Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məqalələr3

ÖLKƏMİZDƏ MÜSTƏQİL ARBİTRAJ İNSTİTUTU İNKİŞAF EDİR

Azərbaycan Respublikası beynəlxalq hüququn və dünya sivilizasiyasının müstəqil subyektidir. Dövlət müstəqilliyini bərpa edəndən bəri bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda həm xarici, həm də yerli sahibkarlıq subyektlərinin fəaliyyəti üçün əlverişli iqtisadi və hüquqi baza yaradılmışdır. Ölkəmiz dünyanın nüfuzlu korporasiyaları ilə irihəcmli müqavilələr bağlamış, bu müqavilələr üzrə xeyli iş görülmüşdür. Bu proses indi də davam edir. Azərbaycanda son illərdə aparılan məhkəmə-hüquq islahatları fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpası üçün səmərəli mexanizmlər yaratmışdır. Eyni zamanda, kommersiya subyektlərinin iqtisadi münasibətlərdən irəli gələn mübahisələrinin həlli üçün alternativ üsulların yaranması və inkişaf etdirilməsi, bu üsulların tətbiqi üçün hüquqi zəmin vardır.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bu və ya digər fəaliyyət zəminində yaranmış mübahisələrin həlli məqsədilə ədalət mühakiməsini həyata keçirmək üçün ümumi yurisdiksiyalı və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi (Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Prosessual Məcəllə, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və s. normativ aktlar) mübahisələrin məhkəmədənkənar həlli vasitəsi olan kommersiya arbitrajının yaradılması və fəaliyyətini tənzimləyir.
Dünyada ədalət mühakiməsi ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdə də dövlət məhkəmələri ilə yanaşı, beynəlxalq kommersiya arbitraj institutları fəaliyyət göstərirlər. Mübahisələrin daha tez, çevik və səmərəli həllini təmin etməklə sahibkarların bu sahədə problemlərinin həlli baxımından kommersiya arbitraj institutlarının inkişafı sahibkarlığın dəstəklənməsi tədbirləri kimi qiymətləndirilir. 2008-ci ildə təşkilatımız tərəfindən təsis olunaraq yenidən qeydiyyatdan keçmiş “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi”nin hüquqi varisi olduğu “İnternational Commercial Arbitration” Cəmiyyəti ölkəmizdə tanınmış və təcrübəli hüquqşünasların, ictimaiyyət nümayəndələrinin, müxtəlif peşə sahələrində təcrübəli və nüfuzlu mütəxəssislərin yaxından iştirakı ilə 2003-cü il noyabrın 11-də Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini (BKAM) təsis etmiş, onun əsasnaməsi qəbul edilmişdir. BKAM-ın üzvlüyünə müsabiqə əsasında respublikada tanınmış hüquqşünaslar, ictimaiyyət nümayəndələri seçilmiş, qurumun rəyasət heyəti, sədr aparatı, katibliyi formalaşdırılmışdır. Cəmiyyətin daxili imkanları hesabına BKAM-ın normal fəaliyyəti üçün Bakı şəhərində münasib ofis əldə olunmuş, zəruri avadanlıq və texniki vəsaitlərlə təminat yaradılmışdır.
BKAM dünyada beynəlxalq arbitraj sahəsində nüfuzlu institutlar olan Almaniya, Avstriya, Rumıniya, Avstraliya, Stokholm, Malayziya, Honq Konq, Dubay, Milan, Venesiya, Misir Ərəb Respublikası, Ukrayna və s. ölkələrdə fəaliyyət göstərən arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlamış, informasiya, kadr və təcrübə mübadiləsi sahəsində sıx əməkdaşlıq edir, beynəlxalq əlaqələri ilbəil genişlənir. Bu cəhətdən cari ilin ötən dövrü xüsusilə uğurlu olmuşdur. Belə ki, bu il fevralın 11-13-də Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” hüquq firmasının iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçirilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri Hikmət Mirzəyev, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal və Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik açılış mərasimində çıxış edərək, arbitraj ideyalarının dünyada getdikcə daha geniş yayılmasından, Azərbaycanda bu sahədə görülmüş müsbət işlərdən, arbitraj institutlarının beynəlxalq əməkdaşlığının əhəmiyyətindən danışmışlar. Sonra proqrama uyğun olaraq, Stokholm Arbitrajının və “Beyker və Makenzi” hüquq firmasının mütəxəssislərinin rus və ingilis dillərində beynəlxalq kommersiya arbitrajında işlərin aparılması üzrə məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirə gələn qonaqlar Hüquqi İslahatlara Yardım Mərkəzinin təsisçiliyi ilə yaradılmış Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin ofisinə də baş çəkmiş, qurumun fəaliyyəti, əməkdaşları ilə yaxından tanış olmuş, azərbaycanlı arbitrləri maraqlandıran sualları cavablandırmışlar. Ölkəmizdə beynəlxalq arbitrajın uğurla fəaliyyət göstərməsindən, bunun üçün hər cür şəraitin mövcud olmasından məmnunluqlarını bildirən qonaqlar əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulamışlar. Fevralın 12-də parlament binasında Milli Məclisin insan hüquqları daimi komitəsinin sədri Rəbiyyət Aslanova, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və Milli Məclisin bir qrup deputatı Bakıda keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikumun təşkilatçıları ilə görüşmüşlər.
Görüşdə Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayev, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayev, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, baş katib Alidə Mahmudova, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik, qrup rəhbərləri Vladimir Xvaley, Tatyana Slipaçuk, “Beyker və Makenzi” beynəlxalq hüquq firmasının tərəfdaşı Yonas Benediktsson, “Vinqe” hüquq firmasının tərəfdaşı Krister Soderlund iştirak etmişlər. Stokholmdan gəlmiş qonaqlar arbitraj ideyalarının dünyada getdikcə daha geniş yayılmasından, Azərbaycanda bu sahədə mühüm işlərin görüldüyünə şahid olduqlarından, arbitraj institutlarının beynəlxalq əməkdaşlığının əhəmiyyətindən danışaraq səmimi qəbul üçün təşəkkürlərini bildirmişlər. Qonaqlar, həmçinin Azərbaycanda gördükləri iqtisadi yüksəlişdən, hüquq islahatlarının, Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq yolunda respublikamızda həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını da vurğulamışlar.
Üç gün davam edən praktikumun məqsədi Azərbaycan hüquqşünaslarına təcrübi məşğələlər keçmək, müəyyən mübahisədə arbitraj prosesinin aparılmasının əsasını təşkil edən prinsip və qaydaların tətbiqini əyani şəkildə göstərmək idi. Praktikumda arbitraja dair ərizələr, cavabdehin izahatları, iddia ərizələri və sair əsas sənədlərin hazırlanması da öyrədilmişdir. Bütün praktiki çalışmalar, mühazirələr xarici ekspertlərin rəhbərliyi ilə rus və ingilis dillərində aparılmış, Azərbaycan dilinə sinxron tərcüməsi təmin edilmişdir. Tədris edilən iş üzrə səhnələşdirilmiş proses isə rus dilində aparılmışdır. Sonda iştirakçılara Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun müvafiq diplomları verilmişdir.
Ötən ayın 2-də isə “Hyatt Regency” hotelinin “Bakı” zalında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) və Venesiya Arbitraj Palatasının birgə seminarı keçirilmişdir. Qeyd edək ki, 2008-ci il yanvarın 29-da Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Venesiya Arbitraj Palatası arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır və bu seminar da həmin müqaviləyə uyğun olaraq təşkil edilmişdi. Tədbirdə AAMM-ın direktoru Natiq Abdullayev rəhbərlik etdiyi qurumun ilbəil genişlənməkdə olan beynəlxalq əlaqələrindən bəhs edərək bildirib ki, seminarın məqsədi İtaliya və Azərbaycanın arbitraj təcrübəsini öyrənməkdir.
Milli Məclisin insan hüquqları daimi komitəsinin sədri Rəbiyyət Aslanova isə deyib ki, dünya indiki inkişafında tamamilə yeni mərhələyə qədəm qoyub və ölkəmiz də qloballaşan dünyada öz yerini tutmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar həyata keçirib, sivil dünya birliyinin tam bərabərhüquqlu üzvünə çevrilib. Professor R.Aslanova, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynov, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, Venesiya Arbitraj Palatasının prezidenti Patrizia Çiampan, baş katib Paolo Brugnera, direktor Mario Feltrin, Əqli Mülkiyyət Hüquqşünaslar Assosiasiyasının üzvü Fabrizio Seno, Venesiya Vəkillər Şurasının üzvü, Venesiya Beynəlxalq Mənzil Sahibləri Assosiasiyasının prezidenti Ruggero Sonino, BKAM-ın baş katibi Alidə Mahmudova və başqalarının çıxışlarında həm İtaliya, həm də Azərbaycanda arbitraj və mediasiyanın hüquqi bazası, qanunvericiliyin əsas tələbləri, inkişaf tarixi, müasir təcrübə və perspektivləri barədə ətraflı məlumat, şərhlər verilib, müxtəlif mövzularda məruzələr dinlənilib, işgüzar müzakirə və təcrübə mübadiləsi aparılıb, belə tədbirlərin əhəmiyyəti və əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.
BKAM və AAMM-ın respublikamızda arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda mühüm rolu vurğulanıb. Hər iki seminarda ölkəmizdə fəaliyyət göstərən QHT rəhbərləri, məhkəmələrin və digər dövlət təşkilatlarının, KİV-lərin nümayəndələri, arbitrlər, hüquqşünaslar, xarici və yerli şirkətlərin təmsilçiləri, sahibkarlar iştirak ediblər. Seminarlar respublikamızın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, iştirakçılara Stokholm və Venesiya arbitraj institutlarının sertifikatları verilib. Qonaqlar, eyni zamanda, ölkəmizin tarixi və bu günü ilə də ətraflı tanış olub, dünya sivilizasiyasının ən qədim məskənlərindən biri sayılan Qobustanı, Bakı şəhərində və İsmayıllı rayonundakı tarixi yerləri gəziblər. Onlar ilk dəfə olduqları qonaqpərvər Bakıda gördüklərindən məmnun qalıb, xalqımızın tarixi ilə bağlı yerlərin, abidələrin, eləcə də respublikamızın müasir inkişaf səviyyəsinin xoş təəssürat yaratdığını bildiriblər.
BKAM-ın Azərbaycanda tanınması və ümumiyyətlə, arbitraj ideyasının populyarlaşması, müstəqil arbitraj qurumuna mübahisə tərəflərinin etimad göstərməsinin təmin olunması uçün maarifləndirmə, təbliğat işləri aparılmışdır. İlk dəfə cəmiyyət tərəfindən dünyanın aparıcı arbitraj institutlarının reqlamentləri, beynəlxalq arbitrajla bağlı normativ sənədlər Azərbaycan dilinə tərcümə edilmiş və nəşr etdirilmiş, beynəlxalq arbitrajla bağlı maarifləndirici tədbirlər həyata keçirilmiş, arbitraj sahəsində milli kadrların hazırlanması məqsədilə seminar-treninqlər təşkil edilmişdir.
“Münsülər məhkəməsi: qanunvericilik, şərhlər, təcrübə”,"Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi", “Arbitraj sazişi”, “Beynəlxalq arbitraj qanunvericilik və şərhlər”, “Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi” kitabları, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxalq əlaqələrinə, struktur və reqlamentinə həsr olunmuş xüsusi buraxılışları hazırlanıb çap edilmişdir.
Qeyd edilməlidir ki, Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin bu il təqdim etdiyi “Azərbaycanda arbitraj institutunun inkişafı və mübahisələrin alternativ həlli sahəsində qanunvericilik bazasına təkliflərin dəstəklənməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri olmuşdur.
“Layihənin icra planı”na uyğun olaraq, mayın 1-dən başlayaraq təşkilati-texniki tədbirlər həyata keçirilir. Nəzərdə tutulan işlərin reallaşdırılması üçün hazırlıq işləri görülür, işçi qrupları yaradılır, tanınmış təcrübəli ekspertlər cəlb olunur. Layihə, onun məqsəd və vəzifələri, nəzərdə tutulan tədbirlərlə bağlı “Press-Reliz” hazırlanmışdır. Layihədə nəzərdə tutulan-arbitraj sahəsində nəşr ediləcək kitab üçün materiallar seçilmiş və tərcümə işlərinin yerinə yetirilməsinə dair sifarişlər verilmişdir. Eyni zamanda, “Beynəlxalq Arbitraj haqqında” AR Qanununa əlavə və dəyişikliklər, “Münsiflər Məhkəməsi haqqında” və “Mediasiya haqqında” AR Qanunu layihələrinin və digər normativ aktlara əlavə və dəyişikliklərin hazırlanıb paket halında müvafiq qurumlara təqdim olunması üçün təşkilati işlər görülür. Hesab edirik ki, ölkədaxili qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanmaqla BKAM-ın fəaliyyətini inkişaf etdirmək, yəni bütövlükdə ölkəmizdə arbitraj ideyalarını və institutunu inkişaf etdirmək bu gün çox zəruridir. Ancaq bu sahədə müəyyən problemlər var və onların həll olunması vacibdir.
Müstəqil arbitraj institutu kimi BKAM-ın fəaliyyətinin daha səmərəli təşkilinə mane olan və aradan qaldırılmasına ehtiyac duyulan problemləri qısaca aşağıdakı kimi ümumiləşdirmək olar: Arbitraj sahəsində Azərbaycan dilində ədəbiyyat qıtlığı var, dərs vəsaitləri, elmi tədqiqatlar, praktiki təcrübə vəsaitləri, demək olar ki, yoxdur. Bu sahə ilə maraqlanan şəxslər, mütəxəssislər yalnız internet vasitəsilə xaricdə dərc olunmuş ədəbiyyatlardan, özü də əcnəbi dillərdə bilgi əldə edə bilirlər. Son vaxtlarda cəmiyyətin nəşr etdirdiyi qəzet materialları, broşüra və kitablar bu sahədə boşluğu qismən aradan qaldırsa da, ədəbiyyat problemi qalmaqdadır. Arbitraj ideyasının populyarlığının artırılması və sahibkarlar tərəfindən daha səmərəli anlaşılması üçün məqsədyönlü maarifləndirmə tədbirlərinə zərurət vardır.
Müasir dünya standartlarına uyğun arbitraj proseslərinin təşkili, mübahisələrin ədalətli və peşəkar həllinə nail olunması üçün yüksək ixtisaslı kadrların çatışmaması problemi mövcuddur. Azərbaycanda mülki hüquq sahəsində kifayət qədər hüquqşünaslar, mütəxəssislər, alimlər var. Ancaq arbitraj hüququ, arbitraj prosessual hüququ sahəsində mütəxəssislər azdır, hüquqşünasların bu sahədə təcrübələri hələ ki, beynəlxalq standartlarla müqayisədə qənaətbəxş deyil. Beynəlxalq arbitraj institutlarının təcrübəsini əyani şəkildə öyrənmək üçün BKAM-ın arbitrlərinin xaricə səfərləri təşkil olunmalı və yaxud dünyanın nüfuzlu və məşhur arbitraj məhkəmələrinin təcrübəli mütəxəssislərini ölkəmizə dəvət etmək zəruridir. Mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həlli mexanizmlərini daha geniş tətbiq etmək üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət vardır.
Hesab edirik ki, həyata keçirilən layihənin məqsəd və vəzifələrinə yuxarıda sadalanan bu problemlərin aradan qaldırılması ilə müstəqil arbitraj institutu kimi BKAM-ın fəaliyyətini inkişaf etdirməkdə irəliyə doğru daha bir addım atmaq; beynəlxalq təcrübəni öyrənmək; maarifləndirmə və kadr hazırlığını təmin etmək; mübahisəlrin alternativ, məhkəmədənkənar üsullarla həlli mexanizmlərini təkmilləşdirmək məqsədilə qanunvericilik bazasına təkliflər hazırlamaq mümkün olacaq. Bundan əlavə, BKAM-ın fəaliyyətində iştirak edəcək peşəkar və təcrübəli kadrların hazırlanması bu qurumun fəaliyyətinə inamı artıracaq və nəticədə mübahisələrin ədalətli həlli təmin ediləcək. Azərbaycanda müstəqil arbitraj institutunda mübahisələri həll edəcək peşəkar kadrların olması xarici və yerli sahibkarlıq subyektlərinin öz hüquqlarını səmərəli müdafiə etməyə, qarşılıqlı etimad və əməkdaşlıq zəminində kommersiya mübahisələrinin həllinə zəmin yaradar. BKAM-ın müstəqil arbitraj institutu kimi inkişafı bütövlükdə regionda sərmayə yatıran beynəlxalq şirkətlərin, xarici sahibkarlıq subyektlərinin maraqlarının təminatında səmərəli rol oynaya bilər ki, bu da azad sahibkarlıq mühitinin formalaşmasında öz təsirini göstərəcək. İctimaiyyət, sahibkarlıq subyektləri və hüquqşünaslar arasında arbitrajın zərurəti ilə bağlı mülahizələrin daha da genişləndirilməsi, arbitraj ideyasının daha da populyarlaşdırılması, BKAM-ın ölkə daxilində və xaricdə daha yaxşı tanınması üçün maarifləndirmə tədbirlərinin davam etdirilməsi, BKAM-ın normal fəaliyyəti, kommersiya mübahisələrinin ədalətli, peşəkar və effektli həllini təmin etmək üçün arbitraj hüququ, arbitraj prosessual hüququ sahəsində dünya təcrübəsini, beynəlxalq qanunvericiliyi və ticarət adət-ənənələrini bilən yüksək ixtisaslı mütəxəssislər (arbitrlərin) hazırlanması, dünyanın arbitraj sahəsində təcrübəli və nüfuzlu institutlarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə dəyirmi masanın təşkili, təcrübə mübadiləsi və əldə olunan biliklərin BKAM-ın fəaliyyətində tətbiqinə nail olunması, arbitraj və mübahisələrin məhkəmədənkənar digər alternativ üsullarla həlli sahəsində ədəbiyyat boşluğunun aradan qaldırılması məqsədilə yeni kitabların çap edilməsi, BKAM-ın nəzdində bütün maraqlanan şəxslər, xüsusən, sahibkarlıq subyektləri, hüquqşünaslar, tələbələr, elmi araşdırmaçılar üçün açıq olan informasiya bankının, kitabxananın yaradılması da çox zəruridir. Bu sıradan “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, “Mediasiya (barışıq) haqqında” AR Qanunu, “Münsiflər məhkəməsi haqqında” AR Qanunu layihələrinin və bu qanunların qəbul olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə və digər normativ aktlarına əlavə və dəyişikliklərin hazırlanması və paket halında təkliflərin Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsini xüsusi qeyd etmək lazım gəlir.
Hesab edirik ki, bu məqsədlərə nail olmaqla müstəqil arbitraj institutu kimi BKAM-ın inkişafına doğru daha bir real addım atılar. Keçirilən seminar-məşğələlər nəticəsində Azərbaycanda arbitraj sahəsində mütəxəssislərin və iş adamlarının bilikləri artar, arbitr qismində çıxış edəcək şəxslər yeni təcrübə əldə edərlər. Bu nəticələr azad sahibkarlıq mühitinin formalaşmasına müsbət təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə sağlam rəqabət, ədalətlilik, qarşılıqlı etimad və əməkdaşlıq meyllərinə yol açar, Azərbaycan Respublikasının dünya sivilizasiyasına inteqrasiyasını və ölkəmizdə hüquq islahatlarını daha da sürətləndirər. Beləliklə, təqdim olunan layihədə qoyulan məqsədlər təkcə sahibkarlıq mühiti, iş adamları üçün deyil, bütövlükdə cəmiyyət həyatı üçün əhəmiyyətli və zəruridir.
Sözügedən layihənin uğurlu icrası Azərbaycan Respublikasının dövlət rəhbərliyi tərəfindən həyata keçirilən hüquqi islahatların, xüsusən, məhkəmə-hüquq islahatlarının dəstəklənməsində mühüm rol oynayacaq və bütövlükdə cəmiyyətin ümumi inkişaf maraqlarına cavab verəcəkdir. Eyni zamanda, layihənin həyata keçirilməsi sahibkarlığın inkişafının dəstəklənməsinə, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Layihənin həyata keçirilməsindən isə BKAM-ın arbitrləri siyahısında olan şəxslər (beynəlxalq və yerli arbitrlər), sahibkarlar, xarici və yerli şirkətlərin rəhbərləri, kommersiya müqavilələrinin bağlanmasını həyata keçirən menecerlər və hüquqşünaslar, ixtisaslaşdırılmış iqtisad məhkəmələrinin və ümumi yurisdiksiyalı məhkəmələrin hakimləri, nümayəndəlik fəaliyyətilə məşğul olan praktik hüquqşünaslar və vəkillər, beynəlxalq arbitraj sahəsi ilə məşğul olan, tədqiqatlar aparan hüquqşünaslar, ali məktəblərin hüquq fakültələrinin müəllimləri və tələbələri, aspirantlar və elmi işçilər, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək səlahiyyəti olan subyektlər faydalana bilərlər. Layihə üzrə nəzərdə tutulan işlər əsasən Bakı şəhərində həyata keçiriləcək.
Eyni zamanda, göstərilən layihənin reallaşması çərçivəsində keçiriləcək dəyirmi masada iş adamlarının, mütəxəssislərin, BKAM-ın arbitrlərinin, dövlət orqanlarının, ümumi və ixtisaslaşmış məhkəmələrin nümayəndələrinin, hakimlərin iştirakı ilə beynəlxalq arbitraj institutunun inkişaf etdirilməsinə dair müzakirələr keçiriləcək, təklif və mülahizələr öyrəniləcəkdir. Bundan əlavə, seminar-məşğələlərdə beynəlxalq arbitrajın mahiyyəti, arbitraj prosesinin aparılması qaydaları, bu sahədə beynəlxalq təcrübəyə dair məlumatlar veriləcək, əyani arbitraj prosesləri təşkil ediləcək. Bu tədbirlərdə BKAM-ın arbitrlərinin, arbitr qismində çıxış etmək istəyən və bu vəzifənin öhdəsindən gəlməyə qabiliyyətli olan mütəxəssislərin ixtisas səviyyəsinin, bilik və təcrübəsinin artırılması gözlənilir.
Seminar-məşğələlər müvafiq qrafiklə BKAM-ın təqdim edilən arbitrləri siyahısından seçilmiş 30 nəfər şəxsin iştirakı ilə keçiriləcək. Məşğələləri təqdim olunan mövzular üzrə arbitraj hüququ və beynəlxalq hüquq üzrə təcrübəli, tanınmış mütəxəssislər aparacaqlar. Layihənin əsas istiqamətlərindən biri də beynəlxalq sənədlərin öyrənilməsi, tərcümə və kitab çapı ilə bağlıdır. Bu məqsədlə mərkəzimizin əməkdaşları tərəfindən arbitraj sahəsində beynəlxalq təcrübə, normativ sənədlər və konvensiyaların toplanması, Azərbaycan dilinə tərcüməsi işi həyata keçirilcək. Həmin sənədlərin Azərbaycan dilində mütəxəssislərin istifadəsinə verilməsi üçün kitab halında çap edilməsi nəzərdə tutulur. Beynəlxalq sənədlər, konvensiyalar və onların şərhinə dair məlumatlardan ibarət 400 səhifəyə yaxın kitab 500 nüsxədə çap edilərək və pulsuz paylanmaqla mütəxəssislərin ixtiyarına veriləcəkdir.
Layihə çərçivəsində mütəmadi olaraq dövri mətbuatda maarifləndirmə məqsədləri ilə informasiya və təhlili yazılar dərc olunacaq. Bununla yanaşı, beynəlxalq arbitraj ideyasının daha da populyarlaşdırılması, ölkə ictimaiyyətinə daha geniş təqdim edilməsi məqsədilə layihə çərçivəsində bir dəfə televiziya verilişinin hazırlanması və nümayişi nəzərdə tutulur. Verilişdə BKAM-ın səlahiyyətləri, işlərə baxması qaydaları, beynəlxalq arbitraj prosesinin predmeti ola biləcək mübahisələrin xarakteri və s. barədə maarifləndirici məlumatlar təqdim edilməklə mütəxəssislərin iştirakı ilə arbitrajın inkişaf istiqamətləri müzakirə olunacaqdır.
Beynəlxalq təcrübənin öyrənilməsi sahəsində də mühüm tədbirlər həyata keçirirləcək. Belə ki, beynəlxalq arbitraj sahəsində formalaşmış təcrübənin öyrənilməsi üçün BKAM-ın əməkdaşlarından və yaxud layihə iştirakçılarından biri xarici ölkəyə ezam olunacaq, təcrübə mübadiləsi yolu ilə BKAM-ın beynəlxalq aləmdə tanıdılması üçün səmərəli işlər görüləcək. Layihə çərçivəsində qanunvericiliyə dair mühüm təkliflərin irəli sürülməsi də nəzərdə tutulur. Altı ay davam edəcək layihənin həyata keçirilməsi ilə aşağıdakı nəticələrin əldə olunacağı gözlənilir. Azərbaycanda arbitraj məhkəməsinin fəaliyyəti barədə daha geniş təbəqələr, hüquqşünaslar və iş adamları çoxlu məlumat alacaqlar.
Maarifləndirmə tədbirləri nəticəsində, xüsusən, TV verlişinin efirdə yayılması ilə arbitrajın populyarlığı artacaq. BKAM-ın fəaliyyəti, işəbaxma qaydaları və proseduru, arbitrajın prinsipləri maraqlanan şəxslərə, şirkətlərin nümayəndələrinə və hüquqşünaslara aydınlaşdırılacaq. Seminar-məşğələlər nəticəsində gələcək arbitrlərin bilik və ixtisas səviyyələri yüksələcək və onların təcrübəsi qismən artacaq. BKAM-ın dünyada tanınmasına doğru daha bir addım atılacaq və arbitraj prosesi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaranacaq.Çap olunacaq kitab arbitraj institutu haqqında beynəlxalq sənədlərin, konvensiyaların Azərbaycan dilində mütəxəssislərə daha çox məlumat əldə etməsinə imkan verəcək.Beynəlxalq arbitraj sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən, mübahisələrin alternativ üsullarla həlli sahəsində Azərbaycan Respublikasının qanunvericilik bazasının yaradılmasında real addımlar atılacaq.
Qanun layihələrinin təkliflər paketi şəklində müvafiq orqanlara təqdim olunması ilə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlər, digər dövlət qurumları, parlamentin üzvləri həyata keçirilən işlər barədə geniş məlumat əldə edəcəklər. Layihənin icrası başa çatdırıldıqdan sonra da bu istiqamətdə işlər davam etdiriləcək. Həmin işlər isə əsasən aşağıdakılardır: mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həlli ilə məşğul olmaq üçün yüksək ixtisaslı kadrların hazırlığı və daim təkmilləşdirilməsi işi; maarifləndirmə tədbirlərinin və beynəlxalq təcrübənin öyrənilməsinin mütəmadi davam etdirilməsi; yerli mütəxəssislərin beynəlxalq təcrübə və beynəlxalq sənədlərlə müntəzəm tanış olmaları üçün informasiya bazası – kitabxananın yaradılması; sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində həll edilməsi üçün zəruri təşkilati və texniki tədbirlərin görülməsi; layihə çərçivəsində hazırlanacaq qanunvericiliyə təkliflərin səlahiyyətli orqanlarda müzakirəsi və qəbul edilməsi istiqamətində fəaliyyət.
Bu qanun layihələrinin qəbul edilməsi ilə, həmçinin, layihənin real nəticələri özünü əyani şəkildə göstərəcək. Bu da ölkəmizdə sivil, demokratik dövlət quruculuğunun mühüm əlamətlərindən biri olan müstəqil arbitraj institutunun inkişafına layiqli töhfə verəcəkdir.


Fətəli ABDULLAYEV,
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri,
Natiq ABDULLAYEV,
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru
“Xalq Qəzeti”
10.06.2009





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi