Hüquqi İslahatlara Yardım Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə
Göndərən Admin Tarix: 27.08.2019
“Hüquqi İslahatlara Yardım Mərkəzi” İB-yi tərəfindən 2014-cü ildən tətbiq edilən Əmək Müqaviləsi bildirişi alt sistemi ilə 06 may 2016-cı il tarixində qəbul olunmuş Miqrasiya Məcəlləsinin 45.0.6-1 və 64.0.13-1-ci maddələr arasındakı uyğunsuzluq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkrar müraciət ünvanlanmışdır. (bax “Müraciətlər” bölümündə)
Davamı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri

Cənab Sahil Babayevə

Hörmətli Cənab Nazir,

Tərəfimizdən qaldırılmış məsələ ilə bağlı Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyindən Nazirliyə 08.07.2019-cu il tarixli müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov tərəfindən 09 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “Əmək müqaviləsi bildirişi” Alt sistemi ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri arasında uyğunsuzluq mövcud deyildir.

Nəzərə çatdırılması zəruridir ki, əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi 2014-cü ildə hazırlanmaqla ölkə ərazisində 2014-cü ilin ortalarından tətbiq edilir. Sözsüz ki, 2014-cü ildə bu sistem hazırlanarkən 06 may 2016-cı ildə qəbul ediləcək qanuna əlavələrin tələblərinin nəzərə alınması mümkün ola bilməzdi.

Qeyd etməyi zəruri hesab edirik ki, 06 may 2016-cı il tarixdə qəbul olunmuş 223-VQD nömrəli qanunla (dərci “Azərbaycan” qəzeti 04 iyun 2016-cı il) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə 45.0.6-1 və 64.0.13-1-ci maddələr əlavə edilmişdir. Qeyd olunan Məcəllənin 64-cü maddəsinə olunan 64.0.13-1-ci əlavəyə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici, hüquqi və ya fiziki şəxslərin nəinki rəhbərləri, həmçinin, onların müavinləri də iş icazəsi tələb olunmayan subyektlərin dairəsinə daxil edilmişdir.

Sözügedən Məcəllənin 45-ci maddəsinə yuxarıda qeyd olunan qanunla edilən 45.0.6-1-ci əlavəyə əsasən isə Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri ilə yanaşı,həm də onun müavini vəzifəsini tutan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi halı kimi təsbit olunmuşdur.

Miqrasiya Məcəlləsinə 06.05.2016-cı il tarixində əlavə edilmiş 45.0.6-1-ci maddənin tələbindən görünür ki, Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici, hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin müavini təyin edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məhz bu vəzifəyə təyin olunduğu üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almağa hüquq qazanır. Göründüyü kimi sözügedən Məcəllənin 45-ci maddəsində bu hüquq təsbit edildiyindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin müavin vəzifəsinə təyin edilməsi zəruri şərtdir.

Qeyd edilməsi zəruridir ki, elektron informasiya sistemi 2014-cü ildə tətbiq olunmağa başladığından Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə 06 may 2016-cı ildə edilmiş dəyişiklik sistemdə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən statusa malik direktor müavini əvvəlcə vəzifəyə təyin edilməlidir ki, Məcəllənin 45.0.6-1-ci maddəsinə uyğun olaraq ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilsin. Bu baxımdan hesab edirik ki, 2014-cü ildən tətbiq edilən “Əmək müqaviləsi bildirişi” ALT sistemi ilə 06 may 2016-cı il tarixində Miqrasiya Məcəlləsinə əlavə olunmuş 45.0.6-1 və 64.0.13-1-ci maddələr arasında uyğunsuzluq mövcuddur. Göstərilənləri nəzərə alıb, hazırkı məsələyə təkrar baxılmasını Sizdən xahiş edirik.

Hörmətlə,

Mərkəzin sədri:                                        Natiq Abdullayev