Hüquqi İslahatlara Yardım Mərkəzi Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Naziri Cənab Ramin Quluzadəyə
Göndərən Admin Tarix: 13.12.2018
“Xüsusi fərqlənmə nişanı”nın “ASAN Xidmət” Mərkəzləri vasitələri ilə verilməsinin təmin olunması barədə
Davamı
“Xüsusi fərqlənmə nişanı”nın “ASAN Xidmət” Mərkəzləri vasitələri ilə verilməsinin təmin olunması barədə
Hörmətli Cənab Nazir,
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin məqsədləri üçün vergi ödəyicisinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınmalıdır. “Xüsusi fərqlənmə nişanı”nın verilməsi qaydalarını ehtiva edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli, 40 nömrəli qərarının tələbinə əsasən sözügedən nişanın verilməsi səlahiyyətləri rəhbərlik etdiyiniz Nazirliyə aid edilmişdir.

Hörmətli Cənab Nazir,
Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, hal-hazırda qeyd olunan nişanın verilməsi rəhbərlik etdiyiniz Nazirliyin strukturuna daxil olunan qurumlar vasitəsi ilə deyil, faktiki olaraq “Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilir.
Nəzərə çatdırılmasını zəruri hesab edirik ki, bəzi-bəzi hallarda sözügedən fərqlənmə nişanının verilməsi zamanı sahibkarların əsassız səbəblərdən incidilməsi hallarına yol verilir ki, bu da haqlı olaraq sahibkarların narazılığına səbəb olur.
Digər tərəfdən isə məlumunuz olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı ilə rəhbərlik etdiyiniz Nazirliyin səlahiyyətlərinə aid edilmiş vəzifələrin kommersiya təşkilatı kimi dövlət qeydiyyatına alınmış yuxarıda sözügedən Məhdud Məsuliyyətli Cəmiyyətə ötürülməsi Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 nömrəli Fərmanının 4-cü bəndinin tələbləri ilə ziddiyət təşkil edir.
Belə ki, qeyd olunan Fərmana əsasən dövlət orqanları və yerli özünüidarə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinə ötürə bilməzlər.
Hörmətli Cənab Nazir,
Yuxarıda göstərilənləri diqqətinizə çatdırmaqla Sizdən xüsusi fərqlənmə nişanının “ASAN Xidmət” vasitəsi ilə verilməsi ilə bağlı müvafiq təkliflə aidiyyəti üzrə müraciət olunmasının məqsədəmüvafiqliyinə baxmağınızı xahiş edirik.

Hörmətlə
Mərkəzin sədri                                                 Natiq Abdullayev