Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

“Azərbaycan” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı cənab B. Sadıqova
Hörmətli Bəxtiyar müəllim!

Rəhbərlik etdiyiniz qəzetin 22 dekabr 2015-ci il tarixli sayında (səh.4) Rəşad Baxşəliyevin müəllifliyi ilə “Avropa Məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil” başlıqlı məqalə dərc edilmişdir.

Sözügedən məqalədə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinə dair “iradlar” göstərilməklə, qeyd olunmuşdur ki, “hüquqşünaslar mövcud durumu milli qanunvericiliyə, yerli məhkəmə hüquq sisteminə təhdid kimi dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan da Avropa ölkələri və Rusiya kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa Məhkəmələri vasitəsi ilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır”.

Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir.

Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra «İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.

Respublikamız universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.

Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərlə təmin olunur.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) pirinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir.

«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir.

Fərmanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin düzgün və vahid qaydada tətbiqinin təmini məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarda da göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

Eyni zamanda sözügedən qərarda təsbit edilmişdir ki, “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir”.

«İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir”.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi zəruri hallarda həm Konvensiyada nəzərdə tutulmuş insan hüquqlarının pozuntusunun, həm ərizəçi üçün onun zərərli nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi, həmçinin eyni xarakterli pozuntuların gələcəkdə baş verməsinin qarşısının alınması üçün ümümi xarakterli tədbirlərin görülməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yalnız onun icraatında olan işlərin həllinə deyil, həmçinin geniş mənada Konvensiya normalarının izah edilməsinə, qorunmasına, inkişafına xidmət edir və bu yolla dövlətlərin Konvensiya iştirakçısı kimi daşıdıqları öhdəliklərə riayət olunmasına yardım göstərir.

İnsan hüquqlarının məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müvafiq müddəalarında məhkəmələr tərəfindən insan hüquqularının səmərəli müdafiəsinə təminat verilir.

Hörmətli Bəxtiyar müəllim!

Məlumunuz olduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindın hazırlanmış, 1995-ci ilin 12 noyabrında keçirilən ümumxalq səsverməsində (referendumunda) qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verildiyini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurduğunu təntənəli surətdə bəyan etməklə yanaşı, İnsan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Belə olan təqdirdə, hansısa xoşagəlməz siyasi proseslərin təsirindən Rusiya Federasiyasının Prezidentinin emosional mövqeyinin nümunəsi olan hər hansı bir qərarı demokratik prinsiplərə sadiqliyini daim nümayiş etdirən Dövlətimiz üçün örnək ola bilməz.

Hörmətli  Bəxtiyar  müəllim!

Hesab edirik ki, Rusiya Federasiyası Prezidentinin emosional, çılğın siyasi mövqeyinin nəticəsi olaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına qeyri-ciddi mövqeyinə əsaslanaraq Respublikamızda da İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti barədə qeyri-peşəkar yanaşmadan irəli gələn əks təbliğat kampaniyasının aparılması Azərbaycan Dövlətçiliyinə, Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı və bizlərə əmanət etdiyi demokratik dövlətçilik ənənələrimizə, cənab Prezidentimiz İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəsinə də uyğun deyildir.

Əminik ki, hər hansı bir konkret şəraitdə yaranan hər hansı bir mövqeyə istinadən Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı mövqeyindən, yüksək dəyərlərə sadiqliyindən geri çəkilməyəcəkdir. Ona görə də daimi oxucusu olduğumuz rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin səhifələrində beynəlxalq müqavilələrə və Avropa Məhkəməsinə münasibətdə Azərbaycan dövlətinin və onun rəhbərinin siyasi iradəsi ilə uzlaşmayan yazılara yer verilməməsini arzulayırıq. 

Sonda onu da qeyd etməyi zəruri hesab edirik ki, Avropa məhkəməsi “hökm” deyil, qərar qəbul edir və bu məhkəmənin presedent hüququ milli məhkəmələr üçün preyudisiallığa (məcburiliyə) malikdir.

Ümid edirik ki, Sizin rəhbərliyinizlə redaksiya kollektivi və məqalə müəllifi tərəfindən bu müraciətimiz anlayışla qarşılanacaqdır.



Hörmət və ehtiramla,

Mərkəzin sədri:                                                  Natiq Abdullayev




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi