İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru cənab Cəmil Quliyevə

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru cənab Cəmil Quliyevə

 
Hörmətli Cəmil müəllim!
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası qanunun “qaçqın” və “məcburi köçkün” anlayışları adlanan 1-ci maddəsinin tələbinə görə milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.
Hörmətli Cəmil müəllim!
Nəinki milli, həm də beynəlxalq hüquqda “qaçqın” və “məcburi köçkün” anlayışları yuxarıda göstərilən əlamətlərinə görə fərqləndirir.
Hüququn tələbinə əsasən məlum hadisələrlə əlaqədar Ermənistan dövlətindən deportasiya edilən azərbaycanlılar “qaçqın”, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan yerini tərk etməyə məcbur olub ölkədaxili başqa ərazilərə köçən vətəndaşlarımız isə “məcburi köçkün” adlandırılmışdır. Sizin rəhbərlik etdiyiniz televiziyanın “Carçı” xəbərlər proqramının əvvəlində həm Azərbaycan, həm də ingilis dilində nümayiş etdirilən sujetdə qeyd olunur ki, “Bir milyondan artıq vətəndaşımız qaçqın düşmüşdür”. Doğrudur ümumilikdə belə bir süjetin həm ingilis, həm də Azərbaycan dilində səsləndirilməsi erməni təcavüzkarları tərəfindən Qarabağın işğalının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Lakin sujetdə yol verilən nöqsan bu beynəlxalq təbliğata böyük zərbə vurur və bu da nəticə etibarı ilə Azərbaycan Dövlətinin apardığı xarici siyasətə mənfi təsir göstərir.
Əvvəla qeyd edək ki, vətəndaş “qaçqın” ola bilməz, vətəndaş “məcburi köçkün” ola bilər. Ermənistan respublikasının vətəndaşı olan təxminən 200 min azərbaycanlı “qaçqın”dır. Qarabağ və ətraf rayonlardan yaşayış yerini tərk etmiş Azərbaycan vətəndaşları “məcburi köçkün”dür.
Sizin səsləndirdiyiniz sujetə baxan xarici efirdə səsləndirilən “bir milyondan artıq azərbaycanlı qaçqın düşmüşdür” ifadəsindən belə başa düşür ki, Ermənistan respublikasının ərazisində 1 milyon azərbaycanlı yaşayırmış və indi məlum hadisələrlə əlaqədar onlar qaçqın düşmüşlər. Bu sujetdən belə nəticə çıxarılır ki, erməni işğalı nəticəsində ölkə ərazisindən heç kim öz daimi yaşadığı ərazilərdən çıxarılmamışdır. Göründüyü kimi adi bir səhv necə mənfi hüquqi nəticələr yaradır.
Göstərilənlərə əsaslanaraq Sizə təklif edirik ki, yuxarıda sözügedən sujetdə ifadə edilən cümləni aşağıdakı kimi ifadə olunmasını təmin etdirəsiniz.
“Bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın düşmüşdür”.
Əgər ən azı cümlə belə ifadə edilərsə sözügedən süjetin mənası məntiqli və hüquqi olar.
Hörmətli Cəmil müəllim!
Ümid edirik ki, müraciətimizdə göstərdiyimiz məsələyə diqqətlə yanaşıb məsələnin həlli istiqamətində zəruri tədbirlər görəcəksiniz.

Hörmətlə:Natiq Abdullayev
Gündəlik