Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna

 
Mövzu: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə uyğunsuzluğu barədə


Hörmətli Plenum üzvləri!

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM adlandırılacaq) 16.3-cü maddəsində göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmişÂ  şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.

Bu maddədə məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər nəzərdə tutulmadığından bu gün istintaq orqanları və məhkəmələr tərəfindən cinayətin təkrar törədilməsi iki anlamda qəbul və tətbiq edilir.

Birinci anlamda CM-nin 16.1-16.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq, yəni bir neçə (Məcəllənin eyni bir maddəsi və ya müxtəlif maddələri ilə) cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə;

İkinci anlamda CM-nin 16.3-cü maddəsinin təfsiri baxımından nəzərdə tutulan təkrarlıq, yəni əvvəllər cinayət törətmiş, cəzasını çəkmiş, lakin yeni cinayət etdiyi vaxta məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən eyni maddə ilə törətdiyi cinayət nəticəsində yaranan təkrarlıq.

Bu gün istər istintaq orqanları tərəfindən, istərsə də məhkəmələr tərəfindən cinayətin təkrar törədilməsi yuxarıda göstərilən hallar üzrə tətbiq edilir. Hətta “Məhkəmələr tərəfindən cinayət qəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 â„–-li qərarının 13-cü bəndində cinayətin təkrar törədilməsinin iki anlamda tətbiq edildiyi öz əksini tapmışdır.

Hörmətli Plenum üzvləri!

Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinin 3-cü hissəsinin göstərişindən belə bir məntiqi nəticə çıxır ki, şəxs törətdiyi cinayətə görə məhkum edilirsə və məhkumluğu ödənilməmiş və götürülməmişdirsə, yenidən eyni cinayəti törədirsə, onun məsuliyyəti cinayətin təkrar törədilməsinə görə yaranır və həll edilir.

Qanunun bu mövqeyi aşağıdakı səbəblərə görə məqbul sayıla bilməz:

Əvvəla CM-nin 16.3-cü maddəsinin belə tətbiqi CM-nin 18-ci maddəsində anlayışı verilən residivliklə təkrarlıq arasında sərhədi aradan qaldırır;

İkincisi yuxarıda göstərilən kimi bu yanaşma şəxsin mühakimə edildiyi və cəza çəkmiş olduğu əmələ görə yenidən cavabdehliyini müəyyən edir. Məsələn, dələduzluq, oğurluq, mənimsəmə və ya istifadəetmə və s. üstündə məhkum edilən (CM-nin 177.1, 178.1, 179.1-ci maddələri və s.) və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs(lər) az sonra yenidən eyni cinayətə (oğurluq, dələduzluq və s.) yol verir. Belə vəziyyətdə şəxsin əməli təkrar oğurluq, təkrar dələduzluq və s. kimi cinayətə görə (177.2.2, 178.2.2 və s.) tövsif ediləcəkdir (yuxarıda göstərildiyi kimi təcrübə bu yolla gedir). Bu halda şəxsin əvvəl törətdiyi və məhkum olunduğu (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda ) cinayətə görə faktiki olaraq ikinci dəfə mühakimə edilməsinə yol verilir. Belə tövsif isə “təkrar” cinayətlə “residiv” cinayət arasındakı fərqi aradan qaldırır.

Məsələnin bu qaydada həlli Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindəki “bir cinayətə görə təkrar məhkum etməyə yol verilməməsi” müddəasına ziddir.

Hesab edirik ki, təkrar törədilən cinayətlərin iki növü – eyni cinayətlərin törədilməsindən yaranan təkrarlıq (CM-nin 16.1-ci maddəsi) və müxtəlif cinayətlərin törədilməsindən yaranan təkrarlıq (CM-nin 16.2-ci maddəsi) nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsi ilə bir cinayətə görə təkrar məhkum etməyə yol verildiyindən və beləliklə də bu maddə ilə Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbləri pozulduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən maddəyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Azərbaycan Respublikası Milli Məclisinə müraciət etməsi məqsədəmüvafiq olardı.

Qeyd edilməlidir ki, məhkum olunmuş şəxsin həmin cinayəti yenidən törətməsi ona cəza təyin edilərkən ağırlaşdırıcı hal kimi nəzərə alınır.

Ümid edirik ki, insan hüquq və azadlıqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbi baxımından irəli sürdüyümüz təklifi diqqətlə araşdırıb, səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Hörmətlə,

Mərkəzin sədri Natiq Abdullayev

Gündəlik