Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R.Rzayevə

Hörmətli Ramiz müəllim

Ümumilli Liderimiz, möhtərəm H.Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikasının İlk Milli Konstitusiyası 27 noyabr 1995-ci ildə qüvvəyə mindikdən sonra ardıcıl surətdə aparılan məhkəmə hüquq islahatlarının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsinə, insan hüquq və əsas azadlıqlarının müdafiəsinin təmin edilməsinə, məhkəmə hakimiyyətinin nüfuzunun və müstəqilliyinin möhkəmləşdirilməsinə, ədalət mühakiməsinin demokratik prinsiplərlə həyata keçirilməsinə, şəffaflığın təmin edilməsinə və s. məsələlərin konseptual həllinə yönəldilmişdir.

Sözsüz ki, yeni milli Konstitusiyanın qəbul edilməsi məhkəmə hüquq islahatları çərçivəsində digər sahələrində olduğu kimi mülki məhkəmə icraatı sahəsində də yeni ideya və prinsiplər üzərində qurulmuş yeni mülki prosessual qanunvericiliyin qəbul edilməsini şərtləndirmişdir.

Yeni Mülki Prosesual Məcəllə mülki və iqtisadi məhkəmə icraatına xeyli yeniliklər gətirmiş, işdə iştirak edən şəxslərin prosessual hüquqi statusu dəqiqləşdirilmiş, məhkəmənin tərəfsizliyi və prosesdə dispozitivlik daha aşkar surətdə vurğulanmış, çəkişmə və hüquq bərabərliyinin təminatları artırılmışdır. Lakin qanunvericilik nə qədər mükəmməl olsa da, öz-özlüyündə ictimai münasibətləri ideal tənzimləyə bilməz. Bu səbəbdən ilk növbədə qanunvericiliyin hamı tərəfindən eyni cür və düzgün dərk edilməsi və tətbiqi başlıca şərtlərdən biridir.

Eyni zamanda cəmiyyət həyatının sürətli inkişafı, məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin inkişafı da yeni keyfiyyət dəyişikliklərini də zəruri edir.

Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası MPM-nin qəbulundan sonra istər bu Məcəllədə olan qeyri-müəyyənliklərin, ziddiyyətlərin və fərqli yanaşmaların aradan qaldırılmasının, istərsə də cəmiyyət həyatının sürətli inkişafı ilə əlaqədar məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin inkişaf dinamikası baxımından da müxtəlif vaxtlarda qanunverici orqan tərəfindən bu Məcəlləyə müvafiq zəruri əlavələr və dəyişikliklər edilmişdir.

Hörmətli Ramiz müəllim

Hesab edirik ki, təkmilləşdirilməsinə zərurət olan Azərbaycan Respublikası MPM-nin maddələrindən biri də bu Məcəllənin 147-ci maddəsidir.

Sözügedən maddədə təsbit olunmuşdur ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

Qeyd olunan bu maddənin məzmunundan görünür ki, mülki və iqtisadi işlər üzrə cavabdehin olduğu yer məlum olmadıqda sözügedən maddədə nəzərdə tutulan qaydaya riayət edilməsi məhkəmə bildirişinin cavabdehə rəsmi qaydada verilməsinə bərabər tutulur və bu qaydaya riayət edildikdən sonra cavabdehin məhkəmə iclasına gəlməməsi lazımi qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlməməsi deməkdir.

Hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsində mahiyyət etibarilə hüquqi formallıq təsbit edilmişdir. Həmin formallığın mahiyyəti ondan ibarətdir ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda ona ünvanlanmış məhkəmə bildirişi formal olaraq həmin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına, yerli icra hakimiyyəti orqanına və ya onun məlum olan axırıncı iş yeri üzrə müdirinə təqdim olunur.

Qeyd etməyi zəruri hesab edirik ki, faktiki yeri məlum olmayan cavabdehə bildirişin yuxarıda göstərilən hüquqi formallığa riayət edilməklə çatdırılmasının təmin edilməsi heç də iş üzrə tərəf olan cavabdehin prosessual hüquqlarının real təmin edilməsinə, onun məhkəmədə iştirakının real təmininə yönələn səmərəli hüquqi mexanizm deyildir.

Hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsində faktiki olduğu yer məlum olmayan cavabdehin ona qarşı yönələn iddia üzrə məhkəmə mübahisəsi ilə əlaqədar məhkəmə iclasının yeri, vaxtı, mübahisənin predmeti və s. barədə həmin cavabdehin müvafiq qayda Respublikamızda rəsmi dərc edilən mətbu nəşrlər vasitəsilə məlumatlandırılmasının nəzərdə tutulması daha real hüquqi forma və səmərəli vasitə olmuş olar.

Hörmətli Ramiz müəllim

Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsində təsbit olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq, Sizdən Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin hazırkı təklifimizdə göstərilən konteksdə təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə müraciət olunmasının məqsədəmüvafiqliyinə baxmağınızı xahiş edirik.

Əvvəlcədən təşəkkür edirik.

Hörmətlə

Mərkəzin sədri: Natiq.Y. Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi