Korrupsiyaya qarşı mübarizədə siyasi iradə yetərli deyil

Korrupsiyaya qarşı mübarizədə siyasi iradə yetərli deyil

 
Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə bu günə kimi müxtəlif dövlət proqramları təsdiq edilib, çoxsaylı qanunverici aktlar qəbul olunub. Konkret olaraq xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı müvafiq fərmanlar ilə "2004-2006-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", həmçinin "2007-2011-ci illərdə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" qəbul olunmuş, onların icrası Avropa institutları tərəfindən müsbət qiymətləndirilib. Bütün həyata keçirilən tədbirlərə baxmayaraq, korrupsiyaya qarşı aparılan mübarizə arzuolunan nəticəni verməyib, hələ də ölkədə korrupsiya halları müşahidə olunmaqdadır. Bu isə bir sira səbəblərlə bağlıdır. Belə halda Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirləri yetərli hesab etmək olarmı? Ölkədə korrupsiyanın səviyyəsinin azaldılması üçün daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var? “Hüquqi İslahatlara Yardım Mərkəzi” İB-in sədri Natiq Abdullayev bildirib ki, hazırda ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri üçün zəruri olan normativ hüquqi baza yaradılıb. Yəni, korrupsiyaya qarşı hüquq müstəvisində mübarizəni həyata keçirmək üçün zəruri olan normativ hüquqi aktlar, o cümlədən dövlət proqramları, korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya və s. qəbul və təsdiq olunmuşdur. Korrupsiya cinayətləri həm milli, həm də beynəlxalq problemdir. Beynəlxalq miqyasda korrupsiyaya qarşı mübarizənin ardıcıl həyata keçirilməsi üçün beynəlxalq müstəvidə də zəruri addımlar atılmışdır. Bir sözlə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün zəruri olan institusional mexanizmlər lazımi səviyyədə təmin edilmişdir. Lakin məlumdur ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.03.2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır: “Bununla əlaqədar qeyd etmək istərdik ki, korrupsiya dövlətin siyasi, iqtisadi əsaslarını sarsıdan, ölkənin beynəlxalq, demokratik, hüquqi dövlət, o cümlədən ölkə rəhbərinin beynəlxalq arenada şəxsi imicinə ciddi kölgə salan cinayətdir və əgər hər bir demokratik, hüquqi dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparıb, bu cinayətin kökünü kəsməsə, dövləti idarə edən hakimiyyət gec-tez süquta məhkumdur. Korrupsiyaya qarşı ölkəmizdə aparılan mübarizənin normativ hüquqi bazasının yaradılmasında zəruri addımların atıldığını qeyd etməklə yanaşı təklif edərdik ki, bu cinayətə qarşı mübarizə aparan orqan hüquqi statusuna görə Baş Prokuror yanında deyil, Azərbaycan Respublikası Prezidenti yanında yaradılsın”. Hüquqşünas hesab edir ki, belə olan təqdirdə, sözügedən orqanın gücü daha böyük olar. Çünki, korrupsiya cinayətinin subyekti ölkənin ali siyasi rəhbərliyinə daxil olan nazirlər, komitə sədrləri, hətta, hüquq-mühafizə orqanının rəhbəri də ola bilər. Hüquqi statusuna görə, Azərbaycan Respublikası Prezidentinin yanında olan orqan yalnız və yalnız ölkə rəhbərinin iradəsini ifadə edər və korrupsiyaya qarşı mübarizə daha səmərəli olar: “Ölkə rəhbərinin siyasi iradəsinə uyğun olaraq Respublikamızda yüksək normativ hüquqi bazanın təmin edilməsinə baxmayaraq, çox təəssüf ki, hazırda korrupsiyaya qarşı real mübarizə o qədər də qənaətbəxş deyil və qeyd etməliyəm ki, bu mübarizənin illik nəticələrini təhlil edərkən, elə qənaətə gəlirsən ki, ölkəmizdə yalnız korrupsioner şəxslər dairəsi həkimlər və müəllimlərlə məhdudlaşır. Sirr deyil ki, bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə heç də effektiv aparılmır. Və neçə-neçə yüksək vəzifəli korrupsioner məmurlar korrupsiyaya qarşı reallıqda aparılan “kosmetik” mübarizənin pərdəsi altında gizlənir”. Hüquqşünasın sözlərinə görə, korrupsiyanın ölkədə mövcud olmasına təkcə bir ölkədə bir cinayətin olması kimi baxılmamalıdır. Ölkədə korrupsiyanın olması məhz ölkə rəhbərinin beynəlxalq, ölkədaxili şəxsi imicinə də zərbə vurur. Korrupsioner məmur dərk etməlidir ki, o, bu hərəkəti ilə ona etimad göstərən ölkə rəhbərinə xəyanət edir: “Ölkə başçımızın korrupsiyaya və ona qarşı mübarizəyə dair siyasi iradəsi onun imzaladığı qanunlardan, fərman və sərəncamlardan bəllidir. Bu normativ hüquqi aktlarla tanış olduqca ölkə rəhbərimizin korrupsiyaya qarşı necə neqativ mövqeyinin olduğunu və bunun kökünü kəsmək üçün necə ciddi siyasi iradə bəyan etdiyini açıq-aşkar görürsən. Amma neyləmək olar, korrupsiya xarakterinə görə dövlətin siyasi və iqtisadı əsaslarını sarsıdan elə cinayətdir ki, buna qarşı yalnız ölkə rəhbərinin kəskin mövqeyi, bu cinayətə qarşı onun amansız mübarizəsi barədə siyasi iradə yetərli deyil. Bunun üçün ictimai şüur dəyişməlidir ki, şüurun əhəmiyyətli dərəcədə dəyişdirilməsinə də zaman lazımdır. Sözsüz ki, o zaman gələcək və o zaman korrupsiya və korrupsiya xarakterli əməllər utanc gətirən, başıaşağılıq yaradan bir cinayət və əməl olacaqdır. Sözsüz ki, bu zamanı qabaqlamaq üçün dövlət öz inzibati tədbirlərini davam etdirməlidir. Eyni zamanda, paralel olaraq ictimai qınaq metodlarından istifadə edilməklə real maariflənmə aparılmalıdır. Haram yolla, onun-bunun balasının boğazından kəsməklə əldə edilən pullarla öz ailəsinə, uşaqlarına gün-güzəran yaratmaq istəyən məmurlar anlamalıdırlar ki, haram yollarla qazanılan pullar hesabına əyyaşlıq edən övladları və uzağı nəvələri günlərin birində qan qusacaq, rişxənd obyekti olacaqlar”.
www.olaylar.az
Gündəlik