“Xocalı soyqırımı”, yoxsa soyqırımın Xocalı faciəsi?!

“Xocalı soyqırımı”, yoxsa soyqırımın Xocalı faciəsi?!

Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli 690 saylı Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu günlərdə dünya azərbaycanlıları Xocalı faciəsinin 16-cı ildönümünü qeyd edir. Qarabağ savaşında erməni qəsbkarlarının ən qanlı, ən vəhşi cinayətlərindən olan Xocalı faciəsinin Azərbaycan xalqına qarşı sistemli soyqırımın tərkib hissəsi kimi tanıdılması təşəbbüsləri həm də bu müharibənin günahsız qurbanları haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından zəruridir.

Ötən ilin fevral ayında xalqımız Xocalı faciəsinin 15-ci ildönümünü daha geniş miqyasda və sistemli şəkildə qeyd etdi. Prezident İlham Əliyev bu faciə ilə bağlı xalqa müraciət etdi, başsağlığı verdi. Milli Məclis müvafiq qərar və bəyanat qəbul etdi. Bütün bunlar və Heydər Əliyev Fondunun ölkə daxilində, bir çox xarici ölkələrin paytaxtlarında və iri şəhərlərində keçirdiyi tədbirlər faciənin miqyasının və dəhşətlərinin azərbaycanlılara qarşı erməni soyqırımı kimi dünyada tanıdılmasında böyük rol oynayan ciddi siyasi əhəmiyyətli təşəbbüslər oldu.
Soyqırım - siyasi olmaqla yanaşı, həm də hüquqi məsələdir və onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan hüquqşünaslarının da üzərinə mühüm vəzifələr düşür. Elə hüquqşünas Natiq Abdullayevlə söhbətimiz də bu mövzudadır. Xatırladırıq ki, bir müddət əvvəl ölkə KİV-ində dərc olunan yazılarında N.Abdullayev Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımın tərkib hissəsi kimi beynəlxalq miqyasda tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış etmişdi.
N.Abdullayevlə söhbətimizin mövzusu Azərbaycanlılara qarşı soyqırımın dünyaya tanıdılması məqsədilə yürüdülməli olan siyasətin hüquqi əsasları və aspektləri barədədir.

- Natiq müəllim, gəlin əvvəlcə soyqırım hadisəsinin hüquqi aspektləri barədə oxucularımıza məlumat verək...

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 103-cü maddəsinə müvafiq olaraq, soyqırım dedikdə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.

Bu norma Məcəlləyə "Soyqrımın qarşısının alınması və cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il Konvensiyasının müddəalarının icra edilməsi üzrə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində daxil edilib. (Həmin Konvensiyaya qoşulmaq barədə Milli Məclis 31 may 1996-cı il tarixdə qanun qəbul edib).

Soyqırım cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi və s. dəyərlərinin yer üzündən silinib getməsi, yaxud belə təhlükənin meydana gəlməsi ilə xarakterizə olunur. İnsanlıq əleyhinə olan bu cinayət həm də müharibə vaxtı törədilə bilər.

- Soyqırım cinayətinin motivi nədir, bu cinayəti kimlər törədir, bu cinayətə məruz qalanlar kimlər ola bilər; yəni, bu cinayətin obyekti və subyektləri kimlər ola bilər?

- Sülh və bəşəriyyət əleyhinə Beynəlxalq cinayətlər məcəlləsinin layihəsinə görə, bəşəriyyətə qarşı törədilən cinayətlər (o cümlədən soyqırım) hökümət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.

1948-ci il Konvensiyasının 2-ci maddəsində soyqırıma verilən anlayışa daxil olan əlamətlərə görə soyqırım cinayətinin obyekti qismində milli, etnik, irqi və ya dini qrupların normal həyat və fəaliyyəti çıxış edir.

Milli qrup dedikdə, hər hansı bir millətə mənsubiyyəti olan, milli, tarixi, etnik, dil, mədəni və s. ənənələri ilə bir-birinə bağlılığı olan insanlar qrupu başa düşülür.

Etnik qrup dedikə, hər hansı bir xalqa (etnosa) mənsubiyyəti olan müəyyən bir ərazidə sıx və kompakt yaşayan, ümumi tarxi kökləri, dili, mədəni-məişət ənənələri, mədəniyyəti olan insanlar başa düşülür.

İrqi qrup dedikdə, hər hansı bir irqə (monqoloid, avropoid, neqroid) mənsub olan, dərisinin, gözlərinin rənginə, boyunun hündürlüyünə və s. görə fərqlənən ümumi irsibağlılığı olan insanlar qrupu başa düşülür.

Dini qrup dedikdə hər hansı bir dövlətdə əhalinin əksəriyyətinin mənsub olduğu dinə deyil, başqa dinə ibadət edən insanlar qrupu başa düşülür.

- Soyqırımın məqsədi, məramı nədir? Yəni, insanların kütləvi şəkildə və ya tək-tək öldürülməsi hər bir halda faciədir, insanlıq əleyhinə cinayətdir. Soyqırım digər faciəvi hadisələrdən nə ilə fərqlənir?

- Soyqırım cinayəti maddi-formal tərkibi cinayətdir. Hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, onların sağlamlığına ağır zərər, əqli qabiliyyətinə ciddi zərər vurma əməllərin kriminal nəticələri - ölümü, sağlamlığa ağır zərər, əqli qabiliyyətə ciddi zərər vurulmasını nəzərdə tutur. Belə nəticələr baş verdiyi andan cinayət başa çatmış hesab olunur. Qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş həyat şəraiti yaratma, qrup daxilində doğumların qarşısını alma, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə cinayətləri belə hərəkətlər törədildiyi andan başa çatmış sayılır. Bu cinayətin başa çatması üçün hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi məqsədinə nail olunub-olunmamasının heç bir əhəmiyyəti yoxdur.

Soyqırım cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirkar hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsinə yönələn əməllərinin ictimai-təhlükəli olduğunu qabaqcadan dərk edir və onların törədilməsini arzu edir.

İstər sülh, istərsə də müharibə zamanı mülki əhaliyə qarşı geniş miqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər də insanlıq, sülh və bəşəriyyət əleyhinə olan cinayət hesab olunur. Lakin bu cinayət "əhalini məhv etmə" adlandırılır...

-Əhalini məhv etmə ilə soyqırımın fərqi nədədir?

- "Əhalini məhv etmə" dedikdə, (Azərbaycan Respublikası CM-nin 105-ci maddəsi) onun soyqırım əlamətləri olmadan bütövlükdə və ya qismən məhv edilməsi başa düşülür. Bu cinayətin ictimai təhlükəliliyi əhalinin geniş miqyaslı məhvi ilə, habelə müəyyən ərazidə yaşayan insanların, bütöv ailələrin, nəsillərin yer üzündən silinməsi ilə xarakterizə olunur.

Əhalini məhv etmə cinayətinin obyektini sülh və bəşəriyyətin təhlükəsizliliyi ilə bağlı münasibətlər təşkil edir. Əlavə obyekt qismində əhalinin həyatı çıxış edir. Bu cinayət obyektiv cəhətdən soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə hərəkətlərində ifadə olunur.

Beynəlxalq hüquqda əhali dedikdə bu və ya digər dövlətin ərazisində yaşayan və həmin dövlətin qanunlarına tabe olan fərdlərin məcmusu başa düşülür. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir. Müəyyən bir inzibati-ərazi vahidi hüdudlarında yaşayan şəxslər isə həmin ərazinin əhalisi sayılır.

Beləliklə, əhalinin məhv etmə cinayəti üzrə məsuliyyətin yaranması üçün şəxsin əməlində soyqırım cinayətinin əlamətləri olmamalıdır.Yəni, əhalini bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə törədilən əməllər hər hansı milli, etnik, irqi və ya dini qrupa qarşı yönəldilməməlidir.

Bu cinayət də maddi tərkibli cinayətdir və əhalinin bütövlükdə və ya qismən məhv edildiyi andan başa çatmış sayılır. O, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar əhalini bütövlükdə və ya qismən məhv etdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi isə düşmənçilik hissi, nifrət və s. ola bilər.

Soyqırım və əhalini məhv etmə cinayətlərinin elmi izahlarına dəqiqliklə istinad etməkdə məqsədimiz var. Bu, hər yerdə Xocalı soyqırımı aldandırılan Xocalı faciəsinin azərbaycanlılara qarşı ermənilərin soyqrımının tərkib hissəsi kimi xarakterizə etməmizə və faciənin "Xocalı soyqırımı" adlandırılmasının əslində düzgün olmadığını söyləməyimizə əsas verir.

- Yəni siz, Xocalı soyqırımı yox, Xocalı faciəsi ifadəsinin hüquqi cəhətdən daha düzgün olduğunu düşünürsünüz? Məsələyə bu cür yanaşmaqla biz nəyə nail ola bilərik?

-Yuxarda qeyd etdiyimiz kimi, soyqırım əməli yalnız milli, etnik, irqi və ya dini qruplara qarşı yönəldilə bilər və hər hansı konkret məkanla əlaqələndirilməməlidir. Yəni, mən hesab edirəm ki, ermənilərin 100 ilə yaxın müddətdə Azərbaycanlılara qarşı törətdiyi hadisələr bütövlükdə azərbaycanlırara qarşı soyqırım kimi təqdim edilməli və qiymətləndirilməlidir. Ayrı-ayrı yaşayış məntəqəlrində (o cümlədən, Xocalıda) baş verən hadisələr isə, soyqırımın tərkib hissəsi olan faciələrdir. Daha bir məqsədimiz isə Xocalı faciəsini "Əhalinin məhv etmə cinayəti" kimi qiymətləndirmək meylinin qarşısını almaqdan ibarətdir.

Soyqırıma məruz qalmağımızı beynəlxalq aktlara əsasən dünyaya çatdırmağımız üçün Xocalı faciəsini Xocalı soyqırımı kimi deyil, azərbaycanlılara qarşı Xocalıda baş vermiş soyqırım kimi ifadə etmək daha məqsədə uyğundur. Əlbətdə ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımından danışarkən yalnız Xocalı faciəsini xatırlatmaqla kifayətlənmək olmaz. Tarixi faktlar və yaxın keçmişin hadisələri təsdiqləyir ki, ermənilər hələ Qarabağ müharibəsindən əvvəl də qəsb etdikləri ərazilərdə çoxlu sayda mülki əhalini (azyaşlı uşaqları, qoca-ahıl insanları, qadınları və s.) qətlə yetiriblər.

Odur ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı bütün ərazilər üzrə (Qubadlı, Zəngilan, Şuşa, Cəbrayıl, Laçın, Ağdam, Qaradağlı və s.) tədqiq olunmalı və qiymətləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qərar və bəyanatda bu xüsusat düzgün dəyərləndirilb.

Xocalı faciəsi isə bu soyqırımın ən dəhşətli faktlarından biridir. Əgər biz ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti apardığını göstərsək, onda soyqırıma məruz qalmağımızı beynəlxalq aləmə sübut edib onu tanıda bilərik.

Ermənilərin Bakıda (metroda), Yevlaxda (avtobusda) və s. terror kimi təqdim etdiyimiz əməlləri də həmçinin soyqırım cinayətlərinin tərkibi kimi qiymətləndirilməlidir. Bunlara ayrılıqla terror kimi baxmaq düzgün olmaz. Çünki ermənilərin mülki əhaliyə qarşı yönəlmiş bu kimi aksiyalarının niyyəti azərbaycanlıları bir millət kimi məhv etməkdir.

Ermənilərin törətdiyi soyqırım Ermənistan dövləti və höküməti tərəfindən bilavasitə dəstəklənib və ayrı-ayrı hökümət orqanları tərəfindən təşkil edilib. Qarabağın dağlıq və aran hissəsində dinc əhalinin məhvə məruz qoyan silahlı qruplaşmaların bir hissəsi Ermənistan Respublikasının hökümətinə tabe olan silahlı birləşmələr olub. Eyni zamanda, həmin soyqırım əməllərinə bəraət qazandıran da keçmiş və indiki Ermənistan hökümətinin rəhbərləri, dövlət başçıları və parlamentdir. Bu, bir daha təsdiq edir ki, azərbaycanlıların soyqırımına yönəlmiş əməllərin bilavasitə təşkilatçısı təhrikçisi və hətta, icraçısı onlardır.

-Yeri gəlmişkən, ayrı-ayrı illərdə Azərbaycanın müxtəlif bölgələrində və paytaxtda törədilən terror aktlarını da azərbaycanlılara qarşı soyqırımın tərkib hissəsi hesab etmək olarmı?

- Müharibədən kənar şəraitdə Bakıda və digər şəhərlərdə törədilən, bu vaxta kimi təqdim edilən cinayət əməllərinin təşkilatçısı, sifarişçisi və ideoloqunun da Ermənistanın dövlət qurumları olduğu təsdiq edilib. Məsələn, Bakı metrosundakı müdhiş partlayışı terror aktı kimi qiymətləndirilərək, hadisənin icraçılarına cəza verilərkən sübuta yetirilib ki, onun hazırlanmasına bilavasitə rəhbərlik edənlər Ermənistanın xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşlarıdır.

Beləliklə, müharibə şəraitindən istifadə edən ermənilərin mülki əhalini məhv etməsi soyqrım kimi qiymətləndirilməli və Azərbaycan Respublikasının Parlamenti tərəfindən Soyqırım qurbanları, Soyqırım qurbanlarının statusu, Soyqırım qurbanlarının ailə üzvlərinin statusu, onların sosial müdafiəsi və s. haqqında müvafiq qanunlar qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə görə döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə heç bir ayrı-seçkilik qoyulmadan bütün hallarda insanpərvərliklə rəftar olunmalıdır. Onların həyatına və ya şəxsiyyətinə qəsd etmək (Hər hansı şəraiətdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək, işgəncə vermək, girov götürmək və s.) qadağandır.

Bundan başqa, hesab edirəm ki, döyüş əməliyyatlarında iştirak etməyən, müharibə şəraitində öldürülən və ya şikəst edilən mülki əhalinin statusu ilə döyüşlərdə həlak olmuş hərbçilərin statusu arasındakı fərq qanunvericilk qaydasında dəqiqləşdirilməlidir.

- Bu fikrinizi necə dəqiqləşdirə və əsaslandıra bilərsiniz? Yəni, müharibə şəraitindən zərər çəkmiş şəxslərin bu cür fərqləndirilməsi və ya qruplaşdırılmasının nə kimi siyasi-hüquqi əhəmiyyəti vardır?

- Döyüşlərdə öldürülən əsgərlərimiz Vətən uğrunda şəhid olmuşlarsa, müharibə şəraitində hərbi əməliyyatlarda iştirak etməyən məhv edilmiş mülki əhali şəhid deyil, "soyqırım qurbanı" adlandırılmalıdır. Onların statusu, adlarının əbədiləşdirilməsi, ailə üzvlərinin sosial müdafiəsi və s. Məsələlər qeyd etdiyim kimi, qəbul edilməli olan qanunlarla tənzimlənməlidir. Bu halda ermənilər tərəfindən soyqırıma məruz qalmağımızın ölkədaxili hüquqi bazası yaradılar və bu, azərbaycanlılara qarşı soyqırımın dünyada tanıdılması və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi yolunda ciddi addım olar.

Bu istiqamətdə bütün fəaliyyət Azərbaycan Dövlətinin ən azı himayəsi altında, vahid proqram əsasında qurulmalıdır. Həyata keçirilən tədbirlərdə pərakəndəliyə yol verilməməlidir. Dövlətin vahid konsepsiyası əsasında bütün hökümət və qeyri-hökümət təşkilatları, siyasi və ictimai təşkilatlar, sıravi vətəndaşlar öz səylərini və imkanlarını birləşdirməlidirlər. Bundan ötrü isə biz, ilk növbədə, Xocalı soyqırımı adlandırdığımız dar çərçivədən çıxaraq, bütün bu kimi faciələri ermənilərin və Ermənistan dövlətinin azərbaycanlılara qarşı soyqırımı kimi dünyaya təqdim etmək və tanıtmaq istiqamətində iş aparmalıyıq.

Fürsətdən istifadə edərək, qəzetiniz vasitəsilə Xocalı faciəsinin 16-cı ildönümü münasibətilə bütün xalqımıza başsağlığı verirəm, bütün Şəhidlərimizə və azərbaycanlılara qarşı erməni soyqırımının bütün qurbanlarına Allahdan rəhmət diləyirəm.

“Şərq” qəzeti, 26 fevral 2008-ci

Maraqlı