Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-polkovnik Cənab Ramil Usubova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-polkovnik Cənab Ramil Usubova

Hörmətli Ramil müəllim!

Ölkəmizdə (xüsusən, paytaxt Bakıda) mövcud olan yol şəbəkəsinin sıxlığı, yolların rahatlığı və genişliyi dövlətimizin iqtisadı inkişafının göstəricisi olsa da, yol hərəkəti iştirakçılarının həmin yollardakı hərəkət mədəniyyətinin səviyyəsi isə ölkəmizdə yaşayan insanların ümumi mədəniyyətinin göstəricilərindən biridir.

Yol hərəkəti mədəniyyətinin başlıca tərkib hissəsini isə yol hərəkəti qaydalarına dönmədən riayət edilməsi, yol-hərəkəti iştirakçılarının bir-birinə hörmət etmələri təşkil edir.

Son vaxtlar Bakı şəhərinin irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qısa müddət ərzində ölkəmizdə yüksək yol mədəniyyətinin bərqərar edilməsində Daxili İşlər orqanlarının, xüsusən, Dövlət Yol Polisi xidmətinin üzərinə mühüm vəzifələr qoyur.

Heç də sirr deyil ki, bu gün ölkəmizdə yol hərəkəti mədəniyyəti qənaətbəxş deyildir. Bu da yuxarıda qeyd edildiyi kimi, ölkəmizin ümumi mədəniyyət göstəricilərinə zərər gətirir. Bu baxımdan hesab edirik ki, istər maarifləndirmə ilə, istərsə də inzibati tədbirlərlə qısa zaman daxilində ölkəmizdə yüksək yol hərəkəti mədəniyyətinə nail olunması mühüm əhəmiyyət kəsb edir.

Sözsüz ki, yol hərəkəti mədəniyyətinin yüksək səviyyədə bərqərar edilməsini yalnız Dövlət Yol Polisi əməkdaşlarının vicdanlı və peşəkar fəaliyyəti hesabına təmin etmək mümkün deyildir. Hər kəsə bəllidir ki, yollarda azacıq tıxac yaranması səbəbindən nizamlayıcı vasitələrin tələblərinə məhəl qoymayaraq, kütləvi surətdə hara gəldi hərəkət edən, əks istiqamətli hərəkət zolaqlarına çıxan, dayanma və durma qaydalarını və s. yol hərəkəti qaydalarını eqoist mülahizələrindən çıxış edərək, özlərini hərəkət qaydalarının fövqündə görərək qəsdən yol hərəkəti qaydalarını pozan sürücülərimiz həddindən artıq çoxdur. Bunların öhdəsindən bütöv bir DYP taqımının gələ bilməməsi də sirr deyildir.

Hörmətli Ramil müəllim!

Yol hərəkəti qaydaları əksər hallarda sürücülərimizin eqoist davranışının nəticəsində pozulursa, bəzən də bu pozuntulara obyektiv səbəblərdən yol verilir. Yəni, yol hərəkəti qaydalarının polzulmasında subyektiv amillərlə yanaşı, obyektiv səbəbləri də nəzərə almaq lazımdır. Əgər sürücü işıqforun tələbinə əməl etməyib qırmızı işıqda keçirsə, hərəkətin əks istiqamətli zolaqlarına çıxırsa, müəyyən olunmuş sürət həddini aşırsa, avtoxuliqanlıq edirsə və s. bu kimi hallarda yol verilən xətalar birmənalı olaraq bu cür sürücülərin eqoist, qərəzli, subyektiv davranışlarının nəticəsidir.

Amma dayanma və durma qaydalarının pozulmasına birmənalı olaraq sürücülərin eqoist, subyektiv mülahizələrinin nəticəsi kimi baxmaq heç də düzgün olmazdı. Çünki bu qaydaların pozulması heç də hər zaman yuxarıda qeyd edilən subyektiv amillərin nəticəsində deyil, bir çox hallarda obyektiv səbəblərdən də baş verir.

Bu səbəblər ilk növbədə şəhərimizin küçə və prospektlərində lazımi parklama yerlərinin olmaması ilə bağlıdır. Hal-hazırda paytaxtımızın bəzi yerlərində avtoparkların tikintisi istiqamətində irihəcmli işlərin getdiyi hamımıza məlumdur. Lakin nəzərə almaq lazımdır ki, hazırkı vaxtda duracaq, dayanma yerlərinin çox az olması səbəbindən dayanma və durma qaydaları pozulur ki, bunu da ədalət naminə obyektiv səbəb kimi qəbul etmək olar. Əgər şəhərimizdə duracaq və dayanma yerlərinin sayı lazımi səviyyədə təmin edilərsə, yəni, küçə və prospektlərdə parklama yerlərinin olduğu halda, dayanma və durma qaydalarının süni surətdə pozulduğu halda, bu qayda pozuntusunu da subyektiv amillərdən pozuntu kimi dəyərləndirə bilərik. Ancaq hazırki şəraitdə parklama yerlərinin tələbatı təmin edəcək səviyyədə olmaması, bəzi küçə və prospktlərdə «dayanma» və ya «durma»nı qadağan edən yol nişanlarının lazımi qaydada yerləşdirilməməsi bir çox hallarda intizamlı sürücüləri də dayanma və durma qaydalarını pozmağa vadar edir. Sözsüz ki, dediyimiz bu arqumenti parklama nişanlarının cüzi olan sayı ilə də müəyyən etmək olar.

Hörmətli Ramil müəllim!

Sözsüz ki, istər obyektiv, istərsə də subyektiv səbəblərdən pozulmasından asılı olmayaraq, qaydaları pozmaq olmaz və DYP əməkdaşları qanunla öz vəzifələrini icra etməlidirlər.

Lakin bir çox hallarda DYP əməkdaşları həm “Yol hərəkəti haqqında” Qanunun 52-ci, Azərbaycan Respublikası İXM-nin 158-1, 407-ci maddələrinin, həm də Sizin 19.01.2012-ci il tarixli Q2-001-12 saylı qərarınızla təsdiqlənmiş “Yol-patrul xidməti haqqında Təlimat”ınn 5-ci bəndində ehtiva olunan diskresion səlahiyyətlərindən sui istifadə edirlər.

Məlum olduğu kimi, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.5-ci maddəsində normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrinin yerinə yetirməsi zamanı ağır və ya çətin yerinə yetirilən tələblərə (şərtlərə) məruz qalmalı olmaması təsbit olunmuşdur.

Eyni zamanda, sözügedən qanunda təsbit edilmişdir ki, vəzifəli şəxs qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətləri özbaşına həyata keçirə bilməz.

Qeyd olunan Qanunda hüquqların həcminin əsassız dəyişdirilməsi – diskresion səlahiyyətlərin geniş olması, səlahiyyətlərin dispozitiv imkan kimi müəyyənləşdirilməsi, sui-istifadə və sui-istifadəyə məruz qalma təzahürlərinə səbəb olan, eləcə də sui-istifadəyə və korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən amillər kimi təsbit olunmuşdur.

Yuxarıda qeyd olunan xüsusatlarla bağlı Avropa Məhkəməsinin mövqeyi də mühüm əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin (Amuur Fransaya qarşı) təcrübəsinə görə də qanun və qanundan aşağı hüquqi qüvvəsi olan aktlarda onun təsiri altına düşən şəxslərlə rəftar zamanı özbaşınalığa rəvac vermə təhlükəsinə qarşı təminatlar olmalıdır.

Hörmətli Ramil müəllim!

Bu gün heç də sirr deyil ki, müvafiq qanunvericilik aktlarında təsbit edilmiş vəzifələrini həyata keçirən DYP əməkdaşları “durma qadağandır” yol nişanının tələbinə riayət etməyən sürücülərin avtomaşınlarını evakuasiya edərkən sui-istifadəyə yol verirlər.

Belə ki, Sizin qərarınızla təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.9-cu maddəsinin tələblərinə DYP əməkdaşları tərəfindən riayət edilmir, duracağa aparılmasına ehtiyac olmayan nəqliyyat vasitələri təxliyyə avtomobili ilə mühafizə olunan duracağa aparılır.

Hüquqi İslahatlara Yardım Mərkəzi İB-ə daxil olmuş çoxsaylı məlumatlardan, videoyazılardan göründüyü kimi, YPX əməkdaşlarının iştirakı olmadan evakuasiya avtomobili yol kənarında qadağan olunmuş yerdə saxlanılmış, lakin hərəkətin digər iştirakçılarına mane olmayan istənilən avtomaşını çox qısa (təxminən 1 dəq.) ərzində götürərək aparır. Belə hallarda qadağan olunmuş yerdə saxlanmış avtomobilin evakuasiya olunması və sonradan dayanacaqdan buraxılması müvafiq sənədləşdirmə aparılmadan həyata keçirilir ki, bu da vətəndaşların haqlı narazılığına və əməkdaşların korrupsiya meyllərinə dair şübhələrə yol açır. Mülki geyimli şəxslərin (bəzi hallarda onların yanında polis formasında şəxs də olur) «konveyer üsulu» ilə evakuatorla vətəndaşların avtomaşınlarını duracaqlara daşıması kütləvi hal almışdır.

“Yol-patrul xidməti haqqında Təlimat”ın tələblərinə görə, əgər nəqliyyat vasitəsi hərəkətin digər iştirakçıları üçün maneə yaradırsa və nəqliyyat vasitəsinin sahibini qısa vaxt daxilində məlumatlandırmaq mümkün deyildirsə, yalnız bu zaman avtomaşının evakuasiya edilməsi əsaslıdır.

Əsassız yerə avtomaşınların evakuasiya edilməsi sözsüz ki, sürücülərin əlavə olaraq təxliyyə xərclərinin ödəməsi ilə nəticələnir, bu da insanların haqlı narazılığına səbəb olur. Eyni zamanda evakuasiya vaxtı avtomaşına maddi ziyan dəyə bilər ki, bu da dövləti xərcə sala bilər. Əsassız evakuasiya sürücünün (onunla birlikdə olan ailə üzvlərinin və digər sərnişinlərin) narahatçılığına, avtomobil sahibinin mülkiyyətin toxunulmazlığı kimi konstitusion hüquqlarının pozulmasına səbəb olur. Bütün bu kimi hallarda isə vətəndaşların hüquqlarının DYP tərəfindən pozulması düşünülür.

Əgər avtomobil hərəkət üçün maneə yaratmırsa, belə avtomaşınları evakuasiya etməyə zərurət yoxdur. Həmçinin, evakuasiya başa çatmamış sürücünün maşına yaxınlaşması və onun lazımi qaydada park etmək imkanı olduqda da avtomaşının evakuasiyası dayandırılmalıdır. Lakin daxil olan müraciətlər və müşahidələr göstərir ki, əksər hallarda evakuator sahibi yaxınlaşan avtomaşını da aparır.

Əgər avtomaşını yol hərəkətinin digər iştirakçılarına maneə yaratmırsa, bu zaman “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatın 2.23-cü maddəsinin tələbinə əsasən cərimə barədə sənədi avtomaşının qabaq şüşə silgəclərinin altına qoymaq kifayət edər. Bu hal narazıçılığa da səbəb olmaz. Lakin təəssüf ki, Təlimatın bu tələbinə YPX əməkdaşları tərəfindən əməl olunmur. Sanki avtomobil ovuna çıxmış “evakuatorlar” heç bir hərəkətə mane olmayan avtomobilləri evakuasiya edir. Hətta, evakuasiya zamanı sürücü onlara yaxınlaşdıqda da avtomaşının evakuasiya edilməsi dayandırılmır, sürücüyə: “gəlib maşınını cərimə meydançasından apararsan” kimi göstəriş verilməsi hallarına kütləvi rast gəlinir ki, bu da yuxarıda göstərildiyi kimi, artıq insanlar arasında haqlı narazılıqlara əsas yaradır.

Digər məsələ isə evakuasiya olunaraq duracağa gətirilmiş avtomaşının oradan buraxılması ilə bağlıdır. Əvvəla, ən yaxın məsafədən aparılmasına baxmayaraq, «evakuasiya haqqı» kimi vətəndaşdan 20 manat alınır. Burada haqlı sual yaranır ki, bu 20 manat məbləğini hansı meyarlarla və hansı orqan müəyyənləşdirib. Belə ki, normativ hüquqi aktlarda evakuator xərcinin məbləği müəyyənləşdirilməmişdir. Reallıqda «evakuator haqqını» DYP əməkdaşları təyin edir. Bu da əsassız yerə vətəndaşların əlavə xərc çəkməsi ilə nəticələnir.

İkinci məsələ isə «evakuasiya haqqı»nın yığılmasının rəsmiləşdirilməməsidir. Belə ki, dayanacaqdan buraxılan avtomaşın sahibinə inzibati cərimə və «evakuasiya haqqı»na görə qəbz verilmir. Bu kimi hallar DYP əməkdaşlarının sui istifadə hallarına yol vermələrinə dair mülahizələrə əsas verir.

Hörmətli Ramil müəllim!

Cənab Prezident İlham Əliyev məmurlarımıza, dövlət orqanlarına, vəzifəli şəxslərə etdiyi çoxsaylı xəbərdarlıqlarında insanların əsassız incidilməməsinə dair tapşırıqlar vermiş, insanların hüquqlarının pozulmamasını, bürokratik əngəllərin aradan qaldırılmasını tələb etmiş, vətəndaşlarla davranışlarında təvazökar olmağı tövsiyə etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda (xüsusən, paytaxt Bakıda) yol hərəkətinin tənzimlənməsində böyük xidməti olan DYP əməkdaşlarının fədakar əməyini yüksək qiymətləndiririk. Eyni zamanda, avtomaşınların əsassız evakuasiyasının kütləviləşməsini də diqqətinizə çatdırmaqla bu cür neqativ halların vətəndaşlarda DYP-nin fəaliyyətinə qarşı haqlı narazılıq yaratmasını qeyd edirik. Zərurət olarsa, əsassız evakuasiya, təlimatın tələblərinin pozulması, rəsmiləşdirmələr aparılmadan kütləvi surətdə «avtomaşın ovu» hallarına dair foto və video materialları da təqdim edə bilərik. Hesab edirik ki, tabeçiliyinizdəki aidiyyəti qurumlara göstəriş verməklə qısa müddət ərzində evakuatorların qanunsuz fəaliyyəti haqqında ətraflı məlumat ala bilərsiniz.

Ümid edirik ki, avtomobillərin evakuasiya edilməsində yol verilən neqativ halları, sui-istifadələri lazımi səviyyədə araşdırtdırıb səlahiyyətiniz daxilində müvafiq tədbirləri görəcəksiniz.

Hörmətlə,

Sədr: Natiq Abdullayev

Əlavə olunmuş CD-də evakuatorun qadağan olunmuş yerdə saxlanılan avtomaşını götürməsi prosesinin videoyazıları var:

Hadisə Bakı şəhəri, Mətbuat prospektinin 539-cu məhəllə ilə kəsişməsində qeydə alınmışdır.

Videoyazıdan göründüyü kimi, YPX ekipajı olmadan, evakuator yol kənarında dayanmış, hərəkətin digər iştirakçılarına mane olmayan avtomaşına yaxınlaşır, avtomaşının sahibinin (sürücünün) məlumatlandırılması üçün hər hansı bir tədbir görülmədən, heç bir sənədləşmə aparılmadan, mülki geyimli şəxs tərəfindən avtomaşın evakuatora yüklənərək yüksək sürətlə «hadisə yerindən» uzaqlaşır.

Qeyd edək ki, bu cür «evakuator ovu» bu ünvanda, eləcə də digər ünvanlarda hər gün kütləvi surətdə davam edir və hər birində «evakuatorla götürmə üsulu» eynidir.

Evakuator avtomobilində 1 sürücü, 1 nəfər mülki şəxs, 1 nəfər serjant formalı şəxs olur. Dəfələrlə müşahidə olunmuşdur ki, avtomaşının sahibi yaxınlaşdıqda da artıq evakuatora götürülmüş nəqliyyat vasitəsi geri qaytarılmır və həmin serjant sürücüyə BDYPİ-nin dayanacağına gedib maşını götürməyi tövsiyə edir.

Halbuki, müraciətin mətnində istinad edildiyi kimi, “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatın 2.23-cü maddəsinin tələbinə əsasən belə halda YPX əməkdaşı inzibati xətaya dair yerində protokol tərtib etməli, cərimə barədə sənədi avtomaşının qabaq şüşə silgəclərinin altına qoymaqla tədbir görməlidir.

Təqdim etdiyimiz videoyazılar HİYM-ə daxil olan çoxsaylı faktlardan sadəcə ikisidir. Müraciətdə qeyd etdiyimiz kimi, bu cür “evakuator ovu” Bakı şəhərində kütləvi hal almışdır. Tədbir görülməyəcəyi təqdirdə, insanlarda da DYP-yə qarşı kütləvi narazılığın yaranması təbiidir.

Gündəlik