Hüquqi İslahatlara Yardım Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Göndərən Admin Tarix: 30.08.2018
Məlumunuz olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 № li fərmanının (müvafiq əlavə və dəyişikliklərlə) 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2001-ci ilin yanvar ayının 1-dək “Məhdud Məsuliyyətli Cəmiyyət haqqında” və “Kooperativlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tapşırılmışdır.
Davamı
Qeyd etməyi zəruri hesab edirik ki, istər məhdud məsuliyyətli cəmiyyət, istərsə də kooperativlər barəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində müvafiq müddəalar öz əksini tapsa da bu müəssisələrin yaradılmasının, fəaliyyətinin və s. hüquqi əsaslarının müvafiq qanunlarla tənzimlənməsi olduqca zəruridir ki, məhz bu zərurətdən irəli gəldiyindən Azərbaycan Respublikasının Prezidentinin yuxarıda sözügedən fərmanı ilə qeyd olunan qanunların layihələrinin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Nəzərə çatdırılmasını zəruri hesab edirik ki, Azərbaycan Respublikasında təsis edilən hüquqi şəxslərin böyük əksəriyyətini məhdud məsuliyyətli cəmiyyətlər və kooperativlər təşkil edir.
Hazırkı vaxtadək yuxarıda sözügedən Qanunlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməməsi yuxarıda göstərilən qanunların layihələrinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanmamasını ehtimal etməyimizə zəmin yaratdığından Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 № li fərmanı ilə layihələrinin hazırlanması tapşırılan “Məhdud Məsuliyyətli Cəmiyyət” və “Kooperativlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının layihələrinin hazırlanıb hazırlanmaması məsələsinə diqqətinizin cəlb edilməsini məqsədəmüvafiq hesab edirik.
Əvvəlcədən təşəkkürümüzü bildiririk.
“Hüquqi İslahatlara Yardım Mərkəzi”
İB-nin sədri                                                                 Natiq Y.Abdullayev