AR İnsan Hüquqları üzrə Müvəkkim (OMBUDSMAN) Elmira xanım Süleymanovaya

AR İnsan Hüquqları üzrə Müvəkkim (OMBUDSMAN) Elmira xanım Süleymanovaya

Hörmətli Elmira xanım

Respublikamızın qanunvericilik sistemdə mülki dövriyyənin sabitliyinin təmin olunmasında, onun dinamik inkişafında, eləcə də mülki dövriyyənin iştirakçıları arasında hüquq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xüsusi yeri vardır.

Lakin qanunvericilikdə bu və ya digər münasibətləri tənzimləyən müddəalarda ziddiyətlərin olması praktik təcrübədə qeyri-müəyyənliklərə və fərqli yanaşmalara səbəb olur. Bu vəziyyət isə vətəndaşların qanunla qorunan və müdafiə edilən hüquqlarının pozulmasına səbəb olur.

Hörmətli Elmira xanım

Mülki dövriyyə qeyri-müəyyənlikliyə səbəb olan müddəalarından biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.2-ci maddəsidir.

Qeyd olunan maddədə təsbit olunmuşdur ki, “vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.”

Qeyd olunan maddənin məzmunundan görünür ki, bu normanın məzmunu qeyri-müəyyən, eləcə də dəqiq və aydın anlaşılan deyildir.

Məhkəmə təcrübəsində qeyd olunan maddə konkret işlərə tətbiq edilərkən məhkəmələr vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxsin vəsiyyətnaməyə daxil olmamış miras əmlakın hissəsinə də münasibətdə qanun üzrə vərəsə hesab etmirlər. Hesab edirik ki, Azərbaycan Respublikası MM-nin 1176.2-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V bəndinə uyğun deyildir.

Belə ki, Konstitusiyanın 29-cu maddəsinin V bəndində ehtiva olunmuşdur ki, dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının MM-nin 1176.2-ci maddəsində təsbit edilən vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxsin vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə də qanun üzrə vərəsə olmasının istisna edilməsi vərəsəliklə bağlı Konstitusion təminatla uzlaşmır. Bu baxımdan hesab edirik ki, tərəfinizdən Azərbaycan Respublikasının MM-nin1176.2-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi məqsədəmüvafiq olar.

Əvvəlcədən təşəkkür edirik.

Hörmətlə

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik