AİLƏ BİZNESİ SAHİBKARLIĞIN İNKİŞAFINDA UĞURLU MODELDIR

AİLƏ BİZNESİ SAHİBKARLIĞIN İNKİŞAFINDA UĞURLU MODELDIR

AİLƏ BİZNESİ SAHİBKARLIĞIN İNKİŞAFINDA UĞURLU MODELDIR


Zaman-zaman iqtisadi böhran şəraitində bir sıra suallar olrtaya çıxır, böhranın səbəbləri araşdırılır, böhrandan qurtulmağın ən optimal yolları müzakirə olunur. Belə müzakirələrdə, həmçinin, optimal biznes modelləri də aktual mövzuya çevrilir. Yəni, belə bir mövzu aktuallaşır ki, ən etibarlı biznes modeli hansıdır, ən etibarlı idarəetmə modeli necədir?Hazırki dövrdə dünyanı bürümüş iqtisadi böhran şəraitində kommersiya müəssisələrinin fəaliyyəti çətinləşir. Bəzi şirkətlər iqtisadi böhran şəraitində iflasa uğrayır, bəziləri öz fəaliyyətini davam etdirmək üçün külli miqdarda borca girir, bəziləri isə sadəcə öz mövcudluğunu qorumaq üçün onillər ərzində yığılan maddi ehtiyatlarını dəyər-dəyməzinə satır. İqtisadi fəaliyyətdə böhran yaşanması artıq dünyanın biznes mühitinin normal hadisəsi kimi qarşılanır. Təkcə keçən yüzillikdə dəfələrlə maliyyə və ümumi iqtisadi böhran şəraiti yaranmış, bu şəraitdən yalnız düzgün qurulmuş biznes modelləri daha az ziyanla çıxa bilmişlər.

Araşdırmalar göstərir ki, iqtisadi böhran şəraitində ailə biznesi modeli ilə işləyən strukturlar daha etibarlı və dayanıqlı təsir bağışlayır. Mütəxəssislər bunu ilk növbədə onunla izah edirlər ki, ailə – etibarlılıq, güvənc deməkdir. Bu mənada ailə münasibətlərinə söykənən biznes modeli də ən çətin anlarda belə etibarlı və güvəncli bir struktura çevrilir. Yəni, ailə üzvləri ən çətiin məqamlarda belə biri-birinə dəstək verir, şəxsi münasibətlərdə olduğu kimi, biznesdə də bir-birinə eibar edirlər.

Ailə biznesi nədir?

Ailə biznesi ailə üzvlərinin iştirak etdiyi, idarəçiliyin və varisliyin ailə ənənələri ilə həyata keçirlidiyi biznes modelidir. Bu gün fəaliyyət göstərən bütün ailə biznesi şirkətlərini şərti olaraq 2 qrupa bölmək olar. Birinci – tələsik, düşünülməmiş yaranmış şirkətlər; ikincisi isə uzun zamanlar fəaliyyət göstərən və müvəffəqiyyətlə nəsildən nəsilə ötürülən nüfuzlu və uğurlu şirkətlərdir. Bunlar bir-birindən kiçik və böyük biznes strukturları kimi də fərqlənirlər. Kiçik biznes strukturlarda, adətən, mülkiyyətçilər və idarəedənlər eyni şəxslərdir, yəni, ailənin rəhbəri və üzvləridir. Mütəxəssislərin fikrincə, əgər şirktəin 100-dən artıq yaşı varsa, deməli, o, artıq kiçik biznes modelindən çıxıb, dəfələrlə qeyri-peşəkar menecer-varislərin əlinə keçib, nəhayət, otruşumuş bir biznes modelinə çevrilib. Belə şirkətlərdə, mülkiyyətçilər ailə üzvləri olsalar da, idarəedənlər – menecerlər kənar peşəkar şəxslərdən seçilirlər.

Tarix göstərir ki, əsl ailə biznesi ən azı 3 nəsildən keçməlidir. Məsələn, Rotşild, Ford kimi şirkətlər nümunəvi ailə biznesinə misal ola bilər. Ailə biznesi dedikdə, ənənəvi olaraq ümumi iş anlaşılır. Yəni, işin bünövrəsini ailənin başçısı – ata qoyur, bu biznesin inkişafına və sonradan davamına, həmçinin, ana və sonradan uşaqlar və nəvələr də qoşulurlar. Ailə biznesində gəlirlər və kapitalların idarə edilməsində ailə üzvlərinin hamısı bərabər iştirak edir ki, bu da etibarlılığı şərtləndirən vacib amillərdəndir.

Ailə biznesinin müsbət və mənfi tərəfləri

Təbii ki, hər bir biznes modelində olduğu kimi, ailə biznesinin də müsbət və mənfi cəhətləri var. Yuxarıda sadalanan xüsusiyyətlərin bəziləri bu biznes növünün müsbət çalarlarını göstərir. Yəni, ailə üzlvləri arasında qarşılıqlı hörmət, inam və etibarlılıq, ailəyə, eyni zamanda, həyata keçirilən fəaliyyətə sadiqlik vacib amillərdir.

Başlıcası bir qrup əməkdaşla dar çərçivədə hər hansı fəaliyyət növünə başlamaqdır. Bunların bir neçəsi işi yaxşı bilən mütəxəssis olmalıdır. Ailə sahibkarlığı içərisində yerli kafe, mağaza, gözəllik salonu, fermer təsərrüfatı, xalq sənəti növləri daha populyardır.

Kiçik biznesdən başlanan yol öz strukturunu dəyişir, orta və daha böyük sektora doğru inkişaf edir. Burada ailənin hər bir üzvünün şərəf və məsuliyyət hissi vacib amildir. Ümumi mənafe naminə birlik hissi ailəni birləşdirir, heç kim də özünü təkbaşına lider, sahibkar, mütləq hakim hesab etmir, peşəkar top-menecerlərə, tədricən rəqabətə davamlı müəssisənin səmərəli idarəedicilərinə, həm də sıravi üzvlərinə çevrilirlər. Ailə biznesi özünün ənənələrini də yaradır, qoruyur və inkişaf etdirirlər.

VVal-Mart kompaniyasının əsasını qoyan Sem Uoltonun vəsiyyətləri bu gün də onun uşaqlarının idarə etdiyi şirkətin başlıca əməli fəaliyyət kodeksini təşkil edir.

-biznesə sədaqətli olun;

-gəlirlərinizi tərəfdaşlarla, işçilərlə vicdanla bölün;

-tərəfdaşlarınızı maraqlandırın;

-tərəfdaşlarınızla problemləri açıq müzakirə edin, fikirlərini öyrənin, nə istədiklərini diqqətlə dinləyin və onların gördükləri işləri lazımınca dəyərləndirin;

-müştərilərinizə hörmətlə yanaşın;

-gəlir-çıxarlarınızı düzgün hesablayın, daim nəzarət edin;

-axının üzərində üzün, ona qarşı getməyin.

VVal-Mart-ın istənilən mağazasında sizi təbəssümlə qarşılayacaq, hər hansı sorğunuza səmimiyyətlə cavab verəcəklər. Bu, “Sem dayı”nın qurduğu kompaniyanın əsas fərqləndirici cəhətidir. Kompaniyanın illik gəliri isə 100 milyard dolları ötür.

Ailə biznesində bir vacib cəhət də odur ki, o, özünə daha çox inam yaradır. Heç kim inanmaz ki, ailə biznesində səni aldatmaq-deməli, özlərinə qarşı etibarı itirmək istəyələr. Etibar puldan daha önəmlidir. Ona görə də ailə biznesində həm müştəri, tərəfdaşlarla, həm də öz daxillərində konfliktlərə daha az rast gəlinir.

Bütün uğurlarına baxmayaraq, bu biznes növünün də mənfi tərəfləri var. İlk növbədə, ailə biznesinin işttirakçılarının, idarəedənlərin peşəkarlıq məsələsi aktualdır. Yəni, təbii qəbul etmək lazımdır ki, heç də ailənin bütün üzvləri eyni dərəcədə peşəkar ola bilməzlər. Yaxud heç də bütün ailələrdə peşəkarlar yetişmir. Məsələn, biznesin əsasını qoymuş atadan sonra onun oğlu həmin sahənin peşəkarı olmaya bilər və bu da uğursuzluğa şərait yaradar. Tarixdə belə misallar da çoxdur. Bu və ya digər ailənin biznesinin hansısa dönəmdə uğursuzluğa düçar olması bəzən onun idarəçilərinin qeyri-peşəkarlığından irəli gəlib.

Uğurlu ailə biznesi şirkətlərində artıq bu problemin həllinə xüsusi fikir verilir. Zamanın sınağından çıxmış ailə biznesi şirkətlərində bu məsələ bir qayda olaraq ənənəvi üsullarla həl olunur. Biznesin idarəçiliyinə kənar şəxslər sırasından peşəkarlar dəvət olunur. Artıq elə şirkətlər var ki, orada idarəçilik sahəsində də ailə ənənələri davam etdirilir. Yəni, şirkətin mülkiyyətçisi ilə yanaşı, idarəediciləri də kənar bir ailənin davamçıları olurlar. Təcrübə göstərir ki, bu model uğurlu nəticələr verir.

Məşhur örnəklər

Müle ailəsi

Ailənin tarixi qədimdən başlanır. Fransada iplik əyiriciliyi sahəsində yaxşı tanınan bu ailənin adı kiçik Jerar Mülenin açdığı Auchan şəbəkəsi ilə bağlıdır. Jerar 1936-cı ildə Rube şəhərində doğulmuşdu. İkinci dünya müharibəsindən sonra Avropada hökm sürən durğunluq onların ailə biznesinə mənfi təsir göstərməsə də, Jerar başa düşür ki, təkcə iplik istehsalı ilə uzağa gedə bilməyəcək. Ona görə də kompaniyanın mağazalarını açır. Birinci kursdaca Universiteti atır, özü də dəzgah arxasına keçir, bir dəfə isə ehtiyatsızlıqdan iki barmağını itirir, bundan sonra satış üzrə direktor təyin olunur. Kənar kadrların içəri buraxılmadığı bu ailə biznesində bütün gəlirlər bərabər payda bölünürdü. Gəlirlər isə artmaq bilmirdi. Axtarışlar Jerarı ABŞ-a aparıb çıxartdı. İlk dəfə o, burada supermarket modeli ilə tanış oldu. Mahiyyət isə sadə idi; xüsusi sırada tikilmiş mağazalar özünəxidmət üsulu ilə işləyirdi. J.Müle başa düşdü ki, supermarketlərin gələcəyi var. 1961-ci il iyulun 6-da Fransada ilk dəfə tətbiq edilən bu model, açılan ilk supermarket tezliklə Mülelərə böyük şöhrət, qazanc gətirdi. Auchan ticarət şəbəkəsi 1981-ci ildən başlayaraq Fransadan sonra İspaniya, ardınca da Rusiya, İtaliya, Portuqaliya, Lüksemburq, Polşa, Argentina, Macarıstan, Mərakeş, Çin, Tayvan, Malta, Rumıniya, Ukraynada özünə çox populyar hipermarketlər qurdu. Rusiyada “Aşan” adlanan şəbəkə indi Moskva, Sankt-Peterburq, Novosibirsk, Samara və s. vilayətlərdə xüsusilə genişlənməkdədir.

1996-cı ildən sonra Auchan Docks de France şəbəkəsini də aldıqdan sonra illik gəliri 33 milyard dolları ötməklə dünyada 1000-dən çox mağazaya sahib oldu. Təkcə mağazalarda işləyən personalın sayı 170 mindən artıqdır. İndi Müle ailəsi Avropada ən varlılar siyahısındadır. Getdikcə genişlənməkdə olan Auchan-a Leroy Merlin, St. Maclou, Decathon, Norauto, Kiabi, Atac və Elena tikinti materialları, idman, avtoaksessuar, geyim və ev üçün mallar mağazaları, supermarketlər şəbəkəsi, onlarla digər brendlər də daxil olmuşdur. Ailə isə ənənəsinə sadiqdir: yenə də bütün gəlirlər ailə üzvləri arasında bərabər bölünür.

2006-cı ildə 75 yaşlı Jerar Müle Auchan-nın qeyri-rəsmi rəhbərliyindən könüllü istefa verərək hüquqlarını özünün də təmsil olunduğu direktorlar şurasına təhvil verdi. Mülelər ailə mülkiyyətində qalan Auchan-a İPO alınması barədə heç düşünmürlər də, çünki buna onların heç ehtiyacı da yoxdur.

“Şarl Tisso və oğlu”

Tissot saat markalarının tarixi də maraqlıdır. “Şarl Tisso və oğlu” firması 1853-cü ildə yaradıldı. Onlar nəinki firmaya rəhbərlik edir, həm də özləri saatlar düzəldirdilər. Bu kiçik istehsal əvvəlcə belə başladı: onlar ayrı-ayrı mexanizm və korpus hissələrini evlərində yığıb düzəltmək üçün kəndlilərə paylayır, sonra təhvil alırdılar. Keyfiyyət və dəqiqlik əsas şərt idi. Satışa yalnız yoxlamadan keçmiş saatlar çıxarılırdı. 1873-cü ildə atasının ölümündən sonra Şarl-Emil firmanın başına keçdi. O, bu zamana qədər artıq bir sıra ölkələri gəzərək beynində xeyli yeni ideya və bazar planları qurmuşdu. Hətta, Amerikaya belə gedib çıxmışdı. Özü olmayanda isə firmanın bütün maliyyə-təsərrüfat işlərinə arvadı başçılıq edirdi. Rusiyaya səfərinin nəticəsi isə bu oldu ki, firma Rusiya İmperator Sarayının rəsmi icazəsi ilə rus ordusu üçün saatlar hazırlamağa səlahiyyətli imtiyaz qazandı. Hazırda Tissot saatları dünyanın 140 ölkəsində satılır.

 

Mayer ailəsi

1871-ci ildə Almaniyanın Porzheim şəhərində dövrünün tanınmış numizmatika mütəxəssisi Bernard Henrih Mayer tərəfindən əsası qoyulmuş manufaktura bu gün bütün dünyada məşhurlaşan saatların, xatirə medolyonlarının, zərgərlik əşyalarının, pul qəpiklərinin və digər numizmatika nümunələrinin ən geniş çeşidli və yüksək keyfiyyətli istehsalçısına çevrilib. İndiyədək ilk yaradıcısının adı ilə fəaliyyətini davam etdirən "Bernard. H. Mayers Mint" şirkətinin məhsulları dünyanın 200-ə yaxın ölkəsində satılır.

Bu kimi ailə biznes və ticarət markaları da məşhurdur: Opal_B, Siemens, Adidas, Samsung Electronics və b.

Ailə biznesi ilə tanınmış korporasiyalar inkişaf edərək dünya iqtisadiyyatına təsir edən Rokfeller, Ford kimi maqnatlar böyümüşlər. Qərb iqtisadiyyatında ailə biznesi aparıcı rol oynayır. Məsələn, Böyük Britaniyada ölkə firmalarının 75%-i, ABŞ-da 90%-ni, Avropa İttifaqı ölkələrinin 85%-ni ailə biznesi şirkətləri təşkil edir. Nisbətən zəif də olsa, Rusiyada da ailə biznesi inkişaf edir.

Azərbaycan bazar iqtisadiyyatı yolunda inkişaf edən ölkə kimi hələ gəncdir. Özəl sektorun ümumi istehsalda payının artması ilə tədricən də olsa, ailə biznesi modelləri bizim ölkəmizdə də yaranır. İnamla demək olar ki, bu gün əsası yeni qoyulan və hələ kifayət qədər tanınmayan ailə biznesi nümunələri cəmi bir neçə onillikdən sonra Azərbaycanın hüdudlarını aşacaq və bütün dünyada məşhurlaşacaq. Zəngin ailə ənənələri olan və dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanda biznesin bu modelinin də inkişafına münbit zəmin var.

 

Vüsal Kazımzadə

Gündəlik