Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanun layihəsinə dair RƏY

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanun layihəsinə dair RƏY

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
” Azərbaycan Respublikasının Qanun layihəsinə dair
R Ə Y


Azərbaycan Respublikası Konstitusiyasının “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsinin IV bəndinin tələbinə görə “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə isə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.
Sşzügedən Məcəllənin 211-ci maddəsinə görə mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.
Dövlət ehtiyacları üçün torpaqların geri alınması hazırda yuxarıda göstərilən Konstitusion müddəa və Azərbaycan Respublikası Mülki Məcəllənin 246-249-cu  maddələri (30 dekabr 2007-ci il, â„– 294) ilə  yanaşı “Torpaq Məcəlləsi”nin bir sıra müddəaları,  ələlxüsus XIV fəsildə təsbit edilən 70-72-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir.
Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 96-cı maddəsinin 6-cı bəndinin (19.08.2007-ci il tarixli əlavə və dəyişikliklərlə) tələbinə görə torpaq sahələri dövlət ehtiyaclarını ödəmək məqsədilə mülkiyyətçilərdən əvəzi ödənilməklə alındıqda onların satınalma qiyməti Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər arasında mübahisə məhkəmə qaydasında həll olunur.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun layihəsi ümumilikdə cəmiyyət həyatinin hazırda aktual olan torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi aspektlərini daha təkmil formada tənzimləmək baxımından zəruridir.
Lakin təklif edilən layihənin bəzi müddəalarında qüsurlar vardır.
Ilk növbədə qanunun preambulasına nəzər yetirək.
Məlumdur ki, qanun-layihəsinin əsas məqsədi xüsusi mülkiyyətdə olan torpaqların satın alınmasının və istifadədə, icarədə olan torpaqların dövlət ehtiyacları üçün geri qaytarılmasının hüquqi əsaslarını tənzimləməyə yönəlmişdir.
Yuxarıda istinad etdiyimiz Konstitusiya müddəasının və digər normativ hüquqi aktlarda təsbit edilən maddələrin mənasından görünür ki, xüsusi mülkiyyətdə olan torpaqlar dövlət ehtiyacları üçün yalnız dəyəri ödənilməklə özgəninkiləşdirilə (satın alına) bilər (bax Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 246-249). Deməli, hazırkı layihədə xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları üçün satın alınması ilə yanaşı istifadədə və icarədə olan torpaqların kompensasiya verilməklə geri qaytarılmasının hüquqi əsaslarını tənzimlənməlidir. Qanun bu xüsusat preambulada düzgün ifadə edilməmişdir.
Hesab edirik ki, preambula aşağıdakı kimi verilsə qanunun mənasını əhatə etmiş olar.
- “Bu qanun Azərbaycan Respublikasında torpaqların əvəzi ödənilməklə dövlət ehtiyacları üçün satın alınmasını, habelə istifadədə və icarədə olan torpaqların geri qaytarılması ilə bağlı kompensasiyanın müəyyən edilməsi və ödənilməsi, bu sahədə tərəflər arasında yaranan münasibətləri tənzimləyir”.
Preambula təklif etdiyimiz variantda verilərsə onda mülkiyyət növünə və statusuna görə alınmanın təsirinə məruz qalan torpaqlara münasibət hüquqi cəhətdən düzgün ifadə edilmiş olar.
-1.1.1-ci maddənin sonunda ifadə edilən “həmçinin istifadədə və icarədə olan dövlət torpaqlarının geri alınması” cümləsində həmçinin sözündən sonra “kompensasiya ödənilməklə” sözü əlavə edilərsə daha məqsədə müvafiq olar.
- 3-cü maddəyə əlavə etməklə dövlət ehtiyacları üçün alına biləcək torpaqların dairəsini artırmaq olar.
Yəni torpağa dövlət ehtiyacı yalnız 3.1.1-3.1.4-cü bəndlərdə göstərilən hallarda deyil, başqa hallarda da yarana bilər (məsələn, dövlət əhəmiyyətli (3.1.1-3.1.4-cü maddələrində göstərilən obyektlərdən başqa) obyektlərin tikilməsi, şəhərsalmanın əsasları üçün zəruri olan digər tikililərin, parkların və s. inşası ilə əlaqədar). (bax; Torpaq Məcəlləsi maddə 71)
- maddə 4.1-də “məhkəmənin qanuni qüvvəyə minməsi qərarı əsasında” sözündəki “qərarı” sözü “müvafiq aktı” sözü ilə əvəz edilməlidir.
- 5.2-ci maddəsinin sonunda “geri alınır” sözündən əvvəl “kompensasiya edilməklə” sözünün əlavə edilməsi məqsədə müvafiq olar.
- 6.3.1. maddədə ehtiva edilən “ictimai məsləhətləşmə” sözünü “ümumi məsləhətləşmə” sözü ilə (və ya daha münasib) əvəz etmək fikrin daha yaxşı ifadə forması ola bilər.
- 7.1-ci maddədə göstərilən “həmin torpaqda yaşamaq” və “yaxud da yaşamaq üçün” söz birləşmələrindəki “yaşamaq” sözü ismin müvafiq halında “yaşayış” sözü ilə əvəz  edilməlidir. Məlumdur ki, Konstitusiyanın 27-ci maddəsində “Yaşamaq hüququ” təsbit edilmişdir. Maddənin II bəndində deyilir:” Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
“Yaşamaq hüququnu” “yaşayış” hüququ ilə eyniləşdirmək düzgün deyil.
- 7.3.3-cü maddə gələcəkdə çoxlu sayda qeyri-müəyyənliklərə yol açır. Maddədə ifadə edilən “şifahi və yazılı həqiqi sübutla” sözündə ifadə edilən fikir  normal deyil.
Buradan görünür ki, qanun sübutun iki növünü qanun fərqləndirir.
1)    şifahi həqiqi sübut;
2)    yazılı həqiqi sübut.
Şifahi həqiqi sübut nədir sualına cavab tapmaq lazımdır. Məncə belə cavab yoxdur.
- 7.3.4-cü bu maddədəki fikrin düzgün başa düşülməsi üçün yenidən redaktəyə ehtiyacı var. Bununla bağlı qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsi mülkiyyətin əmələ gəlməsini “əldə etmə müddəti” ilə də müəyyən etmişdi. Lakin həmin maddi hüquq norması Məcəllədən çıxarılıb. Hazırda qanunvericiliyimizdə hər hansı müddətin keçməsi ilə əlaqəli olaraq hər hansı hüququn yaranmasına əsas olan müddəa yoxdur. Belə olan təqdirdə 7.3.4-cü  maddədə göstərilən “uzun müddət” ifadəsi qeyri-müəyyənliyə səbəbdir.
Nəzərə alsaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Önəryıldızın Türkiyəyə qarşı iş üzrə qəbul etdiyi qərarında şəxsin şəxsi vəsaiti hesabına inşa etdiyi fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə beş il müddətində fasiləsiz istifadə etməsini və bununla bağlı yerli icra strukturlarının beş il ərzində hər hansı etirazlarının bildirlilməməsini 1950-ci il İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 Saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin həmin evin mülkiyyət hüququ olduğunu göstərmişdir. Onda bu prisidentdən çıxış edərək “uzun müddət” anlayışını “konkret” müddətlə müəyyən etmək daha məqbul olar.
- 8.2.5-cu maddə ilə 8.2-ci maddə uzlaşmır.
- 8.2.5-də nəzarət orqanının aşağıdakı funksiyaları göstərilir.
- 8.4-cü maddədə göstərilir ki, “nəzarət orqanı alınma prosedurları ilə əlaqədar hazırladığı təklif və hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir”. Lakin hesab edirik ki, bu maddə 8.2.1-ci maddə ilə uzlaşmır. Bu maddədə nəzarət orqanına alınma prosedurları ilə əlaqədar təklif deyil, təkliflərə dair rəy hazırlamaq funksiyası verilmişdir. O cümlədən 8.2.5-dəki funksiya kimi ehtiva edilən müddəa əslində isə bu maddənin məzmununu funksiya kimi xarakterizə etməyə əsas vermir.
Hesab edirik ki, 8.2.5-ci maddə “əmin olmaq” sözü ilə bitməməli ən azı bu maddədə nəzarət orqanının funksiyasını xarakterizə edilməsi üçün göstərilməlidir. “əmin olmaq üçün müvafiq tədbirlər görür”.
- 10.2.2-ci maddədə “xüsusi mülkiyyətdə” sözündən sonra “istifadədə və icarədə” sözləri əlavə edilərsə 10.2.2-ci maddənin sonrakı bəndlərinin tənzimlədiyi məsələlər əhatə edilmiş olar.
- hesab edirik ki, bu maddə ilə bələdiyyə mülkiyyətində olan lakin üçüncü şəxslərin icarəsində olan alınmanın təsirinə məruz qalan torpaqların hüquqi müqəddəratı da həllini tapsa daha yaxşı olar (mülkiyyətçi kimi bələdiyyə orqanı ilə və icarədarla).
- 10.2.3.3-cü maddədəki “10.2.4 sorğu” sözündəki texniki səhvi aradan qaldırmaq lazımdır.
- 10.4-cü maddədə göstərilir ki, “qanunun 10.2-ci maddəsinə əsasən verilməsi tələb olunan məlumatların həmin maddədə müəyyən edilmiş müddətdə...”
Hesab edirik ki, “10.2-ci maddəsinə” sözü “10.2.2.1 və 10.2.2.3-cü maddələrində” sözü ilə əvəz edilərsə qeyri-müəyyənlik aradan qalxar.
-    11.2.3-cü maddədə “şəxsin” sözü “mülkiyyətçinin” sözü ilə əvəz edilsin.
-    11.2.3-cü maddədə “bazar sövdələşməsi yolu ilə” sözü “alqı-satqı qaydasında” sözü ilə əvəz edilsin.
-    12-ci maddənin məzmunundakı (12.2.-cü maddə)ictimai iclas və layihənin digər müddəalarında olan “ictimai iclas” sözünü başqa sözlə (məsələn ümumi iclas, ümumi yığıncaq və s.) əvəzləmək yaxşı olar.
-    13.1-ci maddədə “alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət” sözündə “torpaqda” sözü “torpağın” sözü ilə əvəz edilməli və bu sözdən sonra “mülkiyyətçilərinin” sözü əlavə edilməlidir.
-    13.2.2-ci maddə üzrə “yaşanası zənn edilən yerə şəxsən” sözündən sonra “sifarişi poçt vasitəsilə” sözü əlavə edilsin, “və ya” sözü “əgər” sözü ilə, “verilməsi” sözü isə “verilməlidir” sözü ilə əvəz edilməlidir.
-    13.2.5-ci maddə aşağıdakı kimi verilərsə yaxşı olar. “rəsmi elanın mahiyyəti haqqında alınmanın təsirinə məruz qalan şəxslərə məlumatın verilməsinin digər səmərəli üsullarından istifadə edilə bilər”.
-    14.2-ci maddəyə nəzər yetirilməli. “Əgər alınmalı olan torpaqdan söhbət gedirsə hansı kompensasiyadan bəhs edilir və kim ödəməlidir?”.  “Əgər qanuna əsasən icra edən şəxs torpağın süxurunu qazmaq və ya burğu ilə deşmək hüququna malikdirsə bu ziyan vurma kimi qiymətləndirilə bilərmi?”.
15-ci Maddənin adını “ictimai iclas” deyil, “sakinlərin ümumi toplantısı” (yığıncağı) və s. qoymaq daha yaxşı olar.
15.4-cü maddə aşağıdakı kimi verilsin.
- Alan orqanın səlahiyyətli şəxsi, ümumi toplantının (yığıncağın) keçiriləcəyi ərazinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsi ilə birlikdə;
- 15.6-cı maddə “vəzifəli şəxsi “ sözü “ məsul olan şəxsi” sözü ilə əvəz edilsin.
- 16.1.3-cü maddədə “ədalətli” sözünün əvəzinə “qanun tələblərinə uyğun, və obyektiv” sözü yazılsın.
- 16.2-ci maddədəki “16.1-ci” sözü “16” rəqəmi ilə əvəz edilsin.
Maddə 17.1:
- “ictimai iclasa dair ” sözləri “ ümumi toplantının (yığıncağın) müzakirələrinin nəticələrinə dair” sözü ilə əvəz edilsin.
- 17.3-cü maddədə “nəzarət orqanı” sözündən sonra vergül işarəsi çıxarılsın.
-18.2.7-ci maddə “yerləşdiyi yeri” sözündəki “yeri” sözü “ərazini” sözü ilə əvəz edilsin.
19.3-cü maddə:
- “iyirmidən az olmayan “ sözü “sayı alan orqan tərəfindən konkret vəziyyətə uyğun müəyyən edilən” sözləri ilə əvəz edilsin.
- 22.4.7.2-ci maddədə nəyin nəzərdə tutulması aydın deyil.
- 22.6-cı maddədəki “edildiyindən” sözü “edildikdən sonra” sözü ilə əvəz edilsin.
- maddə 31-də söhbət mülkiyyətçidən gedir. İstifadə və icarə hüquqları olan şəxslərdən torpağın geri alınmasının proseduru tənzimlənilir.
- 31.5-ci maddə ilə 22.4.2-ci maddə maddə arasında uyğunsuzluq var.
- 22.4-cü maddədə qrupun funksiyaları müəyyən edilib.  24.4-də göstərilir ki, qrup alınmanın təsirinə məruz qalan şəxslərlə danışıqlar aparmaq və razılıq əldə etməyə cəhd göstərilməlidir.
- 31.5-də isə qrup üzvünə təklif vermək qadağan edilib. Əgər təklif verə bilmirsə, torpağı almağa necə cəhd göstərə bilər?
- 32.1.1-ci maddədə söhbət mülkiyyətçidən gedir istifadə və icarə hüququ olan şəxslərə münasibətdə heç bir tənzimləmə yoxdur.
- 33-cü maddə ilə 31-ci maddəyə baxmaq lazımdır bildiriş və təklif: bu sənədləşməyə nə ehtiyac var? Bildirişdə qiymət göstərilməsi nəzərdə tutulmayıb. Qiymət təklifdə göstərilir. 31.3-cü maddənin tələbinə necə əməl edilə bilər ki, bu mərhələdə qiymətdən söhbət getmir. Mülkiyyətçi satışa necə razı ola bilər qiyməti bilmədən. Təklif edirik ki, təklif və bildirişdən biri saxlanılsın və bir sənəddə (ya təklifdə, ya da bildirişdə) bütün məlumatlar yazılsın.
- 33.1.6-cı maddə 60 təqvim günündən az olmamaqla göstərilib. Hesab edirəm ki, “az” sözü “çox” sözü ilə əvəz edilməlidir.
- 33.2-ci maddə “vəzifəli şəxsləri” sözündəki “vəzifəli” sözü “səlahiyyətli” sözü ilə əvəz edilməlidir.
- 35.1-ci maddədəki “mülkiyyətçisi” sözündən sonra “torpaq paylı mülkiyyətdə olduğu təqdirdə mülkiyyətçiləri” sözü yazılmalıdır.
- 35.3-cü maddədə təsbit edilir ki, mülkiyyətçi ilə dövlətin adından alan orqan arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilir. 30.3-cü maddə ilə bu maddə uzlaşmır. Alqı-satqıda ödənilən torpağın dəyərini kompensasiya ilə eyniləşdirmək düzgün deyil.
- 36.1.3-cü maddə “onun ailəsinin” sözü “onun ailə üzvləri” sözü ilə əvəz edilməli, “mülkiyyətçiyə” sözündən sonra “və onun ailə üzvlərinə” sözləri əlavə edilməlidir.
Layihənin  V-ci  fəsli üzrə
Hesab edirik ki, bu fəsil hazırkı Qanunun məqsədlərinə uyğun deyildir. Qanunun məqsədi dövlət ehtiyacları üçün mülkiyyətdə olan torpaqların satın alınması, istifadədə və icarədə olan torpaqların kompensasiya ödənilməklə geri qaytarılmasının hüquqi əsaslarını tənzimləməkdir.
Bu zaman tərəflər arasında yaranan öhdəliklər ondan ibarət olur ki, dövlət satın aldığı və ya geri qaytardığı torpağın dəyərini ödəyir, torpaq sahibi isə (mülkiyyətçi, istifadə edən və ya icarəçi) müvafiq olaraq bu dəyəri alır. Sonuncu bununla da torpaq üzərindəki hüquqlarını itirir və həmin torpağı boşaltmalı olur. Dövlət dəyəri ödədikdən sonra elə bir öhdəliyi olmur ki, sakinləri köçürsün.
Belə bir fəsildə yalnız onu tənzimləmək olar ki, sakinlərin arzusu ilə zərurət olarsa dövlət sakinlərə köçürülmədə texniki yardım (xüsusi maşınlar, texnikalar və ya mütəxəssislər verir) bu vəziyyət torpağının dəyəri ödənilən şəxslə dövlət müəssisələri arasında bağlanan müqavilələrlə tənzimlənməlidir.
Əgər alınan torpaq sahəsi yaşayış massivinin yerləşdiyi yerdədirsə sakinlərin arzusu ilə onlara vahid, kompakt şəkildə yaşamalarını təmin etmək üçün yeni yaşayış massivinin (planlı) salınması üçün torpaq verilir və bu zaman yeni yaşayış massivinə köçürülmədə dövlət yardım edir.
Hesab edirəm ki, bu fəslə ümumiyyətlə yenidən baxılmalıdır.

VII  FƏSIL (Kompensasiya)

Bu fəslə də yenidən baxılmalıdır. Kompensasiya xüsusi mülkiyyətdə olan torpağın alqı-satqı dəyəri kimi ola bilməz.
Kompensasiya yalnız istifadə və icarə hüquqlarının dəyərinin ödənilməsi forması kimi nəzərdə tutla bilər.

- maddə 82-də “əngəl” sözü “maneə”  sözü ilə əvəz edilsin.

Gündəlik