Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova

Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri

Cənab Əli Həsənova

Surəti: Azərbaycan Mətbuat Şurasının sədri

Cənab Əflatun Amaşova

Mövzu: “İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə dair təklif

Hörmətli Oqtay müəllim!

Son vaxtlar KİV-lərdə və sosial şəbəkələrdə cəmiyyətin və şəxsiyyətin əleyhinə, həmçinin, dövlətin informasiya təhlükəsizliyini poza bilən məlumatların yayılması məsələlərinə dair müzakirələr gedir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi altında KİV və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə keçirilən müşavirədə də bu məsələlərə geniş toxunuldu. R.Mehdiyevin çıxışında informasiya təhlükəsizliyinin təmin olunması üçün həm KİV-in, həm cəmiyyətin, həm dövlətin üzərinə düşən vəzifələrin konseptual şərhi verildi.

Hörmətli Oqtay müəllim!

Hörmətli Cənablar!

İstər beynəlxalq, istərsədə milli hüquq ifadə etmək və söz azadlığı hüququnu heç də məhdudiyyətsiz hüquq hesab etmir. Bu baxımdan tərəfimizdən təklif edilən ifadə etmək və söz azadlığı hüququna məhdudiyyətləri ehtiva etməyi nəzərdə tutan “İfadə etmək və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının qanunun qəbul edilməsinə əsas yaradan həm beynəlxalq hüququn, həm də milli hüququn təsbit etdiyi normalara uyğun əsaslandırılmış aşağıdakı fikirlərimizi, eəlcə də təklif edilən qanuna sosial tələbatın zəruriliyini diqqətinizə çatdırırıq.

Hörmətli Oqtay müəllim!

Hörmətli Cənablar!

Sözsüz ki, cəmiyyətin hərtərəfli inkişafı üçün demokratiyanın əsas prinsiplərdən biri də fikir ifadə etmək və söz azadlığının təmin olunmasıdır.

“İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir.

Eyni ilə 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paketin 19-cu maddəsində təsbit edilmişdir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var.

Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən bir olan fikir və söz azadlığını təmin etmişdir.

Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur.

Avropa məhkəməsinin təcrübəsində də fikir ifadə azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri hesab olmaqla, onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunmuşdur.

Lakin istər beynəlxalq hüquq, istərsə də milli hüquq fikir və söz azadlığını heç də sərhədsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtlər ehtiva edir.

Belə ki, “İnsan Hüquqları Haqqında Avropa Konvensiyası”nın 10-cu maddəsində təsbit olunmuşdur ki, ifadə etmək (ekspresion) azadlığın həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formalıqlara, şərtlərə məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Hər bir insanın öz fikrini sərbəst ifadə etmək, bu hüququn dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığını ehtiva edən Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığı, yaxud mənəviyyatının qorunması baxımından qanunla məhdudlaşdırılmasını da təsbit edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində də fikir və söz azadlığı hüququ təsbit olunsa da, Konstitusiyanın 80-cı maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyalarda və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Habelə Konstitusiyanın (yeni red) 71-ci maddənin II bəndində ehtiva olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslara, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Azərbaycan Respublikası təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Dövlət Sirri haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi ilə dövlət sirrini təşkil edən məlumatların dairəsini müəyyən edilmiş və bu məlumatların mühafizəsi və istifadəsi ilə bağlı şərtlərin pozulmasına dair məsuliyyəti qanunvericiliklə sanksiyalaşdıraraq müvafiq olaraq cinayət və digər məsuliyyətləri nəzərdə tutmuşdur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də təsbit olunmuşudr ki, “Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və ya mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər”.

Eyni zamanda sözügedən Məcəllənin 560-cı maddəsində də hüquqlardan sui-istifadə qadağan edilmişdir. Şərh edilənlərdən görünüdüyü kimi ifadə etmək və söz azadlıqlarından və demokratik dəyərlərin verdiyi digər imkanlardan qərəzli sui-istifadənin, qeyri-peşəkar, şəristəsiz yanaşmanın qarşısının alması üçün fikir və söz azadlığı hüququna həm beynəlxalq hüququn, həm də milli hüququn müəyyən etdiyi, demokratik cəmiyyətin tələblərinə cavab verən məhdudiyyətlərin qoyulmasına dair müvafiq qanunun qəbul edilməsi həm beynəlxalq hüququn, həm də milli hüququn tələbləri ilə uzlaşmaqla yanaşı, belə bir qanunun qəbulu “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”da, Mülkü və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan fikir və söz azadlığı hüququnun məhdudlaşdırılması kimi təvsir oluna bilməz.

Digər tərəfdən qeyd olunması zəruridir ki, Respublikamızın qanunvericilik təcrübəsində sərbəst toplamaq azadlığına demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə məhdudiyyətləri ehtiva edən “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu mövcuddur.

Onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, təklif olunan qanunda söz və fikir azadlığı hüququnu həyata keçirilərkən, digər hüquq və vəzifələrə riayət olunmaqla onlar arasındakı mütənasibliyin təmin olunması, qərəzli sui-istifadə hallarına yol verilməməsi də təmin olunmalıdır.

Hesab edirik ki, qəbul edilməsi təklif edilən qanun nəinki kütləvi informasiya vasitələrinə, eləcə də kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarına, kütləvi nümayiş etdirilən əsərlərə, kütləvi çıxışlara, eləcə də məhdudiyyətlərə məruz qalan informasiyanın yayılması mümkün olan digər subyektlərə də şamil edilməlidir.

Qəbul edilməsi təklif edilən qanunda milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə iğtişaşın və ya cinayətin qarşısını alınması, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi digər şəxsiyyətin nüfuzu, adına hörmət edilməsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün ifadə etmək və söz azadlığı hüququna məhdudiyyətlərin dairəsi, şərtləri, məsuliyyətin əsasları və s. müəyyənləşdirməklə yanaşı fövqəladə hallar zamanı (müharibə, təbii fəlakət və insan həyatını təhdid edən digər hallar) söz və fikir azadlığı hüququna qoyula biləcək (hətta hərbi senzuranın) məhdudiyyətlərin dairəsi dəqiq müəyyənləşdirilməlidir.

Sözsüz ki, belə bir qanun həm də praktiki tətbiq zamanı çevik mexanizmlərə də malik olmalıdır. Çünki söz və fikir azadlığı hüququndan qərəzli sui-istifadənin vurduğu zərəri restutsiya etmək (yəni əvvəlki vəziyyəti bərpa etmək) mümkün olmur.

Yəni, milli təhlükəsizlik, dövlətin ərazi bütövlüyünə təsir edən, yaxud şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu məlumat yayılır. Məlumat yayıldıqdan sonra məlumatı yayan şəxsin cinayət, inzibati və ya mülki məsuliyyətə cəlb edilməsi, eləcə də təkzib verilməsi heç də məlumatın yayılması nəticəsində vurulmuş zərəri əvəzləmir.

Lakin qanunun da çevik mexanizmlərin nəzərdə tutulması ilə bu məlumatın qısa zamanda aradan qaldırılması, onun vura biləcəyi növbəti zərərləri istisna etmək olar.

Heç şübhə edilməzdir ki, bu gün hətta mövcud vəziyyətdə özünün liberallağı ilə digər qanunvericilik aktlarından fərqlənən “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası 07 dekabr 1999-cu il tarixli Qanunu həm zamanın tələbindən, həm də elmi-texniki tərəqqinin yaratdığı inkişafdan geri qalmaqla, tənzimlədiyi sahədə mövcud olan ictimai münasibətləri dolğun və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmir.

Məsələn, sözügedən qanunda “internet” sözü yalnız 3-cü maddədə kütləvi informasiya vasitələri ifadəsinin anlayışda göstərilmişdir. “Kütləvi informasiya vasitəsinin təsis edilməsi ”ni ehtiva edən qanunun 14-cü maddəsində göstərilmişdir ki, “mətbu nəşr təsis etmək istəyən hüquqi və ya və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzərdə tutulur) rəsmi müraciət etməyə borcludur”. Qanunun 3-cü maddəsi dövrü mətbu nəşrlər anlayışını aşağıdakı kimi göstərmişdir: çap prosesinin və ya hər hansı surət çıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və çap nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bulleten və başqa nəşrlər dövrü mətbu nəşrlər hesab edilir.

Doğrudur sözügedən qanun qəbul edilən və ona müvafiq dəyişikliklər edilən zaman internet informasiya ehtiyatı kimi kütləvi yayılan saytlar və informasiya agentlikləri demək olar ki, yox idi. Bu səbəbdən qanunverici kütləvi informasiya vasitələri və dövrü mətbu nəşrlər anlayışlarını fərqli məzmunlu anlayışlarda ifadə etmiş, 14-cü maddəni “kütləvi informasiya vasitəsinin təsis edilməsi” adlandırsa da nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borclu mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxsi hesab etmişdir ki, bu ziddiyyət də hazırda kütləvi yayılan internet informasiya saytlarının və internet informasiya agentliklərinin ən azı özlərinin təsis edilmələri və bu maddədə nəzərdə tutulan digər rekvizitləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət etmələrindən yayınmalarına əsas yaratmışdır.

Digər tərəfdən qeyd olunan qanunun 10-cü maddəsində göstərilir ki, “mötəbər mənbə altında vətəndaşların şərəf və ləyaqətini alçaldan, şayələr yayan və qərəzli yazılar....”, “... məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”. Onda belə nəticəyə gəlmək olar ki, yalnız yuxarıda sözügedən yazılar mötəbər mənbə adı altında yayılmasına yol verilmir və kütləvi informasiya orqanı belə yazıları “mötəbər mənbə adı altında” vermədikdə belə qanunazidd əməllərdən istifadə edə bilər.

Digər tərəfdən onu da xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunması və heç bir halın şəxsiyyətin ləyaqətinin alçaldılmamasına əsas verə bilmədiyi təsbit olunmuşdur. Konstitusiyada bu hüquq Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər kəsə verildiyi halda “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunuda şərəf və ləyaqətini alçaldılmasının yolverilməməzliyi yalnız vətəndaşlara münasibətdə nəzərdə tutmuşdur. Eləcə də yalnız böhtan və təhqir istisna edilməklə şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına yalnız mülki məsuliyyətin tətbiq olunması üçün məhkəməyə müraciət etmək hüququnun nəzərdə tutulması heç də Konstitusiya ilə dövlət tərəfindən verilmiş təminata adekvat deyildir. Bir daha qeyd edirik ki, şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələndiyi zaman ona vurulan zərəri restutisiya etmək mümkün olmadığından yalnız üzr istəmək, təkzib vermək və vurulmuş zərəri kompensasiya ilə əvəzləmək heç də vurulan zərərə adekvat deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunın ləkələnməsi təkcə ona mənəvi zərər vurulması ilə nəticələnmir. Hətta o, maddi zərərə də düçar olur. Belə ki, barəsində həqiqətə uyğun olmayan “firildaqçı” ifadəsi işlədilmiş iş adamı bağladığı və ya bağlaya biləcəyi işgüzar müqavilələrin ləğv edilməsi ilə üzləşə bilər, barəsində əsassız yerə “savadsız” “qeyri-peşəkar” ifadələr işlədilmiş vəkil, həkim və s. müştərilərinin itirilməsi ilə üzləşə bilər və beləliklə də onlara maddi zərər də dəyə bilər.

Bəlkə də uzun zaman və yaxud daimi olaraq həmin şəxslər bir əsassız yazının nəticəsində öz qazanclarından məhrum ola bilərlər.

Digər bir nüansa da diqqət yetirilməsini də vacib hesab edərdim. Mövcud qanunvericiliyimiz doğru məlumatların yayılmasını qadağan etmir. Sözsüz ki, istənilən həqiqətə uyğun, doğru məlumatları yaymaq olar. Praktika göstərir ki, bəzən yalnız şəxsi mənəvi cəhətdən sarsıdan, ona mənəvi zərbə vuran və heç bir ictimai əhəmiyyəti olmayan doğru məlumatlar da heç bir məna kəsb etmədən yayılır. Məsələn, övladı fiziki və ya əqli cəhətdən zəif olan valideynin övladının fiziki və əqli qüsuru barədə, sonsuz olan şəxsin sonsuz olması barədə və.s.

Bu məlumatlar doğru olsa da mənəvi -əxlaqi prinsiplər baxımından yayılması doğru deyildir. Belə məlumatın yayılmasının heç bir ictimai əhəmiyyəti yoxdur və yalnız barəsində bu məlumatlar yayılmış şəxsə mənəvi sarsıntı verə bilər, ona qəm-qüssə gətirər. Heç bir ictimai əhəmiyyəti olmayan doğru, həqiqətə uyğun məlumatların yayılmasının da qadağan edən normanın qanunda müəyyən edilməsi əxlaqi prinsiplərimizə uyğun olmuş olardı.

Hörmətli Oqtay müəllim!

Hörmətli Cənablar!

Ümid edirik ki, təklifimizi diqqətlə araşdırıb müvafiq tədbirlər görəcəksiniz.

Hörmətlə,

Mərkəzin sədri Natiq Y.Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi