Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Teklifler_2

LAYİHƏ

 Münsiflər Məhkəməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

...əvvəli

Maddə 27. Tərəflərin münsiflər məhkəməsi iclasında iştirakı

Hər bir tərəfə məhkəmədə öz mövqeyini, hüquqlarını ifadə və müdafiə etmək üçün bərabər imkanları verilməlidir.

Əgər tərəflər ayrı qayda barədə razılaşmayıblarsa, münsif araşdırması tərəflərin iştirakı ilə münsiflər məhkəməsinin iclasında həyata keçirilir.

Tərəflərə münsiflər məhkəməsinin iclasının yeri və vaxtı barədə əvvəlcədən bildiriş göndərilməlidir. Qeyd olunmuş bildiriş bu qanunun 4-cü maddəsində göstərilən qaydada göndərilir.
     Əgər tərəflər başqa qayda nəzərdə tutmayıblarsa, bir tərəfin münsiflər məhkəməsinə  təqdim etdiyi bütün sənədlərin və digər sübutların surətləri, həmçinin başqa məlumatları qarşı tərəfə məhkəmə tərəfindən göndərilməlidir. Münsiflər məhkəməsinin qərarının əsaslandırıldığı ekspert rəyi münsiflər məhkəməsi tərəfindən tərəflərə göndərilməlidir.

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, münsiflər məhkəməsinin tərkibi işə qapalı məhkəmə iclasında baxır.

Maddə 28. Tərəflərin sənədləri və digər sübutları vaxtında təqdim etməməsinin nəticələri  

Tərəflərin və ya onların nümayəndələrinin sənədləri və ya digər sübutları vaxtında təqdim etməməsi, həmçinin, münsiflər məhkəmə iclasına lazımi qaydada bildirilmiş yerə və vaxtında gəlməməsinin  üzürlü səbəbdən olmadığı müəyyən edildikdə, bu, münsiflər məhkəməsi tərəfindən qərarın qəbul edilməsinə maneə deyildir.

Cavabdehin iddiaçının tələblərinə etiraz mülahizələrini təqdim etməməsi iddia ərizəsində qeyd olunan tələbləri qəbul etməsi kimi qiymətləndirilə bilməz.

Maddə 29. Ekspertizanın təyin olunması və keçirilməsi

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, münsiflər məhkəməsi mübahisənin həll edilməsində meydana gələn və həll olunması xüsusi bilik tələb edən sualların ekspertizasını təyin etmək və bu ekspertizanın keçirilməsi üçün tərəflərdən lazımi sənədləri və digər sübutları və ya əşyaları təqdim etməyi tələb edə bilər. Əgər tərəflər başqa qayda nəzərdə tutmayıblarsa, münsiflər məhkəməsi bir və ya bir neçə ekspert təyin edə bilər.

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, ekspertin namizədliyi, həmçinin,  ekspertizanın keçirilməsi zamanı cavab verilməli suallar tərəflərin rəyi nəzərə alınaraq, münsiflər məhkəməsi tərəfindən müəyyən edilir.

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, münsiflər məhkəməsi ekspertizanın keçirilməsi zamanı sərf olunan məsrəflərin ödənilməsini bu qanunun 16-cı maddəsinə uyğun olaraq müəyyən edir.

Ekspert rəyi yazılı surətdə təqdim olunur.

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, tərəflərdən biri və ya münsiflər məhkəməsinin zəruri hesab etdiyi təqdirdə, ekspert öz rəyini məhkəməyə təqdim etdikdən sonra hakimlərin və tərəflərin ekspertizanın keçirilmə prosesi ilə bağlı suallarına cavab vermək üçün məhkəmə iclasında iştirak etməlidir.

Maddə 30. Münsiflər məhkəməsi iclasının protokolu  

 Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, münsiflər məhkəməsinin iclası protokollaşdırılır.

FƏSİL VI. MÜNSİFLƏR MƏHKƏMƏSİNİN QƏTNAMƏSİ

Maddə 31. Münsiflər məhkəməsinin qərarlarının məcburiliyi  

 Saziş bağlamış tərəflər, münsiflər məhkəməsinin qərarlarını könüllü  icra etmək vəzifəsini öhdələrinə götürürlər. Tərəflər və münsiflər məhkəməsi, münsiflər məhkəməsinin qərarlarının hüquqi cəhətdən icra olunması üçün bütün qüvvələrini səfərbər edirlər.

Maddə 32. Münsiflər məhkəməsinin qətnamə qəbul etməsi

İşin halları araşdırıldıqdan sonra münsiflər məhkəməsi münsiflər məhkəməsinin tərkibində olan hakimlərin səs çoxluğu ilə qətnamə qəbul edir.
     Qətnamə münsiflər məhkəməsinin iclasında elan olunur. Münsiflər məhkəməsi yalnız qətnamənin nəticə hissəsini elan etmək hüququna malikdir. Tərəflərin qətnamənin göndərilməsi üçün müddət müəyyən etmədikləri halda, əsaslandırılmış qətnamə nəticə hissəsinin elan edildiyi gündən 15 gün müddətindən gec olmayaraq tərəflərə göndərilir.

Münsiflər məhkəməsi bu qanunun 27-ci maddəsinin 3-cü bəndinə əsasən zəruri hesab etsə, qətnamənin qəbul edilməsini təxirə salaraq tərəfləri əlavə iclasa çağıra bilər.

Tərəflərin vəsatətinə əsasən münsiflər məhkəməsi əgər barışıq sazişi qanunlara və digər normativ hüquqi aktlara zidd deyilsə və digər şəxslərin qanuni hüquq və maraqlarını pozmursa, münsiflər məhkəməsi barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edir. Barışıq sazişinin məzmunu münsiflər məhkəməsinin qətnaməsində göstərilir.

Münsiflər məhkəməsinin qətnaməsi münsiflər məhkəməsinin tərkibində olan hakimlərinin qətnaməni imzaladığı yerdə və gündə qəbul olunmuş hesab olunur.

Maddə 33. Münsiflər məhkəməsinin qətnaməsinin forması və məzmunu

Münsiflər məhkəməsinin qətnaməsi xüsusi rəyə malik olan hakimlə birgə münsiflər məhkəməsi hakimlərinin tərkibinin hər birinin imzası ilə yazılı şəkildə tərtib edilir. Münsiflər məhkəməsinin hakiminin xüsusi rəyi qətnaməyə əlavə edilir. Əgər münsif araşdırması kollegiya tərəfindən aparılıbsa, qətnamə, digər münsiflərin imzasının olmamasının üzrlü səbəblərini göstərməklə, münsiflər məhkəməsinin tərkibində olan münsiflərin əksəriyyəti tərəfindən imzalana bilər.

Münsiflər məhkəməsinin qətnaməsində aşağıdakılar qeyd edilməlidir:
     1) Bu qanunun 32-ci maddəsinin 4-cü bəndinə uyğun qaydada qətnamənin qəbul edildiyi tarix;
     2) Bu qanunun 20-ci maddəsinə uyğun qaydada müəyyən edilmiş münsif araşdırmasının keçirildiyi  yer;
     3) münsiflər məhkəməsinin tərkibi və onun formalaşdırılması qaydası;
     4) münsif araşdırmasının tərəfləri olan müəssisələrin adları və onların ünvanları; münsiflər məhkəmə araşdırması tərəfləri olan fərdi sahibkar – şəxslərin və vətəndaşların soy adları, adları, atalarının adları, doğum tarixi və yeri, yaşayış və iş ünvanları;
     5) münsiflər məhkəməsinin səlahiyyətlərini aşmasının əsaslandırılması;
     6) iddiaçının tələbləri, cavabdehin etirazı və tərəflərin vəsatəti;
     7) münsiflər məhkəməsinin qətnaməsinin qəbul edilməsi zamanı münsiflər məhkəməsi tərəfindən işin müəyyən olunmuş halları, mövcud hallar barəsində münsiflər məhkəməsinin gəldiyi nəticəyə dair sübutlar, qanunlar və digər normativ hüquqi aktlar əsas götürülür.
    Qətnamənin nəticə  hissəsində iddia tələbinin təmin  və ya rədd edilməsi barədə münsiflər məhkəməsinin gəldiyi nəticələr  əks olunmalıdır. Qətnamənin nəticə hissəsində mübahisənin həll olunması üçün sərf olunan məsrəflər, həmin məsrəflərin tərəflər arasında bölüşdürülməsi, hətta, ehtiyac olduqda qəbul olunmuş qətnamənin könüllü icra müddəti və qaydası barədə qeyd olunur.

Bu maddənin 1-ci bəndinə əsasən tərtib olunmuş qətnamənin bir nüsxəsi qəbul olunduqdan sonra tərəflərə ya şəxsən təqdim edilməli, ya da göndərilməlidir.

Maddə 34. Əlavə qətnamə

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, tərəfdən biri digər tərəfi əvvəlcədən xəbərdar etməklə qətnaməni aldığı gündən 10 gün müddətində iddia ərizəsində qeyd olunan, lakin qətnamədə əks olunmayan tələblərə dair əlavə qətnamənin qəbul edilməsi tələbi ilə həmin münsiflər məhkəməsinə müraciət edə bilər. Bu ərizə münsiflər məhkəməsinin tərkibi tərəfindən qətnamə tərəfə göndərildiyi gündən sonra 10 gün ərzində verilməlidir.

Ərizəyə baxılarkən, münsiflər məhkəməsinin qətnaməsinin tərkib hissəsi olan əlavə qətnamə və ya əlavə qətnamənin qəbul edilməsinə dair ərizənin təmin olunmaması barədə qərar qəbul olunur.

Maddə. 35. Qətnamənin izahı

Əgər tərəflər başqa qaydada razılaşmayıblarsa, tərəfdən biri digər tərəfi xəbərdar etməklə, qətnaməni aldığı gündən 10 gün müddətində qətnamənin izah edilməsi barədə ərizə ilə həmin münsiflər məhkəməsinə müraciət edə bilər. Qətnamənin izah edilməsinə dair ərizəyə mübahisəni həll edən münsiflər məhkəməsinin tərkibi tərəfindən ərizənin alındığı 10 gün müddətində baxılmalıdır.

Münsiflər məhkəməsi qəbul etdiyi qətnamənin məzmununu dəyişdirmədən izah etmə hüququna malikdir.

Bu, ərizənin baxılmasının nəticələrinə görə ya münsiflər məhkəməsinin qəbul etdiyi qətnamənin tərkib hissəsi olan izah verilir, ya da qətnamənin izah edilməsindən imtina edilir.

Maddə 36. Təsviri, çap, ədədi səhvlərin düzəldilməsi

Münsiflər məhkəməsi hər iki tərəfin ərizəsi və ya təşəbbüsü ilə buraxılmış təsviri, çap, həmçinin, ədədi səhvlərin düzəldilməsi hüququna malikdir.

Təsviri, çap, həmçinin ədədi səhvlərin düzəldilməsi barəsində münsiflər məhkəməsi qətnamənin tərkib hissəsi sayılan qərar çıxarır.

Maddə 37. Münsiflər məhkəməsinin qərardadı

Münsiflər məhkəməsi mübahisənin mahiyyətinə aid olmayan məsələlərə dair qərardad çıxarır.

Maddə 38. Münsif araşdırmasının dayandırılması

     Münsiflər məhkəməsi münsif araşdırmasının dayandırılmasına dair qərardadı aşağıdakı hallarda çıxarır:
    iddiaçı öz tələblərindən imtina edirsə, bu şərtlə ki, cavabdehin mübahisənin mahiyyəti üzrə həll edilməsinə və münsif araşdırmasının dayandırılmasına etiraz edirsə;
    tərəflər münsif araşdırmasının dayandırılmasına dair razılığa gəldikdə;
    münsiflər məhkəməsi icraatına verilən işin səlahiyyətlərinə aid olmadığı qərarını çıxardıqda;
    münsiflər məhkəməsi barışıq sazişinin bağlanması haqqında yazılı qərar qəbul etdikdə;
    münsif araşdırmasının tərəfi olan təşkilat ləğv edildikdə;
    münsif araşdırmasının tərəfləri olan fərdi sahibkar və ya vətəndaş öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş elan edildikdə;
    eyni tərəflərin iştirakı ilə həmin mübahisəyə dair eyni əsaslarla səlahiyyətli məhkəmənin, arbitraj və ya başqa münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda.

Maddə 39. Qətnamələrin və işlərin mühafizəsi

Konkret mübahisəyə dair münsiflər məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra iş üzrə materiallarla birgə səlahiyyətli məhkəməyə göndərilir.

Əgər daimi fəaliyyət göstərən münsiflər məhkəməsinin qaydaları ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu halda daimi fəaliyyət göstərən münsiflər məhkəməsində baxılan iş qəbul edildiyi gündən 5 il müddətində münsiflər məhkəməsində saxlanılır.

FƏSİL VII. MÜNSİFLƏR MƏHKƏMƏSİNİN QƏBUL ETDİYİ QƏTNAMƏNİN MÜBAHİSƏLƏNDİRİLMƏSİ

 Maddə 40. Münsiflər məhkəməsi qətnaməsinin səlahiyyətli məhkəmədə mübahisələndirilməsi

Əgər Sazişndə münsiflər məhkəməsi qətnaməsinin qəti olduğu qeyd edilməyibsə, qətnamə qəbul edildikdən üç ay müddətində işdə iştirak edən tərəflərdən biri qətnamənin ləğv edilməsi ilə bağlı səlahiyyətli məhkəməyə şikayət verə bilər.

Maddə 41. Münsiflər məhkəməsinin qətnaməsinə etiraz verilməsinin qaydası

  Münsiflər məhkəməsi qətnaməsinin səlahiyyətli məhkəmə tərəfindən etiraz verilməsinin qaydası, münsiflər məhkəməsi qətnaməsinin səlahiyyətli məhkəmədə ləğv edilməsinə baxılması və şikayətin təmin olunması və ya təmin olunmasından etiraz edilməsinə dair qətnamə (qərar) Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq həll edilir.

Maddə 42. Münsiflər məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsasları

          Münsiflər məhkəməsinin qətnaməsi yalnız aşağıdakı hallarda səlahiyyətli məhkəmə tərəfindən ləğv edilə bilər:
     1) münsiflər məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün şikayət verən tərəf, aşağıdakı sübutları təqdim etməlidir:
     münsiflər məhkəməsinin qərarı bu qanun və digər qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edildikdə;
     münsiflər məhkəməsinin qətnaməsi Sazişdə nəzərdə tutulmadıqda və şərtlərinə uyğun olmadıqda, Sazişdə nəzərdə tutulan şərtlərdən kənara çıxdıqda;

Əgər Sazişdən irəli gələn mübahisələrə dair münsiflər məhkəməsinin qərarı bu sazişdə əhatə olunmayan mübahisələrə qətnamədən ayrılarsa, bu halda münsiflər sazişində əhatə olunmayan məsələlərə dair qətnamənin hissəsi ləğv edilə bilər;     

     Münsiflər məhkəməsinin tərkibi və ya münsif araşdırması bu qanunun 8, 10, 11, və ya 19-cu maddələrində qeyd olunan müddəalara uyğun olmadıqda;
     münsiflər məhkəməsinin əleyhinə qətnamə qəbul etdiyi tərəf münsiflər məhkəməsinin hakimlərinin seçilməsi (təyin edilməsi) barədə, məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmədikdə və ya digər səbəblərdən münsiflər məhkəməsinə iştirak etməmələri barədə səbəblərini izah edə bilmədikdə;
     2) əgər səlahiyyətli məhkəmə müəyyən etsə ki:
     münsiflər məhkəməsində baxılan mübahisənin bu qanuna uyğun olaraq, münsif araşdırmasının obyekti ola bilməz;
     münsiflər məhkəməsinin qətnaməsinin Azərbaycanın qanunlarının əsaslarını təşkil edən prinsiplərinə ziddir.

Maddə 43. Münsiflər məhkəməsinin qətnaməsinin ləğv edilməsinin nəticələri

    Səlahiyyətli məhkəmə tərəfindən münsiflər məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarında tərəflərdən hər biri münsiflər məhkəməsinə müraciət etmək hüququna malikdir. Belə ki, əgər münsiflər məhkəməsinin qətnaməsi Sazişinin etibarsız hesab edilməsi, münsiflər müqaviləsində əks olunmamış məsələlərin əhatə edilməsi, müqavilənin şərtlərinə uyğun olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi və ya  münsiflər müqaviləsində əks olunmayan şərtlərə uyğun qaydada qəbul edilməsi nəticəsində münsiflər məhkəməsinin qətnaməsi tamamilə və ya qismən ləğv edildikdə, bu mübahisəyə münsiflər məhkəməsində yenidən baxılması mümkün deyil.

FƏSİL VII. MÜNSİFLƏR MƏHKƏMƏSİ QƏTNAMƏSİNİN İCRASI

Maddə 44. Münsiflər məhkəməsinin qətnaməsinin icra olunması

Münsiflər məhkəməsinin qətnaməsi könüllülük prinsipi əsasında qətnamədə göstərilən müddətdə və qaydada icra olunur.

Əgər münsiflər qətnaməsində müddət göstərilməyibsə, bu halda o dərhal icraya yönəldilir.

Maddə 45. Münsiflər məhkəməsi qətnaməsinin məcburi icrası

Əgər münsiflər məhkəməsinin qətnaməsi könüllü icra edilməyibsə, bu halda o məcburi icra edilir. Münsiflər məhkəməsinin qətnaməsi səlahiyyətli məhkəmənin verdiyi icra vərəqəsi əsasında məcburi icra olunur. 

İcra vərəqəsinin alınması üçün xeyrinə qətnamə çıxarılmış tərəf səlahiyyətli məhkəməyə ərizə ilə müraciət edir.

İcra vərəqəsinin alınması üçün ərizəyə aşağıdakılar əlavə olunur:
     1) münsiflər məhkəməsi qətnaməsinin əsli və ya müvafiq qaydada təsdiqlənmiş surəti. Daimi fəaliyyət göstərən münsiflər məhkəməsi qətnaməsinin surəti münsiflər məhkəməsinin sədri tərəfindən təsdiq edilir, konkret mübahisənin həlli məqsədilə yaradılan münsiflər məhkəməsinin qətnaməsi notarial qaydada təsdiq edilir;
     2) bu qanunun 7-ci maddəsinin müddəalarına uyğun qaydada bağlanmış Sazişin əsli və ya surəti;
     3) Bu qanunla müəyyən olunmuş qaydada və miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər.

İcra vərəqəsinin alınması üçün ərizə, qətnamənin könüllü icrası üçün təyin olunan zamanın bitdiyi andan 3 ildən gec olmayan müddətdə verilə bilər.

Müəyyən olunmuş prosessual müddəti ötürülmüş və ya müvafiq sənədləri əlavə olunmayan icra vərəqəsinin alınmasına dair ərizə, səlahiyyətli məhkəmə tərəfindən baxılmamış saxlanılaraq qərardad çıxararaq tərəfə geri qaytarılır, bu qərardaddan mülki-prosessual və arbitraj qanunvericiliyinə əsasən şikayət verilə bilər.

Səlahiyyətli məhkəmə buraxılmış müddətin səbəblərini üzrlü hesab etsə, icra vərəqəsinin alınması üçün verilmiş müvafiq ərizəni təmin edə bilər.

İcra vərəqəsinin alınması üçün ərizəyə, ərizə səlahiyyətli məhkəməyə daxil olduğu andan bir ay müddətində səlahiyyətli məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır. Tərəflər ərizənin baxılmasının yeri və zamanı barədə əvvəlcədən xəbərdar edilir, belə ki, tərəflərin və ya tərəflərdən birinin məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane ola bilməz.

İcra vərəqəsinin verilməsi barədə ərizəyə baxışın nəticələrinə əsasən, səlahiyyətli məhkəmə icra vərəqəsinin verilməsi və ya verilməsindən imtina kimi qərar qəbul edə bilər.
Səlahiyyətli məhkəmənin icra vərəqəsinin alınması barədə qərardadı məcburi icra edilir.

Səlahiyyətli məhkəmənin icra vərəqəsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərardadından Azərbaycan Respublikasının mülki prosessual və arbitraj qanunvericiliyi ilə müəyyən olunmuş qaydada şikayət verilə bilər.

     Maddə 46. İcra vərəqəsinin verilməsindən imtinanın əsasları

Səlahiyyətli məhkəmə icra vərəqəsinin alınması ilə bağlı ərizəyə baxarkən, münsiflər məhkəməsi tərəfindən müəyyən olunmuş halları araşdıra və ya münsiflər məhkəməsinin qərardadına mahiyyəti üzrə yenidən baxa bilməz.

Səlahiyyətli məhkəmə aşağıdakı hallarda icra vərəqəsinin verilməsindən imtina barəsində qərardad qəbul edir:

1) Əgər əleyhinə qətnamə çıxarılmış tərəf səlahiyyətli məhkəməyə sübutlar təqdim etsə ki:
     Saziş, həmçinin, bu qanunun 7-ci maddəsində göstərilən müddəalara əsasən, etibarsız hesab olunur;
     mübahisəyə dair münsiflər məhkəməsinin qətnaməsi Sazişdə əks olunmayan, onun şərtlərinə daxil olmayan və ya Sazişdən kənara çıxan məsələlərə dair qərarları özündə əks edir. Əgər münsiflər məhkəməsi, Sazişdə əks olunan məsələlərə dair qətnaməni bu müqavilədə əks olunmayan məsələlərdən fərqləndirə bilərsə, bu halda icra vərəqəsi alındıqda, müqavilədə qeyd olunan mübahisələrə dair qərarın hissəsinin məcburi icraya yönəldilməsindən imtina edə bilməz;
     münsiflər məhkəməsinin tərkibi və ya münsif araşdırması bu qanunun 8, 10, 11 və ya 19-cu maddəsinə uyğun olmadıqda;
     münsiflər məhkəməsinin qətnaməsi  əleyhinə qəbul edilmiş digər tərəfin, münsiflər məhkəməsinin hakimlərinin seçilməsi (təyin edilməsi), münsiflər məhkəməsinin iclasının keçirildiyi vaxt və yer barəsində lazımi qaydada məlumatlandırılmaması və ya şəxsin münsiflər məhkəməsinə gəlməməsinin səbəblərini məhkəməyə bildirmədikdə;

2) Əgər səlahiyyətli məhkəmə müəyyən etsə ki:
     mübahisə, bu qanuna uyğun olaraq, münsif araşdırmasının obyekti ola bilməz;
     münsiflər məhkəməsinin qətnaməsi Azərbaycan qanunlarının əsasını təşkil edən prinsiplərini pozur.

3. Səlahiyyətli məhkəmə icra vərəqəsinin verilməsindən imtina edilməsi barəsində qərardad qəbul etdikdə, Sazişə əsasən tərəflər, bu qanunun    43-cü maddəsində əks olunan müddəalar istisna olmaqla, məhkəmə aidiyyətini gözləmək şərti ilə münsiflər və ya səlahiyyətli məhkəməyə müraciət edə bilərlər.

FƏSİL IX. YEKUN MÜDDƏALAR

 Maddə 47. Qanunun qüvvəyə minməsi

Qanun dərc edildiyi gündən qüvvəyə minir.





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi