Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Natiq Abdullayev: Biznesinizin inkişafını peşəkar məsləhətşilərə etibar edin
Azerbaijan International Consulting Company şirkətinin direktoru Natiq Abdullayev ilə müsahibə

- Azerbaijan International Consulting Company-nin fəaliyyət paketinə  hansı xidmətlər daxildir və bunlardan hansılar daha prioritet hesab olunur?

- Adından da göründüyü kimi, şirkətimizin fəaliyyəti əsasən, konsaltinq (məsləhət) xidmətləri ilə bağlıdır. Doğrudur, konsaltinq termini çox geniş məsləhətlər sferasını ifadə edir. Müasir dünyada bütün biznes qurumları, hətta, dövlət müəssisələrinin fəaliyyətini də konsaltinq-məsləhət xidmətləri olmadan təsəvvür etmək çətindir. Azerbaijan International Consulting Company-nin fəaliyyət paketi isə hüquq və maliyyə konsaltinqi xidmətlərindən təşkil olunur. Azerbaijan International Consulting Company-nin təsisçisi olduğu 2 əsas şirkətimiz bilavasitə xidmət sferasında fəaliyyətdədir: AZE Hüquq Şirkəti peşəkar hüquq xidmətlərini, AZE Financial Consulting isə maliyyə konsaltinqi xidmətlərini həyata keçirir.

Fəaliyyətimizin, əsasən, 3 mühüm istiqamətini qeyd edə bilərəm. Onlardan biri – müraciət edən fərdi müştərilərə (fiziki və hüquqi şəxslərə) hüquq və maliyyə konsaltinqi xidmətləri – bizim gündəlik işimizdir. Hüquq xidmətinin müxtəlif sahələrini əhatə edirik. Peşəkar hüquqşünaslarımız mülki, ailə, əmək, inzibati və kommersiya hüququ sahəsində müştərilərimizdən daxil olan ən müxtəlif suallar üzrə məsləhətlərin verilməsini, yaranmış mübahisələrin həllində hüquqi müşayiət edilməni yüksək səviyyədə həyata keçirirlər. Məhkəmələrdə mülki, inzibati və iqtisadi mübahisələrin həllində müştərilərimizin nümayəndə qismində təmsil olunması da gündəlik fəaliyyət sferamıza daxildir.

İkinci əsas fəaliyyət istiqamətimiz – korporativ müştərilərimizlə işimizdir. Bizim hüquq konsaltinqi bazarında uzun illərdən bəri formalaşmış təcrübəmiz var. Bu təcrübə dayanıqlı və sabit dinamika ilə genişlənən müştəri kontingentimizi formalaşdırır. Uzun illərdən bəri bizimlə əməkdaşlıq edən xarici və yerli müştərilərimiz var ki, onlarla abunəlik qaydasında işləyirik. Hüquqi şəxsin təsis edilməsindən tutmuş – idarəetmənin hüquqi müşayiət edilməsi və nəhayət, zərurət olduqda, ləğvetmə prosesinədək - bütün mərhələlərdə müştərilərimizlə tərəfdaşlıq edirik. Sahibkarlıq subyektlərinə təklif etdiyimiz xidmət paketimizdə kargüzarlıq, kadr işinin təşkili, üçüncü şəxslərlə münasibətlərin hüquqi tənzimlənməsi, müqavilələrin hazırlanması və hüquqi ekspertizası, işgüzar sövdələşmələrin tam hüquqi müşayiət edilməsi, bir sözlə, biznes idarəçiliyinin tam hüquqi konstruksiyasının verilməsi əsas prioritet istiqamətlərdəndir.

Üçüncü əsas istiqamət isə – ictimai işlərdə özünü göstərir. Bu, ümumi ictimai mənafeyə istiqamətlənmiş fəaliyyətdir. Yəni, bu fəaliyyətdə məqsədimiz gəlir əldə etmək deyil. Hüquqi maarifləndirmə, cəmiyyətin hüquqi biliklərinin artırılması, gənc hüquqşünaslarımızın təcrübə toplamasına yardım, qanunvericiliyin təkmilləşdirilməsində dövlət siyasətinə dəstək də fəaliyyətimizin əsas istiqamətlərindən biridir. İctimai sektorda əməkdaşlarımızın da fəal üzvü olduğu Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi ilə birgə işləyirik.

Biz, adətən, şirkətimizin adını belə reklam etmədən, geniş ictimaiyyətin mənafeyinə uyğun olaraq müxtəlif mövzular üzrə maarifləndirmə tədbirləri aparırıq. Əməkdaşlarımızın KİV-də, internet resurslarında və televiziyalarda mütəmadi çıxışlarını bu fəaliyyətə aid etmək olar. Bir neçə xarici ölkənin hüquq konsaltinqi şirkətləri ilə əməkdaşlıq edirik. Xarici təcrübənin öyrənilməsi, yeni iş metodlarının tətbiqinə çalışırıq.

- Əsas müştəriləriniz hansı sektorları əhatə edir və müştərilərinizə verdiyiniz başlıca dəyər nədir?

- Xidmətlər sferamıza daxil olan suallarla bizə müraciət edən hər kəsə eyni qayğı və diqqətlə yanaşmaq bizim borcumuzdur. Əsasən isə, yuxarıda qeyd etdiyimiz kimi, abunəlik qaydasında formalaşmış müştəri kontingentimizlə işləyirik. Belə müştərilərimiz sırasında, əsasən, xidmət sektoru öndə gedir. Bank və sığorta müəssisələri ilə yanaşı, istehsal və satış yönümlü fəaliyyətlə məşğul olan müştərilərimiz də var.

Ümumiyyətlə, konsaltinq xildmətləri bütün fəaliyyət sferasında vacib əhəmiyyətlidir. Biz müştərilərimizə sadəcə məsləhət verib əvəzində pul almaqla işimizi bitmiş hesab etmirik. Xidmət göstərdiyimiz müştərilərimizi özümüzə tərəfdaş hesab edirik. Hesab edirəm ki, bu cür yanaşma müştərimizə verdiyimiz əsas dəyərdir. Bizim məqsədimiz müştəridən pul qazanmaq deyil. Müştəriyə tərəfdaş gözü ilə baxdığımızdan, onun itkilərinin azaldılması, gəlirlərinin artırılmasını özümüzün başlıca vəzifəmiz hesab edirik. Və gəlirlərimiz də müştərinin qazancı hesabına formalaşır. Yəni, müştəriyə – tərəfdaşımıza qazandırmalıyıq ki, xidmətimiz dəyərə çevrilsin.

- Xidmət göstərdiyiniz müştərinin qazancının artırılmasında necə rol oynaya bilirsiniz? Axı Sizin fəaliyyətiniz məsləhət vermək, hüquqi müşayiət etmədir…

- Əlbəttə, bu, elə də asan məsələ deyil. Çətinlik ondadır ki, Azərbaycanda daha çox problemlə üzləşənlər, mübahisələri məhkəməyə gedib çatanlar hüquqşünasa müraciət edir. Biz isə hər kəsə tövsiyə edirik ki, hər hansı bir addımı atmamışdan əvvəl hüquqşünasa müraciət edin. Bəzən iş adamları düşünürlər ki, işimiz yaxşı gedirsə, hüquqşünas nəyimə lazımdır? Bu, yanlış yanaşmadır və deyərdim ki, problemlərin bir çoxu məhz bu cür yanlış yanaşmadan qaynaqlanır. Bu gün hər kəsə tövsiyə edirik ki, istər şəxsi həyatda, istərsə də biznes fəaliyyətində atdığınız addımların hüquqa uyğunluğuna diqqət yetirin. Yəni, işinizdə problemin yaranmasını gözləməyin, işinizi elə qurun ki, problemlər yaranmasın və ya mümkün qədər az problemlə üzləşəsiniz. Xüsusən, sahibkarlıq fəaliyyətində bu məqama ciddi diqqət yetirilməlidir. Müqavilələrin bağlanmasında, üçüncü şəxslərlə kommersiya münasibətlərində fəaliyyətini qanunauyğun quran sahibkarın itkiləri az, qazancı çox olar. Baxın, qazancı artırmağın yollarından biri də budur.

Düşünürəm ki, bizi digər hüquq şirkətlərindən fərqləndirən daha bir cəhət var ki, bu da icraatımızda olan mübahisələrin barışıq yolu ilə həll olunmasıdır. Mülki mübahisələrin məhkəmədənkənar həlli imkanları böyükdür. Xüsusən, sahibkarlar arasında çəkişmələrin barışıq yolu ilə həlli tərəflər üçün yeni əməkdaşlıq imkanları, gələcək biznes layihələrə zəmin yaradır. Məhkəmə çəkişməsinin nəticəsində tərəflərdən biri udur. Mübahisə barışıq sazişi ilə həll edildikdə isə, bu, hər iki tərəf üçün uduşludur. Biz tam uduşlu işlərimizlə - mübahisələri barışıqla həll etməyimizlə öyünə bilərik. Qeyd edim ki, mübahisələrin alternativ həllini Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi vasitəsilə həyata keçiririk.

- Xidmətlər paketinizdə müəssisənin yaranmasından tutmuş ləğvetməyə qədər bütün prosedurların hüquqi müşayiət edildiyini dediniz. Azərbaycanda son vaxtlar bankların iflasa uğraması, ləğv edilməsinin şahidi oluruq. Şirkətləri ləğvə, iflasa məruz qoyan səbəblər hansılardır? Bu prosedurda ləğvedicinin rolu nədən ibarətdir və bu prosesdə hüquqşünasa ehtiyac varmı?

- Biznes fəaliyyəti heç də həmişə hamar olmur. Fəaliyyətin düzgün qurulmamasından doğan səbəblərdən biznes iflasa uyğraya, şirkətlər müflis ola bilər. Bu, obyektiv səbəblərdən də, subyektiv amillərdən də irəli gələ bilər. Respublikamızda bankların ləğvetməyə məruz qalması daha tez nəzərə çarpır. Ancaq iflasa uğrama və ya ləğv olunma təkcə banklara aid proses deyil. Qeyd edim ki, şirkətlərin iflasa uğraması heç də faciə kimi qarşılanmalı deyil. Dünyanın ən inkişaf etmiş ölkələrində, hətta, uğurlu tarixçəsi olan biznes qurumları da iflasa uğrayır. Ləğvetmə xaotik, özbaşına gedə bilməz, bu, iqtsiadi-sosial mühitdə nizamsızlığa səbəb ola bilər. Ləğvə məruz qalan hər bir biznes qurumun debütor-kreditor hesablaşmaları tənzimlənməlidir ki, bu da qanunun tələbidir.

Yeri gəlmişkən, bizim şirkət ləğvetmənin hüquqi müşayiət olunması və iflas prosesinin aparılmasında kifayət qədər təcrübəyə malikdir. Azərbaycanda son illərdə ləğvə məruz qalan 4 bankın ləğvedicisi kimi bütün prosedurların qanunauyğun aparılmasını təmin etmişik. Bu proseslərdən davam edəni də var. Bundan başqa, Azerbaijan International Consulting Company-nin fəaliyyətində müxtəlif yönümlü biznes qurumların müflisləşmə prosedurunun aparılması təcrübəsi var. Hər bir belə prosedur yalnız düzgün hüquqi müşayiət edilmə sayəsində qanunauyğun başa çatdırıla bilər, digər bazar subyektlərinə daha az zərərli təsirlə nəticələnər.

- Ləğvə məruz qalmamaq, iflasa uğramamaq üçün Siz sahibkarlara hansı məsləhətləri verirsiniz? Yəni, Azerbaijan International Consulting Company-nin müştəriləri bu cür acı sonluqdan sığortalana bilirlərmi?

- Biz tərəfdaşlarımıza mümkün zərərlərdən və risklərdən qorunmanın yollarını tövsiyə edirik. Konsaltinq xidmətlərinin mahiyyəti heç də təkcə problemlərin həlli, artıq yaranmış mübahisələrin çözümünə yardım etmək deyil. Hüquq və maliyyə konsaltinqi xidməti biznesin idarə edilməsinin düzgün qurulması, xərclərin optimallaşdırılmasını, risklərin azaldılmasını təmin etməlidir. Məsələn, böyük bir biznes layihəsinə girmiş sahibkar hüquqi müşayiət olmadan imzaladığı müqavilənin icrasından zərərə düşə bilər. Və yaxud vergi və digər məcburi dövlət ödəmələrini vaxtında və ya düzgün ödəməyən sahibkar müəyyən müddətdən sonra haqlı olaraq böyük sanksiyalara, izafi məsrəflərə məruz qalır. Əməyin mühafizəsi, texniki, yanğın təhlükəsizliyinə və s. normativ tələblərə riyaət etməyən sahibkar inzibati sanksiyalara, böyük məbləğdə cərimə və ya cinayət məsuliyyətinə məruz qala bilər və s. Bizə müraciət edən müştərilərin təcrübəsində belə hallarla dəfələrlə rastlaşırıq. Ona görə deyirik ki, sahibkarlar işləri çox olanda, biznesin, necə deyərlər, «qazan qaynatdığı» vaxtında konsaltinq xidmətlərinə daha çox müraciət etməlidirlər. Pulu qazanmaq heç də çətin deyil. Gəliri qanunauyğun əldə etmək və düzgün xərcləməyi, xərcləri optimallaşdırmağı bacarmaq lazımdır. Əldə olunan gəlirləri qanunauyğun xərcləmək, idarə etmək məhz düzgün hüquqi müşayiət edilmə ilə mümkündür.

- Bazardakı liderlərdən biri kimi müştərilərinizə “due diligence” xidməti göstərirsinizmi və bu xidmət Azərbaycan sahibkarları arasında nə qədər tələbolunandır?

- “Due diligence”, hərfi mənasına görə, daha çox investisiya layihələrində, biznes qurumlarının birləşməsində və ya bazarda hazır biznes paketlərin alınmasında tətbiq olunan xidmətdir. Biz investisiya layihələrində, daşınmaz əmlak və ya şirkət alqı-satqısı əməliyyatlarında iştirak etmirik. Yalnız artıq razılaşdırılmış layihələrin hüquqi müşayiət edilməsində məsləhətçi kimi çıxış edirik. Bu mənada birbaşa “due diligence” xidməti göstərmirik. Ancaq, yuxarıda dediyimiz kimi, biznesin idarə olunmasında risklərin qiymətləndirilməsi, izafi xərclərə məruz qalmamağın yollarının tövsiyə edilməsi də bizim xidmətlərimiz daxilindədir. Qeyd etmək yerinə düşər ki, “due diligence” - Azərbaycan sahibkarları üçün vacib xidmətdir. Dünya təcrübəsində tətbiq olunan bu xidmətin bizim iş adamları tərəfindən də qarşılanması sahibkarlıq mühitinin inkişafına yalnız müsbət təsir edərdi.

- Azerbaijan International Consulting Company ötən illər ərzində özünü etibarlı, peşəkar tərəfdaş kimi təsdiqləyib. Bu uğurunuzun sirri nədir?

- Şirkətimizin fəaliyyətini bu cür dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Təvazökarlıqdan kənar olsa da deyim ki, bütövlükdə şirkətimiz və bizim əməkdaşlar həqiqətən peşəkar xidmət göstərirlər. Şirkətimiz isə xidmət göstərdiyimiz müştərilərimizlə çox etibarlı tərəfdaşlıq münasibətləri qurur. Bizə müraciət edən hər kəsə müştəri gözü ilə deyil, tərəfdaş kimi baxırıq. Bizim üçün iri-xırda iş bölgüsü yoxdur, pullu-pulsuz müştəri anlayışı da yoxdur. Fəaliyyətimiz dövründə bizə təsadüfi müştəri müraciət etməyib. Xidmət göstərdiyimiz müştərilər sonradan bizim dostumuza çevrilirlər. Dostlar da yeni dostlarını cəlb edirlər, beləcə aramızda etibarlı, səmimi mühit yaranır. Deyərdim ki, uğurumuzun sirrini də bunda görmək olar.

Müsahibəni apardı

İlhamə Abdullayeva









Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi