AR MƏCLİSİNİN İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASININ SƏDRİ RƏBİYYƏT ASLANOVAYA

AR MƏCLİSİNİN İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASININ SƏDRİ RƏBİYYƏT ASLANOVAYA

Azərbaycan Respublikası Milli Məclisinin
İnsan hüquqları daimi komissiyasının sədri
Rəbiyyət xanım Aslanovaya



Hörmətli Rəbiyyət xanım!

Sizə məlum olduğu kimi, 1999-cu il dekabrın 28-də Milli Məclisdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi qəbul edilmiş və həmin Məcəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir.
Sözsüz ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlarda mühüm əhəmiyyəti olan bu Məcəllə mülki-hüquq münasibətlərini daha sivil, müasir tələblərə cavab verən səviyyədə tənzimləyir.
Lakin bu Məcəllədə təsbit edilən bəzi maddi hüquq normaları  praktikada müəyyən problemlər yaradır.
Belə müddəalardan biri «məcburi pay almaq hüququndan məhrumetmə» adlanan 1203-cü maddədir.
Məcəllənin həmin maddəsinə görə, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Haqqında  bəhs edilən Mülki Məcəllə qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il red.) 538-ci maddəsinə əsasən, mirasdan məcburi pay almaq hüququna müəyyən subyektlər (miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları, o  cümlədən övladlığa götürülənlər, habelə əmək qabiliyyəti olmayan əri (arvadı) valideynləri (övladlığa götürənlər və ölənin himayəsində olanlar) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq malik idilərsə, hazırda qüvvədə olan Məcəllənin 1193-cü (mirasda məcburi pay anlayışı ) maddəsində məcburi pay almaq hüququ olan subyektlərin dairəsi genişləndirilərək vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin ) (yəni ərinin birinci növbə vərəsələrinin bütünlüklə) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq  mirasdan məcburi pay almaq hüququ olduğu təsbit edilmişdir.

Hörmətli Rəbiyyət xanım!

Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin  1203-cü maddəsinə qanunverici orqan tərəfindən yenidən baxılmalı və mirasdan məcburi pay almaq hüququndan məhrumetmənin digər modeli işlənib hazırlanmalıdır.
Belə ki, sözügedən maddənin praktiki tətbiqinin mümkünlüyü ilə bağlı aşağıdakı misala diqqət yetirək:
Əgər təsəvvür etsək ki, miras qoyan 70-80 yaşlarında olan şəxsdir və o, öz iradəsini həyata keçirmək üçün  xüsusi mülkiyyətində olan 2 otaqlı evini 5 vərəsəsindən  birinə vəsiyyət etmək istəyir və qalan 4 vərəsəsini məcburi paydan məhrum etmək üçün hələ öz sağlığında onlara qarşı iddia ilə məhkəməyə müraciət etməklə  məcburi pay almaq hüququndan məhrum etdirməlidir. Nəzərə alsaq ki, I instansiya məhkəməsində işlərə 3 ay, apelyasiya instansiyası məhkəməsində 3 ay, kasasiya instansiyasında isə 2 ay müddətində baxılır, o zaman  ona istəyinə nail olmaq üçün 8 ay vaxt lazımdır. Miras qoyanın ahıl və xəstə insan olduğu məlum olsa, o zaman onun buna vaxtının çatıb-çatmaması şübhə altında ola bilər.
Digər bir tərəfdən nəzərə alınmalıdır ki, miras qoyan 70-80 yaşlı şəxs vəfat etməmişdən əvvəl digər vərəsələri ilə məhkəmələrdə üz-göz olmalı, onun vəsiyyətnaməsinin sirri isə hamıya bəlli olmalıdır. Bütün bunlarla yanaşı,  onu da xüsusi qeyd etmək istəyirəm ki, miras qoyan heç də məhkəməyə müraciət etməklə öz istəyinə nail ola bilmir.
Çünki, Məcəllənin 1203.1-ci maddəsində qeyd edilmişdir ki,  məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
Nəzərə alsaq ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar mülki hüquq elmində (doktrinasında) iki üsuldan; 1) düzünə yolla vərəsəlikdən məhrumetmə; 2) dolayı yolla vərəsəlikdən məhrumetmədən ibarətdir, onda bu üsulların təhlili zamanı 1203.1-ci maddənin tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü ortaya çıxır.
Düzünə yolla vərəsəlikdən məhrumetmə dedikdə o  başa düşülür ki, vəsiyyət edən vəsiyyətnamədə vərəsəlik hüququndan məhrum edilən şəxsi (şəxsləri) birbaşa sadalayır (maddə 1176).  Lakin vəsiyyət edən vəsiyyətnamə ilə məcburi vərəsələri məcburi pay hüququndan məhrum edə bilməz.
Belə ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, birinci növbə vərəsələrinin mirasda məcburi payının olmasını qanun müəyyən edir (maddə 1193). Dolayı yolla vərəsəlikdən məhrumetmənin mahiyyəti ondan ibarətdir ki, vəsiyyət edən vəsiyyətnamə ilə təyin etdiyi vərəsələr arasında əmlakını bölüşdürərkən və ya bu əmlakını bir və ya bir neçə vərəsəyə vəsiyyət edərkən ona lazım olmayan vərəsə barəsində sadəcə olaraq qəsdən susur.
Göründüyü kimi, hətta şəxs öz sağlığında  məcburi pay almaq hüququ olan vərəsəsini (vərəsələrini) məcburi paydan məhrum etdirmək üçün məhkəməyə müraciət etsə belə, Məcəllənin 1203.1-ci maddəsinin hüquqi nəticəsi baxımından məcburi pay hüququ  olan vərəsəsini məcburi paydan məhrum etdirə bilməyəcəkdir. Yəni onun iddiasının təmin olunması üçün Məcəllədə heç bir maddi hüquqi əsas nəzərdə tutulmamışdır.

Hörmətli Rəbiyyət xanım!

Yuxarıda göstərilən xüsusatlara əsaslanaraq Sizdən xahiş edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə yenidən baxılması üçün müvafiq təkliflər verəsiniz. Əks təqdirdə vəsiyyət üzrə vərəsəlik institutu praktik baxımdan əhəmiyyətsiz olacaqdır.


Hörmətlə,

Sədr  Natiq Y.Abdullayev
Gündəlik