Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri Cənab Eldar Nuriyevə
Hörmətli Eldar müəllim!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu hüquqi islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 03.02.2016-cı il tarixli müvafiq Fərmanı ilə (05 aprel 2018-ci il tarixdə yeni redaksiyada təsdiq olunmuş) yaradılan Yerli və Mərkəzi icra hakimiyyəti orqanları yanında Apelyasiya Şuraları və bu Şuraların qərarlarından verilən şikayətlərə baxan Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası sahibkarların pozulmuş hüquqlarının bərpasında öz səmərəli nəticəsini vermiş və bu nəticələr uğurla davam etməkdədir. Sözsüz ki, bu institutun mükəmməl fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri olaraq şəxsən Sizin və rəhbərlik etdiyiniz Şuranın bütün üzvlərinin, o cümlədən katibliyinin də əməyi danılmazdır.
Hörmətli Eldar müəllim!
Heç təsadüfi deyildir ki, bu uğurlu nəticələri qəbul etməyən bəzi bürokrat məmurlar sahibkarların hüquqlarının Apelyasiya Şuraları vasitəsi ilə təmin edilməsinə süni maneələr yaratmaqda maraqlıdırlar. Mərkəzimizə sahibkarlardan daxil olan müraciətlər üzrə tərəfimizdən aparılan araşdırmalar zamanı sahibkarların hüquqlarının müvafiq Apelyasiya Şuraları vasitəsi ilə müdafiə olunmasında yaradılan süni maneələrə əsasən aşağıda göstərdiyimiz xüsusatlar üzrə yol verildiyi məlum olur. Odur ki, aşağıda qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının hüquqi mövqeyinin öyrənilməsinə zərurət yaranmışdır.
Belə ki, istər Yerli İcra hakimiyyəti orqanları, istərsə də Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin “şikayətlərə aid tələblər” adlanan 5-ci bəndində Şuraya ünvanlanan şikayətdə digər məlumatlarla yanaşı (5.1.1-5.1.4-cü bəndlər) şikayətin predmeti üzrə bundan əvvəl Yerli (və ya Mərkəzi) İcra hakimiyyəti orqanına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatların (bənd 5.1.5.) göstərilməsi də ehtiva olunmuşdur.
Nəzərə alınması zəruridir ki, sözügedən 5.1.5-ci bənddə şikayətin predmeti üzrə bundan əvvəl göndərilmiş ərizə (və ya şikayət) və bu ərizə (və ya şikayətə) dair alınmış yazılı cavabın şikayətə əlavə edilməsini deyil, icra hakimiyyəti orqanına edilmiş müraciət və bu müraciətlə bağlı alınmış cavab barədə məlumatın şikayətdə göstərilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilməsi zəruridir ki, müvafiq Şuraya ünvanlanan şikayətin məzmununda hər bir halda sahibkar tərəfindən aidiyyəti icra orqanına (yerli və mərkəzi) müraciət edilməsi və bu müraciətə verilən cavab (cavablar) əksini tapır. Belə ki, müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanı tərəfindən shibkarların müraciətinə əksər hallarda şifahi cavab verilir və ya hərəkətsizlik göstərilir, sahibkarlar da belə cavabdan və ya hərəkətsizlikdən narazı qalaraq müvafiq şuraya yazılı şikayətlə müraciət edirlər. Belə şikayət ərizələrində də alınmış şifahi cavab və ya göstərilmiş hərəkətsizlkik barədə (Əsasnamənin 5.1.5-ci bəndinə uyğun olaraq) məlumat qeyd olunur.  
Lakin praktiki təcrübəmizdə müşahidə edilən hallar ondan ibarətdir ki, istər Yerli, istərsə də Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları bu Şuraya şikayət verilməzdən əvvəl aidiyyəti icra orqanına şikayətin predmeti üzrə yazılı müraciət (ərizə, şikayət) və bu müraciətə (ərizə və şikayətə) verilən yazılı cavabın surətinin şikayətə əlavə edilməməsi əsası ilə Şuraya ünvanlanan şikayəti faktiki olaraq dəftərxanaya qəbul etmirlər. Halbuki bu halda şikayəti dəftərxanaya qəbul etməkdən imtina etmək əvəzinə müvafiq Əsasnamənin 5.5-ci bəndinə riayət olunmalıdır.
Yuxarıda göstərilən xüsusatlardan görünür ki, istər Yerli, istərsə də Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları sahibkarların öz hüquqlarının bərpası üçün bu Şuraya şikayət verməzdən əvvəl aidiyyəti icra orqanına müraciət etməsini və bu müraciətə cavab almasını Şuraya şikayət verilməsinin prosedur qaydası kimi faktiki olaraq müəyyənləşdirmişlər. Halbuki belə bir prosedur qayda müvafiq Əsasnamələrdə konkret olaraq nəzərdə tutulmamışdır.
Hörmətli Eldar müəllim!
Mərkəzimizin hüquqşünas mütəxəssislərinin formalaşdırdıqları hüquqi mövqelərinə görə Yerli və Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının müvafiq Əsasnamələrin 5.1.5-ci bəndinə istinadən faktiki olaraq formalaşdırdıqları prosedur qayda, yəni, Şuraya şikayət verilməzdən əvvəl şikayətin predmeti üzrə aidiyyəti icra orqanına yazılı müraciət (ərizə və şikayət) olunması və bu müraciətə yazılı cavab (cavablar) əldə edilib şikayətə əlavə edilməsi yuxarıda sözügedən Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında” Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun hesab edilmir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən belə bir institutun yaradılmasının əsas məqsədlərindən biri də sahibkarların pozulmuş hüquqlarının çevik, operativ bərpa olunmasına yönəlmişdir. Şuraya müraciət edilməzdən əvvəl yerli və ya Mərkəzi icra hakimiyyəti orqanına yazılı müraciət olunması və bu müraciətə yazılı cavab alınması sözsüz ki, Şura vasitəsi ilə hüquqların çevik və operativ müdafiəsinin təmin olunmasını əngəlləyir.  
Hesab edirik ki, bu cür yanaşma həm də Əsasnamənin 1-ci bəndində ehtiva olunan müddəalarının da tələbləri ilə uzlaşmır.
Sahibkarların hüquqlarının müdafiəsində maarifləndirmə fəaliyyətimizlə əlaqədar, yuxarıda sadalananları nəzərə alaraq, Yerli və Mərkəzi icra hakimiyyətləri yanında Apelyasiya Şuralarının yuxarıda göstərilən tələblərini nəzərə alıb, Yerli və Mərkəzi icra hakimiyyətləri yanında Apelyasiya Şuralarına müvafiq şikayətlə müraciət olunmazdan əvvəl şikayətin predmeti üzrə əvvəlcə Yerli və ya Mərkəzi icra hakimiyyəti orqanına müraciət olunması və həmin müraciətə yazılı cavabın alınması tələbinin əsaslı olub-olmaması barədə bizə müvafiq izah verilməsini Sizdən xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Hörmətlə
Mərkəzin sədri:                                        Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi