MİQRASİYA GÜNÜMÜZÜN MÜHÜM REALLIĞIDIR
MİQRASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ ELMİ MONOQRAFİYADA BU BARƏDƏ ƏTRAFLI BİLGİLƏR VERİLMİŞDİR
NatiqAbdullayevin “Müasir Azərbaycanda miqrasiya siyasəti və beynəlxalq əməkdaşlıq” monoqrafiyası “Nurlan” nəşriyyatında nəşr olunmuşdur. 328 səhifəlik kitabda zəmanəmizin qlobal problemlərindən biri olan miqrasiya prosesi, onun elmi, siyasi və praktik aspektləri, dövlətimizin bu sahədə siyasəti geniş təhlil edilmişdir. 4 fəsil, 8 bölmə, giriş və nəticədən ibarət nəşr müəllifin eyni adlı elmi-tədqiqat işinin əsas tezislərini əhatə edir.
Nəşrin elmi redaktoru siyasi elmlər doktoru, professor Hicran Hüseynova, rəyçi tarix elmlər doktoru, professor Ağalar Abbasbəylidir.
Kitabdakı zəngin faktoloji materialı miqrasiya ilə maraqlanan hər bir oxucu üçün maraqlı olacağına inanırıq.
Natiq Yusif oğlu Abdullayev Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədr müavinidir. Bir sıra ölkələrdə keçirilən beynəlxalq konfranslarda respublikamızı təmsil edib, Stokholm və Venesiya Arbitraj institutlarının diplomlarını alıb. Nəşr edilmiş bir neçə hüquqi ədəbiyyatın tərtibçi və elmi redaktoru, layihələrin müəllifi və rəhbəridir. Mətbuatda miqrasiya məsələlərinə dair məqalələri dərc olunub. Azərbaycan Mili Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun dissertantıdır.
Əməkdaşımız bir neçə sualla müəllifə müraciət etmişdir.
-Natiq müəllim, son illər dilimizdə, məişətimizdə, mediada, beynəlxalq siyasətdə daha çox, tez-tez eşitdiyimiz miqrasiya sözünün leksik, elmi-tarixi, siyasi anlamını necə şərh edərdiniz?
-«Miqrasiya» – latın sözü olub («miqratio») «bir yerdən başqa yerə (yaxın və uzun müddətli) hərəkət etmək, köçmək, yerini dəyişmək» mənalarını verir («miqro»-keçirəm, köçürəm). Bir qayda olaraq insanların öz yaşayış yerlərini dəyişmələri ilə əlaqədar olan bir prosesdir.
Miqrasiyanın elmi izahı ilk dəfə XIX əsrdə E.Ravenşteyn tərəfindən verilmişdir və onu «insanın öz yaşayış yerini daimi və ya müvəqqəti dəyişməsi» kimi şərh etmişdir. «Miqrasiya» sözü ilkin mənasında ingilis dilindəki «miqrateo» – piyada gəzmək, səyahət etmək» feli ilə də bağlıdır. Anlayışın geniş və dar mənalarda tətbiqi məlumdur. Dar mənada daimi yaşayış yerinin tərk edilməsi «köçüb getmək», geniş mənada isə müddət, mənbə, məqsəd və davamlığından asılı olmayaraq ərazi-məkanlar, ölkələr daxili və dövlətlər arası əhali hərəkətini ifadə edir.
Bəşər cəmiyyətinin tarixi inkişafını müşayiət edən davamlı hadisə kimi miqrasiya hələ qədim dövrlərdən mövcud olmuşdur. İlk əvvəl insanların yaşayış yerlərinin dəyişməsinin səbəbi təsərrüfat-istehsal, əmək bölgüsü faktorları olmuşdur. Digər səciyyəvi cəhət isə erkən tarixdə əhalinin bir yerdən digərinə köç etməsini şərtləndirən amil-müharibə, işğal, zor tətbiqi, istismar, irqi-dini, etnik və sair qüvvə təzyiqinin nəticəsi olmuşdur. Bəşər tarixi «böyük insan köçü» kimi tanınan hadisələrlə zəngindir.
Zaman keçdikcə, ictimai inkişafın təkamülü miqrasiyanın əsas motivi kimi sosial-iqtisadi, siyasi səbəbləri önə çəkmişdir. Bu xüsusilə sənaye-kapitalist istehsal üsulunun intensiv inkişaf etdiyi XIX əsrdə baş vermişdir. Təbii ki, bu dövrdən etibarən miqrasiya proseslərinin hərbi, siyasi, sosial, milli-dini faktorları da öz təsirini saxlamışdır. Təkcə I və II dünya müharibələrini, bolşevik inqilabının və digər çox saylı inqilabları, vətəndaş müharibələrini, totalitar rejimlərin zorla köçürmə siyasətini xatırlatmaq kifayətdir. Milyonlarla insanın məcburi miqrant həyatı yaşamasının çoxşaxəli mənbələrinin həlli ilə əlaqəli mövcudluğu faktı qəbul edilmişdir. Bununla belə, industrial inkişaf mərhələsi insan axınlarının yüksək intensivliyinin başlanğıc götürdüyü zaman hesab olunur. Miqrasiyanın elmi təhlilinə cəhdlər də XIX əsrdən müşahidə olunur. Bu fenomen terminologiya və təsnifat xüsusiyyətlərinin müəyyənləşməsində dünyanın bir çox alimləri iştirak etmişdir.
Sovet dönəmində də problemə müxtəlif münasibət olmuşdur. XX əsrin 30-cu illərində onun iqtisadi aspekti sahəsində tədqiqatlara ara verilmişdir. Səbəbi o idi ki, 1937-ci ilin əhalinin siyahıyaalınma tədbiri «ziyankar kampaniya» elan edilmiş, bu sahənin tədqiqatçıları repressiyaya məruz qalmışlar. Demoqrafik-miqrasiya problemi uzun illər «təhlükəli» yasaq mövzu hesab edilmişdir. “1954-cü ilin Böyük Sovet Ensiklopediyasında «miqrasiya» anlayışının mahiyyəti kölgədə qalmışdır. Yalnız 1959-cu ildə onun ensiklopedik şərhi bərpa edilmişdir».
Ötən yüzilliyin sonlarından miqrasiya qlobal demoqrafik problemlər və beynəlxalq həyatın ən mühüm reallığı kimi geniş qədəm qoyur. Onun neqativ təzahürləri beynəlxalq münasibətlərin və siyasi tənzimlənmənin predmetinə çevrilməyə başladı. Bununla da, «miqrasiya» termininin politoloji-hüquqi statusu və mahiyyəti beynəlxalq siyasətdə və qanunvericilikdə rəsmi məzmunun müəyyənləşməsini gündəmə gətirdi.
BMT tərəfindən 1958-ci ildə nəşr edilmiş lüğətdə miqrasiya «əhalinin demoqrafik planda hərəkəti və yerdəyişməsinin ən mühüm istiqaməti kimi» izah edildi . 1989-cu ildə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın 59-cu sessiyasında «miqrasiya» və «miqrant» anlayışlarına belə şərh verildi: «Miqrasiya hər bir dövlətin inkişafının ayrılmaz hissəsidir. İstər insanların tərk etdiyi, istərsə də yaşamaq üçün seçdikləri dövlətlər, yerdəyişmənin səbəbindən asılı olmayaraq bu proseslərlə üzləşirlər. Miqrant – bir dövlətdən digərinə hərəkət edən (beynəlxalq təşkilatların həyata keçirdiyi, beynəlxalq miqrasiya xidmətinə ehtiyacı olan şəxsdir».
«Miqrasiya, miqrant, beynəlxalq miqrasiya» anlayışlarının ümumən qəbul edilmiş, unifikasiya olunmuş məzmununun müəyyənləşməsi prosesi siyasi-hüquqi tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malikdir». Dünyada miqrant axınlarının əvvəllər görünməmiş hədlərə çatması və onun tənzimlənməsi sahəsində beynəlxalq siyasi əməkdaşlıq bu problemin geniş təhlili, yeni anlayış aparatının təkmilləşdirilməsi kimi tələblər nəzəri araşdırmaları zəruri etdi. Miqrasiya ən müxtəlif elmlər tərəfindən tədqiq edilməyə başladı. Onun yalnız iqtisadi səbəblərlə deyil, həm də insanlara xas olan tələbat, maraq və səylərlə də sıx bağlı olduğu aşkarlandı. Bu günə qədər miqrasiyanın əlliyə yaxın tərifi mövcuddur. Bu sahədə aparılan nəzəri-metodoloji ümumiləşdirmələrə əsasən «miqrasiyanın növləri, strukturu, faktorları, funksiyaları, tipologiyası, motiv və mənbələri, regional xüsusiyyətləri, dinamikası və miqyası kimi aspektlərin müxtəlif təsnifat sistemləri müəyyənləşdirilmişdir. Əminliklə demək olar ki, onların heç biri bitkin, mükəmməl nəzəri sistem kimi formalaşa bilməmişdir, inkişafın hər bir yeni mərhələsində yeni xüsusiyyətlər, yeni miqrasiya reallığı ortaya çıxır. Miqrasiyanın növləri aşağıdakı kimi sistemləşdirilmişdir: daxili, xarici, bir istiqamətli (geri dönməyi nəzərdə tutmayan), daimi yaşayış yerinə emiqrasiya, müvəqqəti (qayıdışı nəzərdə tutan), uzunmüddətli (6 aydan çox müddətə davam edən), mövsümi, köçərilik və ziyarət məqsədli, mütərəddid (daimi gediş və qayıdış, «rəqqas formalı» adlandırılan miqrasiya növü), epizodik, tranzit (sərhədyanı), məcburi (obyektdən asılı olmayan səbəblərdən baş verən miqrasiya), əks istiqamətli, dönüş məqsədli miqrasiya (özünün və ya dövlətin təşəbbüsü ilə dönüşü nəzərdə tutan miqrasiya növü; məs. İsrail dövlətinin repatriasiya proqramı). Miqrasiyanın belə təsnifat bölgüləri, səbəb-nəticə, forma, mərhələlərinə görə müxtəlif növləri mövcuddur.
Miqrasiya axınlarının təhlilində bir sıra mühüm anlayışlar mövcuddur. Buraya emiqrasiya, immiqrasiya, miqrantların müxtəlif kateqoriyaları aiddir.
Miqrasiya – insanların daimi və ya müvəqqəti yaşayış məqsədi ilə yaşadığı ölkədən xaricə getməsidir. İmmiqrasiya – əcnəbi vətəndaşın ölkəyə müvəqqəti və ya daimi yaşayış üçün gəlməsi prosesini ifadə edir. Müvafiq proses iştirakçıları emmiqrant və ya immiqrant statusunu alırlar. Hər iki kateqoriyadan olan miqrantlar könüllü və ya zor tətbiq edilməklə proses iştirakçısı ola bilər.
İmmiqrasiya bir çox dövlətlərin varlığı üçün əvəzsiz rol oynamışdır. Məsələn, Amerika «immiqrasiya milləti, ölkəsi» kimi də adlandırılır. İmmiqrasiya əhali tərkibinin dəyişməsini şərtləndirir. Müxtəlif etnik qrupların qarışması nəticəsində yeni xalq və millətlər, etnik qruplar formalaşa bilər. Bu hadisə bütün tarixi dövrlər üçün səciyyəvidir. Məs. Avrasiya əhalisinin formalaşmasına son iki min il ərzində baş verən Avropa xalqlarının Böyük Köçü (IV–VII əsrlər), ərəb xilafətinin fəthləri (VII-VIII əsrlər) türk-monqol işğallarının şərtləndirdiyi (XI–XVII əsrlər) miqrasiya axınları böyük təsir göstərmişdir. Böyük coğrafi kəşflər epoxası da qeyd olunduğu kimi (XV əsrin ortaları – XVII əsr) qitələrarası – Avropadan Yeni Dünyaya miqrasiyanın təməlini qoymuşdur. Amerika və Avstraliya dövlətləri yaranmışdır.
-Azərbaycanda miqrasiya prosesinin özəllikləri də kitabınızda geniş şərh edilmişdir…
- İşğalçı Ermənistan dövlətinin ölkəmizin ərazi bütövlüyünü pozması və milyonlarla soydaşımızın etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan dövləti postsovet məkanında ilk olaraq ən çoxsaylı, məcburi miqrant və qaçqın problemi ilə üz-üzə gəlmişdir. İndi Azərbaycan əhalinin ümumi faiz nisbətilə götürdükdə ən çox qaçqın, məcburi köçkünü olan ölkədir. Ölkəmizin keçid dövrünün çətinliklərini yaşadığı bir mərhələdə qaçqın və məcburi miqrantların intensiv axınlarının doğurduğu problemlərin də həlli yollarını, müstəqil miqrasiya siyasətini müəyyənləşdirməli olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qaçqınların problemlərinin həlli və işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizə məsələlərini Azərbaycanın ən böyük problemi kimi kompleks şəkildə aparılan strategiyanın tərkib hissəsi hesab edirdi. Eyni zamanda Azərbaycanda məcburi miqrasiyanın son dərəcə ağır miqyası, işğal və təcavüzə son qoyulması, qaçqınların öz tarixi torpaqlarına qaytarılması, tarixi ədalət və Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması Heydər Əliyevin siyasi kursunun ana xəttini təşkil etmişdir.
Heydər Əliyevin məcburi miqrasiya probleminin tənzimlənməsi sahəsində həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini rəhbərliyi dövründə onun tərəfindən imzalanan 25 fərman və sərəncam, qəbul edilən 13 qanun, Nazirlər Kabinetinin qəbul etdiyi 152 qərar və sərəncam bariz sübut edir. Ulu öndərin iştirak etdiyi, dəvət edildiyi elə bir mötəbər, beynəlxalq tədbir yox idi ki, orada Azərbaycanda məcburi miqrasiyanın fəlakətli səbəbləri, günahkarı və nəticələri bəyan edilməsin. .
2003-cü ilin prezident seçkiləri ərəfəsində respublikada bütün məcburi köçkün düşərgələrinin ləğv olunacağını bəyan edən və buna nail olan Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə 13 fərman və sərəncam imzalamış, onların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 47 qərar və sərəncam verilmiş, Milli Məclis tərəfindən 1 qanun qəbul edilmişdir.
Son bir əsrdən artıq bir dövr ərzində Azərbaycan dövlətində miqrasion situasiya Birinci və İkinci Cahan müharibələrinin, xarici müdaxilə, Ermənistanın xalqımıza qarşı dövlət siyasəti çərçivəsində həyata keçirdiyi soyqırım, etnik təmizləmə və zorakı miqrasiya proseslərinin təsiri altında formalaşmışdır. Hələ 1913-1920-ci illər arasında Azərbaycan əhalisinin sayı müharibə və soyqırım fəlakəti nəticəsində 16,6 faiz azalmış, 2 milyon 339 min nəfərdən, 1 milyon 952 minədək azalmışdı. 1948-1953-cü illər arasında Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlı öz əzəli tarixi torpaqlarından zorla qovulmuş, deportasiya olunmuşdur.
-Günümüzün acı reallığına çevrilmiş qaçqın və məcburi köçkün anlayışının, kateqoriyalarının beynəlxalq təsnifatı barədə nə demək olar?
-«Qaçqın» anlayışının tərifi müasir beynəlxalq hüquqda əsasən iki rəsmi sənəddə əksini tapmışdır: BMT-nin «Qaçqınların statusuna dair və 1951-ci il Konvensiyası və ona əlavə edilən 1967-ci il Protokolu. Bu iki akt arasında müəyyən fikir ayrılığı mövcuddur. BMT Konvensiyası Avropada yerləşən ölkələri nəzərdə tutur və 1951-ci ilin yanvarınadək baş verən hadisələrə aid edilməklə coğrafi və zaman məhdudiyyətini nəzərdə tutur. 1967-ci ildə qəbul olunmuş Protokol isə bu məhdudiyyətləri kənarlaşdıraraq istənilən dövlətdə həm keçmişdə, həm də gələcəkdə qaçqın vəziyyətini yaratmış və yarada biləcək bütün vəziyyətlərə, hadisələrə aid edilir. Azərbaycan dövləti də həmin sənədləri ratifikasiya etmişdir.
Bunlardan əlavə qaçqın problemi, məcburi miqrasiya sahəsində daha sonra 30-dan çox beynəlxalq saziş qəbul edilmişdir. Bunların arasında Afrika Birliyi Təşkilatının 1969-cu il Konvensiyası xüsusilə diqqəti cəlb edir. Burada «Qaçqın» anlayışı daha yığcam və dəqiq ifadəsini tapmışdır. «Qaçqın» termini xarici işğal, təcavüz, hökmranlıq cəhdi və ya ictimai asayişin ən ciddi şəkildə pozulduğu hadisələr nəticəsində öz ənənəvi, daimi yaşayış yerini tərk etməyə məcbur olan istənilən şəxslərə aid edilir».
Məcburi miqrasiya və qaçqınlarla bağlı əlavələr kəskin problem də odur ki, qaçqın statusunu müəyyən edən beynəlxalq sənədlərdən əlavə hər bir dövlətin öz qanunvericilik praktikası da mövcuddur. Həmin praktika da məcburi miqrasiyanın bu və ya digər kateqoriyaları üçün əlavə meyarlar da müəyyən edilir. Məcburi miqrantlar müxtəlif statuslar ala bilərlər. «Azərbaycan Respublikası ərazisində məcburi köçkün hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub, başqa yerə köçmüş şəxslərdir. Həmin səbəblərdən ölkə ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub, ölkə hüdudlarından başqa yerə köçmüş şəxslər məcburi köçkünlərə bərabər tutulan şəxslərdir. Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər də məcburi köçkünlərə bərabər tutulur».
Miqrasiyanın məcburi formasına aid edilən kateqoriyalar arasında ciddi fərqlərin qoyulması çox çətin olsa da, bəzi səciyyəvi xüsusiyyətləri müəyyənləşdirmək mümkündür.
Məcburi miqrant bir qayda olaraq öz yerini qəfil vaxtda, özünün və yaxınlarının həyatı üçün çox təhlükəli olan vəziyyətdə tərk etməli olur. Üstəlik də belə yerdəyişmə ümumiyyətlə insanın həyati varlığı və ictimai-maddi yaşayışı üçün ən zəruri vasitələrin itməsi, məhv olması ilə müşayiət olunur. Bundan fərqli olaraq, «könüllü miqrantlar» özlərinin başqa yerə getməsi qərarını uzun müddət götür-qoy etmək üçün, seçim etmək üçün kifayət qədər vaxta malikdirlər. Əgər söhbət əmək miqrasiyasından gedirsə, hətta dövlətin müəyyən yardımına da ümid edə bilir. Ən başlıcası isə, könüllü miqrantın öz həyat səviyyəsini, sosial vəziyyətini daha da yaxşılaşdırmaq imkanı mövcuddur.
Qaçqın və ya məcburi köçkünlər isə adət etdiyi yaşayış yerini tələsik, qəfil tərk etməli olur və hara gedəcəyini, hətta güman belə edə bilmir. Əgər könüllü miqrant əvvəlcədən tanış və ya qohumlarının yaşadığı, özünün nə işlə məşğul olacağını təxmini bilirsə, məcburi miqrant fövqəladə qeyri-müəyyən şəraitdə hərəkət etməli olur. Məcburi köçkünlər – beynəlxalq siyasi xəritədə qəbul olunmuş dövlət sərhədlərini keçmədən öz yaşayış yerini müharibə, zorakılıq, insan hüquqlarının pozulması, təbii və ya humanitar fəlakət nəticəsində və ya bu təhlükələrin mövcudluğu üzündən tərk edən şəxsdir və ya şəxslər qrupudur.
Hesablamalara görə hazırda dünyada 30 milyona yaxın məcburi köçkün mövcuddur. Azərbaycan dünyada ərazisində say etibarilə ən çox məcburi köçkün yaşadığı ölkədir.
Ölkələr daxili məcburi miqrasiyanın ən mühüm fərqli cəhəti odur ki, bu kateqoriya insanlar həmin dövlətin vətəndaşlarıdırlar. Ölkə vətəndaşı kimi bütün fundamental insan hüququ və azadlıqlarına malik olduqları halda, ciddi problemlər yaşayırlar. Fövqəladə durumuna görə bu qisim şəxslərin hüquqi müdafiəsi daha yüksək səviyyədə olmalıdır.
Məcburi köçkünlər kateqoriyasının bu dərəcədə çoxalması, onların ən çox yaşadığı Azərbaycan dövləti nümunəsində qarşıya çıxan problemlər bu sahədə beynəlxalq və yerli qanunvericilik və siyasi tənzimlənmə mexanizmlərinin hələlik olmadığını, əsil siyasi-hüquqi «nizam böhranı»nın mövcudluğunu aşkara çıxardı. BMT-nin yuxarıda qeyd olunan 1951-ci il Konvensiyası ölkədaxili məcburi miqrantlara şamil edilmirdi. Bu şəxslər «beynəlxalq müdafiə dairəsinə» aid edilmirdi, çünki səbəb nə olur olsun, öz ölkələrini tərk etmir, bu barədə düşünmək belə istəmirlər.
Bu vəziyyəti ilk olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi diqqətə çəkdi. «Ölkədaxili hərbi münaqişə» anlayışının beynəlxalq siyasi hüquqi statusunun müəyyənləşdirilməsi zəruriliyini göstərdi. Nəhayət, məcburi köçkünlərin haqq ədalətlə müdafiəsi problemi beynəlxalq birliyin əməkdaşlığını tələb edən strateji siyasi məqsədə çevrildi.
Hətta, məcburi miqrant nəinki öz sosial vəziyyətini yaxşılaşdırmaq, ən vacibi həyatını saxlamaq, sadəcə sağ qalmaq barədə düşünür. Bu baxımdan onun sonrakı taleyi ilə könüllü miqrantda olduğu kimi gedəcəyi yerin «cəlbediciliyindən» deyil, onun sağ qalıb-qalmaması asılı olduğu zorakı, təcavüz məcburiyyət faktorlarından bilavasitə asılı olur.
-Miqrasiya dünyanın mənzərəsini dəyişən amilə çevrilir...
Son 25 ildə miqrantların sayının artaraq 200 milyona (yer kürəsi əhalisinin 3 %-i) çatması təxirə salınmadan bu məsələnin həllini tələb edir.
Bu gün dünyada sayı iki yüz milyona çatan miqrantların 60%-i inkişaf etməkdə olan ölkələrdə, 40%-i isə qabaqcıl ölkələrdə məskunlaşmışdır. Avropada 60 milyon, Asiyada 51 milyon, Şimali Amerikada 41 milyon miqrant yaşayır. Miqrantların qəbuluna görə dünyada birinci yeri tutan ABŞ-da əhalinin 37 milyondan çoxunu miqrantlar təşkil edir. Sonrakı yerləri Rusiya və Almaniya tutur. Əgər son 20 min miqrantlarından ibarət yeni bir ölkə təşkil olunmuş olsa idi, onda həmin ölkə əhalisinin sayına görə Çin, Hindistan, ABŞ, İndoneziya kimi ölkələrdən sonra başlıca yeri tutmuş olardı» .
BMT-nin əhali fondunun hesablamalarına görə miqrantların əksəriyyətini 15-30 yaşlarında olan gənclər təşkil edir. BMT rəsmiləri bunu «həyəcanın doğurduğu fakt» kimi qiymətləndirmişdir. Dünyanın bəzi ölkələrində əhalinin yalnız miqrantların hesabına artması (məs. ABŞ) məlumdur. «Almaniyaya da dünyanın 200-ə yaxın ölkəsindən gələn 15 milyon miqrant əhali artımının təməl faktorlarındandır. Almaniyada hər beş nəfərdən biri miqrantdır».
Miqrantların ölkənin daimi əhalisinin tərkibində xüsusi çəkisinin artması qloballaşma dövründə son dərəcə intensivləşmişdir. «Beynəlxalq miqrasiya» fenomeni ayrıca tədqiqat predmeti, siyasi reallığın yeni xüsusiyyəti kimi təşəkkül tapmışdır. Miqrasiya axınlarının qloballaşması, bütün ölkələrin bu proseslərə cəlb edilməsi, milyonlarla imiqrantın Qərbə axınından kimin udması və ya uduzması, mümkün siyasi nəticələri bu gün Qərb elmində ən çox müzakirə olunan məsələlərdəndir. «Miqrant intervensiyasının» (işğalının) dinc işğal kimi Qərbin məhvinə səbəb olacağına dair çoxsaylı proqnozlar verilir. Bu mövqelərə bir qədər sonra toxunulacaqdır.
Miqrasiyanın statistik göstəricilərinin dinamikası göstərir ki, qloballaşma mərhələsində miqrasiyanın nəticələri və təsiri birmənalı deyildir.
İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələri üçün çox sərfəli olan qloballaşma prosesləri «Şimal və Cənub», «Qızıl milyard və yerdə qalan əhali» arasında demoqrafik qütbləşmənin, miqrasiya təzyiqi, leqal və qeyri-leqal, kriminal miqrasiyanın hədsiz dərinləşməsi ilə müşayiət olunur. Üstəlik ABŞ, Avropa, Kanada və Yaponiyada əhali artımının müstəsna dərəcədə (bu gün artıq həm də Rusiyada) imiqrasiya axınından asılı olduğunu da nəzərə alsaq, vəziyyətin ciddiliyi və yaxın perspektivlər bu ölkələri dərindən düşünməyə vadar edir. Təkcə onu qeyd etmək kifayətdir ki, XX əsrin II yarısından immiqrasiya Avropada əhali artımının təməl faktoru kimi çıxış edir: 1990-1995-ci illər arasında bu qitədə əhali artımının 88 faizi miqrantlar hesabına olmuşdur .
Müasir Qərb ölkələrində demoqrafik disbalansı şərtləndirən ən mühüm problemlərdən biri burada əhalinin davamlı qocalması prosesidir. Bu özünü elmi dövriyyəyə gələn «qlobal qocalma» fenomenində büruzə verir. Qlobal qocalma – bəşər tarixi üçün prinsipial olaraq yeni olan hadisədir. Buna görə də onun təhlili və ilkin proqnozlar ciddi narahatçılıq üçün əsas yaradır. Çünki tədqiqatçıların əksəriyyəti hesab edir ki, bu proseslər qlobal həyatın bütün sahələrinə öz təsirini göstərəcəkdir.
Mövcud proqnozlardan birinə görə otuz ildən sonra Avropa, Şimali Amerika və Yaponiya dövlətləri ən ciddi «yaş, qocalıq böhranı» ilə üz-üzə qala bilər. Əhalinin qocalması bütün dünyada maliyyə sistemini məhv edə bilər, çünki yaşlıların təqaüdü və tibbi xidmətinin ödənilməsinə milyardlarla vəsait sərf ediləcəkdir. ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlara görə (CSİS), hətta qabaqcıl ölkələr öz yaşlı əhalisinə təqaüdün həcmini artırmadan, indiki məbləğdə onu ayırmaqda davam etsələr belə, 2050-ci ildə təqaüd ödənişləri bu ölkələrdə ÜDM-nin 30 faizini təşkil edəcək. Bu rəqəm bu gün üçün olan göstəricidən iki dəfə, həmçinin dövlət sosial-təminat orqanlarının proqnozlarının proqnozlaşdırdığı məbləğdən iki dəfə artıqdır» ( www.miqration.ru.). Belə vəziyyətdə həmin ağrılı problemlə – ya əhalinin sosial təminatını tam ödəmək, ya da bu sahədə xərclərin kəskin şəkildə aşağı salınmasına məcbur ola bilər.
«Qlobal qocalma» fenomeni miqrasiya siyasətində radikal dəyişikliklərə səbəb ola bilər. Miqrantların cəlb edilməsi, stimullaşdırılması siyasəti həyata keçirilərək, vəziyyətdən çıxış yolu aramağa səy göstəriləcək. Hətta, bəzi tədqiqatçılar XXI əsrdə əsas ziddiyyətin – «miqrantlar uğrunda müharibə» olacağını da irəli sürürlər.
Müqayisə üçün Rusiya dövlət dumasının spikeri Sergey Baburinin sözlərini də gətiririk: «Rusiyada 144 milyon əhali yaşayır. Əgər bizə Çindən 300 milyon immiqrant gəlsə onda sual olunur: dövlət dili hansı dil olacaq?».
Avropanı 2050-ci və 2100-cü illərdə nə gözləyir? Hesab edir ki, 40 ildən sonra vəziyyət tamamilə dəyişəcəkdir. Yer kürəsi əhalisi ümumilikdə artsa da, Avropa mənşəli xalqlar durğunluq dövrünü yaşayır, dünya əhalisinin ümumi çəkisində, ağ əhalinin sayı 2000-ci ildə altıda bir (1/6) rəqəminədək enmişdir. 2050-ci ildə bu rəqəm onda bir (10/1) olaraq, bir sözlə bu «nəsli kəsilən, qırılmaqda olan irqin statistikası deməkdir». Avropanın 47 ölkəsindən yalnız Albaniyada doğum səviyyəsi qənaətbəxşdir. Əgər belə davam edərsə, qitə əhalisi XXI əsrin sonları üçün 207 milyona qədər azala bilər. Nəticədə Qərb sivilizasiyasının «beşiyi onun qəbrinə çevriləcəkdir». Ən pis vəziyyət Almaniyada, İtaliyada və İspaniyadadır. Avropa üçün daha böyük təhlükə əmək qabiliyyətli 15-64 yaş arası əhalinin sayının hədsiz azalmasıdır. 2050-ci ildə artıq Avropa əhalisinin ondan üç hissəsini 60 yaşdan yuxarı insanlar təşkil edəcək. İngiltərə, Almaniya, İspaniya və İtaliyada isə hər onuncu adam 80 yaşından yuxarıda olacaq.
-Müasir Azərbaycan dövlətinin miqrasiya siyasətinin mühüm istiqamətləri barədə nə demək olar?
-Qloballaşan dünyaya inteqrasiya və Azərbaycanın dinamik iqtisadi inkişafı mərhələsində son dərəcə intensivləşən miqrasiya proseslərinin idarə edilməsində dövlətimizin siyasətində beynəlxalq aktorların, dünya birliyinin maraqlar balansının təhlil olunması və milli təhlükəsizliyin təminatı, müasir miqrasiyanın tənzimlənməsində yeni yanaşmaların tətbiqini zərurətə çevirir. Bütün dövlət strukturlarının səylərini, kompleks tədbirləri həyata keçirməyi tələb edir. Bunu nəzər alaraq dünya ölkələrində miqrasiyanın elmi təhlili sahəsində müvafiq strukturların yaradılmasına xüsusi diqqət verilir.
Təkcə onu göstərmək olar ki, Rusiyada miqrasiya probleminin öyrənilməsi ilə 70-ə yaxın təşkilat ixtisaslaşmışdır. Onlardan 30-a yaxını akademik və dövlət strukturlu təşkilat, 20-si beynəlxalq yönümlü və xarici təşkilat, qalanları isə miqrasiya problemini işıqlandıran xüsusi KİV-lər, mərkəzlər, fondlar və sairdir. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə vətəndaşlıq çərçivəsində «Azərbaycanda miqrasiyanın idarəetmə potensialının yaradılması adlı xüsusi Proqram» həyata keçirilmişdir.
Miqrasiyanın məcburi kateqoriyasından fərqli olan digər müxtəlif növlərinin tənzimlənməsinə dair müvafiq qanunvericiliyin zəruri olması dövlət siyasətinin əsasını təşkil edir. Bu baxımdan, miqrasiya, əmək miqrasiyası, immiqrasiya haqqında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikasının qanunları və digər hüquqi aktlar qəbul edildi, Dövlət Miqrasiya Xidməti yaradıldı.
Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində bütün sahələrdə olduğu kimi, miqrasiya vəziyyəti də köklü keyfiyyət dəyişikliyinə məruz qalmışdır. Ölkəmizin regionda və dünyada inkişafın lideri mövqeyinin beynəlxalq miqyasda qəbul edilməsi, ölkə rəhbərliyi tərəfindən təmin edilən investisiya cəlbediciliyinin yüksəldilməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi, optimal-siyasi sabitliyin bərqərar olunması obyektiv olaraq onu həm də miqrantlar üçün cəlbedici məkana çevirmişdir. Bütün bunları və həmçinin qlobal miqrasiya fenomeninin dövlətimizin milli inkişafına mümkün, müsbət və mənfi cəhətlərini, sosial-iqtisadi inkişafda miqrasiya faktorundan maksimum faydalanmaq məqsədini hərtərəfli təhlil edən dövlət başçısı İlham Əliyev miqrasiya siyasətinin yeni mahiyyətli konsepsiyasını formalaşdırdı.
İnkişafın yeni mərhələsində baş verən miqrasiya proseslərinin yeni məzmunu Prezident İlham Əliyevin 2008-ci il avqustun 5-də Nazirlər Kabinetinin ölkədə sosial-iqtisadi inkişafa həsr olunmuş iclasın giriş nitqində mükəmməl ifadəsini tapmışdır: “Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrilib. Əcnəbilər müxtəlif sahələrdə işləyirlər. Onlar yüksək maaş alan mütəxəssislərdir, enerji, xidmət sektorunda çalışanlardır. Bu iqtisadi inkişafın çox gözəl göstəricisidir. Mənə verilən məlumata görə, bu ilin altı ayı ərzində əcnəbilərin Azərbaycana gəlməsi halları 6 dəfə artmışdır. Bir tərəfdən bu yaxşı göstəricidir. Eyni zamanda biz xaricdən işçi qüvvəsinin gəlməsinə hazır olmalıyıq. Bu məqsədlə Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Biz miqrasiya siyasətimizi gücləndirməliyik. Çox ciddi sistem yaratmalıyıq. Hər gələn vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam belə burada işləməməlidir. Biz istənilən anda bilməliyik : hansı xarici vətəndaş hansı gündə haradadır və nə işlə məşğuldur. Mən buna çox diqqət göstərirəm. Çünki gələcəkdə bu problem ciddiləşə bilər. Azərbaycanda hərtərəfli inkişafın təmin olunması üçün bu məsələ daim diqqət mərkəzində olmalıdır. Dövlət tərəfindən tənzimlənməlidir.”
Dövlət başçısının nitqindən göründüyü kimi bu gün Azərbaycanda miqrasiya probleminin yeni spesifikasının və intensiv dinamikasının tədqiqi, bu sahədə dövlət siyasətinin elmi əsaslarla təhlilinə sosial sifariş mövcuddur.
İnkişafın yeni mərhələsində miqrasiya siyasətinin təkmilləşdirilməsi sahəsində daha bir fundamental xarakterli sənəd qəbul edildi. Azərbaycan Respublikasında Vahid Miqrasiya İdarəetmə Proqramının işlənib hazırlanması üzrə 1998-ci ildə yaradılmış Hökumət Komissiyası “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası”nı işləyib hazırlanmışdı və Konsepsiya 14 iyul 2004-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiq edildi.
“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmana əsasən , 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsi bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilir. Ölkə prezidentinin miqrasiya siyasəti sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər Dövlət Miqrasiya Xidmətinin səmərəli fəaliyyətinin təmin olunmasına, iş üsulu və vasitələrinin daha da təkmilləşməsinə imkan verir.
Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti nüfuzlu beynəlxalq təşkilatlar və bir sıra dünya ölkələri ilə sıx əməkdaşlıq edir. Bu günədək Azərbaycan miqrasiya sahəsində 15 beynəlxalq hüquqi akta qoşulub. Miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə 2008-ci iyunun 24-də bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Regionlarda miqrasiya proseslərinin lazımı qaydada tənzimlənməsi üçün ötən ilin oktyabr ayında xidmətin Şirvan və Yevlaxda müasir tələblərə cavab verən regional idarələri də fəaliyyətə başlayıb. Hazırda Dövlət Miqrasiya xidməti mərkəzinin Miqrasiya Məlumat Mərkəzi və “Qaynar xətt”in fəaliyyətə başlanması isə bu sahədə şəffaflığın, habelə vətəndaşların lazımi informasiyaları əldə etmək hüququnun təmini baxımından vacib əhəmiyyətə malikdir.
“Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nı da miqrasiya siyasətinin inkişaf etdirilməsi, müxtəlif növdən və kateqoriyalardan ibarət miqrasiya proseslərinin tənzimlənməsi baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir.
-Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının yeni istiqamətləri və Azərbaycan. Bu məsələni necə şərh edərdiniz?
-Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin gündəmə gəlməsində ən böyük təsir göstərən problemlərdən biri, müasir Qərb cəmiyyətində miqrantları qəbul edən ölkədə cəmiyyətə inteqrasiyası olmuşdur desək, yanılmarıq. Bu o dərəcədə mühüm məsələdir ki, hazırda immiqrasiyanın yüksək olduğu qabaqcıl ölkələr də sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın perspektivləri bu məsələdən asılıdır. Buna görə də miqrasiya, inteqrasiya, dezinteqrasiya və reinteqrasiya mövzusu ən son illərdə həm politoloji fikirdə, həm də beynəlxalq səviyyədə əməkdaşlığın ən çox müzakirə olunan mövzusudur. Bu sahədə beynəlxalq siyasətdə formalaşan ən yeni yanaşmalardan bir qədər sonra bəhs ediləcəkdir.
Beynəlxalq Miqrasiya üzrə Qlobal Komissiya «qarşılıqlı bağlılığın artdığı dünyada miqrasiya» adlı məruzəsi hazırda, XXI əsr üçün bütün dünya dövlətləri, o cümlədən də Azərbaycan üçün beynəlxalq miqrasiya siyasətinin həyata keçirilməsində siyasi və analitik-ekspert əsaslara malik sənəd hesab edilir. Bu sənəddə əksini tapan məlumatlar, tövsiyə və təkliflər; 1) bütövlükdə miqrasiya siyasətinə yeni yanaşmanın formalaşması üçün bütün səviyyələrdən olan idarəetmə strukturları və siyasətçilər üçün mövcud siyasətə yenilik və düzəlişlər edilməsinə; 2) cəmiyyətdə vətəndaşların, elmi ictimaiyyətin və KİV-lərin miqrasion situasiyanı daha adekvat qavraması, məlumat və maarifləndirilməsi işində mühüm əhəmiyyətə malikdir.
Qlobal Komissiyanın məruzəsində miqrasiya – müasir dövrün qlobal problemi adlandırılmışdır. Onun qlobal problem statusunu kəsb etməsi məruzədə hərtərəfli əsaslandırılmışdır. Belə ki, XXI əsrdə dünya reallığında radikal dəyişikliklərin baş verməsi, qloballaşma proseslərinin də buna mühüm təsirini göstərməsi vurğulanmışdır. Dövlətlər, cəmiyyətlər, iqtisadi və mədəni sistemlər dünyanın müxtəlif regionlarında vahid inteqral sistemə çevrilir, bir-birindən sıx asılı vəziyyətə düşürlər. Yəni texnologiyalar kapital, əmtəə, xidmətlər, informasiya və ideyaların bir ölkədən digər kontinentlərə axınını hədsiz sürətləndirir, iqtisadi qloballaşma getdikcə genişlənərək milyonlarla insana daha yaxşı yaşamaq üçün imkanlar açır.
Â
Xüsusilə də Şengen Sazişinin tətbiqi ilə qoyulan məhdudiyyətlərə baxmayaraq, Avropa İttifaqının 25 dövləti maddi-iqtisadi baxımdan firavan hesab olunan ölkələri əhalinin, həm də iqtisadiyyatın təkrar istehsalını miqrasiya olmadan təmin etmək iqtidarında deyil. Çünki, sosial-təminat sistemini təşkil etmək, yaşlı əhalinin tələbatlarını ödəmək və s. üçün miqrant əməyi olmadan keçinmək mümkün deyil.
Bu və digər reallıqları nəzərə alan Qlobal Miqrasiya məruzəsində dünya dövlətlərinin miqrasiya siyasətində yeni mövqe və yanaşmalardan çıxış etməyin zəruriliyi vurğulanır. .
Hazırda Avropa Şurasında miqrasiya məsələlərini tənzimləyən, bu sahədə fəaliyyət üçün məsuliyyətli olan ən mühüm hökumətlərarası orqan – Miqrasiya üzrə Avropa Komissiyasıdır (European Commitee on Miqration). Onun əsas vəzifəsi – miqrasiya sahəsində Avropa dövlətlərinin əməkdaşlığını təmin etmək, bu sahədə şəraitin monitorinqini həyata keçirmək, «miqrant mənşəli» əhali qruplarının, qaçqınların cəmiyyətə inteqrasiyasına dəstəkçi olmaq, miqrantları qəbul edən mühitlə münasibətlərin ahəngə gətirilməsinə nail olmaqdır. .
Səmərəli miqrasiya siyasətini həyata keçirilməsi bir sıra tədbirlər kompleksinin müəyyənləşdirilməsi və reallaşdırılmasından asılıdır ki, buraya ilk növbədə miqrasiya şəraitinin real mənzərəsi və dəyişikliklərin perspektivləri haqqında sistemli elmi təsəvvürlər aiddir. Miqrasiya proseslərinin təhlili və modernləşdirilməsi mövcud milli və beynəlxalq siyasi həyatın inkişaf meyllərinə, bu sahədə beynəlxalq siyasətin tələblərinə və milli spesifikaya uyğun olaraq təşkil olunmalıdır. Optimal miqrasiya siyasətinin həyata keçirilməsi üçün analitik informasiya təminatı nəzərə alınmalıdır. Azərbaycan dövləti digər sahələrdə olduğu kimi bu istiqamətdə də düzgün strategiyaya malikdir, beynəlxalq əməkdaşlığı genişləndirmək, ölkəmizin mənafeyinə uyğun qurmaq üçün səriştəli, düşünülmüş siyasət yürüdür.
-Məzmunlu müsahibəyə görə, çox sağ olun.
Müsahibə “ARAZ-MERİDİAN” qəzetlərinin 22 avqust 2009-cu il 7-ci sayında dərc edilmişdir.