Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məqalələr_12
Xüsusi icra institutu: Perspektivlər və reallıqlar

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində təsbit olunduğu kimi, insan hüquq və azadlıqları ədalət mühakiməsini həyata keçirən məhkəmələr vasitəsilə qorunur. Nəzəri cəhətdən belə hesab edək ki, məhkəmə şəxsin hüquq və azadlıqlarının qorunması, pozulmuş hüquqların bərpası məqsədilə ədalət mühakiməsini həyata keçirir, bu və ya digər qərarı qəbul edir. Lakin onu da qeyd etmək lazımdır ki, hər hansı bir qərarın qəbul edilməsi ilə pozulmuş hüquq tam bərpa oluna bilməz. Başqa sözlə, pozulmuş hüquq və azadlığın bərpası üçün qəbul olunmuş qərarın icrası əsas şərtdir. Bu baxımdan qeyd etmək yerinə düşər ki, Konstitusiyamızda və ölkəmizin qoşulduğu beynəlxalq aktlarda təsbit olunmuş ədalət mühakiməsi prinsiplərinin tam və qəti şəkildə bərqərar olmasında məhkəmə qərarlarının icrası əsas rol oynayır. Məhkəmə qərarlarının icra olunmaması, hətta, dünyanın inkişaf etmiş ölkələrində də bəzən ciddi problem kimi qəbul edilir. Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrası sahəsində də bir sıra təkmilləşdirmələrə rəvac vermişdir. Ayrı-ayrı mütəxəssislər məhkəmə qərarlarının icrası ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə inzibati metodların, qanunvericiliyin sərtləşdirilməsi, kadr potensialının dəyişdirilməsi və s. təkliflər irəli sürürlər. İcra Xidmətləri Mərkəzinin direktoru, Hüquqi İslahatlara Yardım Mərkəzi idarə heyətinin üzvü Rayyət Quliyevlə söhbətimiz də bu barədədir.
- Rayyət müəllim, xüsusi məcburi icra modelinin tətbiqi hazırkı Azərbaycan cəmiyyətində nə dərəcədə realdır?
- Əlbəttə, Azərbaycan cəmiyyəti üçün xüsusi icra institutu, xüsusi icraçılar anlayışı tam yenilik kimi qiymətləndirilə bilər. Hətta, məhkəmə və s. orqanların qərarlarının icrasının dövlətdən ayrı təsəvvür olunmadığını düşünənlər də ola bilər. Amma Azərbaycan Respublikasının son 15 ildə keçdiyi hüquqi dövlət quruculuğu yolunu, 2000-ci ildən ardıcıl surətdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının bugünkü nəticələrini təhlil etdikdə xüsusi icra institutunun müasir və gələcək Azərbaycan cəmiyyəti üçün tam reallıq olduğunu düşünməyə dəyər. Sadə bir misal gətirim: ötən əsrin 90-cı illərində xüsusi (özəl) notariusların fəaliyyət göstərəcəyinə bəlkə kimsə inanmazdı. Axı biz yalnız dövlət notariat orqanlarının fəaliyyətinə alışmışdıq. 1999-cu ildə özəl notariat qurumlarının fəaliyyətini tənzimləyən qanun qəbul olundu. Son bir neçə ildə özəl notariusların fəaliyyətinə zəmin hazırlandı; həm qanunvericilik bazasında, həm də cəmiyyət arasında. Bu gün artıq özəl notariuslar Bakı şəhərində fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, özəl notariuslara müraciət edənlərin sayı heç də dövlət notariuslarına müraciət edənlərin sayından az deyil. Amma bu heç də o demək deyil ki, dövlət notariat qurumları dövriyyədən çıxarılır. Bundan başqa da xeyli sayda hüquq institutlarının fəaliyyətinə dair misallar çəkmək olar.Təbii ki, xüsusi icra institutunun və icraçıların fəaliyyətinin təşkili üçün, ilk növbədə, qanunvericilik bazası yaradılmalıdır. Cəmiyyət bu cür institutların fəaliyyətinə hazırlanmalıdır. Bundan ötrü kadr potensialı formalaşmalı, mülki dövriyyənin iştirakçıları arasında maarifləndirmə işləri aparılmalıdır. Mən inanıram ki, beynəlxalq təcrübədə öz təsdiqini tapmış digər hüquq institutlarını tətbiq etdiyimiz kimi, icra institutunun tədricən xüsusiləşdirilməsini də həyata keçirə bilərik və bunun uğurlu nəticələri olacaq.
- Xarici dövlətlərin bu sahədə təcrübəsi necədir? Yəni, məcburi dövlət icra sistemi daha normal işləyən dövlətlər xüsusi icra modelinə keçiddə maraqlıdırlarmı?
- Bir sıra Avropa dövlətlərində məcburi dövlət icra sistemi təşkilatının funksiyaları kifayət qədər azaldılıb, bəzi ölkələrdə isə xüsusi icra modelinə keçid, demək olar ki, başa çatdırılıb. İnkişaf etmiş Avropa dövlətlərində bir sıra icra funksiyalarının xüsusi təşkilatların xeyrinə bölüşdürülməsi müşahidə edilir. Məsələn, İspaniyanın qanunvericiliyi bir sıra icra hərəkətlərini məhkəmə sisteminə daxil olmayan ayrı-ayrı təşkilatlara həvalə etməyi nəzərdə tutur. Ələlxüsus, üzərinə həbs qoyulmuş əmlakın realizasiyası mütəxəssisə və ya bu sahədə ixtisaslaşmış təşkilata həvalə edilir, girovsaxlama hüququnun məcburi realizasiyası notarius tərəfindən aparılır və s. Fransada icra institutunun tamamilə dövlətsizləşdirilməsi prosesi başa çatmaq üzrədir və uğurlu nəticələr də verir. İcra funksiyalarının vəzifələrinin bölüşdürülməsi prosesi Almaniyada da baş verir. Burada təxminən 650 xüsusi firma borcların tutulması ilə məşğuldur. Onların isə 453-ü tutmalar ilə əlaqədar federal assosiasiyalarda birləşir. Ümumiyyətlə, əminliklə qeyd etmək olar ki, ədliyyə sistemi mükəmməl sayılan Avropanın inkişaf etmiş ölkələrində icra institutunun dövlətdən ayrılması, müstəqil qurumların bu sahədə ixtisaslaşması prosesi gedir. Bu cür ölkələrdə yeni təcrübənin müsbət nəticələri aşkar görünür.
- Bəs, xüsusi icra institutunun özəllikləri nədən ibarətdir? İcra funksiyalarının dövlət müəssisələrindən alınıb xüsusi müəssisələrə verilməsi ilə nə dəyişəcək?
- Əvvəla, qeyd edək ki, söhbət dövlət icra institutlarının qismən liberallaşdırılmasından gedir. Nümunə kimi göstərdiyimiz ölkələrdə də xüsusi icra sistemi dövlət icra sistemi ilə yanaşı, tədricən həyata keçirilir. Buna qarışıq icra modeli də demək olar. Yəni, dövlət icra sistemi ümumən qaldığı halda, bir sıra funksiyalar, yaxud icra funksiyalarının hamısı, fəaliyyəti qanunla tənzimlənən alternativ qurumlara da verilə bilər. Onlara bərabər şərait yaradılır. Bu halda hər iki təsisatlar arasında sağlam rəqabət yaranacaq. Nəticədə həm dövlət, həm də xüsusi icra institutları daha keyfiyyətli və səmərəli fəaliyyət göstərəcəklər. Sağlam rəqabət olan yerdə isə inkişafa nail olmaq mümkündür. Xüsusi məcburi icranın özəlliyi ondan ibarətdir ki, məhkəmə icraçısı müstəqil olaraq icra sənədləri üzrə öz fəaliyyətini təşkil edir və bununla da icra hərəkətlərinin nəticələrinə görə tam maddi məsuliyyət daşıyır. Bu cür məcburi icra sistemi Fransa, Belçika, Macarıstan, Lüksemburq, Niderland, İtaliya, Yananıstan, Litva, Polşa, Portuqaliya, Estoniya və digər ölkələrdə tətbiq edilir. Bu ölkələr məhz Fransa sistemini əsas götürmüşlər. Yeri gəlmişkən, Fransa icra institutunun inkişaf səviyyəsinə görə dünyada və Avropada öncül yerlərdən birini tutur və bir sıra ölkələr icra sahəsində həm qanunvericiliyin, həm də təcrübənin yaradılmasında Fransa modelindən yararlanırlar. Bu modeldə icraçıya dövlət adından bir sıra səlahiyyətlər verilir. Onun fəaliyyəti məhkəmənin (icraya səlahiyyətli hakimin), prokurorluğun daimi nəzarəti altında olur, bu zaman məhkəmə icraçılarının bir sıra peşəkar təşkilatları əsas rol oynayırlar. ABŞ-da icranı şeriflər, marşallar, məhkəmə icraçıları və fərdi hüquq agentlikləri, Fransada icra fəaliyyətini "məhkəmə icraçıları", Almaniyada isə məhkəmə qeydiyyatçıları həyata keçirirlər. Bir çox tədqiqatçıların fikrincə, bu cür məcburi icra modelinin üstünlüyü ondan ibarətdir ki, bazar iqtisadiyyatı şəraitində mülki dövriyyənin subyektlərinin təsərrüfat fəaliyyətini həyata keçirmək üçün o, daha uyğundur və özlərinin məcburi icra sistemlərini təkmilləşdirən əksər ölkələr (Belarus, Litva, Latviya, Rusiya, Estoniya, Ukrayna və s.) üçün bu model daha münasibdir.
-Rayyət müəllim, sizcə, yeni modelin tətbiqi ilə dövlət xərclərinin azaldılmasına da nail olmaq mümkündürmü?
- Şübhəsiz. Digər ölkələrdə də, respublikamızda da dövlət icra institutunun saxlanması, icraçıların təminatı üçün büdcədən vəsait ayırır. Bu vəsaitin məbləği kifayət qədər böyükdür. Xüsusi icra institutları isə özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcəklər. Deməli, bu institutların fəaliyyətinə dövlət vəsait ayırmayacaq. Əksinə, onların fəaliyyətindən müəyyən vergi və rüsumlar formasında dövlətə ödənişlər ayrılacaq.
- Bəs, bu modelin hansı müsbət və mənfi cəhətləri vardır?
- Müsbət cəhətlərdən, şübhəsiz, biri budur ki, dövlət məcburi icra sistemi orqanlarının maliyyələşdirilməsini öz üzərindən götürür və bu vəzifə xüsusən borcluların üzərinə düşür ki, bu da öz növbəsində məhkəmə və digər aktların könüllü icrası üçün stimul verən faktlardan biridir. Bu model məhkəmə icraçısına xidmət haqqının ödənilməsini birbaşa onun öz fəaliyyətinin nəticələrindən asılı edir ki, bu da məcburi icranın səmərəliliyinə təsir göstərir. Məhkəmə icraçısı peşəsinin nüfuzunun artırılması və məcburi icra sisteminə kadrların axınının artması - xüsusi məcburi icra modeli sisteminə keçirilməsinin üstünlüklərindən biridir. Bəzi nəzəriyyəçilər və tədqiqatçılar xüsusi icra modelinin mənfi cəhətlərini də qeyd edirlər. Bu sıraya ilk növbədə daxildir: xüsusi icraçılar tərəfindən səlahiyyət hədlərini aşma ehtimallar daxildir. Çünki onların daha çox icra işi yerinə yetirmələri daha çox gəlir əldə edilməsinə şərait yaradır. Bu da səlahiyyətdən sui-istifadəyə yol aça bilər. Mülki dövriyyənin iştirakçılarının əmlak və maliyyə vəziyyəti haqqında xüsusi icraçıların məlumat almaq imkanlarına da ehtiyatla yanaşanlar var. Burada biznes sirrinin, sahibkarlıq mühitinin qorunması zərurəti və s. amillər nəzərə alınır. Lakin bu amilləri tamamilə azaltmaq mümkündür. Belə ki, beynəlxalq təcrübədə qanunvericilik ayrı-ayrı şəxslərə xüsusi icraçı səlahiyyəti verməklə yanaşı, onların üzərinə vəzifələr də qoyur. Yəni, xüsusi icraçının qanunla üzərinə düşəcək vəzifələri sırasında səlahiyyəti çərçivəsində fəaliyyət göstərmək, konfidensiallığı təmin etmək və s. bu kimi öhdəliklər də nəzərdə tutulur.
- Azərbaycanın hüquq sisteminə yaxın olan hər hansı bir ölkənin qanunvericiliyində məhkəmə aktlarının icrası modeli öz əksini tapmışdırmı? Sizin fikrinizcə, Azərbaycan hansı ölkələrin təcrübəsindən istifadə etməlidir?
- Hüquq sisteminə görə bizə yaxın ölkələr dedikdə, Avropa ölkələrindən sonra - əsasən, Baltikyanı və MDB ölkələrinin təcrübəsinə nəzər salmağımız yerinə düşər. Fransa icra icraatı modelini tətbiq edən ölkələrdən biri məhz Litvadır. 2003-cü ilin yanvar ayından Litvanın məhkəmə icraçıları artıq dövlət statuslarını itirərək "azad mütəxəssislər" statusu almışlar. Bu dövlətdə qanunvericilik bazası yaradılmış və məhkəmə icraçısı institutunun belə deyək, "özəlləşdirilməsi"nin müsbət nəticələri də özünü göstərir. Litvanın dövlət icra sisteminin yenidən təşkili deyil, məhz tamamilə ləğv edilməsi islahatların uğur qazanmasının əsasıdır. Çünki məhz belə yanaşma yeni peşəkar məhkəmə icraçıları korpusunun yaranmasına təkan verdi. Müəyyən müsbət tendensiyalar artıq görünür: tələbkarlar icra məmurlarının hərəkətsizliyindən artıq şikayət etmirlər. Bununla belə, borcluların icra məmurlarının həddən artıq aktivliyindən şikayətlənməsi halları artmışdır, axı məhkəmə icraçılarının sayı iki dəfə azalmışdır. Əvəzində isə icraçıların işinin səmərəliyi və tələbkarlığı, icraçı peşəsinin nüfuzu nəzərə çarpacaq dərəcədə artmışdır.
İcra icraatının dövlət modelindən tədricən uzaqlaşan ölkələrdən biri də Moldovadır. Bu ölkədə də icra icraatının "dövlətsizləşdirilməsi" prosesi bir neçə ildir ki, davam edir. Sonrakı yerlərdə Rusiya və Qazaxıstanı misal göstərmək olar. Rusiyada xüsusi icra icraatının tətbiqinə hazırlıq prosesi qanunvericilik bazasının yaradılması mərhələsindədir. Eyni zamanda, icra icraatının bəzi mərhələlərinin qeyri-dövlət təşkilatlarına həvalə olunması təcrübəsi artıq yaranmışdır.
Qazaxıstanda da bu baxımdan ciddi addımlar atılmaqdadır. Qeyd edim ki, hər iki ölkədə icra icraatının "liberallaşdırılması" prosesi mərhələli şəkildə gedir və hələ ki, icra icraatının qarışıq modeli tətbiq olunur. Həm dövlət icra orqanları, həm də xüsusi icra qurumlarının fəaliyyətinin təşkili ilə icra prosesinin "dövlətsizləşdirilməsi" mərhələli şəkildə həyata keçirilir.
Ümumiyyətlə, müasir hüquq sistemlərində daha çox qarışıq məcburi icra təşkilatçılığı modeli yer almışdır. Burada məhkəmə icraçısı peşəsinin hüquqi statusu ilə yanaşı, müəyyən mənada icra prosesinə ayrı-ayrı təşkilati-hüquqi formada fəaliyyət göstərən və əsasən də borcluların və onların əmlaklarının axtarışı, qiymətləndirmə, borcluların əmlaklarının saxlanması və realizasiyasında peşəkar olan müəssisələrin iştirakı tətbiq edilir, həmçinin tələbkarın fəal rolu da nəzərə alınır.
- Azərbaycanda icra institutunun liberallaşdırılması, xüsusi icra qurumlarının yaradılması üçün zəmin varmı? Bu prosesə başlamaq üçün nə etmək lazımdır?
- Fikrimcə, xüsusi məcburi icra modelinin tətbiqi üçün Azərbaycanda artıq zəmin yaranmışdır. İlk mərhələdə, dövlət məcburi icra sistemi ilə yanaşı, xüsusi məcburi icra ilə məşğul olacaq bir neçə qurumun fəaliyyətinə şərait yaradılmalıdır. Yəni, yuxarıda geniş bəhs olunan qarışıq icra modelini tətbiq etmək olar. Beynəlxalq təcrübədə belə bir tendensiya da var ki, bir tərəfi dövlət olan işlərdə icra icraatını dövlətə məxsus icra qurumu həyata keçirir. Modellərin seçilməsi gələcəyin işidir, əsas odur ki, bu sahədə islahatlara başlanılsın. Təbii ki, xüsusi qanunla tənzimlənməli olan bu fəaliyyətə ixtisaslı və yüksək səviyyəli peşə hazırlığı olan, hüquqi xidmət sahəsində rəqabət qabiliyyəti ilə seçilən, ixtisaslaşmış qurumlar cəlb olunmalıdır.
Şübhəsiz ki, məcburi icra sisteminin liberalizasiyasının həm tərəfdarları, həm də buna qarşı çıxanlar elə arqumentlər gətirirlər ki, bunlar ciddi analiz və dərk olunmağı tələb edir. Bununla belə, hesab edirəm ki, gələcək həqiqətən də ən səmərəli və az xərcli olan xüsusi hüquqi icra modelinindir. Lakin xüsusi məhkəmə icraçılarının fəaliyyətinin normativ tənzimlənməsi və onların fəaliyyətinə nəzarət funksiyası, həmçinin icra hərəkətlərinin edilməsi ilə bağlı tariflərin son hədlərinin müəyyən edilməsi dövlətin üzərində olmalıdır. Xüsusi məhkəmə icraçısının hər hansı bir hərəkəti (hərəkətsizliyi) yekunda məhkəmə nəzarətinin predmeti olmalıdır. Yuxarıda şərh edilən xüsusi məcburi icra sisiteminin ölkəmizdə perspektiv inkişafına dair mövqeyə uyğun olaraq "Xüsusi məhkəmə icraçıları fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun layihəsinin hazırlanmasına başlanmalıdır. Belə qanun xüsusi icra qurumlarına və icraçılara tətbiq edilən tələblər, icraçıların səlahiyyətləri, icra xərcləri və yığımları və s. bu kimi prinsipial məsələləri qəti şəkildə tənzimləməlidir. Təbii ki, icra səlahiyyətlərinin dövlət icra qurumlarından alınaraq birdən-birə xüsusi icraçılara verilməsi mümkün və məqsədəmüvafiq deyil. Bu proses mərhələli şəkildə, tədricən həyata keçirilməlidir. Qanunvericilik bazasının yaradılması isə bu prosesin ilk mərhələsi ola bilər.
Müsahibəni apardı: Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
13 Fevral 2011, Bazar




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi