Pul, yoxsa hədiyyə?

Pul, yoxsa hədiyyə?

“Qiymətli olan hədiyyə deyil, göstərilən diqqətdir¦
(Rus atalar sözü)

... Orta məktəblərdən birinin direktoru valideyn komitəsinin üzvlərini yığıb bərk-bərk tapşırıb ki, eşitsəm-görsəm-bilsəm ki, kimsə, hansısa valideyn müəllimələrə 8 mart hədiyyəsi kimi pul yığıb, kimliyinə baxmadan həmin valideynin uşağını məktəbdən çıxaracağam…

Bu “ “məktəbdən çıxaracağam” hədəsi bir az qeyri-real görünsə də, hər halda valideynlərə xəbər belə yayılıb. Görünür, direktor bundan daha ciddi tənbeh olmadığını və yalnız bu cür tənbehlə neqativ halların qarşısının alına biləcəyini düşünərək, belə sərt danışıb…

Məktəbin müəllimələri valideynlərə imkanları daxilində xəbər göndərib də and-aman ediblər ki, heç kəsdən pul alınmayacaq, boşuna özlərini yorub pul yığmasınlar¦

Hər il 8 Mart Qadınlar Bayramı ərəfəsində (həmçinin, Müəllimlər Günü ərəfəsində) belə vəziyyət yaranır. Orta məktəb müəllimlərinin əksəriyyəti qadınlar olduğundan, 8 mart ərəfəsi həmişə söz-söhbətli olur.

Məsələ o qədər aktualdır ki, təhsil naziri Misir Mərdanov hər il bu ərəfədə bəyanatlarında müəllimlər tərəfindən və ya müəllimlər üçün pul yığılmasını qətiyyətlə pisləyir. Belə neqativ halları nəinki müəllimlərə dönə-dönə qadağan edir, eyni zamanda, valideynlərə də tövsiyə edir. Ötən həftə yenə də təhsil naziri bu mövzuda danışdı: “Əlbəttə, müəllimələrə pul yığılmasından söhbət gedə bilməz”. Eyni zamanda, nazir şagirdlərin müəllimələrini təbrik etməsində qəbahət olmadığını bildirir: “8 mart – Qadınlar bayramı münasibətilə qadın müəllimləri təbrik edənlərin qabağını kəsməməliyik”.

Doğrudan da şagirdlərin müəlliməsini təbrik etməsində qəbahət axtarmaq özü qəbahət ola bilərdi.

“Müəllimi təbrik etmək üçün pul yığmaq tərbiyəsizlik və əxlaq normalarına sığmayan haldır” - deyərək, daha açıq və sərt mövqe bildirən nazirliyin şöbə müdiri Bayram Hüseynzadə, xüsusən, 8 mart günündə qadın müəllimələri təbrik etməyə normal baxır. Hətta, müəlliməyə müəyyən hədiyyələrin alınmasını da mümkün sayır ki, bu da rüşvət kimi qəbul olunmamalıdır.

Məsələ müəlliməni təbrik etməkdə deyil. Bu, artıq bir davranış etiketinə çevrilib. Məsələ – müəlliməni necə və nə ilə təbrik etməkdədir.

Müəlliməyə bayram təbriki olaraq pul verilməsi - Bayram Hüseynzadənin təbirincə desək, müəlliməni təhqir etməkdir. Deməli, hər bayramqabağı müəllimələr kütləvi surətdə təhqir olunur? Bu prosesdə könüllü iştirak edən müəllimlərimizin də sayı çoxdur. Heç kəsin xətrinə dəymədən etiraf edək ki, bu da reallıqdır…

Bəs niyə belə vəziyyət davam edir? Niyə hər il nazir səviyyəsində belə qadağan olunan xoşagəlməz, narazılıq yaradan, təhqiramiz əməllər təkrarlanır?

Günahı çoxlarında axtarırıq. Naziri, məktəb direktorlarını, müəllimləri günahlandırırıq. Məktəblərdə pul yığılmasını onların ayağına yazırıq. Deyirik ki, nazir daha möhkəm tapşırsa, pul alanları gerçək olaraq cəzalandırsa, direktor da nəticə çıxarıb eyni hərəkəti edər, müəllimə də qorxusundan pul götürməz “ beləliklə, məsələ həll olunar (?). Bəlkə də bu cür yanaşmada həqiqət işığı var: “Pul alınmasa - verilməz” məntiqi ilə düşünəndə inzibati metodlardan başqa çıxış yolu yoxdur.

Amma… bir anlığa düşünək: bu, vəziyyətdən çıxış yoludurmu? Yəni, doğrudanmı məsələ bu qədər bəsitdir? Həqiqətənmi bir kəlmə ilə, hətta, hədiyyə verilməsinin qarşısını almaq olar?

Tapşırıq, qadağa, qorxu, hədə ilə düşüncələri dəyişmək olarmı? Əsla! Sovet dönəmində də sovet vətəndaşları sovet müəllimlərini təbrik edirdilər, pul da verirdilər, qiymətli hədiyyələr də bağışlayırdılar.

Bəla burasındadır ki, bizim cəmiyyətdə çox mənəvi dəyərlər qiymətdən düşdüyü kimi, hədiyyə anlayışı ilə pul anlayışı arasında sərhədlər də itib. Hədiyyə deyəndə, ilk ağıla gələn puldur. Ağlımıza gəlməyən isə odur ki, pul - tədavül vasitəsidir, münasibət ölçüsü deyil.

Əvvəllər yalnız toy məclislərində pul yazılmaq qaydası vardı. İndi toyla yanaşı, bütün digər əlamətdar günlərimiz də pul “hədiyyəsi” ilə qeyd olunur.

Yaxın-uzaq qohumlar arasında – uşağın-böyüyün ad günündən tutmuş, məktəbə getməsi, məktəbi bitirməsi, ali məktəbə daxil olması, hərbi xidmətə getməsi-gəlməsi və s. və i. əlamətdar günlərin hamısında “hədiyyə” puldur.

90-cı illərdə “ gənc yaşlarımda işlədiyim kollektivlərdə 8 Mart ərəfəsində – kişilər yığışıb kollektivin xanım əməkdaşlarına nə hədiyyə almaq barədə məsləhətləşirdik. Gül dəstəsi öz yerində, həm də pis-yaxşı bir hədiyyə seçilirdi.

İndi iş yerlərində, kollektivlərdə də hədiyyəni müəyyən məbləğdə pul əvəz edib.
Dost-tanışlardan kimsə ad gününü, yubileyini qeyd edir, yığışıb gedirsən, hamı biri-biri ilə sözləşibmiş (bəzən elə əvvəlcədən sözləşilir də) kimi, zərfdə pul aparır. Hədiyyənin başqa formasının fikirləşib tapmaq müşkül bir iş.

Xəstə yanına və yaxud qohumun yeni doğulmuş uşağını görməyə gedəndə pul verirlər...
Hətta, evdə, ailə içində uşağı belə ad günü, bayram və ya hər hansı bir digər əlamətdar günlə bağlı təbrik etmək istəyəndə ilk yada düşən və xeyli fikirləşdikdən sonra da üzərində dayandığımız “hədiyyə” puldur.

Adət-ənənə, mentalitet, davranış mədəniyyəti formasını alan “pulyığma mərasimi” harada yoxdur ki? Cəmiyyət “o qədər inkişaf edib” ki, əlində hədiyyə bir məclisə gələnə “geridə qalmış”, köhnəliyin qalığı kimi baxırıq. Bu baxışlar davranışımıza, əxlaqımıza o qədər oturuşub ki, hər birimiz hədiyyə əvəzi pul verməyi üstün tuturuq. İkinci məsələ də pulun məbləğidir ki, bu da dost-tanış, qohum-əqrəba arasında təbəqələşmə yaradır.

Pulu ehtiyacı olana xəstəyə və s. belə şəxsə verilməsini yenə də başa düşmək olar. Məsələ bundadır ki, hədiyyə əvəzi olaraq pula ehtiyacı olmayana daha çox pul verilir.

“Çünki o, imkanlı adamdır, ona az məbləğdə pul vermək ayıbdır!(?)”

Fərqində deyilik, ancaq etiraf edək ki, bizim hədiyyə seçmək, hədiyyəni qiymətləndirmək bacarığımız yoxdur. Biz aldığımız-verdiyimiz hədiyyəni qiymətinə, ona verilən pula görə dəyərləndiririk. Biz hədiyyəni diqqət ifadəsi yox, pul ifadəsi ilə ölçürük. Biz yaxınlarımıza münasibətdə səmimiyyətimizi hədiyyə ilə ifadə edə bilmirik!

İndi qayıdaq müəllimlərin təbrik edilməsinə. Əslində müəllimləri təbrik etmək borc, öhdəlik yox, istək məsələsi olmalıdır. Niyə də müəlliməni təbrik eləməyək ki?
İbtidai sinif uşaqlarının üzərində müəllimlərin haqqı valideyn haqqına bərabərdir, bəlkə daha da üstün olmalıdır. Tərbiyə, təhsil, əxlaq, davranış mədəniyyəti, həyata baxış öyrədir müəllimə uşağa. Harada olmağımızdan, məktəbi neçənci ildə bitirməyimizdən, həyatda hansı mövqeyi tutmağımızdan asılı olmayaraq, müəllimlərimizi, xüsusən, ilk sinif müəllimlərimizi unutmuruq, heç kəs unutmur. Unudan nankordur, deməli. Kimsə deyə bilməz ki, həyatdakı uğursuzluğunun səbəbkarı müəllimədir. Əksinə, hər bir uğurumuzun təməli müəllimlərimizdir.

Müəllimlərimizə ikinci valideyn deməyimiz təsadüf deyil. Onları təbrik etmək də borcumuzdur, necə ki, valideynlərimizi, ana-bacılarımızı, doğma-yaxınlarımızı, əzizlərimizi təbrik edirik.

Elə isə niyə əzizimiz-doğmamız bildiyimiz müəllimələrimizə pul verməliyik? Axı bizim məqsədimiz onları təhqir etmək deyil.

Heç kəsə də sirr deyil ki, müəllimləri təbrik etmək təşəbbüsü ilk növbədə valideynlərdən gəlir. Heç müəllim, özü də ilin-günün bu vaxtında valideynin qarşısına çıxıb “məni təbrik edin” demir. Niyə valideyn komitələri, valideynlər bayram hədiyyəsi deyəndə yalnız pul barədə düşünürlər? Olmazmı ki, heç olmasa, müəllimlərə münasibətdə səmimi olaq?
İldə bir dəfə olan 8 Mart Qadınlar Bayramı – həm də xanımlara, müəllimələrə bir minnətdarlıq şansıdır, imkanıdır. Bu günü müəllimənin “gözünə girmək”, “yaxşı, pullu valideyn” imicini təqdim etmək günlərindən fərqləndirmək, ayırmaq lazımdır. Minnətdarlığımızı pulla ifadə etməklə müəllimələrimizin xidmətini də, xətrini də kiçiltmiş olmuruqmu?

Hamımız puldan və güldən başqa müəlliməni necə təbrik etmək barədə düşünürük.
8 Mart Bayramı ərəfəsində “ şagirdlər arasında müəllimələrə həsr olunmuş “ən yaxşı rəsm”, “ən yaxşı əl işi”, “ən yaxşı inşa”, “ən yaxşı mahnı”, “ən yaxşı şer” və s. bu kimi müsabiqələrin təşkilinə kim mane olur? Bunu da hər məktəbdə gəlib nazirmi tətbiq etməlidir? Axı valideynin, valideyn komitələrinin işi təkcə müəllimlərə pul yığmaq deyil!..
Hər il bu gün - məktəblərdə tədbir keçirib, bütün qadın müəllimləri valideynlərin ürək sözləri, şagirdlərin layiqli oxuması və davranışı ilə təbrik etməyə nə deyirsiniz?

Bayramınız mübarək, əziz müəllimələr!
Bayramınız mübarək, əziz xanımlar!

P.S. Kəskin qadağaya baxmayaraq, yazının əvvəlində sözügedən məktəbdə yenə də “valideyn komitələri” pul yığır. İndi o direktor nə etsin, bütün uşaqları məktəbdən çıxarsın?

Habil İsgəndərov

isgenderli@mail.ru

Gündəlik