AR ƏƏSMN Naziri Cənab Səlim Müslümova əmək qanunvericiliyi ilə bağlı müraciət göndərilmişdir

AR ƏƏSMN Naziri Cənab Səlim Müslümova əmək qanunvericiliyi ilə bağlı müraciət göndərilmişdir

Hörmətli Səlim müəllim!

Bir neçə vaxtdır ki, Respublikamızda fəaliyyət göstərən müəssisə və təşkilatların elektron poçt ünvanlarına rəhbərlik etdiyiniz Nazirliyin müvafiq strukturundan “İşəgötürənlərin nəzərinə!!!” başlıqlı müraciət daxil olmuşdur. Sözügedən müraciətdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə mülkiyyətçinin (təsisçinin və ya təsisçilərin) və işəgötürənin (direktorun, müdirin, müəssisə rəhbərinin və s.) eyni şəxs və ya fərqli şəxslər olmasından asılı olmayaraq mülkiyyətçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılmalıdır ki, bu halda işəgötürən işçi olaraq əmək fəaliyyətini əmək müqaviləsi əsasında həyata keçirməli və Əmək Məcəlləsinin işçi ilə bağlı bütün normaları ona şamil edilməlidir. Mülkiyyətçi və işəgötürən fərqli şəxslər olduqda əmək müqaviləsi mülkiyyətçi ilə işəgötürən arasında fərqli şəxslər qismində, eyni şəxs olunduqda isə əmək müqaviləsi eyni şəxs qismində mülkiyyətçi və işəgötürən arasında bağlanılır. Hər iki halda mülkiyyətçi və işəgötürən arasında bağlanılmış əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi bildirişi EİS-nə işəgötürənin gücləndirilmiş elektron imzası ilə daxil edilir.

Bu müddəalar işəgötürən qismində çıxış edən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir”.

Qeyd olunan müraciətdə göstərilən “tələblər”in Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə uyğun olmadığını və bununla əlaqədar aşağıda göstərilənləri diqqətinizə çatdırmağı zəruri hesab edirik.

Əvvəla bu müraciətdə göstərilənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərindən irəli gəldiyi qeyd olunsa da Əmək Məcəlləsində belə “tələbləri” ehtiva edən bu və ya digər müddəa təsbit olunmamışdır. Odur ki, sözügedən müraciətdə Əmək Məcəlləsinin konkret müddəasına istinad edilməmişdir.

Hesab edirik ki, bu müraciətdəki “tələblər” Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və s. qanunvericilik aktlarının tələbləri ilə uzlaşmamaqla yanaşı hüququn yanlış təfsirinin, yanlış hüquq düşüncəsinin məhsuludur.

Belə yanaşma bu “tələbin” icrası zamanı qeyri-müəyyənliklərə əsas yaratmaqla, gələcəkdə xeyli sayda anlaşılmamazlıqlara da rəvac verəcəkdir.

Fikirlərimizi əsaslandırmaq üçün müvafiq qanunvericilik aktlarında təsbit edilən əlaqəli maddi hüquq normalarının müqayisəli təhlilinə nəzər yetirməyinizi zəruri hesab edirik.

Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsində verildiyi anlayışına görə İşçi â€” işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

Həmin maddənin 3-cü hissəsində verilmiş anlayışlara görə isə İşəgötürən â€” tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Qeyd edilən müddəanın 5-ci hissəsində əmək müqaviləsinə verilmiş anlayışa görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzilərini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri Məcəllənin 9-10, 11-12-ci maddələrində, əmək müqaviləsinin bağlanması əsasları və qaydası isə Əmək Məcəlləsinin 42-53-cü müddəalarında ehtiva olunmuşdur.

Sözügedən Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

Onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə görə əmək münasibətləri əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

Müqavilənin anlayışını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Hüquqi şəxslərin anlayışı, növləri, yaradılması, qeydiyyatı, idarəedilməsi və s. hüquqi məsələləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində ehtiva olunan müddəalardan, xüsusən də Məhdud Məsuliyyətli Cəmiyyətdə idarəetməni tənzimləyən 91-ci (91.1.4 91-1, 91-2, 91-2.4), Səhmdar Cəmiyyətlərdə idarə etməni tənzimləyən 107-ci (107.4) maddələrinin mənasına görə cəmiyyətdə idarəetmə, o cümlədən təkbaşına idarəetmə cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında Nizamnamə və müqavilə ilə tənzimlənir və bu müqavilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır.

Lakin bu Məcəllənin (91.1-4) tələbinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətinə aid olan məsələlər (o cümlədən cəmiyyətin təkbaşına və ya kollegial icra orqanının təyini) barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.

Onu da nəzərə almaq lazımdır ki, təsərrüfat cəmiyyətinin növü olan ortaqlıqda idarəetmə iştirakçıların ümumi razılığı ilə də idarə edilir.

Yəni bu müəssisə direktor və ya hər hansı bir rəhbər tərəfindən deyil, ortaqlığın firma adına maya qoyan hər bir “ortaq” tərəfindən idarə edilir. Sözsüz ki, bu müəssisələrə aid Nazirliyin tələbinin icrası qeyri-mümkündür.

Bütün bunlarla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, əmək qanunvericiliyinə əsasən mülkiyyətçi ilə işəgötürən arasında onların qarşılıqlı maddi məsuliyyəti və vurulan ziyana görə məsuliyyət müəyyən edən müqavilə də bağlanıla bilər. Əgər mülkiyyətçi ilə direktor eyni şəxsdirsə və onlar əmək müqaviləsi bağlayarsa və işəgötürən fəaliyyəti nəticəsində maddi zərər vurularsa eyni şəxs həm tələbkar, həm də borclu olacaqdır?

Hesab edirik ki, yuxarıda göstərilən tələb heç də hüquqi və birmənalı deyildir və bu tələb bir çox suallar doğuracaq, məsələn: təsisçi (mülkiyyətçi) xarici hüquqi (və ya fiziki) şəxsdirsə və xarici təsisçilər bir neçə ölkənin fiziki və ya hüquqi şəxsdirsə və s.

Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, bu məsələlər subyektiv mülahizələr əsasında deyil, qanunvericiliyə müvafiq əlavələr və dəyişikliklər edilməsi ilə tənzimlənə bilər. Bu günkü, yəni hazırda qüvvədə olan əmək qanunvericiliyi tələbdə göstərilən xüsusatlara hüquqi əsas vermir.

Şəxsi, subyektiv hüquqi mülahizəmizə görə mülkiyyətçi ilə müəssisə rəhbəri arasındakı münasibətlər əmək müqaviləsi ilə deyil müəssisənin təsis edildiyi (və ya sonradan rəhbəri dəyişdirildiyi) hallarda mülki hüquqi müqavilə ilə tənzimlənməli və bu müqavilə müəssisənin qeydiyyatı zamanı bağlanmalıdır. Qeyd olunan bu müqavilənin də Nazirliyin elektron sisteminə daxil edilməsi məqsədə müvafiq olar.

Hörmətli Səlim müəllim!

Ümid edirik ki, hazırkı müraciətimizdə göstərilən xüsusatlara diqqət yetirilməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəcəksiniz.

Hörmətlə,

Mərkəzin sədri Natiq Abdullayev

Gündəlik