Hüquq sistemi dedikdə insanlar nəyi nəzərdə tutur? İlk növbədə cəmiyyətin inkişafının məhsulu olan hüquq sistemi mürəkkəb və çoxşaxəli hadisədir. O, cəmiyyətdə mövcud olan hüquqi hadisələrin bütün məcmusunu özündə birləşdirir. Yəni, hüquq sistemi cəmiyyətin və dövlətin bütün hüquqi təşkilini əks etdirən geniş kompleks kateqoriyadır. Belə ki, hüququn özü, hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, həmçinin hüquqi ənənələr və digər mühüm komponentlər hüquq sistemi anlayışına daxildir. Hüquq sisteminə daxil olan və yuxarıda sadalanan komponentlər öz əhəmiyyətinə, ictimai münasibətlərə və insanların davranışına təsir dərəcəsinə görə təbii olaraq eyni deyildirlər. Bununla belə, onlar eyni zamanda bir sıra ümumi qanunauyğunluqlara tabedirlər.
Beləliklə, ümumi qəbul olunmuş tərifə əsasən, hüquq sistemi “ hər hansı bir dövlətin ərazisində qüvvədə olan hüquq normalarının vəhdətində və qarşılıqlı uzlaşmasında, habelə hüququn nisbətən müstəqil hissələrə bölünməsində ifadə olunan daxili struktur quruluşudur. Hər bir sistem kimi, hüquq sistemi də əsas əlamətlərlə ifadə olunur. Birincisi, hüquq sistemi özünün ilkin ünsürünü təşkil edən hüquq normalarının xaotik toplusu deyil, bütöv orqanik bir hüquqi hadisədir. Yəni o, insanların subyektiv mülahizələri əsasında deyil, məhz ictimai münasibətlərin müəyyən obyektiv amil və şərtləri altında yaranır və öz təşəkkülünü tapır. İkincisi, hüquq sistemi onu təşkil edən bütün sahə, institut və normaların sıx qarşılıqlı əlaqəsi ilə səciyyələnir. Belə ki, bu tərkib elementlər bir-birindən ayrılıqda fəaliyyət göstərə bilməzlər.
Tarixən hər bir ölkədə onun özünəməxsus hüquqi adətləri, ənənələri, qanunvericiliyi, bunların əsasında yaranan dövlət mexanizmi fəaliyyət göstərir, habelə hüquqi düşüncənin, hüquq mədəniyyətinin spesifik xüsusiyyətləri, başqa sözlə hüquq sistemi formalaşır və inkişaf edir. Təbii ki, hər bir ölkənin konkret coğrafi mövqeyi, tarixi inkişafı, milli, dini, mədəni və digər özəllikləri kimi vacib faktorlar hüquq sisteminin təşəkkülünə mühüm təsir göstərirlər. Bununla belə, dünya hüquq elmi bir sıra əsas meyarlara əsaslanaraq, həmçinin məhşur fransız hüquqşünası Rene Davidin verdiyi elmi təsnifatını qəbul edərək, aşağıda sadalanan və müasir dünyada mövcud olan hüquq sistemlərini fərqləndirir:
I.   Roman-german (qitə, kontinental və yaxud sivil hüququ) hüquq sistemi “ bunlara Avropa
qitəsinin böyük əksəriyyəti, Latın Amerikası, Afrikanın bir çox ölkələri, MDB dövlətləri, habelə Azərbaycan Respublikası və başqaları daxildirlər;
II.   İngilis-sakson (ümumi hüquq) hüquq sistemi “ bu ölkələrə əsasən ingilisdilli ölkələr, habelə
İngiltərənin keçmiş müstəmləkələri, yəni İngiltərənin özü, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və başqaları aiddirlər;
III.   Dini-kanonik hüquq sistemi “ bu sistem özündə müxtəlif dini ehkamlarının (islam, iudaizm,
induizm) cəmiyyətdə başlıca rol oynadıqları dövlətlərdə öz təşəkkülünü tapmışdır. Bunlara İran, Əfqanıstan, Pakistan, Yaxın Şərq və Şimali Afrikanın bir sıra ərəb ölkələrini və başqalarını aid etmək olar;
IV.   Sosialist hüquq sistemi “ Çin, KXDR və Kuba. Bizim ölkəmizdə də yaxın keçmişə qədər (SSRİ nin
tərkibində olduğu zaman) bu hüquq sistemi tətbiq olunmaqdaydı;
V.   Adət hüququna əsaslanan hüquq sistemi “ Madaqaskar və bəzi ekvatorial Afrika ölkələri;
VI.    Qarışıq (hibrid) hüquq sistemləri “ Şotlandiya, CAR, Yaponiya, İsrail, Filippin, Kamerun, Şri-
Lanka, Nigeriya və b. ölkələr. Bunlar əsas etibarilə dünyanın müxtəlif hüquq sistemlərinin zəruri elementlərini özlərində üzvi surətdə birləşdirirlər;
Göstərilən hüquq sistemlərinin təsnifatı arasında müasir dünyada öz hüquqi əhəmiyyəti, praktiki tətbiqindəki aşkar üstünlükləri və yayılması dərəcəsinə görə, yəni geniş coğrafi əhatəsinə görə ilk ikisini, “ roman-german və ingilis-sakson hüquq sistemlərini ayırmaq olar. Bunların hər ikisi də paralell olaraq artıq yüz illərdir ki, sivilizasiya aləminin əksər hissəsi arasında öz hakim mövqelərini qorumaqdadırlar. Bir sıra ümumi cəhətlərinə və vahid tarixi bazanın olmasına baxmayaraq, öz daxili məzmunu, forması, istinad etdiyi hüquq mənbələrinin çeşidliliyi və ictimai münasibətlərinin tənzimlənməsinin müxtəlif üsul və metodlarının fərqliliyinə görə, həmçinin digər səciyyəvi əlamətlərə əsasən bu hüquq sistemlər bir-birindən xeyli fərqlənirlər.
Öz əsasını hələ Qədim Roma hüququndan götürən və bəzi alimlər tərəfindən onun davamı hesab edilən çağdaş roman-german hüquq sistemi yuxarıdakı təsnifatda qeyd olunduğu kimi, əsasən Avropa qitəsinin böyük əksəriyyətini təşkil edən ölkələrdə yaranıb yayılmışdır. Digər qitələrdə isə o, əsas etibarilə resepsiya, yəni könüllü surətdə mənimsəmə yolu ilə və müstəmləkəçilik siyasətinin təbii nəticəsi olaraq uğurla yayılmışdır. Bir çox ölkələrdə onun resepsiya yolu ilə yayılmasının başlıca səbəbi kimi ali demokratiya dəyərləri ilə zənginləşən hüquq mədəniyyətinin yerli hüquqi sistemlərlə müqayisədə aşkar üstünlüyünü göstərmək olar. Lakin, kontinental hüququn klassik ölkələri kimi tanınan Fransa, Almaniya, İsveçrə, Hollandiya, İtaliya və digər Qərbi Avropa dövlətlərini qeyd etmək olar. Son illər ərzində isə, roman-german hüquq sistemi dövlətimizin müstəqilliyi əldə etdikdən sonra Avropa məkanına inteqrasiya proseslərinin sürətlənməsi ilə əlaqədar, Azərbaycanda da tətbiq olunmaqdadır.
Konkret dövlətlərdən savayı, roman-german hüquq sistemi digər hüquq ailələrinin hökmranlıq etdiyi bəzi ölkələrin ayrı-ayrı hissələrində yerli hüquqla yanaşı bu günədək müvəffəqiyyətlə tətbiq olunmaqdadır. Buna misal kimi, ABŞ da Nevada, Texas və Luiziana ştatlarını, Kanadada Kvebek ərazisini və s. göstərmək olar. Bunun da əsas səbəbi həmin ərazilərin İngiltərədən əvvəl qitə hüquq sisteminə aid olan metropoliya dövlətlərinin (İspaniya, Fransa və s.) hakimiyyəti altında olmasındadı. Öz növbəsində roman-german hüquq sistemi roman (Fransa, İtaliya, Hollandiya, İsveçrə, İspaniya və s. ölkələr) və alman (Almaniya, Rusiya, qismən Türkiyə və Skandinaviya ölkələri) hüquq ailələrinə bölünür. Lakin onların arasında o qədər də böyük əhəmiyyət kəsb etməyən fərqlər istisna olmaqla, (əsasən ümumi və xüsusi hüquq sferalarının bölgüsü sahəsində) elə də prinsipial ayrılıqlar mövcud deyildir. Mahiyyət etibarilə onlar vahid hüquq sistemi çərçivəsində üzvi surətdə bir-birini tamamlayırlar.
Qitə hüquq sistemindən bəhs edərkən, ilk öncə onun Qədim Roma hüququ ilə üzvi əlaqəsini qeyd etmək vacibdir. Belə ki, bilavasitə adından göründüyü kimi, roman-german hüquq sistemi öz kökünü birbaşa Roma hüququndan almış və məhz onun hüquqi bazasında formalaşmış və inkişaf etmişdir. German sözünün əlavəsi isə, Roma imperiyasının süqutu ərəfəsində onun ərazisində məskunlaşmış alman tayfaları tərəfindən daha qabaqcıl Roma hüququnun resepsiyası ilə bağlıdır. Fəqət, bununla belə, qədim almanlar arasında qəbilə adət hüququnun güclü uzunmüddətli təsiri ilə əlaqədar olaraq, Roma hüququ alman cəmiyyətində yalnız orta əsrlər dövründə qəbilə adət hüququnu tamamilə sıxışdıraraq bərqərar olmuşdur. Bir sözlə, Roma hüququ kontinental Avropanın böyük bir hissəsinə uğurla yayılmağa müvəffəq olmuş və yüz illər ərzində roman-german hüququnun yuridik bazisini təşkil etmişdir.
Bəs roman-german hüquq sisteminin səciyyəvi əlamətləri və başlıca özəllikləri nədən ibarətdir? Məlumdur ki, roman-german hüquq sistemində hüquq norması hüququn ümumi prinsipləri əsasında qanunvericilik tərəfindən formalaşdırılan ümumi sosial əhəmiyyətə malik davranış qaydasıdır. Başqa sözlə, qitə hüquq sistemində əsas hüquq mənbəyi kimi, ilk növbədə məhz qanunvericilik hakimiyyəti tərəfindən yaradılan normativ-hüquqi akt çıxış edir. Yəni, qanunun və ümumiyyətlə normativ aktın hüquq mənbələri sistemində xüsusi əhəmiyyəti qitə hüququnun başlıca əlamətlərindən biri sayılır. Qanuna bu cür yanaşmanın tendensiyası bir tərəfdən cəmiyyətdə ümumi demokratik dəyərlərin, o cümlədən qanunçuluq prinsipinin bərqərar olunmasına xidmət edir. Digər tərəfdən isə, qanun öz ali hüquqi qüvvəsi və nüfuzu ilə onu qəbul edən və icra edən müvafiq dövlət orqanları vasitəsilə cəmiyyətdə başqa hüquq mənbələri ilə müqayisədə ictimai münasibətlərin daha optimal və həyatın gündəlik reallıqlarına uyğun tənzimlənməsinə birbaşa imkan yaradır. Yəni, qanuna ən nüfuzlu hüquq mənbəsi kimi istinad etmək və qanunun dövlətin ümumi normativ-hüquqi aktlarının ierarxiyasında aliliyini qəbul etmək prinsipi sivil hüquq sisteminin birinci əlamətidir. Bundan irəli gələrək, belə bir nəticə də hasil olunur ki, kontinental hüquq sistemində məcəllələşdirilmənin bünövrəsi qismində çıxış edən hüquq norması öz daxili təbiət və xarakterinə görə, mübahisəli məsələnin həlli, yəni normanın konkret tətbiqi və hüququn ümumi prinsipləri arasında elə bil orta vəziyyətə düşməkdədir. Və bu “qızıl ortanın” dürüst müəyyən edilməsi, ona uyğun normanın seçilməsi, yəni bir növ hüquqi balansın qorunması, qitə hüquq sistemi ölkələrində, o cümlədən Azərbaycanda peşəkar hüquqşünasların məharət və hazırlıq səviyyəsindən asılıdır. Qitə hüququnun bu səciyyəvi əlaməti ilə əlaqədar, yekun olaraq onu da qeyd etmək olar ki, roman-german hüququnda ingilis hüquq sistemindən fərqli olaraq, əsas prioritet məhkəmə normalarına deyil, konstitusiya və adi qanunlarda əks olunmuş hüquq normalarına, daha doğrusu statut normalarına verilir. Statut normaları hüququn digər mənbələrindən fərqli olaraq, ictimai inkişafın daha operativ surətdə əks edilməsində, həmçinin ümumdövlət miqyasında hüquqi nizamasalmanın səmərəliliyini təmin edirlər.
Roman-german hüquq sisteminin ikinci səciyyəvi əlaməti onun ümumi (jus publicum) və xüsusi (jus private) hüquqlara bölgüsünün açıq biruzə verən xarakteridir. Məlumdur ki, hər bir hüquq sisteminin ümumi və xüsusi hüquqlara təsnif edilməsinin əsas meyarı, - subyektiv maraqda ifadə olunur. Və müvafiq olaraq ümumi hüquq üçün başlıca əhəmiyyəti ictimai mənafe, yəni cəmiyyətin müştərək maraqları kəsb edir. Xüsusi hüququn müəyyənləşdirici kriteriyasına isə, ayrı-ayrı fərdlərin qarşılıqlı münasibətləri və onların maddi vəziyyəti və hüquqi statusunda öz əksini tapan xüsusi maraq (şəxsi mənafe) daxildir. Əslində müasir zamanda hüququn ümumi və xüsusi hüquqlara bölgüsü prinsipi dünyanın əksər hüquq sistemlərinin praktikasında artıq adi hala çevrilmişdir. Amma, yalnız roman-german hüquq sistemi bunu ilk olaraq öz təcrübəsində qəbul etmişdir və orta əsrlərin sonuna qədər bu bölgü ancaq kontinental hüquqa məxsus idi. Təbii ki, bütün hüquq normalarının ümumi və xüsusi normalara differensiasiyası prosesinə konkret bir ölkədə əsrlər boyu təşəkkül tapmış siyasi və hüquqi ənənələr, iqtisadi inkişaf, əhali arasında hüquq mədəniyyətinin səviyyəsi və digər vacib amillər böyük təsir göstərir. Bu da öz növbəsində bütövlükdə hüquq sistemlərinin müxtəlif ölkələrdə qeyri-bərabər inkişaf dinamikasının özəllikləri ilə izah olunur. Fəqət, bütün deyilənləri nəzərə alaraq onu da qeyd etmək yerinə düşərdi ki, son vaxtlar qitə hüququ ölkələrində, xüsusən əksər Avropa Birliyi dövlətlərinin milli hüquq sistemlərində ümumi hüququn xüsusi hüquq hesabına genişlənməsi tendensiyası müşahidə olunur. Digər hüquq sistemləri ilə qısa müqayisədən sonra belə bir nəticəyə gəlmək olar ki, hüquq normalarının ümumi və xüsusi hüquq normalarına bölgüsü prosesi roman-german hüququnda xeyli fərqlənir. Bir qayda olaraq, prinsipial fərq kontinental hüquqda bu bölgünün daha dəqiq xarakter daşımasından ibarətdir.
Kontinental hüququn üçüncü əsas özəlliyi “ məcəllələşdirilmə (kodifikasiya, unifikasiya) xarakterində ifadə olunmasındadır. Dünyanın məcəllələşdirilməni tətbiq edən başqa hüquq ailələrindən fərqli olaraq, qitə hüquq sistemində məcəllələşdirilmənin aşağıdakı özünəməxsus xüsusiyyətlərini ayırmaq olar: a.) O, daha dərin və möhkəm tarixi köklərə sahibdir; b.) Lokal deyil, qlobal xarakteri ilə seçilir; c.) Hüququn ümumi dəyərlərinə söykənən öz ideologiyasına malikdir. Məcəllələşdirilmə prosesi qanunvericiliyin sistemləşdirilməsi üzrə hüquqyaratma xarakteri daşıyan ən təkmilləşmiş formasıdır. Bundan əlavə, məcəllələşdirilmənin praktiki tətbiqinin aşkar üstünlüyü onun köhnəlmiş qeyri-aktual hüquqi adət və normalarının vaxtında ortadan qaldırılmasına, habelə hüquqi kolliziyaların həllinə yönəlmiş olan pozitiv fəaliyyətində ifadə olunur. Həmçinin onu hüququn hər hansı bir sahəsində ictimai münasibətləri tənzimləyən ən universal hüquqi alət kimi də hesab etmək olar. Bu sırf sivil hüququnun məhsulu sayılan unifikasiya prosesinin ilkin yazılı formada yaranması cəhdləri hələ antik dövrdə Qədim Romada, sonralar Bizansda (Yustinian Qanunları) edilmişdir. Müasir standartlara uyğun kodifikasiya aktları isə, ilk dəfə Fransada Napoleonun hakimiyyəti dövründə tərtib olunmuşdur. Bunların arasında Ticarət, Mülki Prosessual və Cinayət Məcəllələrini xüsusilə qeyd etmək olar. Bütün qitə Avropasında, sonralar isə, roman-german hüququnun təsiri altında olan digər ölkələrdə çağdaş formalı yazılı məcəllələşdirilmənin ənənəsinin təməlini qoymuş bu aktların tarixi əhəmiyyəti şübhəsiz ki, ölçülməz dərəcədə böyükdür. Hazırda məcəllələşdirilməyə dünyanın digər hüquq ailələrinə mənsub ölkələri arasında olan meyillilik də bu faktın aşkar sübutudur. Son zamanlar isə, qərb ölkələrinin, xüsusilə ABŞ və Avropanın hüquq sistemləri arasında müşahidə olunan hüquqi konvergensiya (qarşılıqlı yaxınlaşma) prosesinin sürətlənməsi məcəllələşdirilmənin başqa ölkələrin milli hüquq sistemlərində yayılması ilə əlaqələndirmək olar. Sözün qısası, roman-german hüquq sisteminin övladı sayılan məcəllələşdirilmə onun ən müsbət və mütərəqqi cəhətlərindən birini təşkil edir.
