ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Hörmətli Şahin müəllim

Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində dəyişiklər və əlavələr edilməsi haqqında 30 sentyabr 2014-cü il tarixli, 1027 IVQD nömrəli Qanununa (dərci 08 noyabr 2014-cü il "Azərbaycan" qəzeti) əsasən Azərbaycan Respublikası İXM-nə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması" adlı 348-8-ci maddə əlavə edilmişdir. Qeyd edilən maddənin müvafiq bəndi ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunvericiliyin pozulması, yəni 1) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsi (348-8.1), 2) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması (348-8.2), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsi (maddə 348-8.2.1), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyət orqanına verilməməsi (maddə 348-8.2.2), yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarlıq fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsi (maddə 348-8.2.3), bu Məcəllənin 348-8.1 və 348-8.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulması (maddə 348-8.3), sahibkarlar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya ) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssissələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma inzibati xəta hadisəsi hesab edilərək sanksiyalaşdırılmışdır.

Göründüyü kimi qanunverici həm sahibkarların həm də sahibkarlıq subyektlərində yoxlama aparmağa səlahiyyətləri olan orqanların və yoxlayıcıların yuxarıda sözügedən Qanunda nəzərdə tutulan tələblərə və prosedurlara əməl etməmələrinə inzibati məsuliyyət müəyyən etmişdir.

Yuxarıda göstərilən 30.09.2014-cü il tarixli Qanunla eyni zamanda Azərbaycan Respublikası İXM-nin 360.1-ci maddəsində "348-7" rəqəmlərindən sonra "348-8" rəqəmləri əlavə edilmiş və beləliklə də Azərbaycan Respublikasının İXM-nin 348-8-ci maddəsində təsbit edilən inzibati xətalar haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinə aid edilmişdir. Məlumunuz olduğu kimi Azərbaycan Respublikası İXM-nin 410-cu maddəsində ehtiva olunmuşdur ki, bu Məcəllənin 368-ci maddəsi istisna olmaqla inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunur. Sözügedən Məcəllənin 368-ci maddəsi inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını tənzimləyir.

Hörmətli Şahin müəllim

Aşağıda göstərilənlərə əsasən nəzərinizə çatdırırıq ki, qanunverici orqan tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanunvericiliyin pozulmasına görə inzibati xəta üzrə məsuliyyətin tətbiqi proseduru hüquqi baxımdan tam tənzimlənmədiyindən bu normanın (Azərbaycan Respublikası İXM-nin 348-8-ci maddəsi nəzərdə tutulur) praktiki tətbiqində qeyri-müəyyənliklər mövcuddur .

Belə ki, Azərbaycan Respublikası İXM-nin 410-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməli olduğundan sözügedən Məcəllənin 348-8-ci maddəsində təsbit olunan inzibati xəta hadisəsinin, yəni "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən pozulduğu halında inzibati xəta hadisəsinin törədilməsini əks etdirən protokolun kimin tərəfindən tərtib edilməli olması qanunvericiliklə tənzimlənmir.

Sözsüz ki, yoxlayıcı orqan və ya yoxlayıcı şəxs ( şəxslər) bu maddədə ehtiva olan inzibati xəta hadisəsini törətdikdə özü barəsində protokol tərtib etməyəcək. Belə halda özünün hərəkətləri barəsində protokol tərtib etməsi də qanunvericiliyin tələbləri ilə də uzlaşmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, yoxlayıcı orqan və yoxlayıcı tərəfindən qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi törədildikdə sahibkarın da inzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti qanunvericilikdə təsbit olunmamışdır.

Belə olan təqdirdə Azərbaycan Respublikası İXM-nin 348-8-ci maddəsində təsbit edilən inzibati xəta hadisəsinin törədildiyi halda yoxlayıcı orqan və ya yoxlayıcının inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini müəyyən edən bu maddədə təsbit olunanlar formal, deklativ olmaqla, sahibkarın bu hüququnu, yəni yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən ona qarşı Azərbaycan Respublikası İXM-nin 348-8-ci maddəsində əks olunan inzibati xəta hadisəsi törədilməsi ilə əlaqədar yoxlayıcı orqan və ya yoxlayıcı barəsində inzibati xəta üzrə icraatın başlanmasını həyata keçirilməsi xəyali olacaqdır.

Hörmətli Şahin müəllim

Ümid edirik ki, hazırkı müraciətimizlə məsəllənin mahiyyətini nəzərinizə çatdıra bildik.

Odur ki, Sizdən qanunvericilik təşəbbüsü olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbəsinin rəhbəri olaraq xahiş edirik ki, təklifimizin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəsiniz.

Əvvəlcədən Sizə təşəkkürlərimizi bildiririk.

Hörmətlə:

Mərkəzin sədri Natiq Y. Abdullayev

Gündəlik