Hüquqi İslahatlara Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə
Göndərən Admin Tarix: 30.11.2018
Hörmətli Şahin müəllim!
2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi Mərkəzimizin əməkdaşları tərəfindən öyrənilmişdir.

Davamı
Hörmətli Şahin müəllim!
2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi Mərkəzimizin əməkdaşları tərəfindən öyrənilmişdir.
Təklif olunan dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsində bəzi müddəaların təkmilləşdirilməsinə dair aşağıdakı mülahizələrimizi diqqətinizə çatdırmağı zəruri hesab edirik.
Heç şübhəsiz ki, vergi qanunvericiliyi xüsusi xarakterli olmaqla dövlətin maraqlarını ehtiva etməlidir. Nəzərə alınması zəruridir ki, dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özü¬nün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur.
Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Beləliklə, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir.
Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur.
Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Vergi Məcəlləsinin təhlili göstərir ki, vergi yığımı ilə bağlı vergi ödəyiciləri ilə dövlət arasında yaranan münasibətlər xarakterinə görə tərəflərin qeyri-bərabərliyinə, iştirakçılardan birinin digərinə nisbətdə iradə üstünlüyünə əsaslanan münasibətlərdir.
Vergi Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanaraq vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini də tənzimləyir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin I hissəsində təsbit olunur ki, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir.
Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır.

Hörmətli Şahin müəllim!
Qeyd edilməsi zəruridir ki, vergi qanunvericiliyinin praktiki tətbiqi bir sıra qeyri-müəyyənliklərə səbəb olduğundan müvafiq sorğular və müraciətlər əsasında bu qanunvericiliyin bəzi müddəalarını şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Belə qərarlardan biri də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 avqust 2002-ci il tarixli qərarıdır. Sözügedən qərarda Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasına ayrı-ayrı hallarına görə vergi orqanının rəhbərinin (rəhbər müavininin) qərarı ilə tənbeh tədbirlərinin növləri kimi çıxış edən maliyyə sanksiyalarına və faizlərə dair hüquqi mövqeyini ifadə edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarında göstərmişdir ki, vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər təqsirli vergi ödəyicilərinə büdcə və büdcədənkənar fondlara vergilərin, məcburi ödənişlərin ödənilməsi ilə bağlı vəzifələri lazımi qaydada icra etmək üçün tətbiq olunan təsir tədbirləridir. Hüquqi məsuliyyətin müstəqil tədbirləri kimi dövlət tərəfindən vergi orqanları vasitəsilə məcburi güc tətbiqi ilə həyata keçirilən bu tədbirlər həm vergi ödəyicilərinin vergilərin ödənilməsi üzrə konstitusiya vəzifələrinin icra olunmasını təmin edən hüquqbərpaedici, həm də cəzaverici xarakterli formalarda olur.
Sözügedən qərarında Konstitusiya Məhkəməsi daha sonra göstərmişdir ki, Vergi Məcəlləsində əks olunmuş maliyyə (mahiyyətcə cərimə) sanksiyaları hüququn ümumi prinsiplərindən çıxış edərək tarazlıq prinsipinə də cavab verməlidir.
Ədalətlik tələblərini ifadə edən tarazlıq prinsipi yalnız təqsirli əməl və onun ağırlığından, vurulan ziyanın həcm və xarakterindən, hüquq pozucusunun təqsirlilik dərəcəsindən və tənbehin tətbiqində fərdiləşdirilməni şərtləndirən digər vacib hallara görə onun differensiasiyasından asılı olaraq hüquq məsuliyyətini müəyyən etməyi ehtiva edir. Məsuliyyətə cəlb etmənin göstərilən prinsipi eyni dərəcədə həm fiziki, həm də hüquqi şəxslərə aiddir.
Vergi orqanları tərəfindən tarazlaşdırılmamış maliyyə sanksiyalarının tətbiqi sahibkarları yalnız gəlirdən deyil, həm də digər əmlakdan məhrum edə bilər ki, bu da sahibkarların digər şəxslər qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsinə və ümumiyyətlə onların sonrakı fəaliyyəti üçün real təhlükə yarada, hətta bu fəaliyyətin xitamına da səbəb ola bilər.
Daha sonra Konstitusiya Məhkəməsi sözügedən qərarında göstərmişdir ki, “Vergi qanunvericiliyinin pozulmasına görə tarazlaşdırılmamış böyük məbləğdə sanksiyaların müəyyən edilməsi vergi intizamını artırmır, sahibkarların normal fəaliyyətinə imkan vermir, yalnız kölgə iqtisadiyyatının yaranmasına səbəb olur”.
Yuxarıda qeyd olunan xüsusatlara, eləcə də baxılan konstitusiya işinin digər hallarına əsaslanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hüquq normasında müəyyənlik, aydınlıq və dəqiqlik olmasının, onun ikimənalılığa yolverilməzliyi nöqtəyi-nəzərdən tərtib olunmasının, habelə vergi qanunvericiliyinin pozulmasına görə məcburiyyət tədbirlərinin həm məhkəmədənkənar, həm də məhkəmə qaydasında tətbiqinin zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarının təkmilləşdirilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunmasını qərara almışdır.

Hörmətli Şahin müəllim!
Nəzərə alınmalıdır ki, sözügedən Məcəllənin, xüsusən 58.3-58.6-cı maddəsində təsbit edilən cərimə sanksiyaları Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində ifadə etdiyi ədalətlik tələblərini ifadə edən tarazlıq prinsipi ilə uzlaşmır.
Hesab edirik ki, vergilərin azaldılmasına və digər vergi hüquq pozmalarına görə maliyyə sanksiyalarını ehtiva edən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin maliyyə sanksiyaları ilə bağlı ədalətlilik tələblərini ifadə edən tarazlılıq prinsipi ilə əlaqədar şərh etdiyi hüquqi mövqeyinin tələbləri baxımından yenidən baxılması məqsədəmüvafiq olardı.
Xahiş edirik göstərilənləri nəzərə alasınız.

Hörmətlə,
Mərkəzin sədri                                          Natiq Y. Abdullayev