Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R. Rzayevə

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R. Rzayevə

Hörmətli Ramiz müəllim
Bir müddətdir ki, istər birinci instansiya, istərsə də apelyasiya instansiyaları məhkəmələri tərəfindən müvafiq məhkəmə aktı ilə mülki işlər üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən bu ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinə deyil, özəl şirkətlərə həvalə edilir.
Qeyd etməyi zəruri hesab edirik ki, “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, Məhkəmə ekspertizası idarəsi- məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.

Həmin qanunun 23-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə-ekspertiza idarələri tərəfindən həyata keçirilir.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin   15 oktyabr 2011-ci il tarixli Fərmanına əsasən Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir

Hörmətli Ramiz müəllim
Müvafiq məhkəmə qərardadı təyin edilən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasının yuxarıda göstərilən Qanunun və Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olaraq özəl məhdud məsuliyyətli cəmiyyətə həvalə edilməsinin yanlış praktiki təcrübə formalaşdırdığını nəzərə alaraq Sizdən göstərilən məsələnin araşdırılması və yuxarı məhkəmə instansiyasının sədri olaraq səlahiyyətimiz daxilində bu yanlış praktik təcrübənin qarşısının alınması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik.
Əvvəlcədən təşəkkür edirik.


Hörmətlə
İdarə Heyətinin sədri: Natiq Abdullayev

Gündəlik