Hüquqi İslahatlara Yardım Mərkəzi - Təkliflər01
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Təkliflər01

LAYİHƏ

Münsiflər Məhkəməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Fəsil I. ÜMUMİ HİSSƏ

Maddə 1. Qanunun tətbiqi sahəsi

Bu Qanun Azərbaycan Respublikasının ərazisində yerləşən münsiflər məhkəmələrinin fəaliyyətini və yaradılması qaydalarını müəyyən edir.

Mülki hüquq münasibətlərinin pozulmasından irəli gələn istənilən mübahisə bu Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin bağladığı müqaviləyə (Sazişə) əsasən (bundan sonra tərəflər - kimi qeyd olunacaq) münsiflər məhkəməsinə baxılmaq üçün verilə bilər.

Bu Qanun beynəlxalq kommersiya arbitrajına tətbiq edilmir.

Münsiflər məhkəməsinin yaradılması və fəaliyyətinin təsbit olunduğu bu qanun ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar

Bu Qanunda aşağıdakı əsas anlayışlar istifadə olunur:

Münsiflər məhkəməsi – konkret mübahisənin həll edilməsi üçün tərəflərin seçdiyi münsiflər məhkəməsi və ya daimi fəaliyyət göstərən münsiflər məhkəməsi;

Münsiflər məhkəməsinin hakimi – mübahisənin münsiflər məhkəməsində həll edilməsi üçün tərəflərin seçdiyi və ya qarşılıqlı razılıq qaydasında təyin edilmiş fiziki şəxs;
Münsif araşdırması – mübahisənin münsiflər məhkəməsində həlli və münsiflər məhkəməsi tərəfindən qərarın qəbul edilmə prosesi;
Saziş (bundan sonra - saziş) – tərəflərin razılığı ilə mübahisənin münsiflər məhkəməsinə verilməsi;
Daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin qaydaları – daimi fəaliyyət göstərən münsiflər məhkəməsini təşkil edən təşkilatın – hüquqi şəxsin təsdiq etdiyi və münsif araşdırmasını özündə əks etdirən qaydalar, əsasnamələr, reqlamentlər;

Münsif araşdırmasının qaydaları – mübahisənin münsiflər məhkəməsində həll edilməsi qaydaları, həmçinin münsiflər məhkəməsinə müraciətin əsas qaydaları və münsiflər məhkəməsinin hakimlərinin məhkəmə araşdırmasının aparılması və hakimlərin seçilməsi (təyinatı) haqqında normalar;

Münsif araşdırmasında tərəflər – qanunla müəyyən edilmiş qaydada öz hüquq və maraqlarının müdafiəsi üçün münsiflər məhkəməsinə iddia ilə müraciət edən təşkilatlar – hüquqi şəxslər, vətəndaşlar, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və fərdi sahibkarlar;

Səlahiyyətli məhkəmə - Azərbaycan Respublikasının ərazisində məhkəmə hakimiyyətini həyata keçirən ümumi yurisdiksiyalı və ya ixtisaslaşdırılmış məhkəmələr;

Maddə 3. Münsiflər məhkəməsinin yaradılmasının və fəaliyyətinin qaydaları

Azərbaycan Respublikasında daimi fəaliyyət göstərən və konkret mübahisənin həlli üçün münsiflər məhkəmələri yaradıla bilər.

Daimi fəaliyyət göstərən münsiflər məhkəmələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yaradılan ticarət palataları, birjalar, sahibkarların və istehlakçıların ictimai birlikləri, digər təşkilatlar – hüquqi şəxslər və onların cəmiyyətləri (assosiasiya və birliklər) tərəfindən təsis olunur və bu təşkilatların – hüquqi şəxslərin nəzdində fəaliyyət göstərirlər.

Daimi fəaliyyət göstərən münsiflər məhkəməsi Azərbaycan Respublikasının dövlət orqanlarında və yerli idarəetmə orqanlarında yaradıla bilməz.

3. Daimi fəaliyyət göstərən münsiflər məhkəməsi o zaman yaradılmış hesab edilir ki, təşkilat – hüquqi şəxs:

daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin yaradılması barədə qərar qəbul edir;

daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin əsasnaməsini təsdiq edir;

tərəflər üçün məcburi və ya tövsiyə xarakteri daşıyan münsiflərin siyahısını təsdiq edir.

4. Daimi fəaliyyət göstərən münsiflər məhkəməsini təsis edən təşkilat – hüquqi şəxs, münsiflər məhkəməsinin yerləşdiyi ərazidə məhkəmə hakimiyyətini həyata keçirən səlahiyyətli məhkəməyə bu maddənin 3-cü bəndində əks olunmuş daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin təsis edilməsi haqqında sənədlərin surətini göndərir.

5. Konkret mübahisənin həll edilməsi üçün münsiflər məhkəməsinin təşkil edilməsi qaydaları tərəflərin bağladığı müqaviləyə əsasən bu Qanunun, 1, 2, 4, 5-ci və 8-ci maddələrinə, 9-cu maddənin 1-ci bəndinə, 11-ci maddəyə, 13-cü maddənin 1 və 2-ci bəndlərinə, 14-cü maddəyə zidd olmamalıdır. Əgər tərəflərin bağladığı müqavilədə konkret mübahisənin həll edilməsi üçün yaradılan münsiflər məhkəməsinin təşkil edilməsi qaydaları göstərilməyibsə, bu Qanunun 8 - 14-cü maddələrində nəzərdə tutulan müddəalar tətbiq olunur.

6. Münsif araşdırmasının xüsusiyyətləri bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunur.

Maddə 4. Sənədlərin və digər materialların əldə edilməsi

Sənədlər və digər materiallar tərəflərin razılaşdığı qaydada və qeyd etdikləri ünvanlara göndərilir.

Əgər tərəflər bu məsələ ilə bağlı hər hansı qayda müəyyən etməyiblərsə, bu halda sənədlər və digər materiallar münsiflər məhkəməsinə müraciət edən tərəflərin məlum olan son ünvanına və ya vətəndaşın – sahibkarın yaşadığı ünvana sənədlərin və digər materialların çatdırılması üçün nəzərdə tutulan sifariş əsasında bildirişli məktub vasitəsilə göndərilir. Ünvan sahibinin həmin ünvanda olmamasından və ya yaşamamasından asılı olmayaraq, sənədlər və digər materiallar ünvana çatdırıldığı gün alınmış hesab edilir.

Maddə 5. Mübahisənin həll edilməsi üçün münsiflər məhkəməsinə verilməsi

Mübahisə tərəflər arasında münsif müqaviləsi bağlandıqda münsiflər məhkəməsinə verilə bilər.

Münsif müqaviləsi tərəflər arasında konkret hüquq münasibətləri zamanı yaranmış və ya yarana biləcək bütün və ya müəyyən mübahisələrə dair bağlana bilər.

Münsif müqaviləsində mübahisənin həll edilməsi üçün tərəflərdən birinin müəyyən etdiyi şərtləri, üsul və ya digər standartları, əgər bu müqavilə iddiaya səbəb olan əsaslardan sonra bağlanıbsa, bu halda digər tərəf müqavilədə qeyd olunan tələbləri qoşulma (qoşulma müqaviləsi) vasitəsilə qəbul edə bilər.

Ümumi yurisdiksiya və ya arbitraj məhkəməsinin icraatında olan mübahisəyə dair münsif müqaviləsi, səlahiyyətli məhkəmə tərəfindən mübahisəyə dair qərar çıxarılanadək bağlana bilər.

Maddə 6. Mübahisələrin həllinə dair münsiflər məhkəməsi tərəfindən

tətbiq edilən normalar

Münsiflər məhkəməsi, mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Hökumətinin qərarlarına, Dövlət icraedici orqanın normativ hüquqi aktlarına və yerli özünüidarə orqanlarının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malik olan beynəlxalq müqavilələrə və digər normativ hüquqi aktlara əsasən həll edir.

Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin müddəaları ilə bu qanun arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilənin müddəaları tətbiq olunur.

Münsiflər məhkəməsi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və işgüzar adətləri nəzərə alaraq qərar qəbul edir.

Əgər tərəflərin münasibətləri hüquq normalarıyla və ya onların razılığıyla tənzimlənmirsə və bu münasibətlərə tətbiq oluna biləcək işgüzar dövriyyənin qaydaları mövcud deyilsə, bu halda münsiflər məhkəməsi oxşar mübahisənin həll edilməsində tətbiq etdiyi qaydalarla, bu olmadıqda isə qanunların və digər normativ aktların ümumi mənasına əsasən mübahisəni həll edir.

FƏSİL II. Saziş

Maddə 7. Sazişin forması və məzmunu

1. Saziş yazılı şəkildə bağlanır. Sazişi yazılı formada tərəflərin imzalarının əks olunduğu sənəddə və ya məktubların dəyişdirilməsi yolu ilə, teletayp, teleqraf və bu növ sazişlərə tətbiq edilə bilən digər elektron vasitələrdən istifadə edilərək bağlanmış hesab olunur. Müqavilədə mübahisənin münsiflər məhkəməsinə verilməsi şərtlərini əks edən sənədə istinad o halda münsiflər müqaviləsi hesab edilir ki, bu istinad, müqavilə yazılı şəkildə bağlanaraq, münsiflər sazişi müqavilənin bir hissəsi olsun.

2. Bu maddənin 1-ci bəndində qeyd olunanlara əməl olunmadan bağlanan münsiflər sazişi etibarsızdır.

3. Tərəflər, müqavilədə mübahisənin münsiflər məhkəməsinə verilməsinə dair başqa qayda nəzərdə tutmayıblarsa, bu halda daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin qaydaları Sazişin ayrılmaz tərkib hissəsi kimi hesab edilir.

FƏSİL III. Münsiflər məhkəməsinin tərkibi

Maddə 8. Münsiflər məhkəməsinin hakiminə qoyulan tələblər

Mübahisənin həll edilməsində qərəzsizliyi təmin edə bilən, işin gedişində birbaşa və ya dolayısı ilə maraqlı olmayan, tərəflərdən asılı olmayan və münsiflər məhkəməsinin hakimliyini icra etməyə razılıq verən fiziki şəxs münsiflər məhkəməsinin hakimi seçilir (təyin olunur).

Mübahisəyə təkbaşına baxan hakimin ali hüquq təhsilli olmalıdır. İş kollegial qaydada baxıldıqda, kollegiyanın sədrinin ali hüquq təhsili olmalıdır.

Münsiflər məhkəməsinin hakimlərinin ixtisasına dair tələblər bilavasitə tərəflərin razılığı və ya münsif araşdırmasının qaydaları ilə müəyyən oluna bilər.

Münsiflər məhkəməsinin hakimi məhdud fəaliyyət qabiliyyətli və ya qəyyum və ya himayəçi nəzarətində olan şəxs ola bilməz.

Münsiflər məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilmiş və ya məhkumluğu olan fiziki şəxs ola bilməz.

Peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifədən kənarlaşdırılan ümumi yurisdiksiyalı və ya ixtisaslaşdırılmış məhkəmələrin hakimi, vəkil, notarius, müstəntiq, prokuror və ya digər hüquq-mühafizə orqanlarının işçiləri münsiflər məhkəməsinin hakimi ola bilməzlər.

Bu qanunla müəyyən olunmuş vəzifə səlahiyyətlərinə malik olan fiziki şəxs daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin hakimi seçilə (təyin oluna) bilməz.

Maddə 9. Münsiflər məhkəməsinin hakimlərinin sayı

Tərəflər hakimlərin sayını tək ədəddən ibarət olan sayda müəyyən edə bilərlər.

Əgər tərəflər öz aralarında razılığa gəlməyiblərsə, mübahisənin həll edilməsi üçün münsiflər məhkəməsinin üç hakimi seçilir (təyin edilir).

Əgər daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin qaydalarına əsasən hakimlərinin sayı müəyyən edilməyibsə, bu halda üç hakim seçilir (təyin edilir).

Maddə 10. Münsiflər məhkəməsinin tərkibinin formalaşdırılması

Münsiflər məhkəməsinin tərkibi hakimlərin (hakimin) seçilməsi (təyin edilməsi) yolu ilə formalaşdırılır.

Daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin tərkibinin formalaşdırılması daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin müəyyən olunmuş qaydalarına əsasən həyata keçirilir.

Konkret mübahisənin həlli üçün yaradılan münsiflər məhkəməsinin tərkibi tərəflərin qarşılıqlı razılığı əsasında formalaşdırılır.

Əgər tərəflər öz aralarında başqa razılığa gəlməyiblərsə, konkret mübahisənin həlli üçün yaradılan münsiflər məhkəməsinin tərkibinin formalaşdırılması aşağıdakı qaydada həyata keçirilir:

üç hakimdən ibarət olan münsiflər məhkəməsinin tərkibi hər tərəfin bir hakimi seçməsi və bu iki hakimin də öz növbəsində 3-cü hakimi seçməsi yolu ilə formalaşdırılır.

Əgər tərəflərdən biri digər tərəfdən hakimi seçməsi barədə təklif etdikdən 15 gün müddətində münsiflər məhkəməsinin hakimini və ya seçilmiş iki hakim 15 gün müddətində üçüncü hakimi seçmirlərsə, münsiflər məhkəməsində işin baxışı dayandırılır və iş baxılması üçün aidiyyatı ümumi yurisdiksiyalı və ya ixtisaslaşdırılmış məhkəməyə göndərilir.

əgər işin baxışı münsiflər məhkəməsində təkbaşına hakim tərəfindən həyata keçirilirsə, bir tərəfin digər tərəfə hakimi seçməsi barədə etdiyi müraciətdən 15 gün müddətində münsiflər məhkəməsinin hakimi seçilməsə, işin münsiflər məhkəməsində baxışı dayandırılaraq, baxılması üçün səlahiyyətli məhkəməyə göndərilə bilər.

Maddə 11. Münsiflər məhkəməsinin hakiminə etiraz edilməsinin əsasları

Bu qanunun 8-ci maddəsində qeyd edilən müddəaların yerinə yetirilməməsi münsiflər məhkəməsinin hakiminə edilən etiraza səbəb ola bilər.

Maddə 12. Münsiflər məhkəməsinin hakiminə etiraz edilməsi qaydası

Hər hansı fiziki şəxsə münsiflər məhkəməsinin hakimi seçilə biləcəyi (təyin edilə biləcəyi) ehtimalı ilə əlaqədar müraciət etdikdə, həmin şəxs bu qanunun 11-ci maddəsinə əsasən, hakimə etiraz edilməsinə səbəb olan mövcud vəziyyət barədə məlumat verməlidir.

Əgər mövcud vəziyyət məhkəmə araşdırması zamanı baş vermişdirsə, hakim bu barədə təxirə salmadan məlumat verərək özü-özünə etiraz etməlidir.

Bu Qanunun 11-ci maddəsinə əsasən, tərəfin istəyi ilə seçilmiş hakimə etiraz etməsi yaranmış əsasların onun seçimindən sonra məlum olduğu hallarda mümkündür.

Daimi fəaliyyət göstərən münsiflər məhkəməsində hakimin kənarlaşdırılması qaydası daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin daxili Əsasnaməsinə əsasən həyata keçirilə bilər.

Konkret mübahisənin həll edilməsi üçün yaradılmış münsiflər məhkəməsində hakimə etiraz qaydası tərəflərin razılığı ilə müəyyən olunur.

Əgər münsiflər məhkəməsinin hakiminə etiraz edilmə qaydası tərəflər arasında razılaşdırılmayıbsa və ya daimi fəaliyyət göstərən məhkəmənin nizamnaməsi ilə müəyyən olunmayıbsa, münsiflər məhkəməsinin tərkibinin formalaşdırıldığı və bu qanunun 11-ci maddəsində göstərilən hakimə etiraz edilməsi əsaslarının məlum olduğu andan 5 gün müddətində əsaslandırılmış yazılı ərizə ilə müraciət edilməlidir.

Əgər etiraz edilən hakim özü-özünə etiraz etmirsə və ya digər tərəf hakimə edilən etirazla razı deyilsə, hakimə etiraz məsələsi tərkibə daxil olan hakimlər arasında tərəflərin yazılı şikayətinin daxil olduğu andan 10 gün müddətində baxılaraq həll edilir. İşə təkbaşına baxan hakimə edilən etiraza isə həmin hakim tərəfindən baxılır.
Maddə 13. Münsiflər məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verilməsi

Münsiflər məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilməsi qaydası tərəflərin razılığı ilə hakimin öz-özünə etirazı və ya bu qanunun 11 və 12-ci maddəsində qeyd olunan əsasların mövcud olması və hakimin ölümü ilə xitam verilir.

Münsiflər məhkəməsinin hakiminin səlahiyyətlərinə konkret iş üzrə qərar qəbul etdikdən sonra xitam verilir. Bu Qanunun 34-36-cı maddələrinə əsasən, münsiflər məhkəməsinin hakiminin səlahiyyətləri yenidən bərpa edilir, sonra isə prosessual hərəkətlərin yerinə yetirilməsi ilə hakimin səlahiyyətlərinə xitam verilir.

Münsiflər məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verilməsi tərəflərin razılığına əsasən, həmçinin, hakimin öz-özünə etiraz etməsinin səbəbi işin baxışında uzun müddət üzürsüz və ya digər səbəbdən iştirak etməməyi hüquqi və ya faktiki qabiliyyətsizliyi ilə əsaslandırılır.

Maddə 14. Münsiflər məhkəməsinin hakiminin əvəz edilməsi

Münsiflər məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verildiyi hallarda digər hakim əvəz olunan hakimin seçildiyi (təyin olunduğu) zaman tətbiq olunan qaydalar əsasında seçilir.

Fəsil IV. Mübahisənin münsiflər məhkəməsində həlli ilə bağlı xərclər

Maddə 15. Mübahisənin münsiflər məhkəməsində həll edilməsi ilə bağlı xərclərinin tərkibi

Mübahisənin münsiflər məhkəməsində həll edilməsi ilə əlaqədar çəkilən xərclərə aşağıdakılar daxildir:

Münsiflər məhkəməsinin hakimlərinin qonorarları;

münsiflər məhkəməsinin hakimləri tərəfindən işdə iştirak etməsi ilə bağlı olan, həmçinin, hakimlərin hadisə yerinə baxışı ilə bağlı çəkilən xərclər;

tərcüməçilərə və ekspertlərə ödənməli olan məbləğ;

yazılı və maddi sübutların yerində araşdırılması üçün hakimlərə çəkilən xərclər;

şahidlərə çəkilən xərclər;

qərarın xeyrinə çıxarıldığı tərəfin nümayəndəsinə çəkilən xərclər;

münsif araşdırmasının təşkilati, material və digər təminatı məsələlərinə çəkilən xərclər;

münsiflər məhkəməsinin müəyyən etdiyi digər xərclər.

Əgər bu fəslin 1-ci bəndində nəzərdə tutulan xərclər daimi fəaliyyət göstərən məhkəmənin Əsasnaməsində göstərilməyibsə, bu halda tərəflər fəaliyyətdə olan münsiflər məhkəməsinə xərclənən vəsaitlərin (münsif rüsumu) siyahısına daxil edilir.

Münsiflər məhkəməsinin hakimlərinin qonorarları, iddianın məbləği, mübahisənin mürəkkəbliyi, münsif araşdırmasına sərf olunan zaman və digər halları nəzərə almaqla müəyyən edilir.

Daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin hakimlərinin qonorarları daimi fəaliyyət göstərən münsiflər məhkəmələrinin Əsasnaməsində qeyd olunan hakimlərin qonorar siyahısına əsasən, göstərilmədikdə isə, bu maddənin 3-cü bəndində qeyd olunan əsaslara uyğun müəyyən olunur.

Konkret məsələnin həlli ilə bağlı yaradılan münsiflər məhkəməsinin hakimlərinin qonorarları tərəflərin razılığı ilə müəyyən olunur, bu olmadıqda isə bu maddənin 3-cü bəndinə uyğun həll edilir.

Maddə 16. Mübahisənin münsiflər məhkəməsində həll olunmasına xərclənən məbləğin bölüşdürülməsi

Mübahisənin münsiflər məhkəməsində həll olunmasına sərf olunan məbləğ tərəflərin razılığına əsasən münsiflər məhkəməsi tərəfindən, bu olmadıqda isə tələbi təmin olunmuş və tələbi təmin olunmamış tərəf arasında proporsional qaydada bölüşdürülür.

Xeyrinə qərar qəbul edilmiş tərəfin nümayəndəsinin xidmətinin dəyəri və münsif araşdırması ilə bağlı digər məsrəflərin ödənilməsi o zaman qarşı tərəfin üzərinə qoyulur ki, bu, məhkəmə baxışı zamanı irəli sürülsün və münsiflər məhkəməsi tərəfindən qəbul edilsin.

Mübahisənin münsiflər məhkəməsində həll edilməsinə xərclənən məsrəflərin bölüşdürülməsi məhkəmənin qərar və ya qətnaməsində göstərilir.

FƏSİL V. Münsif araşdırması

Maddə 17. Münsiflər məhkəməsinin səlahiyyətləri

Münsiflər məhkəməsi işə baxılması üçün səlahiyyətinin olub olmaması, həmçinin, tərəflərdən biri Sazişin olmaması və ya etibarsız olması səbəbini əsas gətirərək mübahisənin münsiflər məhkəməsində baxılmağına etiraz məsələsini müstəqil həll edir. Bu məqsədlə qeyd-şərt formasında bağlanmış və müqaviləyə əlavə olan Saziş müqavilənin digər şərtlərindən asılı olmamalıdır. Münsiflər məhkəməsinin həmin qeyd-şərtin etibarsızlığına dair gəldiyi nəticənin qanuna əsasən qüvvəsi yoxdur.

Tərəfin, mübahisənin predmetinə dair ilk ərizəsini verənədək, münsiflər məhkəməsinin icraatında olan mübahisəyə baxma səlahiyyətinin olduğunu bildirmək hüququ vardır.

Əgər münsif araşdırması zamanı münsif araşdırmasının predmetinə aid olmayan və ya baxışı Saziş ilə nəzərdə tutulmayan məsələ qalxsa, bu Qanunun və ya münsif araşdırmasının qaydalarına əsasən, tərəf münsiflər məhkəməsinin səlahiyyətlərini aşması barədə məlumat verə bilər.

Münsiflər məhkəməsi işə bu maddənin 2-3-cü bəndində qeyd olunan müddəalara əsasən baxmalıdır. Verilmiş ərizəyə məhkəmə iclasında baxaraq məhkəmə qərar çıxarır.

Əgər münsiflər məhkəməsi işin aidiyyətinə dair məsələyə baxıb mübahisənin onun aidiyyətinə daxil olmadığı nəticəsinə gələrsə, münsiflər məhkəməsi işə mahiyyəti üzrə baxa bilməz.

Maddə 18. Münsif araşdırmasının prinsipləri

Münsif araşdırması qanunçuluq, məxfilik, münsiflər məhkəməsinin hakimlərinin müstəqilliyi və qərəzsizliyi, dispozitivlik, tərəflərin çəkişməsi və bərabərliyi prinsiplərinə əsasən həyata keçirilir.

Maddə 19. Münsif araşdırması qaydalarının müəyyən edilməsi

Əgər tərəflər öz aralarında məhkəmə araşdırmasının qaydalarına dair razılığa gəlməyiblərsə, daimi fəaliyyət göstərən münsiflər məhkəməsi münsif araşdırmasını daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin Əsasnaməsinə uyğun həyata keçirir.

2. Konkret mübahisənin həll edilməsi məqsədilə yaradılan münsiflər məhkəməsi tərəflər arasında müəyyən edilən qaydalara əsasən münsif araşdırmasını həyata keçirir.

3. Bu maddənin 1 və 2-ci bəndinə əsasən tərəflərlə razılaşdırılmış münsif araşdırması, onlara konkret məsələlər üzrə razılığa gəlmək üçün şərait yaratmayan bu qanunun mütləq qaydalarına zidd ola bilməz.
Daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin və bu qanunun münsif araşdırmasının tərəflər arasında razılaşdırılmayan qaydaları münsiflər məhkəməsi tərəfindən müəyyən olunur.

Maddə 20. Münsif araşdırmasının yeri

Konkret mübahisənin həll edilməsi üçün yaradılan münsiflər məhkəməsində tərəflər münsif araşdırmasının yerini öz istəklərinə uyğun olaraq razılaşdıra bilərlər.

Əgər tərəflər bu haqda razılaşmayıblarsa, bu halda konkret mübahisənin həll olunması üçün yaradılan münsiflər məhkəməsi işin bütün hallarını və tərəflərin rahatlığını nəzərə alaraq, iclasın keçirilmə yerini özü müəyyən edir.

Daimi fəaliyyət göstərən münsiflər məhkəməsində münsif araşdırması daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin Əsasnaməsinə uyğun həyata keçirilir.
Əgər daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin Əsasnaməsində məhkəmə iclasının keçirilmə yerinin və ya onun müəyyən edilməsi qaydasını göstərən bir müddəa yoxdursa, bu halda münsif araşdırması məhkəmə tərkibinin bütün iştirakçılarının şəraitləri və əlverişliliyi nəzərə alınaraq müəyyən edilir.

Maddə 21. Münsif araşdırmasının aparıldığı dil (dillər)

1. Əgər tərəflər başqa qayda müəyyən etməyiblərsə, münsif araşdırması Azərbaycan dilində aparılır.

2. Əgər tərəflər təqdim etdiyi sənədləri və digər materialları münsif araşdırmasının keçirildiyi dildə təqdim etmirlərsə, münsiflər məhkəməsi bu sənədlərin tərcümə olunmasını təmin edir.

3. Münsiflər məhkəməsi tərəflərin təqdim etdiyi sənədləri məhkəmənin keçirildiyi dilə tərcümə edilməsini tələb edə bilər.

Maddə 22. Münsif araşdırmasının məxfiliyi

1. Münsiflər məhkəməsinin hakimi məhkəmə araşdırması gedişində ona məlum olan məlumatları tərəflərin və ya səlahiyyətli nümayəndələrinin razılığı olmadan açıqlamaq hüququna malik deyil.

2. Hakim münsif araşdırması zamanı ona məlum olan məlumatlara görə şahid qismində dindirilə bilməz.

Maddə 23. İddia ərizəsi və iddia ərizəsinə cavab

İddiaçı yazılı formada məhkəməyə verilən ərizədə öz tələblərini irəli sürür. İddia ərizəsinin bir surəti cavabdehə göndərilir.

İddia ərizəsində aşağıdakılar göstərilməlidir:
1) iddia ərizəsinin tarixi;
2) tələbinin adı və münsif araşdırması tərəflərinin müəssisələrinin ünvanı; münsif araşdırması tərəfləri olan fərdi sahibkarın və ya digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri və iş ünvanı;
3) münsiflər məhkəməsinin səlahiyyətinin əsaslandırılması;
4) iddiaçının tələbi;
5) iddiaçının irəli sürdüyü tələblərin yaranma səbəbləri;
6) iddia tələblərini sübut edən əsaslar, sübutlar;
7) iddianın qiyməti
8) iddiaya əlavə edilən sənədlərin və digər dəlillərin siyahısı.
İddia ərizəsi, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanmalıdır. Əgər iddia ərizəsi nümayəndə tərəfindən imzalanmışdırsa, bu halda iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edəcək etibarnamə və ya digər sənəd əlavə edilməlidir.

Münsif araşdırmasının qaydalarında iddia ərizəsinin məzmununa dair əlavə tələblər nəzərdə tutula bilər.

Cavabdeh iddiaçının ərizəsinə və münsiflər məhkəməsinə etiraz vermək hüququna malikdir. İddiaçıya və münsiflər məhkəməsinə etiraz münsif araşdırmasının qaydalarında göstərilən müddətdə və qaydada təqdim edilir.
Əgər münsif araşdırması qaydalarında iddia ərizəsinə etirazın müddəti müəyyən olunmayıbsa, bu halda iddiaya etiraz məhkəmə hazırlıq iclasına qədər verilməlidir.

Münsif araşdırması gedişində tərəflər iddia ərizəsinin tələblərinə və ya iddiaya etirazın tələblərini dəyişə və ya əlavə edə bilərlər.

Maddə 24. Qarşılıqlı iddia və qarşılıqlı tələblərin hesabatı

Cavabdeh iddiaçının ərizəsində qeyd olunan tələblərə dair qarşılıqlı iddia verə bilər, bu şərtlər ki, ilk iddianın qarşılıqlı iddia ilə əlaqəsi olsun, həmçinin, qarşılıqlı iddiaya münsiflər məhkəməsində Sazişə əsasən baxıla bilsin.

Qarşılıqlı iddia, tərəflər arasında müddət nəzərdə tutulmayıbsa, münsif araşdırması gedişində qətnamə qəbul edilənədək verilə bilər.

Qarşılıqlı iddia ərizəsi bu Qanunun 23-cü maddəsinin 2-ci bəndinin tələblərinə uyğun tərtib olunmalıdır.

İddiaçı münsiflər məhkəmə araşdırmasının qaydaları ilə nəzərdə tutulan qaydada və müddətlərdə qarşılıqlı iddiaya etiraz edə bilər.

Əgər tərəflər bu haqda razılığa gəlməyiblərsə, cavabdeh Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və bu maddənin 1-4-cü bəndlərinə uyğun olaraq qarşılıqlı iddianın tələbləri barədə hesabat tələb edə bilər.

Maddə 25. Münsiflər məhkəməsinin təminedici tədbirlərinə dair qəbuletmə səlahiyyəti

Əgər tərəflər arasında başqa qayda müəyyən edilməyibsə, münsiflər məhkəməsi istənilən tərəfin istəyi ilə mübahisənin obyektinə dair vacib hesab etmədiyi təminedici tədbirlər qəbul etmək barədə ərizə verə bilər.

Münsiflər məhkəməsi tərəflərin hər ikisindən bu cür tədbirlərin təmin edilməsini tələb etməlidir.

Tərəflərin aidiyyatı üzrə səlahiyyətli məhkəməyə iddianın təmin edilməsi və təminedici tədbirlərin görülməsi ilə bağlı verdikləri ərizə, mübahisənin münsiflər məhkəməsi tərəfindən baxılması və qərarın qəbul edilməsi, mübahisənin münsiflər məhkəməsinə verilməsindən imtina və ya etiraz kimi qiymətləndirilə bilməz.

Tərəf iddianın münsiflər məhkəməsində təmin edilməsi barədə ərizəni səlahiyyətli məhkəməyə münsiflər məhkəməsinin keçirildiyi ərazi və ya təminedici tədbirlərin tətbiq ediləcəyi əmlakın yerləşdiyi yer üzrə verir. İddianın təmin edilməsi barədə ərizəyə iddianın münsiflər məhkəməsinə verilməsi barədə sübut, təminedici tədbirlərin qəbul olunduğu münsiflər məhkəməsinin müəyyən edilməsi, həmçinin, bu qanunla müəyyən olunmuş qaydada və miqdarda dövlət rüsumunun ödənildiyini əks edən sənədlər də əlavə edilir.

Münsiflər məhkəməsində baxılan iddianın təmin edilməsi barədə ərizəyə səlahiyyətli məhkəmə tərəfindən baxılması zamanı iddianın təmin edilməsi və ya iddianın təmin edilməsindən imtina barədə əsaslar Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həll edilir.

Münsiflər məhkəməsində baxılan iddianın təmin edilməsi barədə qərar tərəflərdən birinin bəyanatına əsasən verildikdə, səlahiyyətli məhkəmə tərəfindən ləğv edilə bilər. Münsiflər məhkəməsi tərəfindən iddia tələblərinin təmin edilməməsi səlahiyyətli məhkəmə tərəfindən təminedici tədbirlərin ləğv edilməsi deməkdir.

Maddə 26. Sübutların təqdim edilməsi

Hər bir tərəf irəli sürdüyü tələblərin və etirazların əsaslandığı halları sübut etməlidir. Münsiflər məhkəməsi təqdim olunan sübutları kifayətsiz hesab etsə, tərəflərə əlavə sübutların təqdim olunmasını təklif edə bilər.

davamı...





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi