Söz azadlığı və cəmiyyətin gerçək maraqları"başlıqlı məqalə dərc edilmişdir

Söz azadlığı və cəmiyyətin gerçək maraqları"başlıqlı məqalə dərc edilmişdir

 
Son vaxtlar kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. Müxtəlif səviyyələrdə gedən diskussiyalarda da məlumatlar yayan KİV və jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir.
Bütün bunlar məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini aktuallaşdırır.  Ötən ilin yayında cəbhə bölgəsində atəşkəsin pozulması zamanı da bəzi KİV-lərin, xüsusən də sosial şəbəkələrin fikir və söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan səriştəsiz, məsuliyyətsiz  istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da medianın fəaliyyətini müzakirə predmetinə çevirmişdi. Göründüyü kimi, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edir. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu zamanın və bugünkü reallıqların tələbindən geri qalmaqla, media– dövlət – cəmiyyət arasında münasibətləri dolğun və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmir.  Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin və s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq və dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan “İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi məqsədəmüvafiq olar.   Sözsüz ki, demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır."İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Eyni ilə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var.
Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Eyni zamanda, konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.
Qeyd etmək zəruridir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 9— 10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına konvensiya digər məqsədlərlə yanaşı, mənəviyyatın mühafizəsini, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Belə ki, insan hüquqları haqqında Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, ifadə etmək (ekspresion) azadlığın həyata keçirilməsi qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Hər bir insanın öz fikrini sərbəst ifadə etmək, bu hüququn dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığını ehtiva edən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda da başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığı, yaxud mənəviyyatının qorunması baxımından qanunla məhdudlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində isə göstərilir ki, konstitusiyanın və qanunların pozulması, o cümlədən konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Habelə konstitusiyanın 71-ci maddəsinin (yeni red.) II bəndində ehtiva olunur ki, hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.   Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Dövlət sirri haqqında” Qanunun 5-ci maddəsi ilə dövlət sirrini təşkil edən məlumatların dairəsi müəyyən edilmiş və bu məlumatların mühafizəsi və istifadəsi ilə bağlı şərtlərin pozulmasına dair məsuliyyət qanunvericiliklə sanksiyalaşdırılaraq, müvafiq olaraq cinayət və digər məsuliyyətlər nəzərdə tutulub.  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də nəzərdə tutulur ki, “Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və ya mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər”. Mülki Məcəllənin 16-cı və 560-cı maddələrində də fiziki və hüquqi şəxslərin yalnız başqalarına ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərin, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinin yolverilməzliyi nəzərdə tutulur.  Beynəlxalq və milli qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən göründüyü kimi, fikir və söz azadlıqlarından, demokratik dəyərlərin verdiyi digər imkanlardan qərəzli sui-istifadənin, qeyri-peşəkar, səriştəsiz yanaşmanın qarşısının alınması üçün ifadə azadlığı hüququna həm beynəlxalq hüququn, həm də milli hüququn müəyyən etdiyi, demokratik cəmiyyətin tələblərinə cavab verən məhdudiyyətlərin qoyulması mümkündür.
Bütün bunlara əsaslanaraq demək olar ki, belə məhdudiyyətləri nəzərdə tutan müvafiq qanunun qəbul edilməsi həm beynəlxalq, həm də milli hüququn tələbləri ilə uzlaşır. Belə bir qanunun qəbulu “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”da, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan fikir və söz azadlığı hüququnun məhdudlaşdırılması kimi təfsir edilə bilməz.  Hüquqların məhdudlaşdırılmasına dair qanunevericilik təcrübəsini araşdırarkən qeyd etmək yerinə düşər ki, respublikamızın qanunvericilik təcrübəsində sərbəst toplaşmaq azadlığına demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə məhdudiyyətləri nəzərdə tutan “Sərbəst  toplaşmaq azadlığı haqqında” Qanun mövcuddur. Onu da xüsusilə qeyd etmək yerinə düşür ki, təklif olunan qanunda söz və fikir azadlığı hüququ həyata keçirilərkən, digər hüquq və vəzifələrə riayət olunmaqla, onlar arasındakı mütənasibliyin təmin olunması, qərəzli sui-istifadə hallarına yol verilməməsinə dair müvafiq normalar da nəzərdə tutulmalıdır.   İndiyədək söz və fikir azadlığının həyata keçirilməsi ilə bağlı müzakirə və təkliflərdə, qəbul olunan qanunlarda əsasən, kütləvi informasiya vasitələrində bu hüquqdan sui-istifadə məsələləri ön plana çəkilməklə, məhz KİV-də bu hüquqlardan sui-istifadənin yolverilməzliyi qeyd olunur. Lakin bu zaman söz və fikir azadlığının həyata keçirildiyi digər kütləvi yayılma üsulları diqqətdən kənarda qala bilməz. Ona görə də hesab edirik ki, təklif olunan qanun nəinki kütləvi informasiya vasitələrinə, eləcə də kütləvi yayılan və nümayiş etdirilən internet- informasiya ehtiyatlarına, əsərlərə, kütləvi çıxışlara, eləcə də informasiyanın yayılması mümkün olan digər subyektlərə də şamil edilməlidir. Şübhəsiz, həmin qanunda milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, digər şəxsiyyətin nüfuzu, adına hörmət edilməsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün ifadə etmək azadlığı hüququna məhdudiyyətlərin dairəsi, şərtləri, məsuliyyətin əsasları və s. müəyyənləşdirilməklə yanaşı, fövqəladə hallar zamanı (müharibə, təbii fəlakət və insan həyatını təhdid edən digər hallar) söz və fikir azadlığı hüququna qoyula biləcək (hətta, hərbi senzuranın) məhdudiyyətlərin dairəsi də dəqiq müəyyənləşdirilməlidir.
Sözsüz, belə bir qanun həm də praktiki tətbiq zamanı çevik mexanizmlərə də malik olmalıdır. Çünki söz azadlığını ifadə hüququndan qərəzli sui-istifadənin vurduğu zərəri restitusiya etmək (yəni, əvvəlki vəziyyəti bərpa etmək) demək olar ki, mümkün olmur. Bu fikrimizi izah edək. Təsəvvür edək ki, milli təhlükəsizlik, dövlətin ərazi bütövlüyünə təsir edən, yaxud şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat yayılır. Belə məlumatı yayan şəxsin cinayət, inzibati və ya mülki məsuliyyətə cəlb edilməsi, eləcə də təkzib verilməsi hüququ qanunvericilikdə öz əksini tapır. Lakin bu cür müdafiə üsulları heç də həmişə məlumatın yayılması nəticəsində vurulmuş zərəri əvəzləmir. Artıq yayılmış və öz mənfi nəticələrini göstərmiş məlumatın “əvvəlki vəziyyətinə qaytarılması” mümkün deyil. Lakin qanunda daha çevik mexanizmlər nəzərdə tutulması ilə bu məlumatın qısa zamanda aradan qaldırılması, onun yayılma dairəsinin məhdudlaşdırılması, onun vura biləcəyi növbəti zərərləri istisna etmiş olar.
Sonda onu da qeyd etmək istərdim ki, sözdə sərhəd olmalıdır. Söz və fikir azadlığı heç də istənilən fikrin, sözün məhdudiyyətsiz yayılması, başqalarını ləkələmək, alçaltmaq, mənəvi sarsıntılara məruz qoymaq məqsədilə istifadə edilə bilməz. Dövlət hər kəsi bu cür qanuna və əxlaqa zidd hərəkətlərdən müdafiə edən hüquqi mexanizmlər yaratmalıdır. “Qılınc yarası sağalar, söz yarası sağalmaz” atalar məsəli əbəs yerə deyilməyib.
Natiq ABDULLAYEV,
Hüquqi İslahatlara
Yardım Mərkəzi İctimai Birliyinin sədri
Gündəlik