QANUNDA DƏYİŞİKLİYƏ ZƏRURƏT YOXDUR

QANUNDA DƏYİŞİKLİYƏ ZƏRURƏT YOXDUR

 
CM-də «kütləvi çıxış» anlayışı məlumatların internetdə yayılmasını da nəzərdə tutur 
Mətbuatda da məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla müvafiq qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi, o cümlədən internet üzərindən şərəf və ləyaqətin təhqir edilməsi və böhtan atılmaya görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsi ilə Azərbaycan Respublikası Milli Məclisinə müraciət etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericilik təşəbbüsü hüququ olan orqandır. İlk öncə Baş Prokurorluğun qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsini təqdirə layiq hesab edirik və ümid edirik ki, bundan sonra da Azərbaycan Respublikasının Baş Prokurorluğu bu hüququndan daha səmərəli istifadə edərək ölkəmizdə aparılan hüquq islahatlarının dinamik inkişafına, o cümlədən mövcud qanunvericilik aktlarımızın təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Cəmiyyət həyatında elə ictimai münasibətlər vardır ki, onların qanunlarla və digər normativ hüquqi aktlarla tənzimlənməsi zəruri və həmişə aktualdır. Sözsüz ki, bu baxımdan hansı əməlin cinayət hesab edilib-edilməməsi və onun sanksiyalaşdırılması daha mühüm əhəmiyyət kəsb edir.
Respublikamızda şərəf və ləyaqətin qorunması və müdafiəsi hüququ Konstitusion hüquqdur. Ali Qanunumuz olan Konstitusiyanın 46-cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Göründüyü kimi, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması dövlətin Konstitusion vəzifəsi kimi təsbit olunmuşdur. Bu baxımdan dövlət öz vəzifəsinin təmin edilməsi üçün ayrı-ayrı qanunvericilik aktlarında bu müdafiənin hüquqi mexanizmlərini nəzərdə tutmuşdur. Sözsüz ki, bu mexanizmlərdən daha kəsərlisi ləyaqətin alçaldılmasının cinayət mühakiməsi icraatı qaydasında cəzalandırılmasıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitələrində yayma “böhtan» cinayətinin (CM Maddə 147), kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması isə həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasında «təhqir» cinayəti kimi müəyyən edilib sanksiyalaşdırılmışdır. İstər CM-in 147-ci, istərsə də 148-ci maddəsinin dispozisiyasında “Kütləvi çıxışlarda” ifadəsi işlədilmişdir.
Qanunun mənasına görə, kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və  ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə edilməsi başa düşülür.
Mətbuatdan əldə etdiyimiz məlumata görə, Baş Prokurorluğun tərəfindən bu maddələrə “internet informasiya resurslarında” sözlərinin əlavə edilməsi təklif edilmişdir.
Qeyd olunmalıdır ki, böhtan atma və təhqir etmə cinayətlərinin internet resurslarından istifadə etməklə törədilməsi (üsulu) mövcud qanunvericilikdə ehtiva olunan “kütləvi çıxışlarda” sözü ilə ümumiləşdirilib göstərilmişdir. Bu baxımdan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində «internet» sözünün əlavə edilməsinə heç bir zərurət yoxdur. Əgər Baş Prokurorluq “kütləvi çıxışlarda” sözünün interneti də əhatə edib-etməməsinə əmin deyildisə, bu zaman bu orqan özünün Konstitusiya ilə təsbit edilən digər hüququndan istifadə edərək sözügedən maddələrdə əks edilən “kütləvi çıxışlarda” ifadəsinin şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilərdi. Baş Prokurorluğun bu təklifi istər yerli, istərsə də beynəlxalq hüquq müdafiəçilərinin əsaslı-əsassız qınağına səbəb olub və bu vəziyyət Respublikamızda internetə basqı kimi dəyərləndirilir ki, bu dövlətimizin beynəlxalq imicinə əsassız kölgə salır.
Hesab edirik ki, Azərbaycan Respublikasının Milli Məclisi bu məsələni müzakirə edəcəyi təqdirdə göstərdiyimiz xüsusatlara diqqət yetirəcəkdir.
Yeri gəlmişkən, KİV-də təhqir və böhtan atma ilə bağlı məsələlərin müzakirə olunduğu ərəfədə, bu dəyişikliklərə etiraz edənlər diffamisiyanı gündəmə gətirərək bu dəyişikliyin diffamasiyaya görə cəzaların ağırlaşdırılması məqsədi daşıdığını göstərirlər.
Bir sıra xarici ölkələrin qanunvericiliyinin tanıdığı diffamasiya latınca diffamo – «ləkələyirəm, bədnam edirəm» deməkdir. Məlumat üçün bildirək ki, bir çox ölkələrin, o cümlədən, Fransa, Hollandiya, Norveç, İspaniya, İsveçrə və s. qanunvericiliyində Azərbaycan Respublikasında olduğu kimi böhtan həm cinayət əməli hesab edilir, həm də mülki məsuliyyətə səbəb olur. Diffamasiya tərəfdarlarının istinal etdikləri Avropa cəmiyyətlərində də böhtan və təhqirə görə cinayət məsuliyytəinin olması onu göstərir ki, cinayət olan yerdə cəza olmalıdır. Şəxsiyyətin toxunulmazlığını, hüquq vıə azadlıqlarının qorunmasını üzərinə vəzifə kimi götürən dövlətlər, həmçinin, onun ləyaqətini də qorumağı təmin etməlidirlər. Demokratiyanın, söz azadlığının nümunə olduğu ölkələrdə də şəxsiyyətin ləyaqətinin alçaldılması cinayət məsuliyyətinə səbəb olursa, bizim ölkəmizdə belə cinayət əməlinə görə məsuliyyətin aradan qaldırılmasının təklif olunması başadüşülən deyil. Bu mənada diffamasiya tərəfdarlarının bir daha düşünməsi və istinad etdikləri Avropa ölkələrinin qanunvericiliyinə bir daha nəzər yetirmələri səmərəli olardı.
Ümid edirik ki, hər hansı şəxsin nüfuzdan salınmasına, cəmiyyətin qəbul etdiyi etik normaların qəsdən nalayiq formada pozulmasına, heç bir dəyəri olmayan təhqiramiz ifadələrin yayılmasına, ləyaqətin ləkələnməsinə, demək olar ki, cəzasızlıq ehtiva edən diffamasiya haqqında qanun Azərbaycan parlamenti tərəfindən heç vaxt qəbul edilməyəcəkdir.
Natiq Abdullayev,
“Hüquqi İslahatlara Yardım Mərkəzi” İB-in sədri
Gündəlik