Beləliklə, kontinental hüququnun sistemliliyi, dinamikliyi və digər aşkar üstünlükləri ona uzun müddət ərzində Yer kürəsinin xeyli hissəsinə yayılmasına imkan yaratmışdır. Lakin, bütün öz zahiri və daxili keyfiyyətlərinin üstünlüyünə rəğmən, qitə hüquq sistemini tamamilə ideal, qüsursuz təsəvvür etmək doğru olmazdı. Belə ki, abstrakt ehkamçılıq, hakimiyyətin hər növ idarəçilik üsullarına, o cümlədən antidemokratik dövlət rejimlərinə görə rahat adaptasiyası (buna tarixi faktlarla çoxsaylı nümunələr göstərmək olar), bəzi hallarda məhkəmələrdə normativ-hüquqi aktlarının qeyri-müfəssəl və subyektiv təfsiri və milli qanunvericilik sistemləri tərəfindən öz normayaratma fəaliyyətlərində diskresion boşluqların buraxılması kimi neqativ halları buna aid etmək olar. Lakin, sonuncuları qanunvericinin əsas etibarilə subyektiv mülahizələrinin təsiri altında olması səbəblərində axtarmaq lazım gəlir. Bütövlükdə isə, hüququn ali əxlaqi dəyərlərinə söykənən və təqsirsizlik prezumpsiyası, kodifikasiya, ümumi və xüsusi hüquq sahələri arasında nisbi dəqiq sərhədləşmə və ən əsası daimi inkişaf və mütəşəkillik kimi faktorların mövcudluğu, habelə ingilis-sakson hüquq sisteminin bəzi tərəfləri ilə müqayisədə aşkar üstünlüyü roman-german hüquq sisteminin dünyada geniş yayılmasına həm obyektiv şərait yaradır, həm də mənəvi haqq qazandırır.
Aşağıda bəhs olunan ingilis-sakson (qısaca sinonimi ingilis) və ya ümumi hüquq “common law” hüquq sistemi müasir dünyanın ən qədim, geniş yayılmış və nüfuzlu hüquq ailələrinə aiddir. Öz parametrlərinə görə, həmçinin coğrafi (dünyanın çeşidli regionlarında milli hüquq sistemlərini əhatə etməsi), mədəni (müxtəlif siyasi və hüquqi mədəniyyətə malik olan ölkələri öz nüfuz dairəsi altına alması), tarixi və başqa faktorlara görə ingilis hüququ yalnız roman-german hüququ ilə müqayisə oluna bilər. Hal-hazırda ümumi hüququn norma və doktrinalarının birbaşa tənzimləyici təsiri altında Yer kürəsi əhalisinin üçdə bir hissəsi yaşayır. Adından bəlli olduğu kimi, bu hüququn vətəni İngiltərədir və onun başqa ölkə və qitələrə yayılmasını əsrlər boyu uğurla davam edən Britaniya müstəmləkəçilik siyasəti ilə izah etmək mümkündür. Amma nə qədər qəribə olsa da, ümumi hüquq Böyük Britaniya ərazisində yalnız İngiltərə və Uels ilə məhdudlaşır. Ümumi hüquq artıq uzun zamandır ki, İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan, Sudan, Britaniya İttifaqı ölkələri ərazisində, yəni bir sözlə ingilisdilli dövlətlərdə və ya keçmiş Britaniya müstəmləkələrində uğurla fəaliyyət göstərir. Doğrudur, burada müəyyən fərq və istisnalar da mövcuddur. Məsələn, hazırda ABŞ və Kanadanın hüquq sistemləri bir sıra obyektiv şərtlərin doğurduğu səbəblərdən xalis İngiltərə hüququndan xeyli fərqlənirlər. Bəzən isə, hətta müstəqil amerikan hüquq ailəsini belə ayırırlar. Lakin, aşağıda sadalanan səciyyəvi əlamətlərin ümumiliyi və prinsipial oxşarlıqlarının olması bütün bu sistem ölkələrinə aid olduğundan onları vahid ümumi hüquq sistemi çərçivəsində birləşdirməyə və təhlil etməyə imkan yaradır.
