Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Bakı Apelyasiya Məhkəməsinin sədri cənab İ. Nağıyevə
Hörmətli İman müəllim
“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi  tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, bəzi hallarda birinci instansiya məhkəmələri tərəfindən inzibati xətalar üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından barəsində qərar çıxarılmış şəxslər (fiziki və ya hüquqi) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430-432-ci maddələrinə müvafiq verilən şikayətlərə baxılarkən yanlışlığa yol verilir ki, bu da nəticə etibarı ilə düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olur.
Bu yanlışlıqlar əsasən aşağıdakılardan ibarətdir:
1)    Azərbaycan Respublikası İXM-nin 370-4-cü (bildirişlər) maddəsinin tələbinə görə  hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. (maddə 370-4.1)
Sözügedən Məcəllənin 370-4.3-cu maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
Bir çox hallarda inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxs və ya səlahiyyətli orqan Məcəllənin bu tələbinə riayət etmədən qərarlar qəbul edilər ki, bu pozuntuda barəsində İnzibati xəta üzrə qərar çıxarmış şəxsin hüquq və vəzifələrinin kobud şəkildə pozulmasıdır.
Nəzərə alpınmalıdır ki, belə pozuntunun aşkar edildiyi təqdirdə işə baxan hakim Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 434.1.5-ci maddəsinə müvafiq qərar qəbul etməlidir.
2)    Bəzi hallarda inzibati xəta haqqında işə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı" nda nəzərdə tutulmayan şəxslər tərəfindən baxılır. (Bu qəbildən olan hallara əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən yol verilir)
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 359.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.
Azərbaycan Respublikası İXM-nin 359.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il, 389-cu nömrəli Fərmanının 2.19-cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 359.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli Fərman ilə "İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı" təsdiq olunmuşdur.
Eyni zamanda "İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın  təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28.09.2007-ci il tarixli , 634№-li ( dərc "Azərbaycan" qəzeti 29.09.2007, №219) Fərmanın 3-cü bəndində göstərilmişdir ki, "bu fərmanla təsdiq edilmiş siyahının 1-ci bəndində nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, iki ay müddətində həmin siyahıya göstərilən vəzifələrə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarını təsdiq etsinlər və dərc edildikdən sonra öz internet səhifələrində yerləşdirsinlər. "
Odur ki, məhkəmələr İnzibati Xətalar üzrə  vəzifəli şəxslərin (səlahiyyətli orqanın) qərarlarından verilən şikayətə baxarkən inzibati xəta haqqında işə baxmış vəzifəli şəxsin işlədiyi mərkəzi icra hakimiyyəti orqanın (yaxud inzibati xəta üzrə işə baxmağa səlahiyyəti olan digər orqanın) internet səhifəsindən mübahisələndirilən inzibati xəta haqqında qərara baxmış vəzifəli şəxsin səlahiyyətliyini müəyyən etməlidir. Əgər şikayətə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan vəzifəli şəxs tərəfindən qəbul edilməsi müəyyən edilərsə onda işə baxan hakim Azərbaycan Respublikası İXM-nin 436.1.6-cı maddəsinə uyğun qərar qəbul etməlidir.
3)    Məlumunuz olduğu kimi Azərbaycan Respublikasını 13 dekabr 2011-ci il tarixli, 268 İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 163-1, 163.1.3-cü maddələr əlavə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 07.02.2012-ci il tarixli, 575 №-li fərmanın 3-cü bəndi ilə 163-1.1-163-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə yanaşı Azərbaycan Respublikasına Nəqliyyat Nazirliyi tərəfindən də baxılması müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nəqliyyat Naziri cənab Ziya Məmmədovun 15 oktyabr 2012-ci il tarixli, 02/Q №-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestri tərəfindən qeydə alınmaqla, 20.10.2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan İnzibati Xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın protokolun tərtib edilməsi qaydasını tənzimləyən bu Qaydaların ikinci bəndində göstərilmişdir ki, “Bu qaydaların 1.2-ci bəndində göstərilən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında protokol tərtib edilir” .
Xüsusən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə vəzifəli şəxslər tərəfindən baxılan şikayətləri araşdırarkən məhkəmə (hakim) inzibati xəta haqqında icraatın başlanmasına əsas olan protokolun kimin tərəfindən tərtib olunmasına diqqət etməlidir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat Yol Kompleksində idərəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”22.02.2007-ci il tarixli 1992 saylı Sərəncamına əsasən bütün səhmləri dövlətə məxsus olan və Nəqliyyat Nazirliyinin tabeçiliyində. “Azəryolservis” ASC yaradılmış və Nizamnaməsi təsdiq olunmuşdur.
Həmin Nizamnamənin tələblərinə əsasən (7.1 və 7.8.6-cı bəndləri) “Azəryolservis” ASC-nin icra orqanı olan İdarə Heyəti kollegial icra orqanı olmaqla, üzərinə düşən vəzifənin icrasını təmin etmək və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə tabeçiliyində qurumların yaradılması, yenidən təşkil olunması, ləğv edilməsi ilə bağlı səlahiyyətlərə malikdir və Nizamnamənin 2.6-ci bəndinə əsasən Cəmiyyət tabeliyində olduğu icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə bilər.
Göstərilənlər nəzərə alınmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkətinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığına əsasən “Azəryolservis” ASC-nin İdarə Heyətinin müvafiq qərarı ilə ASC-nin təsisçiliyi ilə və onun tabeliyində müvafiq Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradılmış və onların nizamnamələri dövlət qeydiyyatına alınmışdır.
Sözügedən MMC-lərin (məsələn 80,85 saylı Yol İstismarı MMC-lər və s.) nizamnamələrinin 3.2-ci bəndində göstərilmişdir ki, cəmiyyətin təsisçisi (yəni “Azəryolservis” ASC) Cəmiyyətin (məsələn “85 saylı Yol İstismarı” MMC) öhdəlikləri və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün məsuliyyət daşımır.
Yaradılmasının və fəaliyyətinin əsas məqsədi xidmətlər göstərməkdən ibarət olan bu MMC-lərin nizamnaməsində yuxarıda sözügedən Qaydalarla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətlərinə aid edilmiş inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Sözsüz ki, bu səlahiyyət nəzərdə tutula bilməzdi, çünki bu səlahiyyət qüvvədə olan normativ hüquqi aktla yalnız dövlət hakimiyyəti orqanının vəzifəli şəxsi səlahiyyətinə aid edilmişdir.
Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarına, xüsusən də “Normativ Hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun tələblərinə uyğun olaraq qəbul edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə qüvvəyə minmiş Azərbaycan Respublikasının Nəqliyyat Naziri, Cənab Ziya Məmmədovun 15 oktyabr 2012-ci il tarixli, 02/Q №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” normativ hüquqi aktdır və bu normativ hüquqi aktın tələbləri hamı üçün, hətta Azərbaycan Respublikasının Nəqliyyat Naziri , “Azəryolservis” ASC-nin sədri onların tabeliyində olan bütün hüquqi və fiziki şəxslər üçün də məcburidir.
Hazırkı müraciətə əlavə edilən Azərbaycan Respublikası Nəqliyyat Naziri, cənab Ziya Məmmədovun 131/ü №-li, 24 oktyabr 2012-ci tarixli əmrini 2-ci bəndindən görünür ki, İnzibati xəta haqqında protokolların qanunvericiliyi tələblərinin uyğunluğunu təmin etmək “Azəryolservis” ASC-nın tabeliyində olan aidiyyatı qurumlarda işçi komissiyalar tərəfindən həyata keçirməsi müəyyən edilmişdir.
Lakin istinad edilən xususatlara baxmayaraq “Azəryolservis” ASC-nin sədri tərəfindən  imzalanmış 12 noyabr 2012-ci il tarixli 56 №-li əmrin 2.1-ci bəndində yuxarıda göstərilən Qaydaların 1.2-ci bəndinin, eləcə də Nəqliyyat Naziri, cənab Ziya Məmmədovun 24.10.2012-ci il tarixli, 131/ü saylı əmrin tələblərinə zidd olaraq müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 163.0.14, 163-1.1-163-1.4, 164.0.10, 326-5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində ilkin sənədləşmənin aparılması və protokolların tərtib edilməsi səlahiyyəti “Azəryolservis“ Aşıq Səhmdar Cəmiyyətinin “85 saylı Yol İstismarı” MMC-nin (direktor Nəriman Məmmədov) iriqabaritli və ağırçəkmə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət şöbəsinin rəisi, tərəzi nəzarət və səyyar tərəzi nəzarət məntəqələrinin rəisləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri tərəfindən həyata keçirilir. Sözügedən əmrin 2.2-2.4–cü bəndləri ilə Azərbaycan Respublikası İXM-nin Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmiş digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində ilkin sənədləşmənin aparılması və protokolların tərtib edilməsi səlahiyyəti “Azəryoloservis” ASC-ti tərəfindən təsis edilmiş digər MMC-lərə həvalə olunmuşdur.
Bütün bunlarla yanaşı sözügedən MMC-lərin rəhbərlərinə inzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsində qanunvericiliyin tələblərinin və prosessual hərəkətlərin yerinə yetirilməsi səlahiyyətini həyata keçirən işçi komissiyası yaratmaq və bu komissiyanın tərkibi barədə cəmiyyətə məlumat vermək tapşırılmışdır. Qeyd olunan bu əmrin 2.5-ci maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən İXM-nin 161.2, 163.0.3-163.0.10, 163.0.14, 163-1.1-163-1..3 və 164-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərlə əlaqədar mübahisəyə baxılarkən həmin məhkəmə proseslərində Nəqliyyat Nazirliyi tərəfindən verilmiş etibarnamələr əsasında aidiyyatı üzrə “85 saylı Yol İstismarı” MMC (direktor Nəriman Məmmədov) “80 saylı Yol İstismarı” MMC (direktor Səftər İsmayılov) “Yolların Mühafizəsi Xidməti” MMC (rəis Həbib Əliyev), “2 saylı Yolların Mühafizəsi Xidməti” MMC (rəis İlqar Əzizov) və “3 saylı Yolların Mühafizəsi Xidməti” MMC (rəis Əli Məmmədov) iştirak edirlər.
Əvvəla qeyd etməyi zəruri hesab edirik ki, inzibati xətalara dair işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası İXM-də yuxarıda sözügedən əmrdə ifadə edilən “İnzibati xətalar haqqında işlər üzrə icraatın inzibati tənbeh tətbiq edilənədək olan mərhələsi“ adlı mərhələ mövcud deyildir. Azərbaycan Respublikası İXM-də ehtiva olunmayan belə bir mərhələnin əmrdə müəyyən edilməsi Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri, o cümlədən mövcud qanunvericiliyin tələbləri ilə ziddir. Digər tərəfdən yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə protokolların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinin tələblərinə uyğun tərtib edilməsi səlahiyyəti 12.11.2012-ci il tarixli 56 №-li əmrdə əsas kimi istinad edilən 19.10.2012-ci il tarixdən qüvvəyə minmiş mərkəzi İcra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydaların 2-ci bəndinə əsasən yalnız Nəqliyyat Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə aiddir və heç bir əmrlə, o cümlədən “Azəryolservis” ASC-nin sədri tərəfindən verilmiş 12.11.2012-ci il tarixli əmrlə bu səlahiyyət MMC-lərə ötürülə bilməz. “Azəryolservis” ASC-nin heç bir əmrində bu cəmiyyətin tabe olduğu Mərkəzi İcra Hakimiyyəti orqanının (Azərbaycan Respublikası Nəqliyat Nazirliyi nəzərdə tutulur) qəbul etdiyi normativ hüquqi aktlarının tələbləri ilə uzlaşmayan fərqli qaydalar nəzərdə tutula bilməz.
Onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini ifadə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.2 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 15 iyul 2013-cü il tarixli qərarında da ehtiva olunmuşdur ki, “Dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir”.
Daha sonra qeyd olunan qərarda göstərilmişdir ki, “İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.
İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.
Yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sözügedən qərarında göstərmişdir ki, “... istənilən inzibati hüquq münasibətlərində olduğu kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə də tərəflərdən biri dövlət hakimiyyəti funksiyasını həyata keçirən orqan (vəzifəli şəxs) olur. Həmin səlahiyyətli orqanlar (vəzifəli şəxslər) aktlar qəbul etmək, işin istiqamətini və taleyini müəyyən edən hüquqi sənədlər tərtib etmək hüququna malikdirlər. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) protokollar tərtib edir, qərarlar qəbul edir, onları ləğv edir, dəyişdirir və qərarları icra edirlər. Digər şəxslərin hüquqlarının müdafiəsi özündə ümumi (publik) maraqları əks etdirdiyindən bu sahədə dövlət üzərinə düşən müvafiq öhdəliklərin yerinə yetirilməsi vəzifəsini daşıyır. Belə olan halda zərurət olduqda dövlət tərəfindən digər şəxslərin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsi tələb edilir.
Nəzərə alınmalıdır ki, inzibati xətalar sahəsində yaranan münasibətlərin subyektləri öz vəzifələrinə görə fərqli prosessual vəziyyətdə olurlar. İlk növbədə ona görə ki, səlahiyyətli dövlət orqanı (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirləri tətbiq edərkən inzibati xarakterli məcbur etmə səlahiyyətlərinə malikdir. Belə tədbirləri tətbiq edən səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri isə inzibati xətalarla bağlı icraatın subyektləri kimi qəbul edilməlidirlər”.
Göründüyü kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə müstəqil prosessual mərhələ olmaqla inzibati xətalar haqqında işin başlanmasına əsas olan inzibati protokolu tərtib etmək hüququ dövlət hakimiyyəti funksiyasının həyata keçirən səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid prosessual hüquqdur. Qanunla səlahiyyətinə aid edilən istənilən inzibati hüquq münasibətlərində olduğu kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə də tərəflərdən biri dövlət hakimiyyəti funksiyasını həyata keçirən orqandır (vəzifəli şəxsdir). Bu sahədə dövlət üzərinə düşən müvafiq səlahiyyətlərinin yerinə yetirilməsi vəzifəsini başqa şəxslərə (hətta özünün tabeliyində olan MMC-lərə də) ötürə bilməz. Əks təqdirdə belə vəziyyət inzibati xətalar üzrə yaranan münasibətlərin digər şəxslərin hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnməklə yanaşı Konstitusiya ilə təsbit olunan hüquqi dövlət, hüququn aliliyi prinsipləri ilə daban dabana ziddiyyət təşkil edər.
Məlumdur ki, İnzibati Xətalara dair işlər üzrə protokolları tərtib etməyi həvalə olunduğu MMC-lərin işçiləri Nəqliyyat Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi hesab oluna bilməz.
Yuxarıda istinad edilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda istinad edilən qərarında göstərmişdir ki, “inzibati xətalar qanunvericiliyinə görə inzibati təqibi həyata keçirən səlahiyyətli dövlət orqanları inzibati xətalar haqqında işlər üzrə məhkəmə prosesində tərəf hesab oluna bilməzlər. Bununla belə, inzibati xətalara dair işlər üzrə icraatda səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri belə işləri həll edən instansiya və ya həmin prosesdə faktiki olaraq tərəf qismində (vəzifəli şəxs tərəfindən qəbul edilən qərardan yuxarı səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət verildiyi halda) çıxış edirlər. Eyni zamanda, inzibati xətaya dair müvafiq protokol tərtib etmiş vəzifəli şəxs də inzibati xətalar üzrə işlərdə faktiki olaraq inzibati icraatın tərəfi kimi çıxış edir.
Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İnzibati Xətalar Qanunvericiliyinin rəsmi şərhini verərkən ifadə etmişdir ki, inzibati təqibi həyata keçirən səlahiyyətli dövlət orqanları inzibati xətalar haqqında işlər üzrə məhkəmə prosesində tərəf ola bilməzlər. Konstitusiya məhkəməsinin sözügedən qərarında ifadə edilən hüquqi mövqeyinə görə məhkəmə prosesində tərəf kimi faktiki olaraq dövlət orqanlarının vəzifəli şəxsləri (inzibati xəta haqqında qərar qəbul etməyə səlahiyyəti olan vəzifəli şəxs) və inzibati xətaya dair müvafiq protokol tərtib etmiş vəzifəli şəxsi inzibati xətalar üzrə işlərdə faktiki olaraq inzibati icraatın tərəfi kimi çıxış edir.
Göründüyü kimi 12.11.2012-ci il tarixli 56 №-li əmrin 2.5-ci bəndində qanunvericiliyin tələbləri ilə uzlaşmır.
Lakin inzibati xətalar üzrə vəzifəli şəxslər tərəfindən qəbul edilən qərarlardan məhkəməyə verilən şikayətlərə baxılarkən əsasın tərəf kimi müvafiq icra hakimiyyəti orqanının vəkalətli nümayəndəsinin iştirakı ilə baxılır ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda ifadə etdiyi rəsmi şərhinin tələblərinə ziddir.
Yuxarıda göstərilənlərlə yanaşı onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 mart 2015-ci il tarixli qərarında da göstərilmişdir ki, qeyd edilən Konstitusiya norması (konstitusiyanın 71-ci maddəsinin I hissəsi) insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir.
İnzibati idarəçilik sahəsində inzibati münasibətlərin qoruyucu normaları İXM-də əks olunmuşdur. İXM-in maddi normaları xəta növünü müəyyən etməklə inzibati idarəçilik sahəsində hər bir subyektin hüquq və qanuni maraqlarını təmin edir. İnzibati xətalar (inzibati-delikt) qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan mübahisələri tənzimləyir və bu münasibətlərdə əsas subyekt kimi səlahiyyətli dövlət orqanı çıxış edir.
Daha sonra sözügedən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasının səbəbləri və əsasları İXM-in 409-cu maddəsində müəyyən edilmişdir. Bu səbəblər sırasında fiziki şəxsin ərizəsi də nəzərdə tutulur (İXM-in 409.1.3-cü maddəsi). İXM-in 409.2-ci maddəsində isə qeyd edilir ki, ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.
İXM-in 409.4-cü maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının mütləq olan şərtlərini müəyyən edir. Bunlara aşağıdakılar aiddir:
• İXM-in 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokolun tərtib edilməsi;
• inzibati xəta haqqında protokolun tərtib edilməsi, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsi;
• inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardadın qəbul edilməsi.
Beləliklə, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsi və ya prokuror tərəfindən qərar qəbul edilməsidir. İXM-in 410.1-ci maddəsində birbaşa qeyd edilir ki, İXM-in 368-ci maddəsi istisna olmaqla, digər hallarda inzibati xətanın törədildiyi halda protokol tərtib edilir.
Həmçinin qeyd olunan qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi daha sonra göstərmişdir ki, “inzibati xətalar haqqında işlər üzrə icraatın baxılmasının və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur.”
“inzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosesual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil.”
“Hüquqi İslahatlara Yardım Mərkəzi” İB-yi tərəfindən əldə edilərək araşdırılan bəzi inzibati xəta üzrə vəzifəli şəxslərin (səlahiyyətli orqanın) qərarlarından verilən şikayətlər üzrə məhkəmə (hakim) tərəfindən qəbul olunmuş məhkəmə qərarlarından görünür ki, xüsusən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsisçiliyi ilə yaradılmış “Azəryolservis” ASC-ti tərəfindən təsis olunmuş “85 saylı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “80 saylı yol istismarı” Məhdud Məsuliyyətli Cəmiyyətin tərəzi nəzarət və səyyar tərəzi nəzarət məntəqələrinin rəisləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri və s. tərəfindən inzibati xəta üzrə protokol tərtib edilir və protokol əsasında vəzifəli şəxslər tərəfindən qərar qəbul olunur.
Sözügedən qərarlardan məhkəmələrə verilən şikayətlərə birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən baxılarkən inzibati xəta üzrə protokolun belə protokol tərtib etməyə qanunla səlahiyyəti olmayan şəxslər tərəfindən (tərəzi nəzarət məntəqəsinin aparıcı mütəxəssis, baş məsləhətçi və s.) tərtib olunmasına diqqət yetirilmir və bu da nəticə etibarı ilə qanunvericiliyin tələbləri ilə uyğunlaşmayan məhkəmə qərarının çıxarılmasına  səbəb olur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 417-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu məhkəmənin tələblərinə müvafiq olaraq tərtib edildiyini yoxlamalıdır.
Sözügedən Məcəllənin 420.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Lakin bir çox hallarda məhz Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qəbul olunan inzibati xəta üzrə qərarlardan məhkəmələrə verilən şikayətlərə hakimlər tərəfindən baxılarkən həmin işlər üzrə inzibati xəta haqqında protokolun belə protokol tərtib etməyə səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilməsinə diqqət yetirilmir ki, bu da Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad edilən maddələrinin, eləcə də yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının tələbləri ilə uyğunlaşmayan, səhv məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnir.
Odur ki, Sizdən sədrlik etdiyiniz Apelyasiya Məhkəməsinin yuridiksiyasına daxil olan birinci instansiya məhkəmələrinə yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı müvafiq icmal məktubun göndərilməsi məsələsinin məqsədəmüvafiqliyi məsələsinə baxmağınızı xahiş edirik.
Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk.

Mərkəzin sədri:                        
Natiq Abdullayev







Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi