AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Cənab R.Zeynalova

AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Cənab R.Zeynalova

Hörmətli cənab General !

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş, 02 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik edilməklə yanaşı, məcəllənin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 13-cü fəslində təsbit olunan maddələrə əlavələr və dəyişikliklər edilmiş, eləcə də məcəlləyə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının xüsusiyyətləri” adlanan yeni, 32-1-ci fəsil əlavə olunmuşdur.

Hörmətli cənab General !

Yuxarıda göstərilən əlavə və dəyişiklikləri ehtiva edən qanun “Respublika” qəzetinin 27 may 2014-cü il tarixli, â„– 110(498)-cü sayında (səh 3), “Azərbaycan” qəzeti isə 01 iyun 2014-cü il tarixli, â„– 114 (6680)-ci sayında (səh 2)” dərc olunmuşdur.

Məlumunuzdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmadıqda da, qanun və qərar dərc edildiyi gendən qüvvəyə minir.

Yuxarıda göstərilən qanundan görünür ki, bu qanunda onun hansı vaxtdan qüvvəyə mindiyi nəzərdə tutulmamışdır.

Belə olduğu təqdirdə sözügedən qanun onun rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 82.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir.

Sözügedən Konstitusiya Qanunun 82.2-ci maddəsinin tələbinə görə normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir.

Həmin Qanunun 82.5-ci maddəsinə görə isə normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.

İstinad edilən Qanunun 84.3-cü maddəsinin tələbinə görə normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir.

Sözügedən Qanunun 85.1-ci maddəsində də təsbit olunmuşdur ki, qanunlar, fərmanlar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda normativ hüquqi aktları rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Hörmətli Ramiz müəllim!

Yuxarıda istinad edilən Konstitusion müddəadan, eləcə də Konstitusiya Qanununun tələblərindən görünür ki, qanunun qüvvəyə minmə vaxtının daha gec müddəti qanunun özündə nəzərdə tutulmadıqda qanunun qüvvəyə minmə vaxtı onun rəsmi dərc edildiyi tarixdən hesablanır.

Bu baxımdan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair yuxarıda göstərilən əlavə və dəyişikliklərin, bu əlavə və dəyişikliklərin dərc edildiyi “Respublika” və “Azərbaycan” qəzetinin hansı tarixlərdə dərc edildiyi vaxtlara diqqət yetirilməsi olduqca zəruridir.

Qeyd etməyi zəruri hesab edirik ki, “Respublika” qəzeti rəsmi dövrü mətbu nəşri hesab edilmir.

Belə ki, sözügedən qəzet Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və qəzetin redaksiya heyətinin təsisçiliyi ilə yaradılmaqla gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetdir. “Azərbaycan” qəzeti isə Azərbaycan Respublikası Milli Məclisinin orqanı olmaqla rəsmi dövlət qəzetidir.

Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərindən görünür ki, yalnız rəsmi dərc olunmuş qanun tətbiq və icra edilə bilər. Əks halda rəsmi dərc olunmamış qanun tətbiqindən, icrasından və onun törədəcəyi məsuliyyətlə əlaqədar məsələlərdən danışmaq mümkün deyildir. Ümumiyyətlə, şəxsin hüquq, azadlıq və vəzifələrinə toxunan hər bir normativ-hüquqi akt ictimaiyyətin nəzərinə çatdırılmaq üçün rəsmi dərc edilmədikdə tətbiq və icra edilə bilməz.

Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə istinadən hesab edirik ki, yol hərəkəti əleyhinə olan inzibati xətaları tətbiq və icra edən müvafiq dövlət orqanı kimi 02 may 2014-cü il tarixli qanunla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişiklikləri ehtiva edən müddəaların tətbiq və icrasının 27 may 2014-cü il tarixdə (yəni, “Respublika” qəzetində dərc edilən tarixdən) tətbiq və icra olunsa bu hal gələcəkdə məhkəmə mübahisələrinə əsas ola bilər.

Odur ki, Sizdən xahiş edirik ki, hazırkı müraciətimizin mətnində istinad etdiyimiz halları araşdırıb qanunun tətbiqi və icra müddətinin düzgün tənzimlənməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə,

Mərkəzin sədri N.Y.Abdullayev

Gündəlik