Hörmətli Cənab Nazir
Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, eləcə də digər vergi hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin “vergilərin hesablanmasının və ödənilməsinin pul vahidi” adlanan 9-cu maddəsində Azərbaycan Respublikasının ərazisində vergilərin Azərbaycan Respublikasının pul vahidi-manatla hesablandığı və ödənildiyi təsbit edilmişdir.
Sözügedən maddənin məzmunundan görünür ki, Azərbaycan Respublikasının ərazi yuridiksiyasında olan hər kəsə, o cümlədən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vergilər Azərbaycan Respublikasının pul vahidi olan manatla hesablanmalı və hesablanmış vergilər onlar tərəfindən də manatla ödənilməlidir. Lakin Məcəllənin 209-cu maddəsində ehtiva olunan yol vergisinin subyektlərinə yol vergisinin dərəcələrini nəzərdə tutan Məcəllənin 211-ci maddəsində yol vergisinin dərəcələri Amerika Birləşmiş Ştatlarının pul vahidi olan dollarla əks olunmuşdur.
Hesab edirik ki, yuxarıda göstərilən bu hal nəinki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 9-cu maddəsinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin tələbləri ilə, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında ifadə etdiyi rəsmi şərhlə də uzlaşmır.
Yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar gələcəkdə irəli sürəcəyiniz təkliflər zamanı yol vergisinin Azərbaycan manatı (və ya bu vergi öhdəliyinin icra edildiyi vaxt dollarının manata olan məzənnəsi ilə) hesablanması və ödənilməsi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə düzəlişlər edilməsi ilə bağlı təklifimizin məqsədəmüvafiqliyinə baxmağınızı Sizdən xahiş edirik.
Əvvəlcədən təşəkkürümüzü bildiririk.
Hörmətlə
Mərkəzin sədri: Natiq Y. Abdullayev