MƏRKƏZİMİZ VERGİ QANUNVERİCİLİYİMİZİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ BARƏDƏ TƏKLİFLƏR HAZIRLAMIŞDIR

MƏRKƏZİMİZ VERGİ QANUNVERİCİLİYİMİZİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ BARƏDƏ TƏKLİFLƏR HAZIRLAMIŞDIR

Maddə 58.1.

Mövcud variant:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilir ki, «Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir».

Təklif edilən variant:

58.1-ci maddə. «Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa və həmin vergi məbləğinin yoxlamaya qədər büdcəyə ödənilməsi həyata keçirilməmişdirsə, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə yoxlama dövründə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir».

Maddə 58.3.

Mövcud variant:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.3-cü maddəsində qeyd edilir ki, «Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.»

Təklif edilən variant:

58.3-cü maddə. «Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda – vergilər üzrə borcların məbləğinə uyğun qoyulmuş sərəncamlardakı məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.»

Qeyd: Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbinə görə vergi orqanları vergi ödəyicilərinə avans vergi hesablaya bilərlər. Avans hesablanmış vergi məbləği vergi ödəyicisinin borcu hesab olunmadığı üçün həmin məbləğlərlə əlaqədar qoyulmuş sərəncamların yaratdığı hüquqi nəticələr vergi ödəyicisinin maliyyə sanksiyası ilə cəzalandırılmasına səbəb olmamalıdır.

Yuxarıda göstərilən təkliflərimizlə yanaşı aşağıdakı maddələr üzrə olan təkliflərimizə diqqət yetirməyinizi xahiş edirik.

16.1.8.17-ci maddədə «vəkillik və digər hüquq xidmətləri» sözləri, «vəkillik, notarius və digər hüquq xidmətləri» sözləri ilə əvəz edilsin.

16.1.8.26-cı maddədə «bank fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri» sözləri, «bank fəaliyyəti, auditor fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri» sözləri ilə əvəz edilsin.

Aşağıdakı kimi 16.1.8.27-ci maddə əlavə edilsin və 16.1.8.27-ci maddə 16.1.8.28-ci maddə hesab edilsin:

«nəşriyyat xidmətləri».

Hörmətli Fazil müəllim!

Hörmətli Cənablar!

Ümid etmək istərdik ki, Mərkəzimizin ekspertlərinin araşdırmalarının nəticəsi olaraq Vergi Məcəlləsinə dair verdiyimiz təkliflər tərəfinizdən öyrəniləcək və məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə səlahiyyətli dövlət orqanlarının rəhbərləri kimi tərəfinizdən müvafiq addımlar atılacaqdır.

Mərkəzin sədri: N.Y.Abdullayev

Gündəlik