İngilis-sakson hüququnun spesifik özəllikləri və onu roman-german hüququndan ayıran əsas cəhətləri nədən ibarətdir? Əvvələn, öz hüquqi təbiətinə, məzmununa və təməlinə görə, ümumi hüquq haqlı olaraq, “hakimlər hüququ “ case law” sayılır. Belə ki, ingilis-sakson hüquq sistemində hüquq normalarının iki növü “ qanunvericilik (parlament) və presedent (məhkəmə) normaları mövcuddur. Bu hüquq sisteminin ən mühüm hüquq mənbəyi isə, məhkəmə presedenti sayılır. Məhz o, uzun müddət ərzində ingilis-sakson hüququnun əsas ifadə və təsbitinin başlıca forması olmuşdur. İngiltərədə indiyədək presedentlər ancaq yüksək məhkəmə instansiyaları tərəfindən yaradılır və aşağı məhkəmələr öz fəaliyyətlərində bunları rəhbər tutaraq, sərbəst presedent yaratmaq hüququndan məhrumdurlar. Presedent isə, öz növbəsində məhkəmə və inzibati növlərinə bölünür. Lakin, sonuncunun əhəmiyyəti ingilis-sakson hüququ sistemində cüzi olduğundan, hüquqyaratma fəaliyyətinin əsas yükü parlamentlərlə yanaşı məhkəmələrin üzərinə düşür.
Məhkəmə presedentinin mahiyyəti isə, konkret iş üzrə məhkəmə qərarına normativ xarakterin verilməsindən ibarətdir. Presedent dedikdə, müəyən bir vəziyyətdə davranış qaydası başa düşülür. Və belə bir davranış qaydası gələcəkdə yarana biləcək analoji hallarda standart nümunə hesab olunur. Məhkəmə presedenti yuxarı instansiya məhkəməsinin konkret bir iş üzrə çıxardığı qərardan ibarətdir. Yəni, dəfələrlə tətbiq olunmaq məqsədilə hüquq subyektlərinin geniş dairəsinə şamil edilir. Tarixən ümumi hüquq normaları İngiltərədə ali kral məhkəmələri tərəfindən xüsusi hüquqyaratma qaydasında yaradılmış və öz mahiyyətinə görə məhkəmə təcrübəsi hüququ olmuşdur. Praktiki məhkəmə təcrübəsinin rolunu qanunun təfsiri (izahı) ilə məhdudlaşdıran qitə hüquq sistemi ölkələrindən fərqli olaraq, ümumi hüquq ölkələrində məhkəmə dövlət hakimiyyətinin bir müstəqil qolu kimi hüquqyaratma ilə sərbəst şəkildə məşğul ola bilər. Və onun yaratdığı hüquq normaları çox vaxt parlament tərəfindən ümumi qaydada qəbul edilmiş dövlət qanunlarına bərabər tutulur. Bəzən isə, məhkəmə normaları hətta ümumdövlət miqyasında imperativ xarakterə malik olur. Təbii ki, parlamentlər tərəfindən qəbul olunmuş qanunlar və digər normativ aktlar da bu ölkələrdə çox mühüm əhəmiyyətə malikdir. Həmçinin, məhkəmə presedentlərinə əsaslanmayan adi məhkəmə qərarları da sadəcə istisna xarakteri daşıyır və hüquqyaratma keyfiyyətinə malik deyillər. Ancaq təkcə bu faktı nəzərdən qaçırmaq olmaz ki, bütün parlament aktlarının hazırlanması və qəbul edilməsi mərhələlərində məhkəmələrin artıq mövcud olan analoji qərarları nəzərə alınır. Və məhz hakimlər rəsmi olaraq hər bir parlament aktının praktiki zəruriliyini qiymətləndirmək və təsbit etmək hüququna malikdirlər.
Roman-german hüquq məktəbinin nümayəndələri tərəfindən belə hesab edilir ki, məhkəmə təcrübəsi, yəni onun normayaratma fəaliyyəti, heç vaxt hüququn mükəmməl mənbəyi ola bilməz və ümumiyyətlə, öz təbiətinə görə o, bu keyfiyyəti əldə etməyə qadir deyildir. Çünki, onların fikrincə o, ilkin normalar müəyyən etməli, ümumi normativ göstərişlərə isə, yalnız əlavə və dəyişikliklər aparmalı və onun rolu sırf yardımçı funksiyasını yerinə yetirməklə məhdudlaşdırılmalıdır. Bununla belə, bütün tənqidlərə rəğmən, məhkəmə presedenti bir çox hallarda konkret həyati situasiyaların mürəkkəbliyindən doğan kazusların aradan qaldırılmasında və normativ-hüquqi aktların buraxdığı diskresion boşluqlarının doldurulmasında, o cümlədən kolliziyaların həllində bu günədək mühüm rol oynayır. Beləliklə, məhkəmə presedentinin hüququn əsas mənbələrindən biri sayılması ingilis-sakson hüquq sisteminin başlıca xüsusiyyəti hesab olunur.
İngilis-sakson hüquq sisteminin ikinci əlamətdar cəhəti isə, onun digər hüquq sistemləri ilə nisbi müqayisədə özünü aydın şəkildə biruzə verən hüquq normalarının kazual (cast law) xarakter daşımasından ibarətdir. Başqa sözlə, bu bütöv hüquq sistemi çərçivəsində konkret kazuslara dayanan presedent hüququnun açıq-aşkar üstünlüyündə və məcəllələşdirilmə aktlarının zəif dərəcədə təmsil olunmasında bilavasitə ifadə olunur. Öz təməlini “stare decisis” (əvvəlki qərara söykənmək) məhşur prinsipindən alan ümumi hüququn bu səciyyəvi əlaməti tarixən məhkəmə hüququnun statut hüququ üzərindəki dominantlığı ilə şərtlənir. Belə ki, uzun müddət ərzində ingilis hüququ ölkələrinin məhkəmə fəaliyyətində presedent ənənələrinin yaşaması və onun ümumi hüququn digər tərkib hissələri üzərindəki hökmranlığı obyektiv olaraq məcəllələşdirilmə prosesi qarşısında keçilməz bir sədd yaradırdı. Bu səbəbdən indiyədək ingilis qanunvericiliyinin sistemləşdirilməsinin əsas forması kimi inkorporasiya üsulu qalmaqda davam edir. Məcəllələşdirilmə qismən qəbul olunsa da (əsasən ABŞ da), ümumi hüquq ölkələri üçün hələ də yad bir ünsür olaraq qalmaqdadır.
Ümumi hüquq sisteminin üçüncü spesifik özəlliyi maddi hüquqla müqayisədə prosessual hüquqa çox yüksək, hətta şişirdilmiş əhəmiyyətin veilməsindən ibartədir. Bu halın da ilkin səbəbi kimi yuxarıda qeyd olunan məhkəmə hüququnun hüquq sistemi çərçivəsindəki bütün digər sahələrlə nisbətdə daha üstün mövqeyə sahib olmasını göstərmək olar. Haqlı olaraq prosessual hüququn ana vətəni sayılan İngiltərədə onun bu cür yüksək dərəcədə qəbul edilməsi, digər tərəfdən məhkəmə hakimiyyətinin başqa hüquq sistemi ölkələri ilə müqayisədə real olaraq müstəqil olmasına təminat verir. Ümumi hüquq tərəqqi etdikcə belə vəziyyətə uyğun davranış nəinki məhkəmə proseslərinin özündə, həm də peşəkar hüquqşünasların düşüncə tərzində belə təzahür edirdi. Belə ki, ingilis hüquqçuları qitədəki həmkarlarından fərqli olaraq bütün diqqətlərini hüququn öz mahiyyətinə deyil, məhkəmə proseduruna cəlb edirdilər. Əgər qitə Avropasının hüquqşünası hüquqa müəyyən növ sosial ədalət prinsiplərinin ölçüsü və daşıyıcısı kimi yanaşırsa və ona ilk növbədə siyasi azadlıqların, konstitusion hüquq və vəzifələrin mənbəyi kimi baxırsa, amma, eyni zamanda bütün bunların realizə metodları barəsində az düşünür və bu problemin praktiki həllini icra hakimiyyətinin üzərinə həvalə edir. Normativ aktların konkret izahına isə, uzun müddət kontinental hüquqda ümumiyyətlə, ikinci dərəcəli bir məsələ kimi münasibət bəslənilirdi. İngilis hüquqşünaslarında isə, analoji məsələlərə yanaşma fərqlidir. Belə ki, qitə hüquqşünaslarından fərqli olaraq, praqmatik ingilis hüquq düşüncəsinə görə, qanunlar sadəcə abstrakt və ümumi normalardan ibarət olan sənədlər toplusudur və onların hakimlər tərəfindən müfəssəl şərhinə daimi ehtiyac duyulur. Yəni, ingilis hüquq düşüncəsinin məntiqinə əsasən, qanun məhkəmələr tərəfindən təfsir olunmayınca konkret məna daşımır və beləliklə, qüvvəyə də minə bilməz. Bir sözlə, ümumi hüquq nümayəndəsi bu sorunların çözümünü ilk olaraq məhkəmə hakimiyyətinin real güclənməsində və hakimlərin səlahiyyətlərinin genişlənməsində görür. Bu cür fərqli yanaşma bəlkə də, əsrlər boyu ingilis maddi hüququnun həddən artıq qarışıq və qeyri-müəyyən bir vəziyyətdə qalmasından irəli gələrək, onun bütün göstəricilər üzrə nisbətən daha təkmil olan prosessual hüquq normalarından xeyli geridə qalması ilə əlaqəlidir.
İngilis-sakson hüquq sisteminin dördüncü önəmli xüsusiyyəti, onun yaranması və təşəkkülü prosesində Roma hüququnun cüzi təsirinə məruz qalmasında xarakterizə olunur. Roma hüququnun ingilis hüququna zəif təsirinin bir sıra obyektiv səbəbləri mövcuddur. Lakin, ən əsasları kimi bunları qeyd etmək olar: 1.) İngiltərədə Roma hüququnun norma, institut və təməl prinsiplərinin resepsiyası yolundakı əsas maneə onların yerli adət və ənənələr qismində çıxış edən və müvafiq olaraq, qitə hüququ ilə kəskin ziddiyyət təşkil edən, sabit hüquq normalarının mövcudluğunda ifadə olunurdu; 2.) Roma hüququnun mahiyyət etibarilə xüsusi hüquq xarakteri daşımasından ibarət idi. Yəni, öz yurisdiksiyası daxilində yalnız ümumi hüquq məsələlərini həll edə bilən kral məhkəmələri tərəfindən xüsusi hüquq normalarının öz icraatlarına qəbul edilməsi imkansız sayılırdı. Ümumiyyətlə, kontinental hüququndan fərqli olaraq, ingilis hüququnda hüququn ümumi və xüsusi hüquqlara bölgüsü olduqca zəif ifadə olunurdu; 3.) İngiltərinin və onun özünəməxsus hüquq sisteminin ümumi hüquq sistemi çərçivəsindən kənara çıxmağa ehtiyac duyulmayan tarixi inkişaf xüsusiyyətləri və bu və digər nədənlər ümumi hüququn Roma hüquq sisteminin güclü nüfuz dairəsinə daxil olmamasında əhəmiyyətli rol oynamışdır.
Ümumi hüququnun unikal xarakterini ifadə edən, növbəti səciyyəvi əlaməti kimi, - məhkəmə hakimiyyətinin digər hakimiyyət qollarına münasibətdə müstəqilliyinin yüksək səviyyəsini qeyd etmək olar. İngilis-sakson hüquq sistemi ölkələrində real müstəqilliyə malik məhkəmə hakimiyyəti konsepsiyasının geniş yayılmasına tarixi ənənələr və maddi amillər təkan verir. Belə ki, ingilis məhkəmələrinə bütün cəmiyyət və dövlətin, habelə bütövlükdə hüquq sisteminin gəlişməsi prosesinə nəhəng təsiretmə imkanı verən geniş preroqativlər verilmişdir. Bundan əlavə, məhkəmə orqanlarının müstəqilliyinin qorunmasına ingilis hakimlərinin yüksək korporativ təşkilatçılığı şərait yaradır. Başqa sözlə, qanunla təsbit edilmiş “hakim immuniteti”dir. Yəni, ingilis hüquqçularının bir növ qapalı kasta şəklində ayrılması meyli İngiltərə hüquq sisteminin unikal fenomeni olmaqla bərabər, eyni zamanda məhkəmə hakimiyyətinin sabitliyini və gündəlik fəaliyyətindəki səmərəliliyini özündə ehtiva edir.
Ümumi hüququn digər spesifik xassələrindən biri kimi məhkəmə prosesinin mahiyyət etibarilə ittiham xarakterini daşıması və bununla bağlı İngiltərədə dövlət ittihamı (prokurorluq) institutunun yetərincə formalaşmamasını göstərmək olar. Onun əvəzində orada professional hüquq müdafiəçiləri “ attorneylər və barristerlər fəaliyyət göstərirlər. Fəqət, bu özəlliyinin indi təkcə İngiltərədə yaşaması ilə əlaqədar, onu ingilis hüququnun digər ölkələrinə şamil etmək düzgün olmazdı.
Ümumiyyətlə, öz təbiətinə və ifadə formasına görə, İngiltərə hüququnu mücərrəd ehkamlar və prinsiplər hüququ deyil, əməli təcrübə və prosessual hüquq kimi tam əsasla səciyyələndirmək olar. Bunun başlıca qaynağı ada ingilis mentalitetinə xas olan hər sahədə özünü fərqləndirmək meylinin bir forması da ola bilər. İngilis-sakson hüququ dünyaya yayıldıqca, öz əzəli rəqibi olan qitə hüquq məktəbinin bir çox görkəmli nümayəndələri tərəfindən daima tənqid atəşinə məruz qalmışdır. Belə ki, onlar ümumi hüquq sisteminin arxaikliyini, sistemsizliyini, kolliziyalara meyilliliyini, kazusyaradıcı məhkəmə presedentlərinin hüququn əsas mənbəyi kimi qəbul edilməsini, prosessual hüququnun üstünlüyünü və digər tipik əlamətlərini səbəb kimi göstərirlər. İngiltərənin özündə isə, indiyə qədər vahid yazılı Konstitusiyanın olmaması faktını isə, ümumi hüququn bir paradoks və ən böyük qüsurlarından biri kimi hesab edirdilər. Bu məntiqə əsasən belə ciddi nöqsanlar dövlətdə hüququn mahiyyəti ilə onun realizəsi arasında olan uçurumu və onun maddi hüquqa əks olaraq, prosessual bazada gəlişməsini (yəni, hüquq normalarının məhkəmə qərarlarından qidalanması), həmçinin sivil hüququ ilə müqayisədə ümumi hüquq normalarının cəmiyyətin inkişafından labüd geriliyini şərtləndirir. Lakin, prosessual hüququnun geniş yayılması və tətbiqi əsla məhkəmə qərarlarının qərəzliliyini və ya qeyri-obyektivliyini şərtləndirmir və ingilis ixtirası olan parlamentin dövlətin siyasi həyatındakı rolunu kiçiltmir. Bunu da unutmaq olmaz ki, demokratik məhkəmə hakimiyyətinin andlı iclasçılar və digər mühüm ayrılmaz atributlarının müəllifi məhz ingilis-sakson hüquq sistemidir. Qitə hüququ qədər hüququn ümumi mücərrəd prinsiplərinə söykənməməsi ümumi hüququn heç də obyektiv mahiyyətini və insan birgəyaşayışının hüququn ümumi prinsiplərindən irəli gələn sosial yönümlülüyü tendensiyasını azaltmır. Hüquqda boşluq və kolliziyalara gəlincə qitə hüquq sistemi də onlardan heç də azad deyildir. Əksinə, hüququn dövlət üzərindəki aliliyi prinsipi ingilis hüququ ölkələrində sözdə deyil, birbaşa əməldə öz praktiki ifadəsini tapmışdır. Hər halda, ümumi hüququn qitə hüququ ilə müqayisədə bütün zahiri çatışmamazlıqlarına rəğmən, bu faktı mübaliğəsiz söyləmək kifayətdir ki, hüquqi nihilizmi minimuma endirən ingilis hüquq düşüncəsi digər hüquq sistemlərə mənsub olan bir çox xalqların hüquqi mədəniyyəti ilə müqayisədə yüksəkdə durmaqdadır. Həmçinin, bir maraqlı fakt da diqqətəlayiqdir ki, roman-german hüququ ölkələrindən fərqli olaraq, xalis ingilis-sakson hüququna aid ölkələrin tarixinin yeni dövründə heç vaxt diktatura rejimləri hökm sürməmişdir. İngilis toplumunun mühafizəkar təbiətinə rəğmən, dövlət hakimiyyətinin avtoritar və ya totalitar idarəçilik üsulları ingilis cəmiyyətinin şüuruna hakim kəsilə bilməmişdir. Və ən əsası ingilis mentalitetinə xas olan və qanuna dərin hörmət ruhunda özünü göstərən hüquq əxlaqının, hüquq mədəniyyətinin olduqca yüksək səviyyəsini ingilis-sakson hüquq sisteminin təsirinin müsbət aspekti kimi qiymətləndirmək olar.
Hüquq ictimaiyyəti arasında belə bir qəti fikir mövcuddur ki, konkret ölkələrdə bərqərar olmuş hüquq sistemləri yalnız həmin ölkələr üçün tətbiq oluna bilər və digər hüquq sistemlərinin mütərəqqi elementləri ilə əvəzlənməsi məqsədəuyğun olmaz. Hər bir ölkənin yerli şəraitinin və digər amillərin nəzərə alınması bu fikrin doğruluğuna əsas verir. Amma, unutmaq olmaz ki, hüquq sistemi hüququn özü kimi daim dəyişən və çevik inkişaf tempinə malik hadisədir. Belə dəyişkənlilik meyli də öz növbəsində bir hüquq sisteminin digəri ilə qarşılıqlı əlaqə və inteqrasiyasını şərtləndirir. Yəni, hazırda müasir dünyada baş verən sürətli qloballaşma prosesləri sivilizasiya aləminin bütün sahələrini əhatə etdiyi kimi hüquqa da sirayət etməkdədir. Baxmayaraq ki, obyektiv olaraq, hüquq və qanunvericilik çox vaxt ictimai münasibətlərin sürətli gəlişməsi nəticəsində həyatdan geridə qalır. Örnək kimi yuxarıda adı çəkilən konverqensiyanı qeyd etmək olar. Bir sözlə, bu prosesin əsas müsbət tərəfi ondan ibarətdir ki, o hüquqi təcrübənin pozitiv tərəflərinin qarşılıqlı mübadiləsi ilə yanaşı, ümumiyyətlə hüququn təkmilləşməsinə və onun ümumi qəbul olunmuş ali əxlaqi dəyərlərin, mənəvi sərvətlərin hərtərəfli realizəsinin getdikcə artırılmasına aparır. Bu baxımdan, yuxarıda bəhs etdiyimiz və özlərində ümumbəşər sosial hüquqi dəyərləri birləşdirən hüquq sistemlərinin hər ikisinin rolu əvəzolunmazdır. Belə ki, bütövlükdə dünya birliyinin hərtərəfli inkişafı, bəşəriyyətin tarixi təkamülü və müxtəlif ölkə və xalqlar arasında qarşılıqlı əlaqələrin getdikcə güclənməsi, milli hüquq sistemlərinin identikliyinin əsas cəhətlərini qorumaq şərtinə əməl etməklə, konvergensiya prosesinin obyektiv genişlənməsinə səbəb olur. Məsələn, amerikan hüququnun bəzi elementlərinin Qərbi Avropada son zamanlar baş verən resepsiyası və yaxud ümumi hüquq sistemi ölkələrində roman-german hüququnun bir sıra xarakterik əlamətlərinin, o cümlədən məcəllələşdirilmənin getdikcə daha geniş mənimsənilməsi meyilləri buna aşkar sübut ola bilər. Konverqensiya nəticə olaraq, hüququn dondurulmuş qeyri-konstruktiv elemntlərindən ümumdünya miqyasında təmizlənməsinə və müasir dövrün aktual tələblərindən doğan cəmiyyətin ehtiyaclarına maksimal dərəcədə uyğunlaşdırılmasına və insan birgəyaşayışının daha optimal modellərinin aranıb tətbiq edilməsinə gətirəcəkdir.
Milli hüquq sistemini roman-german hüququnun fundamental bazasında formalaşdıran və onun mütərəqqi tərəflərini mənimsəyən Azərbaycana gəlincə isə, burada bir sıra obyektiv amillərin təsirindən, xalqın geniş kütlələri arasında avropa hüquq mədəniyyətinin pozitiv tərəflərinə yetərincə sahiblənməməsi nədəniylə, müasir hüquq prinsiplərinin cəmiyyətdə köklü şəkildə bərqərar olması haqqında danışmaq hələ tez olardı. O biri tərəfdən, avropa hüquq dəyərlərinə yiyələnməsinin başlanılmasından nisbətən qısa bir müddətin keçməsini və ölkəmizin uzun illər ərzində sovet hüquq ideologiyasının təsirindən hələ indi çıxmasını da inkar etmək olmaz. Doğrudur, son illər ərzində dövlətimizin inkişafı və Qərbin hüquq institutları ilə getdikcə dərinləşən əməkdaşlığı nəticəsində milli qanunvericilik sisteminin qitə hüququ bazasında formalaşdırılması yolunda bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Amma, yenə də milli hüquq sisteminin ayrı-ayrı sahələrində xeyli boşluq və ziddiyyətlər öz varlıqlarını mühafizə etməkdə davam edirlər. Hərçənd, bu istiqamətdə ölkəmizin bir sıra görkəmli hüquqşünaslarının verdikləri səmərəli təkliflərini, o cümlədən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru, hüquq elmləri namizədi, cənab Natiq Abdullayevin bir sıra aktual ideya və faydalı təkliflərini nəzərdən qaçırmaq olmaz.
Yekunda onu söyləmək olar ki, öz daxili struktur, hüquq tətbiqetmənin realizəsi fəaliyyətində və zahiri ifadə formalarındakı bəzi nöqsanlarına baxmayaraq, roman-german və ingilis-sakson hüquq sistemləri öz daimi mütərəqqi inkişafına və daxili məzmunlarındakı həqiqi demokratiya, hüquqi dövlət, hakimiyyətlərin bölünməsi prinsipi, insan və vətəndaş hüquq və azadlıqlarının prioriteti, sosial ədalətlilik və digər ali hüquqi dəyərləri və yüksək mənəvi sərvətləri özlərində təcəssüm etdirdiyinə görə obyektiv olaraq, dünyanın böyük bir hissəsinə yayılmağa müvəffəq olmuşlar və yayılmaqda da davam edirlər. Belə bir pozitiv tendensiyanın davamı gələcəkdə bu hüquq sistemləri tərəfindən dünyanın digər hüquq sistemlərinin, o cümlədən köhnələn adət hüququ və sosialist hüquq sistemlərinin məntiqi olaraq, tamamilə sıxışdırılıb, tarixə qovuşmalarına gətirib çıxaracaqdır.
Mirzəyev Rüstəm
01.06.2012-ci il