AİLƏ MEDİASİYASI “ AİLƏ MÜNAQİŞƏLƏRİNİN ALTERNATİV HƏLLİ ÜSULU KİMİ

AİLƏ MEDİASİYASI “ AİLƏ MÜNAQİŞƏLƏRİNİN ALTERNATİV HƏLLİ ÜSULU KİMİ

AİLƏ MEDİASİYASI “ AİLƏ MÜNAQİŞƏLƏRİNİN ALTERNATİV HƏLLİ ÜSULU KİMİ

Natiq Abdullayev,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

Ailə münasibətləri “ mediasiyanın tətbiq edilməsi ilə bağlı olan əsas sahələrdəndir. Evli cütlüklər, valideynlər və övladlar, qardaş və bacılar, həmçinin digər qohumlar arasındakı münasibətlər adətən şəxsi maraqlar və yüksək emosionallıqla bağlı olur.

Məlumdur ki, ailə həyatında çox tez-tez fikir ayrılıqları olur, bu isə psixoloji və hüquqi problem yaradır. Bəzən uzanan və çətin həll edilən münaqişələr ailə münasibətlərində böhrana gətirir. Bu zaman ən müdrik çıxış yolu ailə mediatoruna müraciət etmək olar. Mediasiya ailə münaqişələrini məhkəməyə müraciət etmədən həll etməyə kömək edə bilər.

Ailə mediasiyası mediasiyanın digər formalarından onunla fərqlənir ki, burada münasibətlər psixologiyasına xüsusi diqqət yetirilir, münaqişənin həlli zamanı mediator psixoloji metodlardan istifadə edir.

Ailə mediatoru ər-arvad münasibətlərini tənzimləməyə çalışır, bu zaman o, ilk növbədə hər iki tərəfə qulaq asır, onların mövqeyini, tələb və arzularını aydınlaşdırır, emosiyaları sakitləşdirir, kompromis yaratmağa çalışır, vəziyyəti kənardan öyrənir, tərəflərin razılığı əsasında məsələnin yeni həll variantlarını və imkanlarını təqdim edir, danışıqların məxfiliyini qoruyur. Ailə mediatoru tanış insan, yaxud kənar insanlar ola bilər, lakin hər bir halda neytral adam olmalıdır.

Ailə mediasiyası kommersiya, daxili-təşkilati, cinayət, hərbi və s. mediasiya formalarından ilk növbədə emosional və predmetli amillərlə fərqlənir. Mediasiya tərəflərə öz emosiyalarını ifadə etməyə şərait yaradır.

Ailə mediasiyasında emosional amillərin faizi daha yüksək olur. Buna görə də tarazlığı gözləmək lazımdır. Ailə mediasiyasının əsas fərqləndirici cəhətlərindən biri valideynlik məsuliyyətilə əlaqədar tərəflərin kompromis tapmağa çalışmasıdır. Bu zaman onlar əsasən aşağıdakı məsələlərlə bağlı danışıqlar aparırlar:

- İnformasiya mübadiləsi “ uşaqların təhsili və sağlamlığı haqqında məlumatlar;

- Ünsiyyət aparılması “ valideynlərin bir-biri ilə və hər bir valideynin uşaqla münasibətləri;

- Gündəlik cədvəl;

- Xüsusi günlər və bayramlar;

- Tətillərdə istirahət;

- Boşanmış valideynlərin qohumları ilə əlaqələr;

- Hədiyyələr, cib xərcliyi, geyim xərcləri;

- Daxili nizam-intizam qaydaları və s. (4)

Mediasiya prosesində ön planda müzakirə edilən məsələ uşaqların tərbiyəsi ilə bağlı olur, sonra isə əmlak bölgüsü, maliyyə dəstəyi və digər məsələlər müzakirə edilir. Mediasiya prosesində prosesə tərəflər nəzarət edirlər və özləri üçün əsas olan məsələləri müəyyənləşdirirlər, lakin mediator onların bu və digər hallarla bağlı razılığa gəlib-gəlmədiklərini, bunun icra edilməsinin mümkün, yaxud qeyri- mümkün olub-olmadığını dəqiqləşdirməlidir. Qeyd etmək lazımdır ki, mediasiyaya müraciət edilmiş ailə münaqişələrinin 85% -i sülh (barışıq) müqaviləsinin bağlanması ilə sona çatır.

Adətən ailə münaqişələrinin tənzimlənməsinin dörd üstünlüyünü göstərirlər:

- vasitələrə qənaət;

- vaxta qənaət;

- tərəflərin müstəqil şəkildə qəbul edilə bilən qərar tapmaq imkanı;

- tərəflərin mediasiya prosesində nəzarət etmək imkanının olması.

Bununla yanaşı ailə mediasiyasının daha bir üstünlüyü “ prosesin bütün mərhələlərində elastikliyin olmasıdır. Ailə mediasiyasının əsas üstenlüklərini aşağıdakı kimi təsnif etmək olar:

1. Mediasiya prosesində uşaqları ziyarət etmə məsələsi qarşılıqlı razılaşma əsasında müəyyən edildiyi üçün tərəflər razılaşdırılmış qərara çox böyük həvəslə əməl edirlər.

2. Əgər məsləhətçi qismində çıxış edən hüquqşünaslar hazır qərarlar təqdim edirlərsə, mediasiya prosesində qərarlar ümumi razılaşma əsasında qəbul edilir.

3. Məhkəmə prosesində rəsmi tərəflər iştirak edirlərsə, ailə mediasiyasında vəziyyətə təsir edə bilən bütün tərəflər “ qayınana, qayınata, bacı, qardaş və s. iştirak edirlər. Məsələn, mənzillə bağlı mübahisə hüquqi xüsusiyyətə malikdirsə, məhkəmə mənzilin bölüşdürülməsi qərarını çıxarır, lakin bunu fiziki cəhətdən yerinə yetirməyi tərəflərin öhdəsinə buraxır. Mediasiyada mübahisə sahəsi geniş olur, bu mənzilə atanın və ananın da mənzili əlavə edilir və məhz bu əsasda onların tələblərini təmin etməyə çalışırlar.

Ailə mediasiyası aşağıdakı mərhələlərdə həyata keçirilir:

  1. bu prosesdə ən çətin məqam hər iki tərəfin mediasiyaya cəlb edilməsidir. Belə ki, tərəflərdən biri razı olub, digəri razı olmadığı şəraitdə mediatorun onu dəvət etmək hüququ yoxdur. Buna görə də o, müraciət edən tərəfə onların ümumi tanışı olan üçüncü bir şəxsə müraciət etmək təklif edir. Yalnız hər iki tərəf razılaşdığı halda mediasiya prosesi başlaya bilər.
  2. bu mərhələdə tərəflər razılaşır ki, baş verən hadisədə heç kəs günahkar deyil.
  3. üçüncü mərhələdə uşaqların tərbiyəsi məsələsi müzakirə edilir.
  4. bu mərhələdə maliyyə dəstəyinin reallaşdırılması məsələsi həll edilir. Məsələn, əgər qadın işləməyə məcburdursa və kişi uşağın dayəsinə pul ödəmək istəmirsə, mediator ona belə bir sual verə bilər: “ Necə fikirləşirsiz, sizin uşağınız nəzarətsiz qala bilərmi? O, öz-özünə qulluq etmək iqtidarındadırmı və belə bir vəziyyətdə o, özünü necə hiss edəcək?” Beləliklə, ata uşağın evdə tək qalmasının təhlükəli olduğunu başa düşəcək və kompromisə gedəcək. Ailə mediasiyasının əsas məqsədi mövcud vəziyyətin münaqişəsiz həlli, həm uşaqlar həm də ailə cütlüyü üçün zədələyici nəticələrin aradan qaldırılması, gələcəkdə ayrılmış ailədə dostluq və əməkdaşlıq münasibətlərinin saxlanması ilə bağlıdır.

Açar sözlər: mediasiya, mediator, ailə münaqişəsi, ailə mediasiyası

Key words: mediation, Mediator, Family conflict, Family mediation

Gündəlik