Azərbaycan Dövlətinin Rəmzləri
Sual: Azərbaycan Dövlətinin Rəmzləri dedikdə ilk öncə nə başa düşülməlidir?
Cavab: Azərbaycan Dövlətinin Rəmzləri dedikdə Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci fəslinin 23-cü maddəsində təsbit olunan Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himni başa düşülməlidir.
Sual: Azərbaycan Respublikasının Dövlət Rəmzləri (bayrağı, gerbi və himni) nəyin təcəssümüdür və onların qəbul edilməsi hansı tarixi faktlara əsaslanır?
Cavab:
Bayraq
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Rəmzi Mənası
Göy rəng - türklük;
Qırmızı rəng - müasirlik və demokratiya;
Yaşıl rəng - islam;
Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.
Gerb
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Dövlətinin müstəqilliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
RƏMZİ MƏNASI
Qalxan - müdafiə;
Üçrəngli dairəvi xətlər - bayraq;
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz - günəş;
Səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;
Sünbüllər - bolluq;
Palıd budaqları - uzunömürlülük rəmzidir.
Himn
Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun, Sözləri: Əhməd Cavadındır |
|
|
Azərbaycan, Azərbaycan! |
Sual: Azərbaycan Dövlətinin Rəmzləri ilə bağlı hansı normativ sənədlər qəbul edilmişdir?
Cavab: Dövlət Bayrağı ilə bağlı Azərbaycan Respublikasının Ali Sovetinin Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında 05 fevral 1991-ci il tarixli, 17-XII saylı qanunu və Azərbaycan Respublikasının 05 fevral 1991-ci il tarixli, 17-XII saylı qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağının İstifadə Edilməsi Qaydaları Haqqında Azərbaycan Respublikasının 08 iyun 2004-cü il tarixli, 683-IIQ saylı qanunları qəbul edilmişdir.
Dövlət Gerbi ilə bağlı Azərbaycan Resrublikasının Milli Məclisinin 19 noyabr 1993-cü il tarixli, 460 saylı Konstitusiya Qanunu və Azərbaycan Respublikasının Dövlət Gerbi Haqqında Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli, 516 saylı qanunu ilə təsdiq edilmiş Əsasnamə qəbul edilmişdir.
Dövlət Himni ilə bağlı Azərbaycan Resrublikasının Milli Məclisinin 27 may 1992-ci il tarixli, 142 saylı qanunu və Azərbaycan Respublikasının Dövlət Himni haqqında Azərbaycan Respublikasının 02 mart 1993-cü il tarixli, 525 saylı qanunu ilə təsdiq edilmiş Əsasnamə qəbul edilmişdir.
Sual: Azərbaycan Dövlətinin Rəmzləri ilə bağlı Azərbaycan vətəndaşları hansı özəllikləri bilməlidirlər?
Cavab: İlk öncə onu bilmək lazımdır ki, Azərbaycan Respublimkasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Dövlətinin Rəmzlərinə hörmətlə yanaşmalıdırlar. Yuxarıda adıçəkilən normativ sənədlərin tələblərinin har hansı bir formada pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Buna misal olaraq Azərbaycan Respublikası Dövlət Bayrağının İstifadə Edilməsi Qaydaları Haqqında Qanunun 11-ci maddəsini göstərmək olar.
Dövlət Bayrağı ilə bağlı özəlliklərdən diri də budur ki, Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə biməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Dövlət Gerbinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamənin 3-cü bəndində göstərilmiş hallardan başqa onun təsvirindən istifadə etmək hüququ Azərbaycan Resprublikasının Parlamenti tərəfindən verilə bilər.
Dövlət Himni ilə bağlı əsas özəllik ondan ibarətdir ki, musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət Himni olaraq Azərbaycan Respublikasının Dövlət Himni Haqqında Əsasnamənin 2-ci bəndində göstərilən hallardan başqa, məsələn himnin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur, həmçinin ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə və ifasına həsr olunur. Ən vacib özəllik isə odur ki, bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur, camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
Və sonda, bunu bilmək vacibdir:
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin, gerbi Azərbaycan Dövlətinin müstəqilliyinin, himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzləridir.
Azərbaycan Republikasının Dövlət Rəmzləri olan bayraq, gerb və himnə Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş hörmət və böyük ehtiramla yanaşmalıdır.