Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri cənab Ağa-Bala Hacıyevə

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri cənab Ağa-Bala Hacıyevə

Hörmətli Ağa-Bala müəllim

“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi ilə “Analitik.az” elektron informasiya portalı arasında bağlanmış memoranduma əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin sahibkarlara izah edilməsinə dair birgə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.

Sözügedən Qanunun 6.3-cü maddəsində təsbit olunmuşdur ki, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd olunan Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən imzalanmış 28.09.2013-cü il tarixli Fərmanın 4.2-ci bəndi ilə Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyətinin səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur.

İstinad edilən Fərmanın 1, 1.2-ci bəndində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla Qanunun 6.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısının iki ay müddətinə müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

Tərəfimizdən müvafiq internet resurslarında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi nəşrlərində Qanunun 6.3-cü və Azərbaycan Respublikası Prezidentinin 28.08.2013-cü il tarixli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilməli olan yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısına dair bu və ya digər məlumat aşkar edilməmişdir.

Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, qeyd olunan normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısının müəyyən edilib-edilməməsi, əgər müəyyən edilmişdirsə bu barədə hər hansı bir məlumatı haradan əldə etməyimiz barədə bizə məlumat verilməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəsiniz.

Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik