Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə
Hörmətli Şahin müəllim!

“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi fəaliyyətə başladığı ilk gündən hal-hazıradək Azərbaycan Respublikasının qanunvericilik aktlarının məzmununda yaranan qeyri-müəyyənliklər və fərqlər, habelə normativ hüquqi aktların praktiki tətbiqində aşkar edilən çatışmazlıqlar barədə səlahiyyətli dövlət orqanlarına və vəzifəli şəxslərə müvafiq təkliflərini təqdim etmişdir.

Hal-hazırda da Sizin diqqətinizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM adlandırılacaq) “ərizənin baxılmamış saxlanılmasının əsasları”nı ehtiva edən 256-cı maddəsinin praktiki tətbiqi təcrübəsində yaranan çatışmazlıqları çatdırırıq.

Sözügedən prosessual normanın məzmunundan görünür ki, qanunverici orqan ərizənin baxılmamış saxlanılmasının əsaslarını konkret ifadə etmişdir. Yəni, bu prosessual normada ərizənin baxılmamış saxlanılmasının əsasları müvafiq bəndlərdə konkret əsaslarla təsbit olunmuşdur. Lakin praktiki təcrübədə bəzən ərizənin baxılmamış saxlanılmasının digər əsaslarına da zərurət yaranır. Lakin qanunverici bu normada təsbit edilən əsasları konkretləşdirib dəqiq ifadə etdiyindən bu normada əhatə edilməyən, lakin ərizənin baxılmamış saxlanılmasına əsas ola biləcək digər səbəb yarandıqda istinad edilən prosessual normanın tətbiq edilməsi mümkün olmur.

Fikrimizi dəqiqləşdirmək üçün aşağıda göstərilən xüsusatı nəzərinizə çatdırmağı zəruri hesab edirik.

Məsələn: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır. Əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası MM-nin 220.4-cü maddəsi ilə əlaqədar sözügedən qərarında ifadə etdiyi hüquqi mövqeyindən görünür ki, həmin maddəyə istinadən paylı mülkiyyətdə payı cüzi olan və payı real surətdə ayrıla bilməyən, ümumi əmlakdan istifadə edilməsində   mühüm mənafeyi olmayan mülkiyyətçiyə onun razılığı olmadan qalan mülkiyyətçilər tərəfindən kompensasiya verilməklə onun paylı mülkiyyətdə olan payına xitam verilməsi yaınız cüzi payın mülkiyyətçisinin öz payını ümumi əmlakdan ayrılması tələbini irəli sürərkən mümkün ola bilər.

Yəni, ümumi paylı mülkiyyətdə payı cüzi olan və payı real surətdə ayrıla bilməyən, ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olmayan paylı mülkiyyətin mülkiyyətçisi öz payının ümumi əmlakdan ayrılması tələbinə dair iddia irəli sürərkən və bu tələb üzrə yuxarıda göstərilən üç şərtin eyni zamanda mövcud olması təsdiqlənərsə, onda məhkəmə həmin mülkiyyətçinin (yəni ümumi əmlakda payı cüzi olan, real surətdə ayrıla bilməyən və ümumi əmlakdan istifadə edilməsində mühim mənafeyi olmayan) razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.



Hörmətli Şahin müəllim!

Hazırki müraciətə əlavə etdiyimiz məhkəmə aktından da görünür ki, bəzən ümumi əmlakda cüzi payı olan, payı real surətdə ayrıla bilməyən və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olan mülkiyyətçi tərəfindən öz payının ümumi əmlakdan ayrılması tələbi deyil, birbaşa ümumi əmlakda payının olmasına istinadən ümumi paylı mülkiyyətdə olan evə (mənzilə) köçürülmə tələbinə dair iddia irəli sürülür və məhkəmədə bu mülkiyyətçinin payının cüzi olduğu, real sürətdə ayrılmasının mümkün olmadığı və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığı, yəni, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd etdiyi 3 şərtin eyni zamanda mövcudluğu təsdiqini tapır. Lakin cüzi payın mülkiyyətçisi öz payının ayrılması tələbini deyil, ümumi paylı mülkiyyətdə olan evə (mənzilə) köçürülməsini tələb etdiyindən məhkəmə də Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun yuxarıda  göstərilən qərarında ifadə etdiyi hüquqi mövqeyə görə cüzi payın mülkiyyətçisi tərəfindən onun payının ayrılması tələbi irəli sürülmədiyindən qalan paylı mülkiyyətçilərin üzərinə payı cüzi olan, real surətdə ayrıla bilməyən və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olmayan mülkiyyətçiyə onun razılığı olmadan da kompensasiya ödənilməsi vəzifəsini qoya bilmir.

Eyni zamanda, məhkəmə ümumi paylı mülkiyyətdə olan evə (mənzilə) köçürülmə tələbinə dair iddiaya qətnamə qəbul etməklə yekun hüquqi qiymət də verə bilmir. Çünki ümumi paylı mülkiyyətdə cüzi payı olan mülkiyyətçi tərəfindən öz payına deyil, məhz cüzi payı olduğu evə (mənzilə) köçürülməsinə dair iddia verilmişdir. Belə olan halda məhkəmə iddianı təmin edərsə, digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmüş olar. Cüzi payın mülkiyyətçisinin ümumi paylı mülkiyyətdə olan payına istinadən evə (mənzilə) köçürülməsi tələbinə dair iddiası məhz bu əsasa görə iddianın təmin edilməsi ilə də nəticələnən qətnamənin qəbul olunmasına səbəb ola bilməz. Bu hal cüzi də olsa belə payı olan mülkiyyətçinin hüquqlarının pozulmasına əsas olar.

Belə olan təqdirdə ən uyğun hüquqi həll məhkəmə tərəfindən ümumi paylı mülkiyyətdə cüzi payı olan, payı real surətdə ayrıla bilməyən və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olmayan mülkiyyətçinin “ümumi mülkiyyətdə olan evə (mənzilə) köçürülməsinə dair” iddia tələbinin baxılmamış saxlanılmasına və ona əvvəlcə “ümumi əmlakdan öz payının naturada ayrılmasına dair” iddia ilə məhkəməyə müraciət etməli olduğunun izah olunması barədə qərardadı qəbul edilməsidir.

Lakin yuxarıda qeyd olunduğu kimi, qanunverici “ərizənin baxılmamış saxlanılmasının əsasları”nı tənzimləyən Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsaslarını bu maddənin müddəalarında konkret ifadə etdiyi əsaslarla müəyyən etdiyindən məhkəmə təcrübəsində Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin yuxarıda şərh edilən vəziyyətdə praktiki tətbiqində çatışmazlığa səbəb olur.

Bu baxımdan Azərbaycan Respublikası MPM-in 259-cu maddəsinə aşağıda göstərilən məzmunda müvafiq bəndin əlavə olunmasına dair təklifimizi nəzərə almağınızı Sizdən xahiş edirik.

(Qeyd: bununla ərizənin baxılmamış saxlanmasına dair yeni bir əsas təklif edilir)



259.0.13. Məhkəmə mübahisənin mahiyyəti üzrə verilmiş tələb daxilində həll etməyin mümkünsüzlüyünü və digər tələbin irəli sürülməsinin zəruriliyini müəyyən etdikdə;

Bu halda məhkəmə tərəflərə yeni zəruri iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu izah edir.



Hörmətlə,

HİYM-in sədri:                                                 Natiq Abdullayev







Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi