Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

"Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir"

Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. "Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevlə söhbətimizi məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri üzərində qurduq.
- Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların  hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Eyni zamanda, istər dünya təcrübəsində tətbiq edilən hüquqi novasiyalar,  istərsə də, cəmiyyətimizin dinamik inkişafı və ölkə  həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir.  
Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə edən, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirən, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırıb. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: "Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılan işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat alıb".
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi:  "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır".
- Dünya birliyinə inteqrasiya baxımından hüquqi islahatlar nə dərəcədə rol oynayır?
- Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib. Respublikamızda pakta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir. Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müasir şəraitdə mübahisələrin səmərəli  həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevrilib. Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır.
Hələ 1899 və 1907-ci illərdə qəbul edilən Haaqa Bəyannaməsində, sonra isə BMT Nizamnaməsinin 33-cü maddəsində vasitəçilik mübahisələrin alternativ həlli metodu kimi qəbul edildi. XX əsrin 90-cı illərində dünyada soyuq müharibənin sona çatması, beynəlxalq, yaxud dövlətlərarası münaqişə və mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində BMT-nin vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların  müvafiq imkanlarının möhkəmlənməsinə şərait yarandı. Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və beynəlxalq birlik tərəfindən mübahisələrin həllinin müasir dövrün çağırışlarına cavab verən, insanların hüquqi dövlətdə birgəyaşayış tələblərinə və özünüreallaşdırmasına uyğun gələn,  universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb tarixi təkamül yolu keçərək, qarşıdurma və mübahisələrin aradan qaldırılmasının elə bir metodu kimi  formalaşdırıb ki, tərəflərin vəziyyətdən çıxış yolunu axtarmasında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir, buna nail olmaq üçün qüvvə və nüfuzlarından istifadə etməyə sövq edir.  Ən vacibi mübahisələrin opponentin ziyanına və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə öz maraq və hüquqlarını təmin etmək üçün bərabər  imkanlar verir.
Mediasiya praktikası Qərb ölkələrində geniş yayılıb. Mediasiya mübahisədə olan tərəflərin arasında qarşlıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin-mediatorun iştirakını nəzərdə tutur və vasitəçiliyin özünəməxsus bir formasıdır. Mediasiyanın uğurla başa çatacağı təqdirdə nə qalib, nə də məğlub tərəf olmur. Mübahisədə olan bütün tərəflər udur. Mediator- mübahisə edən tərəflərin məhkəməyə müraciət etdikləri halda vasitəçi şəxs kimi qəbul etdikləri və tərəfləri barışdıra biləcək ümumi razılığın əldə edilməsinə nail ola bilən fiziki şəxsə deyilir. Mediator nə hökm verən hakim, nə də  arbitr deyl, mediator tərəflərin konsensusa gəlməsinə nail olan  vasitəçidir.
- Mediasiya institutunun Azərbaycanda yaranması və tətbiqi zərurətini nə ilə əsaslandırmaq olar?
- Burada bir neçə amili vurğulamaq yerinə düşər. Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsayı mötəbər beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda vahid hüquq məkanının yaradılması, beynəlxalq qanunvericiliyin unifikasıyası mövcud mütərəqqi hüquqi praktikaların ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir.
Mediasiya tolerantlıq və konsensus institutu kimi adətən, dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi  tanınır. Azərbaycan tarixən elə cəmiyyət olub ki, burada ictimai  rəy, ictimai qınaq, mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə, məsləhətləşmələrlə həlli tarixən qədim köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki, "Mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur". Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insanlar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı öyrənməlidirlər. Azərbaycanda müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyllərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasət uğurla həyata keçirilir. Müstəqillik illərində həyata keçirilən məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə, dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün  möhkəm təməl rolunu oynayır.
Müstəqil Azərbaycanın vətəndaşları məhkəmə hüquq sisteminə öz tələbləri ilə daha çox müraciət etməyə başladılar və artıq 2000-ci ildən sonrakı dövrdə - buvaxtadək məhkəmə sisteminin olduqca yüklənməsi reallıqdır. Belə hallarda qanunçuluğun keyfiyyətinin təminatı məsələsi gündəmə gəlib. Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonlarında hakimlərin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisidir. Belə olan halda hər hakim bir gündə 10-larla işə baxmaqla insan taleyi baxımından həlledici qərarlar qəbul etməlidir. Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması bəzən səthi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermir. Apelyasiya şikayətlərinin çoxluğu bir çox hallarda birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olur.  Bu isə müəyyən hallarda əsassız və qanunsuz məhkəmə aktlarının qəbuluna gətirib çıxarır.
(Ardı var)
AQİL





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi