Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası DİN-yi BDYPİ-nin rəisi Cənab R.Zeynalova
Azərbaycan Respublikası
DİN-yi BDYPİ-nin rəisi
Cənab R.Zeynalova


Hörmətli Ramiz müəllim!

“Şərq” qəzetinin 18.02.2012-ci il tarixli, 31(3282)-ci sayında (səh 5), mərkəzimizin əməkdaşı Natiq Abdullayevin müəllifliyi ilə “Eurovision-2012” gəlir” başlıqlı, “Gəlin cibgirlərə qarşı mübarizəni avtoxuliqanlığa da tətbiq edək” yarımbaşlıqlı məqalə dərc edilmişdir.
“Avtoxuliqanlıqla mübarizənin ictimai qınaq metodları ilə mübarizəyə həsr olunmuş məqalədə göstərilən fikirlərin rəhbərlik etdiyiniz təşkilatın aidiyyatı əməkdaşları üçün əhəmiyyətli olmasına ümid edərək məqalənin surətini Sizə göndəririk.


Hörmətlə, Sədr  Fətəli Abdullayev



http://www.sherg.az/2012/02/18/get=46855

“Eurovision-2012” gəlir”

Gəlin cibgirlərə qarşı mübarizəni Avtoxuliqanlığa da tətbiq edək

Hər bir ölkədə mövcud olan yolların rahatlığı, genişliyi, yol şəbəkəsinin sıxlığı həmin dövlətin iqtisadi inkişafının göstəricisi kimi xarakterizə edilsə də, sürücülərin həmin yollardakı hərəkət mədəniyyəti, hüquqi dildə desək yol hərəkəti qaydalarına necə əməl etməsi isə bu ölkədə yaşayan insanların ümumi mədəniyyət səviyyəsinin göstəricilərindən biridir.

Ötən əsrin 90-cı illərinin sonlarından respublikamızın yol hərəkəti iştirakçıları olan sürücülərin sırasında sürücülük mədəniyyəti son dərəcə bəsit olan, özlərinin nalayiq davranışları ilə cəmiyyətə və yol hərəkəti qaydalarına açıqcasına hörmətsizlik edən "avtoş" sürücülər peyda olmağa başladılar. Özlərinin "eqoist" davranışları ilə, xüsusən Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomaşınlarla yol hərəkətinin digər iştirakçılarının, o cümlədən özlərinin həyat təhlükəsizliyinə laqeyd münasibət bəsləyərək, insanları yersiz narahat edən, ictimai qaydalara aşıqdan-açığa hörmətsizlik edən "avtoşlar" yağışdan sonra artan göbələklər kimi günbəgün çoxalmağa başladılar. Əsasən, harınlamış, yüngül əxlaq tərzinə malik olan ailələrdən çıxan avtoşlar getdikcə daha böyük ictimai bəlalara səbəb olmağa başladılar. Onlar öz məsuliyyətsiz, mədəniyyətsiz davranışları ilə nəinki ölkəmizin ümumi mədəniyyətinin göstəricisinə xələl gətirir, hətta çoxlu sayda günahsız insanların ölümünə səbəb olur. Kibrit ağıllı insanların əlində adamların rifahına xidmət etsə də, şüurca yetkinləşməmiş insanların əlində fəlakət, faciə mənbəyi olur.

"Avtoşluğun surətli inkişafı" müvafiq dövlət orqanlarımızı da buna qarşı gücləndirilmiş mübarizə aparmağa vadar etdi və bu səbəbdən Azərbaycan Respublikasının 06 noyabr 2007-ci il tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə "avtoxuliqanlıq" adlı 296-1-ci maddə əlavə edildi. Sözügedən maddəyə əsasən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq adlanan inzibati xətanın tərkibini ehtiva edir. Bu hüquq normasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəticəsində avtoxuliqanlığa qarşı mübarizənin hüquqi əsası yaradılsa da, gözlənilən nəticələr əldə olunmadı. Mətbuatdan da bəlli olduğu kimi, artıq avtoxuliqanlığın cinayət əməli kimi müəyyən edilib sanksiyalaşdırılmasına dair təşəbbüslər son vaxtlar artmağa başlamışdır. Eyni zamanda, bir neçə müddətdir ki, DYP tərəfindən avtoşluğa qarşı nəinki inzibati, hətta ictimai qınaq metodlarından da istifadə edilməsinin zəruriliyi gündəmə gətirilmişdir. Avtoxuliqanlığa qarşı ictimai qınaq metodlarından istifadə olunmasını təqdirəlayiq hesab edərək, mən də bir vətəndaş və hüquqşünas olaraq bu yazıda həmin məsələyə dair fikirlərimi ifadə etmək istərdim.

Məlum olduğu kimi, bir müddət əvvəl DYP tərəfindən avtoşların karikaturasının çəkilməsi üçün müsabiqə elan edilmişdi. Bəlkə də çoxları mənim bu fikirlərimlə razılaşmayacaq, ancaq deməliyəm ki, mən bu cür "karikatura müsabiqəsini" düzgün hesab etmirəm. Çünki avtoxuliqanlığın subyektləri bir qayda olaraq yüngül düşüncəyə malik şəxslərdir. Ən azı bu səbəbdən "karikatura müsabiqəsi" əksinə reaksiya verə bilər və yüngül düşüncə sahibləri olan avtoşlar, hətta bu cür müsabiqələrin "qalibi" olmaq uğrunda mübarizəyə başlaya bilərlər ki, bu da nəinki avtoşluğa qarşı mübarizə olar, hətta avtoşluğun təşviqinə rəvac verər. Sözsüz ki, bu, mənim subyektiv mülahizəmdir və bununla razılaşmayanlar ola bilər. Lakin hesab edirəm ki, hər birimiz öz subyektiv, təhlilli mülahizələrimizi söyləməklə hamımızı rahatsız edən və cəmiyyətimizin bəlalarından birinə çevrilməkdə olan bu hərəkətlərə qarşı daha mükəmməl, daha təsirli ictimai qınaq metodlarının tapılmasına nail ola bilərik.

Tarixi faktlardan məlumdur ki, XVI əsrdə İspaniyada fərdi cəngavərlik dəb düşmüşdü. Hökumət buna qarşı mübarizə aparsa da, səmərəli nəticə əldə etmək mümkün olmurdu. Lakin, Migel De Servantes "Lamanclı Don Kixot" əsəri ilə bu cəngavərliyi elə səviyyədə məsxərəyə qoydu ki, artıq bu cür "cəngavərlik" cəmiyyət arasında utanc gətirən, gülüş doğuran hərəkət kimi qiymətləndirildi və bədii sözün qüdrəti ilə problem həllini tapdı. Hesab edirəm ki, belə metodlardan da yararlanmaq olar. Yazarlarımızın avtoşluğu məsxərəyə qoyan əsərlər yazması və bu əsərlər əsasında komik səhnələr, filmlər çəkilməsi məqsədəuyğun olardı. Bu cür ədəbi əsərlərin yaradılması avtoşluğa qarşı ictimai mübarizəyə ciddi təkan vermiş olardı.

Hesab edirəm ki, tez-tez özləri yol hərəkəti qaydalarına sayğısızlığı ilə kameralara düşən, yol polislərimizin sənət və sənətkara hörmətindən sui-istifadə edən müğənnilərimiz, aktyorlarımız yox, cəmiyyətdə öz şəxsiyyəti, qanun- qaydalara hörməti ilə tanınan məşhurlarımız bu məsələdə öz sözünü deməlidirlər. Avtoşluq ciddi şəkildə cəmiyyətdə "nüfuzdan" salınmalıdır ki, gənclər bu yoldan dönüb daha faydalı işlərlə məşğul olsunlar. Bir neçə il əvvəl efirə çıxmış "Məşədi İbad-94" filmində avtoş obrazı müasir Sərvərin timsalında məsxərəyə qoyulmuşdu. Belə və "Mozalan"vari çəkilişləri ekranlara gətirmək yaxşı olardı. Hətta, bütün cəmiyyət, xüsusən, gənclər arasında kifayət qədər populyar olan "Bu şəhərdə"nin yaradıcıları avtoşu məsxərəyə qoyan səhnəciklər yaratsalar, onlara minnətdar olardıq.

Statistikaya görə, texnogen qəzalarda ölənlərin, yaxud da ölümlə nəticələnən qəzaları yaradanların çoxu 18-25 yaşlarında avtoşluqla məşğul olan gənclərimizdir. Onlar bu gün özünün və başqa günahsız insanların həyatlarını düşünmədən bu hərəkətə-avtoşluğa meyl edirlər. Bizlər buna laqeyd qalmamalıyıq. Bu gün bu gənclər məsuliyyətsiz düşüncələrilə hərəkət edərək avtoşluq nəticəsində qəzaya düşüb ölməyə deyil, Mübariz kimi Vətən uğrunda mübariz olmağa üstünlük verməlidirlər, onların "qəhrəmanlığı", risqli cəsarəti xeyirli səmtə yönəlməlidir. Bunu onlara anlatmaq isə təbii ki, böyük təsir gücünə malik KİV-lər üzərinə düşür.

Düşünürəm ki, artıq idmanın bir çox sahələrində nailiyyətlər əldə edən Azərbaycanda "ralli" yarışlarının keçirilməsi üçün də təşəbbüslər göstərilməlidir. Bəlkə doğrudan da bu şöhrətli idman növündə də uğurlar qazana biləcək potensial imkanlı gənclərimiz var.

Son olaraq yada salmaq istərdim ki, həm də qarşıdan "Eurovision-2012" gəlir, ölkəmizə dünyanın bütün guşələrindən insanlar qonaq təşrif gətirəcəklər, gördükləri barədə özlərində və geriyə döndükləri dövlətlərdə rəy formalaşdıracaqlar. Gəlin o zamana qədər getdikcə daha çox gənclərə yoluxan bu bədnam mərəzin kökünü kəsmək üçün profilaktik və inzibati təsir vasitələrini birlikdə işə salaq. Daxili İşlər Nazirimizin "Eurovision-2012"-yə qədər Bakının metro və avtobus marşrutlarında cibgirlərlə mübarizə barədə artıq öz müsbət nəticəsini göstərməkdə olan ciddi tapşırığı avtoxuliqanlara qarşı da tətbiq edilməlidir.

Natiq Abdullayev,
"AZE Konsaltinq Qrup"un direktoru, hüquqşünas




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi