Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR
Azərbaycanlılara qarşı soyqırım törədənlərin cəzalandırılması
üçün beynəlxalq məhkəməyə müraciət oluna bilər

Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız tarixi keçmişinə obyektiv baxmaq imkanı əldə etmişdir. Sovet imperiyası dövründə gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər müstəqillik dövründə açılmış, təhrif edilmiş hadisələr Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanliların soyqırımı haqqında” Fərmanı ilə özünün əsl siyasi qiymətini almışdır.
Sözügedən Fərmanda ermənilərin Azərbaycanlılara qarşı onilliklər boyu davam edən soyqırım cinayətinin xronologiyası verilməklə, soyqırım hadisələrinə siyasi qiymət verilmiş və bununla əlaqədar olaraq 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir.
Soyqırım – siyasi olmaqla yanaşı, həm də hüquqi məsələdir. Odur ki, soyqırım cinayətinin hüquqi aspektləri barədə «Hüquqi İslahatlara Yardım Mərkəzi» İctimai Birliyinin sədri hüquqşünas Natiq Abdullayevlə söhbətləşdik.


Sual: Natiq müəllim, soyqırım nə vaxtdan cinayət hesab edilmişdir?

Cavab: 1944-cü ilə qədər (soyqırım) anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədli törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Avropa yahudilərinin faşistlər tərəfindən kütrləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos –“nəsil, kök, soy” sözü ilə latın dilindən caedo - “öldürərəm” sözlərinin birləşməsindən “genosid” (soyqırım) terminini təklif etdi. Bu termini təklif edən Lemkin belə əsaslandırırdı ki, soyqırımı – müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini “Bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Tribunalın ittihan aktında (soyqırım) anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmişdir.
09 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya qəbul edildi (bu Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir). Bununla ilk dəfə olaraq belnəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu.
Bu Konvensiyaya görə (maddə 2) soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlüklə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: bu cür qrup üzvlərinin öldürülməsi; bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinin ciddi zərər yetirilməsi; qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrup daxilində doğumun qarşını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.
Konvensiyanın 3-cü maddəsinə görə aşağıdakı əməllər cəzalandırılandar.
a)    Sorqırım;
b)    Sorqırım törətməyə yönəlmiş gizli sövdələşmə;
c)    Soyqırım törətməyə birbaşa və açıq təhrik;
d)    Soyqırım törətməyə yönəlmiş qəsd;
e)    Soyqırımda iştirak.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya qoşulmaq barədə  Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmışdır. Qanun 25 iyun 1996-cı ildə “Azərbaycan” qəzetində dərc edilməklə qüvvəyə minmişdir. Konvensiyanın müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım” (Maddə 103), “Soyqırımın törədilməsinə təhlik etmə” (Maddə 104) maddələri daxil edilmişdir.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsində də hər hansı milli, etnik, irqi və ya dini qrupunun qismən və ya bütövlükdə məhv edilməsi niyyəti ilə törədilmiş və sözügedən konvensiyanın 2-ci maddəsində ehtiva olunan hərəkətlər bəşəriyyət əleyhinə ən ağır cinayət hesab edilmişdir.

Sual: Natiq müəllim, hazırkı dövrə qədər başqa ölkələrdə törədilmiş soyqırım cinayəti ilə bağlı Beynəlxalq məhkəmələr hər hansı bir cəza tədbiri görmüşlərmi?

Cavab: Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəşəriyyət əleyhinə törədilmiş bir neçə cinayət beynəlxalq aləm tərəfindən soyqirim kimi qəbul edilib. Faşistlərin Avropada törətdiyi məlum əməllər Nürmberq Tribunalının hökmü ilə soyqırım kimi qiymətləndirilməsə də bəşəriyyət əleyhinə cinayət hesab edilmişdir. Keçmiş Yuqoslaviyanın ərazisində olan Bosniya münaqişəsi zamanı (1992-1995) kiçik Srebrenitsa şəhərciyində serb qoşunları tərəfindən 7800 bosniyalı kişilərin və oğlan uşaqlarının öldürülməsi bəşəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırım kimi qiymətləndirildi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş Yuqoslaviya üzrə  Beynəlxalq Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiş Yuqoslaviyanın ərazisi ilə məhdudlaşırdı. 1994-cü ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurası Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə (1994-cü ilin aprel – iyul ayları ərzində) əlaqədar Beynəlxalq Tribunalın yaradılmasına qərar verdi. Hərbi Tribunal Tanzaniyanın Aruşa şəhərində yerləşirdi. 2 sentyabr 1998-ci il tarixdə ilk dəfə olaraq soyqırım cinayəti törətməkdə ittiham edilərək Taba kommunasının meri postunda fəaliyyət göstərmiş Jan-Pol Akayesunun barəsində hökm çıxarıldı. Bu tribunallar və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə öz yuridiksiyaları çərçivəsində cinayətləri araşdırmasına və məhkəmə presedenti yaratmalarına baxmayaraq, soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxsləri məhkun etmək praktiki cəhətdən hələ də çətinliklərlə qarşılaşır. Bundan da mürəkkəb məsələ isə soyqırım cinayətinin qarşısının alınmasıdır. Beynəlxalq aləmin səylərinə baxmayaraq bu gün də soyqırım cinayətini törədən şəxslərin cəzalandırılması və soyqırımın qarşısının alınması çətin və mürəkkəb prosesdir.  

Sual: Bəs Azərbaycanlılara qarşı soyqırımla bağlı niyə Beynəlxalq məhkəmələr qərar qəbul etmir?

Cavab: Belə bir qərarın qəbul edilməsi üçün ilk öncə yuxarıda sözügedən Konvensiyanın 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Dövləti Beynəlxalq Məhkəməyə müraciət etməlidir.
Doğrudur, ermənilərin işğalçı hərəkətləri ilə əlaqədar 26 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri cənab Heydər Əliyev 1992-ci ilin fevral ayının 26-da ermənilərin Xocalıda törətdikləri faciə ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət edərək BMT-nin  Təhlükəsizlik Şurasının dərhal çağırılmasını xahiş etmişdir.
Eyni zamanda, həmin dövrdə, yəni 18.08.1993-cü ildə cənab H.Əliyev tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının sədrinə və BMT-nin Baş katibinə müraciətlər olunmuşdur. Təhlükəsizlik Şurasının dərhal çağırılması və təcəvüzkarı dərhal dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə dinc sakinini qorumaq üçün kəsərli və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunmuşdur.
Hesab edirəm ki, bu gün beynəlxalq hüquq üzrə mütəxəssislərimiz Konvensiyanın müddəalarına uyğun BMT-nin Təhlükəsizlik Şurasına Beynəlxalq Məhkəmənin yaradılması üçün müraciət edilməsi məsələsinin mümkünlüyünə baxmalıdırlar.

Sual: Natiq müəllim, bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan xalqları sırasında Azərbaycan xalqı da var. Xalqımıza qarşı soyqırım törətmiş ermənilərin cəzalandırılmasının hüquqi həllini görürsünüzmü?

Cavab: Əlbəttə, heç bir cinayət, xüsusən də bəşəriyyət əleyhinə olan cinayət cəzasız qalmayacaqdır. Bu gün soyqırıma məruz qalmağımızla bağlı siyasi aspektdə çox böyük işlər görülmüşdür ki, bunlar da Sizlərə məlumdur. Artıq Azərbaycan dövləti “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT-nin Konvensiyasına 31 may 1996-cı il tarixli qanunla qoşulmuşdur. Bu Konvensiyaya qoşulmağımız soyqırım cinayətinə qarşı olmağımızın bariz nümunəsidir. Xalqımız həmişə bu cinayəti  törətmiş şəxsləri lənətləmişdir. Siyasi müstəvidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl fəaliyyəti, Heydər Əliyev Fondunun beynəlxalq aləmdə azərbaycanlıların soyqırıma məruz qalması barədə uğurlu təbliğatı öz bəhrəsini verir. Bu gün artıq Azərbaycan həqiqətlərini dünya qəbul etmək məcburiyyətindədir. Eyni zamanda, məsələnin hüquqi müstəvidə də həllini tapması üçün tədbirlər görülməsi məqsədəuyğun olardı. Hesab edirəm ki, dövlətin, ictimai təşkilatların dəstəyi ilə beynəlxalq hüquq üzrə mütəxəssislərin bir araya gəlib Azərbaycanlılara qarşı soyqırım cinayətini törətmiş erməni faşistlərinin cəzalandırılması məqsədilə Beynəlxalq Tribunalın yaradılması üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət edilməsi məqsədilə tədbirlər planı işlənməlidir.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi