Hüquqi İslahatlara Yardım Mərkəzi Azad İstehlakçılar Birliyinin sədri Cənab E.Hüseynova
Göndərən Admin Tarix: 05.01.2018
Hörmətli Eyyub müəllim,
Məlumunuz olduğu kimi 2016-cı ilin mart ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının İXM-nin 218-ci maddəsində tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması inzibati məsuliyyətə səbəb olan inzibati xəta kimi təsbit olunmuşdur.

Davamı
Qeyd edilməsi zəruridir ki, "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun "universal təhlükəsizlik tədbirlərinin tətbiqi"ni ehtiva edən 24-cü maddəsinin tələbinə görə universal təhlükəsizlik tədbirləri müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq edilmiş əks epidemik qaydalar olaraq, tibbi- və digər xidmətlər göstərilərkən qan və digər bioloji mayelərlə kontakt riskinin azaldılması üçün tətbiq olunur. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinə mütləq şəkildə riayət olunmalıdır.

Həmin xidmətləri göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətinin universal təhlükəsizlik tədbirlərinin tələblərinə uyğun olmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir, bu tələblərə riayət etməyən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Tibb işçiləri IİV-ə yoluxmanın qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinə əməl etməli, müvafiq müdaxilələrin aparılması üçün zəruri vasitələrə malik olmalıdırlar.
Sözügedən Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 iyun 2010-cu il tarixli, 280 nömrəli Fərmanına əsasən yuxarıda göstərilən Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
Hörmətli Eyyub müəllim,
Tərəfimizdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış 29.03.2017-ci il tarixli, 02 nömrəli müraciətimizə müvafiq olaraq əldə etdiyimiz məlumata görə həmin Nazirliyin 31.08.2012-ci il tarixli, 65 nömrəli əmri ilə “Tibb müəssisələrində IIV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” təsdiq edilsə də hal-hazırkı vaxtadək kosmetoloji və bərbərxana xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə aid insanın immunqatışmazlığı virusu (İİV) ilə yoluxmasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları qəbul və təsdiq olunmamışdır ki, bu da yuxarıda sözügedən xidmətlərdən istifadə edən istehlakçıların qeyd olunan virusa yoluxmasını riskini qaçılmaz edir.
Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, insanın immunqatışmazlığı virusunun yayılmasının xüsusi riskli qrupuna aid olan kosmetoloji və bərbərxana xidmətlərinin profilaktikasına aid universal təhlükəsizlik qaydalarının bu günədək qəbul və təsdiq edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində təsbit olunan inzibati xətaya görə də inzibati məsuliyyətin tətbiq olunmasını mümkünsüz etməklə yanaşı bu sahələrin xidmətlərindən istifadə edən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarını əhəmiyyətsiz və xəyali etmiş olur.
Əminik ki, istehlakçıların azad və müstəqil təminatçısı, müdafiəçisi olaraq kosmetoloji və bərbərxana xidmətlərinin profilaktikasına aid universal-təhlükəsizlik qaydalarının aidiyyatı dövlət orqanı tərəfindən təsdiq olunması və bu sahədə xidmət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətində universal təhlükəsizlik qaydalarına riayət olunmasına dövlət və ictimai nəzarətin təmin olunması üçün zəruri tədbirlər görəcəksiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.


Hörmətlə
Sədr:                        Natiq Abdullayev