tədbirlər görəcəksiniz.

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik