Son illər dünya miqyasında baş verən maliyyə böhranı iqtisadi həyatın mühüm institutlarından biri olan müflisləşmə və iflas prosesinin aktuallığını artırmışdır. Azərbaycanda dünya iqtisadi böhranının fəsadları özünü göstərməsə də, iqtisadi proseslərin normal tənzimlənməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi baxımından müflisləşmə və iflas prosesinin qanunamüvafiq aparılması mühüm əhəmiyyət kəsb edir. Hazırda qüvvədə olan "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunu 1997-ci il iyun ayının 13-də qəbul edilmiş və ötən müddətdə bu qanuna bir neçə dəyişiklik və əlavələr edilmişdir. Əlavə və dəyişikliklər əsasən redaksiya xarakterli olmaqla, qanunun ilkin əsas mətnindən prinsipial fərqlər müəyyən etmir. Xatırladaq ki, sözügedən qanun 15 fəsil, 61 maddədən ibarətdir.
Son 15 ildə həm ölkədaxili sosial-iqtisadi münasibətlər, həm də dünya miqyasında kommersiya münasibətlərinin keyfiyyətcə yeni formalar alması müşahidə olunur. Belə keyfiyyət dəyişikliyi fonunda müflisləşmə və iflas haqqında beynəlxalq sənədlərin, eləcə də Azərbaycan Respublikasının ölkədaxili qanunvericiliyinin tələbləri və prinsipləri də dəyişir. Bu baxımdan müflisləşmə və iflas haqqında qanunvericilyin yeni tələb və prinsiplərə uyğun təkmilləşdirilməsi zamanın mühüm tələbidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında sözügedən qanunun qəbul edildiyi 1997-ci ildəki iqtisadi, investisiya, sosial və hüquqi şəraitlə, eyni kriteriyalar baxımından hazırkı şərait kifayət qədər fərqlidir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, son 15 ildə Azərbaycan Respublikası dünya iqtisadi birliyinə sürətlə inteqrasiya etmişdir. Ölkə iqtisadiyyatına yatırılan xarici və yerli investisiyaların həcmi 100 milyard dollardan artıqdır. Respublikamız beynəlxalq hüququn müstəqil və suverən subyekti olmaqla hüquqi dövlət quruculuğu istiqamətində xeyli inkişaf etmişdir. Hüquq sistemi təkmilləşdirilmiş, respublikamız beynəlxalq iqtisadi, investisiya və hüquqi münasibətləri tənzimləyən bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur.
Azərbaycan Respublikasının daxili qanunvericiliyi, mülki, mülki-prosessual və s. sahəvi qanunvericilik aktları kifayət qədər təkmilləşdirilmiş və bu gün sivil, beynəlxalq standartlara cavab verən hüquqi baza formalaşmışdır. Bu göstərilən amillərdən "Müflisləşmə və iflas haqqında" Qanunun Azərbaycan Respublikasının digər qanunvericilik aktları və beynəlxalq maliyyə və iqtisadi təşkilatların (Dünya Bankı, Avropa Bankı, UNCİTRAL, Avropa Şurası, Avropa Birliyi və s.) tələbləri baxımından hormonizasiyasına (uyğunlaşdırılmasına) zərurət vardır.
Apardığımız araşdırmalar çərçivəsində müflisləşmə və iflas sahəsində bir sıra beynəlxalq təşkilatların rəy, tövsiyə və tələbləri, o, cümlədən, Dünya Bankının Prinsipləri (2005), Beynəlxalq (transsərhəd) iflas haqqında UNCİTRAL Model Qanunu, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2003-cü ildə bir sıra ölkələrin iflas qanunvericiliyinin qiymətləndirilməsinə dair rəyi, Avropa Şurasının İstanbul Konvensiyası, həmçinin, Bolqarıstan, Albaniya, Moldova, Rusiya, Ukraynanın müflisləşmə və iflas haqqında qanunlarının mütərəqqi müddəaları öyrənilmişdir. (Qeyd edək ki, İstanbul Konvensiyası 1990-cı ildə bu şəhərdə keçirilmiş konfransda təklif edilmiş, lakin tələb olunan ratifikasiya sayı qazanmadığına görə qüvvəyə minməmişdir. Buna baxmayaraq, araşdırma zamanı bu konvensiya layihəsi də öyrənilmişdir).
Mütəxəssislərimiz tərəfindən beynəlxalq sənədlər, rəy və tövsiyələr, eləcə də yerli qanunvericilik aktlarının öyrənilməsi və təhlili nəticəsində "Müflisləşmə və iflas haqqında" Qanunda ümumən müasir tələblərlə uzlaşmayan aşağıdakı cəhətlər müəyyənləşdirilmişdir: - bu qanun, ümumən, Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsinə, formalaşmış iqtisadi-hüquqi, sosial şəraitə cavab vermir. Qanunun əsas anlayışlar, terminologiya bölməsi hazırkı şəraitə və qanunvericilik terminologiyasına tam cavab vermir; - qanunun bütövlükdə mətni müflisləşmə və iflas prossesinin tənzimlənməsini təmin etmir; - müflisləşmə kimi qiymətləndirilməli olan hallar, müflis elan edilmə, iflas prosesinə başlanması, iflas prosesinin başa çatdırılması, bu prosesin başa çatdırılmasının nəticələri; sağlamlaşdırma prosesi və s. bu kimi məsələlərdə nöqsanlı məqamlar var; - qanunun məqsədi, sanki müflis vəziyyətinə düşmüş fiziki və hüquqi şəxslərin iflas prosesinə məruz qalmasına və yalnız ləğvinə xidmət edir. Halbuki yuxarıda sadalanan beynəlxalq sənədlər (xüsusən, EBRD və UNCİTRAL tövsiyələri) müflisləşməyə məruz qalmış sahibkarlıq subyektlərinin daha çox ləğvinə deyil, onun sağlamlaşdırılmasına və fəaliyyətinin bərpasına diqqət yetirilməsini tələb edir; - müflisləşmə və iflas prosedurunun prosessual aspektləri (müflisləşmə və iflas prosesinə başlanma, məhkəmədə işə baxılması qaydaları və müddətləri və s.) qüsurludur və bunların yenidən işlənməsinə zərurət vardır; - qanunda beynəlxalq (transsərhəd) iflas proseduru, transsərhəd müflisləşmə və iflas prosesləri öz əksini ümumiyyətlə tapmamışdır; ayrı-ayrı xüsusi müəssisələrin (banklar, sığorta təşkilatları və s.) müflisləşmə və iflas proseduru, regional və sahəvi müflisləşmə və iflas prosesləri (Rusiya, Bolqarıstan və s. ölkələrin qanunvericiliyində bunlar var) nəzərdə tutulmamışdır; - borclu ilə kreditorlar arasında, məhkəmə müdaxiləsi olmadan, barışıq sazişi bağlanması yolu ilə müflisləşmə və iflas prosesinin tənzimlənməsinə dair müddəalar olsa da, bu prosedurun tətbiqi və icrası mexanizmi nəzərdə tutulmamışdır; - qanunda müflisləşmə və iflas prosesinə başlanma barədə ərizəyə məhkəmə tərəfindən rədd qərarı verildikdən sonrakı proseslərin tənzimlənməsi öz əksini tapmamışdır; - müflisləşmə və iflas prosesinə başlanma üçün müraciət etmək hüququ olan subyektlərin (borclu və kreditor) dairəsi məhduddur. Məsələn, bir sıra ölkələrin qanunvericiliyində məhkəmə icraçısının müflisləşmə və iflas prosesinə başlanmasına dair ərizə vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Hesab edirik ki, bu məqsədəmüvafiq olan pozitiv bir müddəadır; - sağlamlaşdırma ilə bağlı kreditorların təklif vermək hüququ qanunda nəzərdə tutulmamışdır. UNCİTRAL tövsiyə edir ki, birbaşa marağı olan kreditorların sağlamlaşdırma ilə bağlı təklif vermək hüququ qanunda nəzərdə tutulmalıdır.
Müflisləşmə və iflas mülki hüquq dövriyyəsində elə bir prosesdir ki, onu digər mülki münasibətlərdən fərqləndirmək və xüsusi qaydalarla tənzimlənməsini təmin etmək lazımdır. Qanunun tədqiqi göstərir ki, müflisləşmə və iflas prosesinin maddi hüquqi əsasları ilə prosessual normalar arasında müəyyən ziddiyyətlər mövcuddur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunvericiliyində mülki (o cümlədən iqtisadi) münasibətlərdən irəli gələn mübahisələrin məhkəmələrdə həlli qaydaları Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənir. Hazırkı şəraitdə müflisləşmə və iflas prosesi də sözügedən məcəllənin ümumi müddəalarına uyğun olaraq inzibati-iqtisadi məhkəmələr tərəfindən həll edilir. Məhkəmədən kənar müflisləşmə və iflas prosesinin aparılması qaydaları və reqlamenti isə Azərbaycan Respublikasının qanunvericiliyində tənzimlənmir. Bu səbəbdəndir ki, Azərbaycan şəraitində borclu və ya kreditorun öz təşəbbüsü ilə məhkəmədənkənar müflisləşmə və iflas prosesinin aparılması təcrübəsinə rast gəlmək mümkün deyildir. Çünki bu prosesə dair hazırkı qanunda ümumi müddəalar olsa da, bunun konkret və səmərəli tətbiqi və icrası mexanizmləri qanunvericilikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Qanununun bu və ya digər cəhətlərdən araşdırılması, yuxarıda sadalanan ölkələrin qanunvericiliyi və beynəlxalq sənədlərlə, tövsiyələrlə müqayisəli şəkildə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, müflisləşmə və iflas haqqında qanun tamamilə qüvvədən salınmalı və yeni bir qanunvericilik aktı qəbul olunmalıdır. Məlumat üçün bildirək ki, bir sıra ölkələr Müflisləşmə və iflas haqqında qanunvericilik aktlarının təkmilləşdirilməsi üçün adları sadalanan beynəlxalq sənədlərin tövsiyə və tələblərinə istinad edirlər. Bu baxımdan, Azərbaycan Respublikasında da müflisləşmə və iflas haqqında qanunvericiliyin həmin beynəlxalq aktlara uyğunlaşdırılması məqsədəuyğundur.
Yeni qanunvericilik aktının hazırlanması zamanı beynəlxalq sənədlər (yuxarıda adları çəkilən) və xarici dövlətlərin təcrübəsindən kifayət gədər səmərəli istifadə olunmalıdır. Nəzərə alınmalıdır ki, EBRD və UNCİTRAL ayrı-ayrı dövlətlərin müflisləşmə və iflas sahəsində qanunvericilik aktlarını təhlil etmiş və qanunların qiymətləndirilməsini həyata keçirmişdir.
2003-cü ildə EBRD tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə görə, Azərbaycanın hazırda qüvvədə olan qanunu əsasən mənfi bal almışdır. EBRD-nin 400 səhifədən ibarət qiymətləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tövsiyələrinə görə, nisbətən yüksək balları Albaniya, Bolqarıstan və Moldovanın qanunvericilik aktları qazanmışlar.
Yeni qanun layihəsi hazırlanarkən artıq EBRD tərəfindən bəyənilmiş və UNCİTRAL-ın tövsiyələrinə cavab verən qanunvericilik aktlarına nəzər yetirmək çox səmərəli olardi. Hesab edirik ki, EBRD-in, UNCİTRAL-ın, Avropa Birliyi Şurasının qaydalarının, prinsip və tövsiyələrinin, ayrı-ayrı xarici ölkələrin qanunvericilik aktlarının öyrənilməsi əsasında tam yeni, təkmilləşmiş və müasirləşmiş formada Azərbaycan Respublikasının "Müflisləşmə və İflas Məcəlləsi" qəbul edilməlidir. Müflisləşmə və iflas prosesinin məcəllə şəklində tənzimlənməsi bu prosesin həm maddi, həm də prosessual hüquqi əsaslarını müəyyən edəcəkdir (Azərbaycan Respublikasının qanunvericilik təcrübəsində "Seşki Məcəlləsi", "İnzibati Xətalar Məcəlləsi", "Torpaq Məcəlləsi" və s. nümunələr vardır).
Yeni məcəllə Azərbaycan Respublikasının qanunvericilik sisteminə müvafiq olaraq struktur cəhətdən bu şəkildə qurulmalıdır: 1. Fəsillər; 2. Fəsillər maddələrə, maddələr bəndlərə, bəndlər yarımbəndlərə bölünür. Məcəllənin ümumi və xüsusi hissələrdən ibarət olması məqsədəuyğundur. Ümumən, yeni məcəllədə Müflisləşmə və iflas prosesini əhatə edən aşağıdakı məsələlər əhatə olunmalıdır: müflisləşmə prosesinin anlayışı (bu prosesi əhatə edən anlayış və terminlər); müflisləşmə prosesinin mahiyyəti, prinsipləri; müflisləşmə və iflas prosesinin maddi hüquqi əsasları; müflisləşmə və iflas prosesinin başlanmasına hüququ olan subyektlər; hüquqi şəxslərin müflisləşmə və iflas prosesinin aparılması; fiziki şəxslərin (fərdi sahibkarların) müflisləşmə və iflas prosesinin aparılması; müflisləşmə və iflas prosesinin prosessual hüquqi əsasları (həm məhkəmə qaydasında, həm də məhkəmədənkənar - borclu ilə kreditorlar arasında bağlanacaq saziş əsasında); əmlak inzibatçısı və müvəqqəti əmlak inzibatçısı institutu; regional (daxili) müflisləşmə və iflas proseduru; beynəlxalq (transsərhəd) müflisləşmə və iflas prosesinin aparılması; dövlət müəssisələrinin (dövlət büdcəsindən maliyyələşən) müflisləşmə və iflas prosesinin aparılması; sahəvi müəssisələrin (buna xüsusi müəssisələr də demək olar) müflisləşmə və iflas prosesinin aparılması (banklar, bank olmayan kredit təşkilatları, sığorta təşkilatları, ailə kəndli təsərrüfatları və s.); müflisləşmə və iflas prosesini həyata keçirən peşəkar qurumların fəaliyyətinin tənzimlənməsi; sağlamlaşdırma prosesi. Bütövlükdə isə yeni məcəllə ilə tənzimlənəcək müflisləşmə və iflas prosesi əsasən aşağıdakı məqsədlərə xidmət etməlidir: - Ödəmə qabiliyyəti olmayan sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi; - ödəmə qabiliyyəti olmayan sahibkarıq subyektlərinin müflis və iflas elan edilməsi; - yalançı (qəsdən) müflisləşmə və iflas olunmanın qarşısının alınması; - ödəmə qabiliyyəti olmayan sahibkarlıq subyektlərinin (yalançı sahibkarlıq) fəaliyyətinin qarşısının alınması. Bu proseslər nəticəsində iqtisadi dövriyyənin sağlamlaşdırılması (kütləvi işsizlik, ixtisarlar, iqtisadi böhran və s. bu kimi sosial-iqtisadi problemlərin vaxtında qarşısının alınması). Burada qeyd etmək yerinə düşərdi ki, müasir dünyada hazırki iqtisadi böhran şəraitində müflisləşmə və iflas prosesinin qanunauyğun, peşəkarlıqla aparılmasının əhəmiyyətini mütəxəssislər yüksək dəyərləndirirlər. İqtisadi dövriyyədən müflis vəziyyətinə düşmüş sahibkarlıq subyektlərinin çıxarılması bar verən bir bağın qurumuş ağaclarının və ya inkişafda olan ağacın qurumuş budağının kəsilməsi qədər əhəmiyyətlidir. Müflisləşmə və iflas prosesinin düzgün və vaxtında aparılması ödəmə qabiliyyəti olmayan sahibkarlıq subyektlərinin iflas olmadan xilasına - sağlamlaşdırmaya xidmət edir.
Nəzərə alınmalıdır ki, yeni məcəllənin hazırlanması və qəbul olunması ilə Azərbaycan Respublikasının bir sıra digər qanunvericlik aktlarına əlavə və dəyişikliklər edilməsi zərurəti yaranacaqdır. Bunlar ilk növbədə, Mülki Məcəllə, Mülki Prosessual Məcəllə və ayrı-ayrı fəaliyyət sahələrini (banklar, bank olmayan kredit təşkilatları, sığorta təşkilatları, məhkəmə icraçılarının fəaliyyətini tənzimləyən qanunvericilik aktları və s.) tənzimləyən qanunvericilik aktları ola bilər.
Onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununda vergi orqanlarının müflisləşmə prosesində dövlət maraqlarını təmsil etmək hüququna malik olmalarını nəzərə alan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 12.01.2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir ki, vergi orqanlarının müflisləşmə prosesində hüquqi statusunu dəqiqləşdirsin, belə hüququn həyata keçirilməsinin xüsusiyyətlərinin qanunvericilik qaydasında tənzimlənməsini təmin etsin.
Beləliklə, bu yazıda müasir cəmiyyətdə iqtisadi və sosial fəaliyyətin səmərəli təşkil olunması üçün əhəmiyyətli olan bir məsələ haqqında mütəxəssis araşdırmalarımıza əsaslanan hüquqi mövqeyimizi ifadə etdik. Müflisləşmə və iflas iqtisadi və sosial həyatın vacib institutlarından biri olduğu kimi, bu sahəni tənzimləyən hüquqi baza da daim yeniləşən cəmiyyət həyatı ilə uyğunlaşmalı və zəruri təkmilləşdirmələrdən keçməlidir. Təbii ki, bu mövzuda daha geniş müzakirələr açmaq, daha ətraflı tədqiqatlar aparmaq olar. Məqsədimiz müflisləşmə və iflas prosesinin hüquqi tənzimlənməsini təkmilləşdirmək zərurətinin olduğunu mütəxəssislərin diqqətinə çatdırmaqdır. Ümid edirik ki, bu zərurətin olması digər həmkarlarımızın da diqqətini cəlb edəcək və verilən təklfilərin həyata keçirilməsi üçün əməli iş görüləcəkdir.
Natiq ABDULLAYEV,
Azərbaycan Beynəlxalq Konsaltinq Kompaniyasının direktoru,
Müflisləşmə və iflas prosesinə dair qanunvericiliyin hüquqi əsasları
Müflisləşmə və iflas prosesinə dair qanunvericiliyin hüquqi əsasları
Müflisləşmə və iflas prosesinə dair qanunvericiliyin hüquqi əsasları